Azərbaycanda radionun fəaliyyətə başlamasından 87 il ötür

 

Respublikada informasiyakommunikasiya texnologiyalarının inkişafına göstərilən dəstək fonunda radio fəaliyyəti də inkişaf edir

Məlum olduğu kimi, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin vaxtdan bu tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası ilk dəfə efirə çıxandan sonra isə 6 noyabr tarixi RadioTeleviziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Ümumiyyətlə, milli radionun yaradılması Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu, Azərbaycanda informasiya yayımında yeni eranın başlanğıcı demək idi. Milli radionun fəaliyyətə başlaması eyni zamanda, Azərbaycan jurnalistikasına, informasiya yayımına yeni ənənələr gətirdi. Bu hadisə həm də ölkədə informasiya mühitinin formalaşmasına, zənginləşməsinə, insanların məlumat almaq və istirahət vərdişlərinə təsir göstərdi.

Heç şübhəsiz, radionun yaradılması, həmçinin, Azərbaycanın müasir dünya ilə ayaqlaşması demək idi. Doğma dildə proqramların, milli musiqinin səsləndirildiyi radionun fəaliyyəti Azərbaycan xalqının modernləşmə prosesində milli kimliyini, mədəniyyətini qoruyub saxlamasına mühüm töhfə oldu. Belə ki, radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynadı.

Yeri gəlmişkən, Azərbaycan radiosu 87 illik fəaliyyəti dövründə bir çox sınaqlardan keçib. Bildirmək yerinə düşər ki, Azərbaycan radiosunun verilişləri 1936-cı ildən başlayaraq bütün Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidildi. Lakin 30-cu illərin ortalarından başlayaraq ictimai-siyasi həyatda gedən proseslər radio üçün də ağrılı keçdi. Belə ki, sovet rejimi radiodanxalq düşməni” elan etdiyi şəxslərə və təbəqələrə qarşı ideoloji silah kimi istifadə edirdi. Həmin dövrdən başlayaraq Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi şair və yazıçıların əsərləri, Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin və digərlərinin səsləri artıq radiodan eşidilmirdi.

II Dünya müharibəsi illərində Bakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu gərgin şəraitdə fəaliyyət göstərməli oldu. Radionun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirdilər.

1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması ilə respublikada radio-televiziya yayım şəbəkəsinin sürətlə genişlənməsi baş verdi. Respublika rəhbərliyinin bilavasitə qayğısı sayəsində 80-ci illərin ortalarında bir neçə radioteleviziya proqramının ölkənin 90-95 faiz əhalisi yaşayan yaşayış məntəqələrində yayımı təmin edildi.

1980-ci illərin sonlarından başlayaraq keçmiş SSRİ-nin dağılması istiqamətində baş verən hadisələr, həmçinin, müstəqilliyin ilk illərində yaşayanan ümumi xaosböhran respublikada radio-televiziya yayım şəbəkəsinin inkişafını ləngitdi, şəbəkənin tənəzzülünə və qismən dağılmasına gətirib çıxardı.

Radionun tənəzzülünün qarşısının alınması isə yalnız 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda rəhbərliyə qayıtmasından sonra mümkün oldu. Qısa müddətdə həyata keçirilən siyasət respublikada digər sahələrdə olduğu kimi radio-televiziya yayım şəbəkəsində də bərpa və inkişaf tədbirlərinin görülməsinə təkan verdi. Keçmiş Rabitə Nazirliyinin tabeçiliyində olan Radio-Mərkəzi və Respublika Televiziya Ötürücü Mərkəzinin bazasında yaradılmış Teleradio İB-nin mütəxəssisləri tərəfindən mövcud avadanlıqların texniki parametrlərinin bərpası, köhnə avadanlıqların tədricən daha müasir, Avropa ölkələrinin istehsalı olan avadanlıqlarla əvəzlənməsi işləri həyata keçirildi.

Məhz bu dövrdən başlayaraq ölkə rəhbərliyinin bilavasitə qayğısı nəticəsində Teleradio İB-in mütəxəssisləri tərəfindən radio-televiziya yayımının inkişafı üzrə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı. Ulu öndər Heydər Əliyev həm radio, həm də televiziya sahəsinin inkişafı yönündə görülən işləri diqqətdə saxlayırdı. 1996-cı ildə Bakıda Yeni Teleqüllədə yerüstü peyk stansiyası qurulmaqla ilk dəfə Azərbaycan Televiziyasının Türksat peykindən rəqəmsal rejimdə yayımına başlanıldı ki, bu da nəinki respublikamızda, eləcə də Türkiyə, Qafqaz, Orta Asiya və Yaxın Şərqdə Milli Televiziyanın fərdi qəbuluna imkan yaratdı. Bakı şəhərində tikintisi 1981-ci ildə başlanılmış, lakin sonradan dayandırılmış unikal bir obyektin Yeni televiziya qülləsi kompleksinin 1996-cı ildə istismara verilməsi ilə Bakıda yayımlanan proqramların sayı və keyfiyyəti yüksəldildi. 1997-ci ildə Bakı şəhərində radio proqramlarının ənənəvi uzun, orta və qısa dalğalarda yayımı ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq FM diapazonunda yayım təşkil edildi. 1997-2000-ci illərdə dövlət radio-TV proqramları ilə yanaşı bir sıra özəl kanallar, eləcə də bəzi xarici ölkələrin televiziyaradio proqramlarının yayımı təşkil olundu.

1998-2005-ci illərdə Teleradio İB-nin mütəxəssisləri tərəfindən mövcud radio-televiziya yayım şəbəkəsinin rekonstruksiyası və genişləndirilməsi işləri davam etdirilib, dövlət televiziyasının proqramlarını yayımlayan mənəvi və fiziki cəhətdən köhnəlmiş 5 kVt-lıq vericilər daha müasir tranzistorlu desimetrlik TV vericiləri ilə əvəz olunub, efir qəbulu ilə işləyən televiziya retranslyatorları tamamilə peykdən qəbula keçirilib. 2003-cü ildə ilk dəfə Radio-TV proqramların fiber-optik kabel vasitəsilə ötürülməsi tətbiq edilib Teleradio Verilişləri şirkəti ilə Yeni Teleqüllə arasında uzunluğu 2,5 km olan fiber optik radio-TV ötürücü xətti istifadəyə verilib.

Onu da vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda radioteleviziya fəaliyyətinin təkmilləşdirilməsi yönündə əsası qoyulan işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, 2004-cü ildə Cənubi QafqazdaOrta Asiyada ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal yerüstü TV-nin (DVB-T) sınaq yayımına başlanılıb. Eyni zamanda, dövlət başçısının “Regionların inkişafı üzrə” 11 fevral 2004-cü il tarixli Fərmanı, 2005-2008-ci illərdə Azərbaycanda rabitə və informasiya kommunikasiya texnologiyalarının inkişafını nəzərdə tutan Dövlət proqramı, Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafını nəzərdə tutan 27 fevral 2006-cı il tarixli Sərəncamı və digər addımlar ölkəmizdə radio-televiziya yayım şəbəkəsinin beynəlxalq standartlara uyğun qurulması və inkişafı üçün geniş şərait yaradıb. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət TeleviziyaRadio Verilişləri Şirkətinin bazasında “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Hazırda respublika ərazisində 10 ədəd ümumrespublika miqyasda yayımlanan televiziya kanalı, 12 ədəd regional özəl TV kanalı və 12 ədəd radio kanalları müxtəlif əhatə səviyyələri ilə yayımlanır.

Son illər ölkədə rəqəmsal yayıma tam keçidin təmin olunması, Azərbaycanın ilk peykinin orbitə çıxarılması və yerli kanalların həmin peykdən yayımlanması, bütövlükdə ölkədə informasiya telekommunikasiya texnologiyalarının inkişafına, innovasiyaların tətbiqinə göstərilən dövlət qayğısı radio və televiziyaların fəaliyyətinə müsbət təsirini göstərir.

 

Hülya MƏMMƏDLİ

Yeni Azərbaycan.- 2013.- 6 noyabr.- S.5.