III Bakı Beynəlxalq Humanitar Forumu dünya ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin aktiv müzakirə platforması oldu

 

Forumun açılışında iştirak edən Prezident İlham Əliyevin nitqində toxunduğu bir sıra humanitar məsələlər aktual olmaqla yanaşı, böyük maraq doğurur

Bu günlərdə keçirilən III Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərən növbəti əlamətdar hadisə oldu. Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Forumda hər dəfə onlarla ölkədən minə yaxın qonağın, o cümlədən, nüfuzlu alimlərin, çoxsaylı yüksək rəsmi şəxslərin iştirak etməsi tədbirin əhəmiyyətindən və miqyasından xəbər verir. Bu, həm də onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi və humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bildiyimiz kimi, Azərbaycan xalqının kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoşgörü və tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib. Bu səbəbdən də, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Qeyd edək ki, dünyanı maraqlandıran humanitar məsələlərin müzakirə olunduğu budəfəki Forumda “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgürlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövründə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzularında “dəyirmi masa”lar keçirilib.

Forumun açılışında iştirak edən Prezident İlham Əliyevin nitqində toxunduğu bir sıra humanitar məsələlər aktual olmaqla yanaşı, böyük maraq doğurur.

Beynəlxalq əməkdaşlıqda etimad mühitinin yaradılması üçün səmimiyyət siyasi kateqoriyaya çevrilməlidir

Məlum olduğu kimi, II Dünya müharibəsindən sonra bəşəriyyətin təhlükəsizliyini, sabit inkişafını təmin etmək məqsədilə ümumbəşəri dəyərlər əsasında yeni beynəlxalq münasibətlər sistemi formalaşdırıldı. Yaradılan yeni sistemin əsasında bərabərlik, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi, bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, insanların əsas hüquq və azadlıqlarına hörmət etmək, eləcə də, bərabərhüquqlu əməkdaşlıq kimi prinsiplər dayanırdı. Lakin təxminən, son on ildə bu prinsiplərin kobud şəkildə pozulması nəticəsində, beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın azalması və beynəlxalq əməkdaşlıqda sarsıdıcı hadisələrin baş verməsi müşahidə olunur.

Beynəlxalq hüququn çox zaman elə onu formalaşdıran əsas güclər tərəfindən pozulması, müəyyən siyasi mərkəzlərin öz maraqlarını qlobal və bəşəri mənafeləri qurban verməklə təmin etmək cəhdlərinin qarşısını almalı olan mexanizmlərin səmərəsizliyi beynəlxalq münasibətlərdə etimad böhranının bariz əlamətləridir. Qeyd edək ki, III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki nitqində Prezident İlham Əliyev bu məsələyə geniş toxunaraq dünyada etimad mühitinin yaradılmasının zəruriliyini qeyd edib: “Hazırda dünya siyasətində etimad böhranı yaşanır. Bu da çox təhlükəli meyildir. Bəzi hallarda ən yaxın ölkələr, müttəfiqlər arasında ziddiyyətlər, anlaşılmazlıqlar yaranır. Yəni etimad azalır. Etimad olmadan heç bir beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilməz”.

Dövlət başçısının qeyd etdiyi kimi, dünyanın gələcəyi yalnız əməkdaşlıq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, sivilizasiyalararası dialoq üzərində qurulmalıdır. Əgər belə olmasa, onda bəşəriyyət böyük fəlakətlərlə, problemlərlə üzləşə bilər.

Qeyd edək ki, beynəlxalq münasibətlərdə etimad böhranından bəhs edərkən Prezident İlham Əliyev çox mühüm bir cəhətə - səmimiyyət faktoruna diqqəti cəlb edib. Dövlət başçısı bildirib ki, beynəlxalq əməkdaşlıq, o cümlədən siyasi və humanitar əməkdaşlıq ancaq qarşılıqlı etimad əsasında, səmimiyyət üzərində qurula bilər: “Bəziləri hesab edir ki, səmimiyyət siyasi kateqoriya deyildir. Ola bilər. Ancaq biz elə etməliyik ki, səmimiyyət siyasi kateqoriyaya çevrilsin. Əgər belə olsa, onda hesab edirəm ki, dünya daha da təhlükəsiz olacaqdır”.

Deməli, beynəlxalq münasibətlərdə səmimiyyətdən uzaq yürüdülən siyasət aktorlar arasında etimadın zəifləməsinə və itirilməsinə gətirib çıxarır. Dövlət başçısı bu fikirləri ilə, əslində, siyasətin müəyyən əxlaq çərçivələrinə malik olmasının zəruriliyini əsaslandırır. Çünki mənəviyyatdan, səmimiyyətdən uzaq olan siyasət qısamüddətli perspektivdə hansısa məhdud dairələrin konkret maraqlarına cavab verə bilər. Lakin bu cür siyasət uzunmüddətli perspektivdə tərəflərə nəinki uğur gətirmir, hətta bütün bəşəriyyət üçün xoşagəlməz nəticələrə səbəb olur.

Bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini, etnik zəmində müharibələrin çoxalması, beynəlxalq ictimaiyyətin bu və ya digər şəkildə müdaxilə etdiyi münaqişələrin daha da kəskinləşməsi müşahidə olunur. Beynəlxalq ədaləti bərpa etmək missiyasını üzərinə götürən qurumların, dövlətlərin faktiki davranışlarının elan etdikləri məqsədlərlə uzlaşmaması məhz səmimiyyət çatışmazlığından xəbər verir.

Deməli, beynəlxalq hüququn işləkliyinin bərpa olunması, beynəlxalq və lokal konfliktlərin həllinə yönələn səylərin nəticə verməsi üçün siyasətdə səmimiyyət olmalıdır. Yalnız bu yolla imici korlanmış siyasi mərkəzlərə inamın bərpa olunması, beynəlxalq tərəfdaşlıqda etimad mühitinin yaradılması mümkündür.

Multikulturalizm Azərbaycanda həyat tərzidir

Forum çərçivəsində aktiv müzakirə mövzusuna çevrilən mühüm məsələlərdən biri də multikulturalizm olub. Ümumiyyətlə, Azərbaycanda multikulturalizm məsələsi xüsusi aktuallıq kəsb edir, çünki ölkəmizin təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə qismində çıxış edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmləkət kimi dəyərləndirilməkdədir. Şübhəsiz, bunun fonunda ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. III Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir: “Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir”.

Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sisteminin əsas tendensiyaları, hazırki beynəlxalq durum deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “XXI əsrdə multikulturalizmə alternativ yoxdur. Əlbəttə ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır. Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Hesab edirəm ki, biz dünyada müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik. Çünki dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zəmanənin tələbidir. Yəni bəşəriyyət bu istiqamətdə inkişaf edir. Bu gün ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə əsas təşkil edir. Belə olan halda, multikulturalizmlə bağlı problemlər, əlbəttə ki, açıq şəkildə müzakirə edilməlidir. Biz bu problemləri gizlətməməliyik, ört-basdır etməməliyik. Onlar açıq şəkildə müzakirə edilməlidir, müsbət, mənfi təcrübələr təhlil olunmalıdır. Bir daha demək istəyirəm, bizim əsas amalımız ondan ibarət olmalıdır ki, multimədəniyyətli cəmiyyətlərin inkişafı üçün öz töhfəmizi verək. Deyə bilərəm ki, Azərbaycanda bu istiqamətdə toplanan təcrübə müsbət təcrübədir. Qeyd etdiyim kimi, bu, bizim dövlət siyasətimizdir, həyat tərzimizdir”.

Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi...

III Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri bir daha göstərdi ki, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzidir. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.

Azərbaycanın qlobal mərkəzə çevrilməsini göstərən ən bariz cəhətlərdən biri ölkədə çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsidir. Ötən ildə keçirilən beynəlxalq tədbirlərdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasını, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı plenar iclasını, QİƏT ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunu, İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitini, II Bakı Beynəlxalq Humanitar Forumu, İnternet İdarəçilik Forumunu və başqalarını qeyd etmək olar. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadimi, ayrı-ayrı sahələr üzrə ekspertləri, həmçinin mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər. Qeyd edək ki, Azərbaycan bu il də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi ənənəsini davam etdirir. İCAPP-ın Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılan Qadın Qolunun Bakıda 1-ci iclasının, Dünya İqtisadi Forumunun və III Bakı Beynəlxalq Humanitar Forumunun Bakıda keçirilməsi bunu təsdiq edir. Bu, o deməkdir ki, Azərbaycan, xüsusən də paytaxt Bakı qlobal problemlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməkdədir.

Dünyanın nüfuzlu siyasi xadimlərinin, dövlət və hökumət başçılarının, iri şirkətlərin rəhbərlərinin qatıldığı Davos Forumunun Bakıda keçirilməsi Azərbaycan iqtisadi mərkəzə çevrilməkdə olduğunu təsdiq edir. Bu, hadisə Azərbaycanın qlobal iqtisadiyyatda artan rolunun beynəlxalq səviyyədə qəbul olunması deməkdir. Davos Forumuna ev sahibliyi etməklə, Bakı şəhəri regional və qlobal iqtisadi, siyasi məsələlərin ən yüksək səviyyələrdə müzakirə platformasına çevrilir. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Çünki Avropa və Asiya qitələrini enerji layihələri və TRACECA çərçivəsində iqtisadi cəhətdən birləşdirmək imkanlarına sahib olan, beynəlxalq siyasi görüşlərin aparıldığı Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır.

Onu da qeyd edək ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və III Bakı Humanitar Forumunun keçirilməsi Azərbaycanın mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən xəbər verir. Bu tədbirlərin həyata keçirilməsində dövlət başçısının siyasətinə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da dəstək verir.

Azərbaycan dünyaya tolerantlıq kontekstində yeni model bəxş edib

Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Üstəlik, bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi də həm ölkəmizin inkişafından, həm də dünyaya açıq olmasından xəbər verir. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır.

Qeyd etdiyimiz kimi, müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Dünya İqtisadi Forumu, Krans Montana Forumu, Cənubi Qafqaz Forumu, “Eurovision” musiqi yarışması, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq dünyanın qlobal səciyyəli mərkəzlərindən biri kimi qəbul olunur.

Rasional xarici siyasət kursu Azərbaycanı beynəlxalq strateji tərəfdaşa çevirib

Şübhəsiz, bütün bu uğurların əldə olunmasını şərtləndirən başlıca strateji faktor Azərbaycanın rasional və praqmatik xarici siyasət kursudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan aktora, eyni zamanda, bir neçə istiqamətdə nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaşa çevirib.

Dolayısıyla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.

Azərbaycanın bundan sonrakı inkişafı elmi innovasiyalara, biliklərə söykənəcək

Məlum olduğu kimi, III Bakı Beynəlxalq Humanitar Forumunda diqqət yetirilən başlıca məsələlər sırasında innovasiyalara əsaslanan elm və təhsilin inkişafı da yer alıb. Ümumiyyətlə, bütün sahələrdə fəaliyyət mexanizminin səmərəli qurulması üçün innovasiyalara əsaslanan elmi yanaşmaların mövcudluğu xüsusi olaraq diqqətə çatdırılıb. Məhz bu amil, eyni zamanda, stimullaşdırıcı komponent qismində dəyərləndirilməlidir.

Bu məsələnin Azərbaycan təcrübəsinə gəldikdə isə ilk növbədə qeyd edilməlidir ki, son illər dinamik inkişaf yolunda olan Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi sahələrdə irəliləməsi mükəmməl elmi-təşkilati strukturun formalaşdırılmasını ön plana çıxarıb. Həmin struktur yeni elmi biliklərin əldə olunmasına və onların cəmiyyətin növbəti inkişaf mərhələsinə qədəm qoyması üçün daha əlverişli şərait yaratmalıdır. Qloballaşma dövründə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması Azərbaycanın mövcud intellektual potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi zərurətini meydana çıxarır.

Qeyd olunduğu kimi, elmin inkişafı ölkədəki sosial-iqtisadi irəliləyişlərlə sıx bağlıdır. Respublikanın uzunmüddətli inkişaf strategiyasının işlənib hazırlanmasında daxili və beynəlxalq sosial-iqtisadi proseslərin, təbii sərvətlərin və insan resurslarının hərtərəfli təhlili, habelə elmi əsaslara söykənən düzgün proqnozlaşdırmaların aparılması xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan əksər ölkələrində olduğu kimi, Azərbaycanda da neftin ixracından gələn gəlirlər ümumi iqtisadi artım göstəricilərində mühüm paya sahibdir. Bu, özlüyündə inkişafa təkan verən təbii proses olsa da, iqtisadiyyatın tükənən və bərpa olunmayan resurslardan asılılığının azaldılması davamlı inkişaf baxımından zəruridir. Bu baxımdan, Azərbaycanda həyata keçirilən rasional enerji siyasəti ölkə iqtisadiyyatının gələcəkdə hərtərəfli inkişafına yol açan tramplin rolunda çıxış edir. Neft-qaz ixracından əldə olunan gəlirlərin böyük hissəsinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ölkə rəhbərliyinin uzaqgörən siyasətindən xəbər verir. Məqsədyönlü iqtisadi islahatların nəticəsi kimi isə hazırkı dövrdə ölkə iqtisadiyyatında ənənəvi sahələrin təkmilləşməsi ilə yanaşı, yeni-yeni sektorların yaranması, iqtisadiyyatın inkişaf meyillərinin müasir dövrün tələblərinə uyğunlaşması proseslərinin getdiyi bir vaxtda mövcud elmi potensialın gerçəkləşdirilməsinə, eləcə də inkişaf etmiş dövlətlərin təcrübəsinin öyrənilməsinə tələbat dəfələrlə artmaqdadır. Xatırladaq ki, Prezident İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimindəki nitqində bu məsələyə toxunaraq qeyd edib ki, inkişaf etmiş ölkələr hazırkı səviyyəyə məhz elmi-texniki tərəqqi və bilik əsasında çatıblar. Azərbaycanın da elmi innovasiyalar sahəsində ön sıralarda olmağa çalışdığını vurğulayan dövlət başçısı təbii resurslardan elmi-texnoloji inkişafa əlverişli şəraitin yaradılması üçün istifadə olunduğunu deyib: “Bizdə təbii resurslar sadəcə olaraq bir vasitə idi ki, ölkəmizin inkişafına təkan verilsin. Bundan sonra Azərbaycanın dayanıqlı inkişafı elmi-texniki tərəqqi, müasir texnologiyalar, azad, demokratik cəmiyyət üzərində qurulmalıdır”.

Bu sözlər bir daha Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirmək” siyasətini davam etdirmək əzmindən xəbər verir.

Hazırda dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq Azərbaycanda elmi tədqiqatların prioritetləri ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə istiqamətləndirilir. Bu baxımdan, Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinə, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına, eyni zamanda, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən elmin inkişafı prosesi vahid strategiyaya uyğun həyata keçirilir. Bunun təsdiqi olaraq, ölkədə elmin inkişafı əsas etibarilə dövlət başçısının Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın müəyyənləşdirdiyi prinsiplər əsasında gerçəkləşir. Strategiya elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, elmi məktəblərin qorunması və elmdə varisliyin təmin edilməsinə, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına, elmin normativ hüquqi bazasının və informasiya təminatının gücləndirilməsinə, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına yönəlmiş elm və texnologiyaların inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin, bu sahədə həyata keçiriləcək tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur.

Eyni zamanda, 2009-cu il 21 oktyabr tarixli Sərəncama əsasən, Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda elmi araşdırmaların stimullaşdırılması, ölkənin təbii sərvətlərinin, mədəni və tarixi irsinin öyrənilməsi işlərinin intensivləşdirilməsi, elmin müxtəlif sahələri üzrə tədqiqatların səmərəliliyinin artırılması və Azərbaycan elminin dünya səviyyəsində layiqincə təmsil olunmasına dövlət dəstəyinin təmin edilməsidir. Elmin inkişafının təşviq edilməsi, alimlərin potensialının üzə çıxarılması məqsədilə Fond hər il müxtəlif elm sahələri üzrə qrant layihələri təşkil edir.

Əminliklə demək olar ki, elmin həm ənənəvi, həm də yeni istiqamətləri üzrə ciddi işlərin görülməsi Azərbaycanda elmin inkişafında müsbət tendensiyalardandır. 2013-cü ilin fevral ayında Azərbaycanın ilk peykinin orbitə çıxması ilə milli kosmik sənayemizin təməli qoyuldu. 2015-ci, 2016-cı illərdə əlavə iki peykin də orbitə buraxılacağını nəzərə alsaq, Azərbaycanda kosmik sənayenin inkişafı üçün daha böyük imkanlar yaranacaq. İnformasiya kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci prioritet sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasi və ya kommersiya səciyyə daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar. İnnovasiyalara əsaslanan inkişaf isə etibarlı gələcəyə təminat yaradır.

Azərbaycanda biliklərə söykənən iqtisadiyyatın yaradılması işlərində gənclərə verilən önəmi və dəstəyi xüsusi vurğulamaq lazımdır. Gənclərin təhsil şəraitinin və xaricdə təhsil perspektivlərinin yaxşılaşdırılması ilə yanaşı, 2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclər Mükafatı”nın təsis edilməsi də önəmli hadisədir. Mükafat elm, mədəniyyət, o cümlədən, ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 manat məbləğində müəyyənləşdirilib. Qeyd olunan mükafat elm sahəsində gənclər arasında rəqabət mühitini formalaşdırmaqla bərabər bu sahədə uğurlar əldə etmiş gənc alimlərin fəaliyyətinə ciddi stimul verəcək.

Ən vacib məqamlardan biri də odur ki, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da təsbit olunub. Konsepsiyada qeyd olunur ki, uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcək. Bununla əlaqədar olaraq, elmin inkişafı yerli xüsusiyyətlər və qlobal meyillər nəzərə alınmaqla prioritetləşdiriləcək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcək.

Beləliklə, respublikamızda elm sahəsində görülən işlər və bu sahədə mövcud planlar “Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir” - deyən Prezident İlham Əliyevin məqsədinin gerçəkləşməkdə olduğunu təsdiq edir. Nəticədə, Azərbaycanda yeni intellektual cəmiyyət formalaşıb. İntellektual cəmiyyətin innovasiyalardan istifadə, savadlı və intellektual cəmiyyətin yetişməsi, insanların milli, siyasi şüurunun yüksək olması, ictimai təfəkkürdə elmə, təhsilə önəmin artması, qabaqcıl bilik və bacarıqlara yiyələnən şəxslərin məşğulluğunun təmin olunması, onların potensialından geniş istifadə kimi xüsusiyyətləri Azərbaycan cəmiyyətində özünü qabarıq göstərir.

Müasir dövrdə beynəlxalq ictimai-siyasi münasibətlərdə medianın rolu və məsuliyyəti məsələsi

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı diqqət yetirdiyi mühüm məsələlərdən biri də müasir dövrdə dünya xalqlarının həyatında medianın, xüsusilə də, internetin yeri və rolu oldu.

Ümumiyyətlə, XXI yüzillik informasiya əsri kimi səciyyələndirilir. Modern və postmodern cəmiyyətlərdə informasiya başlıca idarəetmə vasitəsi kimi təsbit edildiyindən informasiya subyektləri kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirir ki, bu da mütəmadi surətdə informasiya resurslarının artırılmasını və təkmilləşdirilməsini şərtləndirən faktor qismində çıxış edir. Xüsusi mübadilə və idarəetmə vasitəsi səciyyəsi daşıyan informasiya resurslarından səmərəli surətdə istifadə edilməsi üçün daim yeni mexanizmlər və texnologiyalara istinad edilir. Amma informasiya resurslarının idarə edilməsi və informasiya siyasətinin həyata keçirilməsi üçün klassik vasitə qismində media təsisatı çıxış edir.

Media təsisatı modern cəmiyyətlərdə başlıca məlumat mübadiləsi vasitəsi səciyyəsi daşıyır. Müasir dövrün qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə kütləvi informasiya vasitələri yerinə yetirdiyi funksiyalar etibarilə ictimai rəyi formalaşdıran, istiqamətləndirən, milli münasibətlər zəminində ideoloji əsasların təşəkkül tapmasını təmin edən və mənəvi-ideoloji müstəvidə dinamikliyi şərtləndirən təsisat kimi səciyyələndirilir. Bu baxımdan, kommunikasiya vasitəsi kimi media təsisatından səmərəli surətdə istifadə edilməsi strateji önəm kəsb edən fundamental vəzifə qismində dəyərləndirilir.

Xüsusilə də, internetdən intensiv istifadə imkanlarının mövcud olması bir çox məsələləri şərtləndirir. İlk növbədə, sərhədsiz informasiya mübadiləsi meydana gəlir ki, bu da həm neqativ, həm də pozitiv məqamların ortaya çıxmasına səbəb olur. İkincisi, bəzi hallarda media təsisatı öz mahiyyətini dəyişərək fərqli funksionallığa malik olur, bu isə mətbuatın gerçək funksiyasından uzaqlaşmasına yol açır. Bir çox hallarda qara piar elementləri, şantaj, dezinformasiya halları meydana çıxır, bəzən isə peşə dəyərlərindən və etik normalardan kənar tendensiyalar müşahidə olunur. Üçüncüsü, media məsuliyyəti, o cümlədən, ictimai-siyasi məsuliyyət məsələsi aktuallaşır və burada real tənzimləmə mexanizminin formalaşdırılmasına zərurət yaranır.

Vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi olaraq toxunub: “Bu gün insanlar daha çox informasiyanı, xəbərləri internet vasitəsilə alırlar. Burada həm siyasətçilərin, həm media nümayəndələrinin, ictimai xadimlərin məsuliyyəti də əlbəttə ki, ön plana çıxır. Əfsuslar olsun ki, dünya mediasında, o cümlədən, Azərbaycanda da daha çox qanqaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir. Medianı izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır, hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları baş verir. Ancaq dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir. Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir. Burada, əlbəttə ki, söhbət media nümayəndələrinin məsuliyyətindən gedir. Əgər biz dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək istəyiriksə, bütün imkanlardan istifadə etməliyik. Əlbəttə ki, dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzularına çıxarılmalıdır. Çünki belə olmasa, informasiya ancaq birtərəfli olacaqdır. Əlbəttə ki, siyasətçilər bu məsələyə müdaxilə edə bilməzlər və Azərbaycanda azad media mövcuddur. Burada heç bir müdaxilədən söhbət gedə bilməz. Sadəcə olaraq, Mən bir vətəndaş kimi fikirlərimi bölüşmək istərdim.

Medianın məsuliyyəti getdikcə artacaqdır. Məsuliyyətli yanaşma hesab edirəm ki, hər birimizin marağına xidmət göstərəcəkdir”.

Klassik və sosial media neqativ enerji paylayıcısı rolunda...

Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə media təsisatının bu cür fəaliyyəti müxtəlif cəmiyyətlər daxilində neqativ enerjinin meydana çıxmasına təkan verir, həmçinin, fərdlərin və sosiumun psixoemosional durumuna mənfi təsir edir. Bəllidir ki, bütöv bir sistem olmaq etibarilə hər bir cəmiyyətin təkmil surətdə idarə olunması, müsbət və mənfi meyillərə istiqamətlənməsi və inkişafının təmin edilməsi sosium daxilindəki funksional dinamik güclərlə əlaqədardır. Əlbəttə ki, cəmiyyətin inkişafının əsasında duran fundamental faktorlardan birini sosium daxilindəki funksional dinamik güclərin hansı tip enerji ilə yüklənməsi təşkil edir. Bir çox cəmiyyətlərdə neqativ enerji yükü üstünlük təşkil etdiyindən burada destruktiv meyillər hökm sürür, xaos və institusional problemlər mövcud olur. Bəzi cəmiyyətlərdə isə dinamik güclər pozitiv enerji ilə yükləndiklərindən onların fəaliyyəti ictimai nizam və ahəngdarlığın mühafizəsinə xidmət edir, bunun sayəsində isə sosiumda stabillik və sabit inkişafa nail olmaq mümkün olur. Şübhəsiz, qeyd etdiyimiz kimi, bu və ya digər cəmiyyətlərdə media təsisatı son zamanlar qara piar, dezinformasiya, həmçinin, sensasion informasiya siyasətinə üstünlük verdiyindən müxtəlif sosiumlarda neqativ enerji yüklənməsi üstünlük təşkil edir ki, bu da, ümumilikdə, cəmiyyət daxilindəki sosial münasibətlərə mənfi təsir göstərir.

XXI əsrdə - informasiyanın dominant faktor olduğu bir dönəmdə bütün bu proseslərə təsir edən vasitələrdən biri də sosial mediadır. Başqa sözlə, müasir kibertexnologiyaların, informasiya və kommunikasiya vasitələrinin, yeni təmayüllü sosial medianın yaranması da pozitiv və neqativ enerjinin təşəkkül tapması və müxtəlif sahələrə sirayət etməsinə şərait yaradır. Sosial media özünəməxsus platformadır. O, bütün fərdləri əhatə edəcək qədər kütləvi, eyni zamanda, ifrat sərbəstlik verəcək qədər azaddır. Belə olan təqdirdə, bəhs olunan platformada idarəetməni və rasional nəzarəti necə təşkil etmək olar?

İlk növbədə qeyd etmək lazımdır ki, bəzi cəmiyyətlərdə bu platformadan müsbət enerjinin təşəkkülü və idarəolunması istiqamətində pozitiv surətdə istifadə edilməkdədir. Bu isə özlüyündə cəmiyyətə nizam, ahəngdarlıq, tərəqqi və sabitlik gətirməkdədir. Amma bir sıra cəmiyyətlərdə bu platforma, bir növ, xaos və destruktiv ziddiyyətlər mənbəyi kimi çıxış edir ki, bu da əlbəttə ki, arzuolunmazdır. Məsələn, “Ərəb baharı” adlandırılan Yaxın Şərq və Şimali Afrika olaylarından sonra bir daha əmin olduq ki, sosial media hər nə qədər inkişaf üçün bir açar əhəmiyyəti daşıyırsa, bir o qədər də tənəzzül mənbəyi və ya vasitəsi kimi də çıxış edir.

Sosial medianın bu güc və potensialı, heç şübhəsiz, onu yaradanlar tərəfindən əvvəlcədən nəzərə alınmış və məqsədəuyğun şəkildə sistemləşdirilmişdir. Bu isə sosial mediaya idarəetmə keyfiyyəti gətirməklə onu real sosial-psixoloji silaha çevirmişdir. İdarə edilənlər bu silah vasitəsilə ayrı-ayrı cəmiyyətlərdə ən müxtəlif hadisələr törədə bilir, milli dövlətlərin və xalqların, hətta fərdlərin hüquqlarını öz maraqları naminə ciddi zərbə altında qoya bilirlər. Başqa sözlə, sosial media bir çox hallarda beynəlxalq təzyiq qrupları kimi fəaliyyət göstərir və onu idarə edən transmilli güclərin imperialist maraqlarına xidmət edir. Məsələn, ilk baxışda cəlbedici görünən və dəbdə olan bir “demokratiya nəğməsi” düşünülür və bu “nəğmə”yə öz milli maraqlarına qarşı çıxış etmək üçün xüsusi qəzəb və kin notları yüklənir. Bu kin və qəzəb fərdlər tərəfindən mənimsənilməklə vətəndaşı mənsub olduğu dövlətə qarşı istiqamətləndirir. Sosial media vasitəsilə kütləviləşdirilən bu “nəğmə” öncə “xor”a, sonra isə dirijor vasitəsilə idarə edilən simfonik orkestrə çevrilir. Dirijor qismində imperialist mərkəzlər çıxış edir. Belə mərkəzlərin maraqları isə əsla müstəqil milli dövlətlərin mənafeyi ilə üst-üstə düşmür. Dirijorun çubuğu ilə idarə edilən kütlə qeyri-şüuri davranışı mənimsəməklə idarə olunan xaosun hədəfi qismində çıxış edir. Dirijor çubuğu hədəf olaraq milli dövlətləri göstərir və “Ərəb baharı” hazırdır. Bundan sonra yaddaşlarda “demokratiya nəğməsi”, real həyatda isə terror, qarşıdurma, milli faciə və milli dövlətlərin dağılması müşahidə olunur. Böyük bir cəzasızlıq mühiti, bir-birinə kin duyan bir neçə tərəf, xaos cəmiyyəti, viran olmuş ölkə və cəmiyyətlər: qazanan isə, əlbəttə ki, imperialist güclərdir.

Onu da vurğulamaq lazımdır ki, əksər cəmiyyətlərdə, çox təəssüf ki, sosial media üzərindən destruktiv xarakterli fikirlər təbliğ edilir və sosium daxilindəki ictimai ahəngin pozulmasına zəmin yaradılır. Hətta Azərbaycanda da bəzi qüvvələr bilərəkdən və ya bilməyərəkdən sosial media üzərindən neqativ enerji paylaşımı edir ki, bu da cəmiyyət daxilindəki fərdlərin mənfi enerji ilə yüklənməsini şərtləndirir. Təəssüflər olsun ki, həmin qüvvələr bununla imperialist güc mərkəzlərinin transmilli səciyyə daşıyan strateji planlarına xidmət edirlər. Ancaq müsbət məqam odur ki, cəmiyyətimiz kifayət qədər intellektual və yetkindir. Bir çox fərdlər məsələnin mahiyyətini tam olaraq dərk edir, anlayır, digər bir qisim isə elmi-nəzəri əsasları bilməsə də, intuitiv olaraq onların məqsədlərini başa düşür və idarəolunan xaosa qarşı dururlar. Ona görə də, ölkəmizdə tərəqqi və inkişaf baş verir və bu proses dövlətimiz tərəfindən milli maraqlarımıza uyğun şəkildə məharətlə idarə olunur.

“Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəçisidir”

Media məsələsinin Azərbaycan təcrübəsindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, Azərbaycan media təsisatlarının qanunlara müvafiq surətdə sərbəst fəaliyyət göstərdiyi ölkələr sırasında yer alır, həmçinin, ölkəmizdə internet azadlığı mövcuddur. Vurğulamaq gərəkdir ki, XXI əsrdə yeni media növü qismində çıxış edən sosial media sahəsindəki pozitiv durum da yüksək qiymətləndirilir. Ümumiyyətlə, ölkəmizdə İKT sektorunun tərəqqisi sosial medianın da inkişafına mühüm töhfələr verməkdədir. Məlum olduğu kimi, sosial medianın inkişafı, bu sahədə mühüm tərəqqi meyillərinin qeydə alınması üçün lazımi informasiya kommunikasiya texnologiyaları və onlardan istifadə imkanları mövcud olmalıdır. Nəzərə alsaq ki, ölkəmizdə İKT sektorunda əhəmiyyətli innovasiyalar və dinamika qeydə alınmaqdadır, o zaman qeyd edə bilərik ki, İKT-dən zəmin alan sosial medianın da tərəqqisi üçün əlverişli imkanlar mövcuddur. Elə bunun nəticəsidir ki, bu sektorda yeniliklə müşayiət olunan dinamika hökm sürməkdədir.

Bundan başqa, internet mediasında qanunlarla müəyyən edilmiş azadlığın mövcud olması da bu sektorun inkişafına əhəmiyyətli töhfə verməkdədir. Söz, fikir və özünüifadə azadlığının hökm sürdüyü ölkəmizdə, heç şübhəsiz, internet azadlığının mövcud olması da operativ informasiya mübadiləsi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki internet həm də insanlar arasında virtual alətlər vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşmaq deməkdir ki, bu da ünsiyyəti daha əlçatan və veb əsaslı texnologiyalardan istifadə etməklə interaktiv dialoqa çevirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəçisidir: “Belə olan halda azad medianın inkişafı, əlbəttə ki, əsas şərtdir. Digər tərəfdən, qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri də çox böyükdür. İstənilən yerdə deyilən hər bir söz dərhal əks-səda verə bilər”.

 

“Yeni Azərbaycan”ın

Analitik Qrupu

Yeni Azərbaycan.- 2013.- 7 noyabr.- S.4-5.