Azərbaycan və Türkiyə dostluğu, tərəfdaşlığı güclənməkdədir

 

İki ölkə müxtəlif sahələrdə nümunəvi münasibətlərə malikdir

Məlum olduğu kimi, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dərin tarixi köklərə söykənir. Ortaq etnik-mədəni mənşəyə, tarixi keçmişə sahib olan iki qardaş xalqı mənəvi tellərlə yanaşı, ümumi milli, siyasi, iqtisadi maraqlar birləşdirir. Dostluq və qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri uğurla inkişaf etməkdədir.

Bunun təsdiqi olaraq, bu günlərdə Prezident İlham Əliyevin qardaş ölkəyə baş tutan səfərini qeyd etmək olar. Qeyd edək ki, dövlət başçısı bu dəfə də prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edib və artıq bu, iki ölkə rəhbərləri arasında ənənəyə çevrilib.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslərlə görüşlərində səsləndirilən xoş fikirlər iki ölkə münasibətlərinin ən yüksək həddə olduğunu bir daha təsdiqlədi. Bu səfər onu göstərdi ki, Azərbaycan və Türkiyə bir-birinə hər bir sahədə arxa-dayaq olmaqdadır. İki ölkənin dövlət başçılarının mətbuat qarşısında bəyanatlarla çıxışı zamanı Prezident İlham Əliyevin söylədiyi “Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaqdır” fikri iki ölkənin səmimi dostluğundan, maraq və mənafelərinin uzlaşmasından xəbər verir. Öz növbəsində, Abdullah Gül: Son 10 ildə Azərbaycana etdiyim hər səfərdə bu qardaş ölkənin simasının mahir əllərlə necə dəyişib gözəlləşdiyinin şəxsən həmişə şahidi olmuşam”, deyərək Azərbaycanın sürətli inkişafının onda sevinc hissi doğurduğunu ifadə edib.

AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ MÖHKƏM TƏMƏL ÜZƏRİNDƏ QURULUB

Məlum olduğu kimi, Azərbaycan və Türkiyə xalqları arasındakı münasibətlərin tarixi uzaq keçmişə gedib çıxır. Müasir dövrdə isə müstəqillik əldə etdikdən sonra Azərbaycanın xarici siyasətdə əlaqələrin qurulmasına ən böyük önəm verdiyi ölkələrdən biri Türkiyədir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev iki ölkə arasında hərtərəfli əlaqələrin qurulması istiqamətində fəal apardı. Təsadüfi deyil ki, Ulu öndər müstəqil Azərbaycanın Prezidenti kimi ilk səfərlərindən birini 1994-cü il fevral ayının 8-11-də qardaş ölkəyə gerçəkləşdirib. Səfər çərçivəsində imzalanan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Ulu öndərin hər zaman dəfələrlə söylədiyi və bu gün də dillərdə əzbər olanBir millət, iki dövlət” ifadəsi Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun ən mükəmməl ifadəsinə çevrilib.

Xarici siyasətdə Ulu öndərin əsasını qoyduğu siyasi kursu davam etdirən Prezident İlham Əliyev Türkiyə ilə strateji əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işləri davam etdirir.

Bildiyimiz kimi, beynəlxalq aləmdə bir çox məsələlərdə bir-birinin mövqeyini dəstəkləyən Azərbaycan-Türkiyə siyasi əlaqələri yüksək səviyyədədir. Xatırladaq ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib. İki ölkə prezidentlərinin sonuncu görüşündə də Türkiyənin dövlət başçısı Abdullah Gül ölkəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına verdiyi dəstəyi dilə gətirib: Eyni zamanda, regional məsələləri, Azərbaycanın milli məsələsini və bizimmilli məsələmiz olan Azərbaycanın ərazi bütövlüyüişğal altındakı torpaqlarının azad edilməsi məsələlərini - bütün bunları müzakirə etdik. Bu məsələ də şübhəsiz ki, Türkiyə olaraq ən önəm verdiyimiz məsələlərdən biridir. İnanıram ki, gec-tez bir gün bu problem öz həllini tapacaqdır. Bütün bunların diplomatik yolla həllinə də şübhəsiz ki, çox önəm veririk”.

Azərbaycan-Türkiyə əməkdaşlığı regional təhlükəsizliyə töhfədir

İki ölkənin təhlükəsizlik maraqları da bir-birilə uzlaşır. Danılmaz faktdır ki, regionun aparıcı dövlətləri olan Azərbaycanla Türkiyə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq Cənubi Qafqazda sülhsabitliyin qorunub saxlanması, regional inteqrasiyanın genişlənməsi üçün həlledici əhəmiyyətə malikdir. Xarici siyasətdə sülhə, beynəlxalq hüquq normalarına hörmətə üstünlük verən Azərbaycanla Türkiyənin birgə fəaliyyəti regionun firavan və təhlükəsiz gələcəyini təmin etmək baxımından həlledici ola bilər. İki ölkə arasında iqtisadi sahədə qurulan sıx əlaqələr, birgə həyata keçirilən qlobal əhəmiyyətli layihələr regionun strateji əhəmiyyətini dəfələrlə artırıb. Belə ki, uğurla reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neftqaz kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerjicoğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. İcrası planlaşdırılan Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri iki ölkə arasında təkcə iqtisadi deyil, təhlükəsizlik əlaqələrini daha da gücləndirəcək.

Azərbaycanla Türkiyə arasında uzun illərdir ki, hərbi sahədə də sıx əməkdaşlıq qurulub. Bu məqsədlə, iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişlər, protokollar müqavilələr imzalanıb. 90-cı illərindən ortalarından etibarən türkiyəli mütəxəssislər Azərbaycan Silahlı Qüvvələrinin təlim-təhsil işlərində fəal iştirak edirlər. NATO ölkəsi olan Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycan ordusunun NATO standartlarına uyğun yenidən qurulmasında mühüm rol oynayır. Beləliklə, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hər iki ölkənin təhlükəsizlik maraqlarına xidmət edir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev prezidentlərin təltif edilməsi mərasimində çıxışında bu məsələyə toxunaraq iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığının regional əhəmiyyətini vurğulayıb: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik, sabitlik üçün əsas amildir”.

AZƏRBAYCAN VƏ TÜRKİYƏ MÜHÜM İQTİSADİ TƏRƏFDAŞLARDIR

Beləliklə, bu gün Azərbaycan-Türkiyə strateji əməkdaşlığı bütün dünyada nümunəvi əlaqələr hesab oluna bilər. O da məlumdur ki, Azərbaycanla Türkiyə arasında illərdir ki, yüksələn xətlə davam edən hərtərəfli əməkdaşlıq hər iki ölkənin regiondakı mövqeyini xeyli möhkəmləndirib.

Qeyd etməliyik ki, bu əməkdaşlıq indiki səviyyəyə çatanadək 20 illik bir tarixi yol keçib. Xatırladaq ki, Azərbaycanla Türkiyənin ticarət, turizm, iqtisadiyyat, sənaye, nəqliyyat, elm, hüquq, mütəxəssis hazırlanması, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın əsası hələ 1992-ci ildə qoyulub. Həmin ildə iki ölkə arasında bu sahələrdə əməkdaşlığı əhatəli edən 13 mühüm saziş imzalanıb. 1992-ci il noyabrın 2-də qəbul olunan iki önəmli sənədlə-ticari-iqtisadi sahədə əməkdaşlıq, investisiyaların təşviqi və qorunması haqqında sazişlərlə Azərbaycanla Türkiyə arasında iqtisadi münasibətlərin hüquqi bazası yaradılıb. Həmin dövrdən etibarən Türkiyə adamları Azərbaycana yatırımlar qoymağa başlayıblar.

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafına xüsusi diqqət ayıran Ümummilli lider Heydər Əliyev əməkdaşlığın davamlı yüksələn xətt üzrə inkişafına nail olub. 1994-cü ildə ikiqat verginin aradan qaldırılması haqqında sazişin imzalanmasından sonra qardaş ölkə sahibkarlarının ölkə iqtisadiyyatına yatırımlarının həcmi sürətlə artıb.

Həmçinin, Azərbaycanın qeyri-neft sektoruna ən çox yatırım qoyan ölkə Türkiyədir. Qardaş ölkə şirkətləri əsasən ölkəmizdəki sənaye, istehsal, telekommunikasiya, inşaat, mətbuat, qida, tekstil, təhsil, səhiyyə, bank və sığorta, nəqliyyat, avtomobil, neft sahələrində fəaliyyət göstərirlər. İki ölkənin adamları arasında əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə ortaq qurumlar, təşkilatlar fəaliyyət göstərir. Göründüyü kimi, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı sürətlə genişlənir və bu həm iki ölkənin maraqları, həm də regionun gələcəyi baxımından olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyev Türkiyəyə sonuncu səfəri zamanı Prezident A.Gül ilə birlikdə mətbuata bəyanatla çıxış edərkən mövcud iqtisadi əlaqələrin daha da genişləndiriləcəyini bildirib: “Bu gün biz daha da irəliyə baxırıq. Bu gün qarşılıqlı sərmayə qoyuluşu məsələləri uğurla öz həllini tapır və Azərbaycanın xaricdəki ən böyük sərmayələri təbii ki, Türkiyəyə yatırılan sərmayələrdir. Bu proses artıq davam edir və növbəti beş il ərzində Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi qoyulacaqdır. Eyni zamanda, biz Türkiyə şirkətlərinin də Azərbaycana qoyduqları sərmayəni alqışlayırıq və adamları arasındakı əlaqələri dəstəkləyirik”.

AZƏRBAYCAN VƏ TÜRKİYƏ MÜHÜM ENERJİ TƏRƏFDAŞLARIDIR

Regionda mühüm siyasi, iqtisadi aktorlar olan Azərbaycanla Türkiyənin müxtəlif sahələrdə qurduğu bərabərhüquqlu və qarşılıqlı-faydalı əlaqələr daim inkişaf etməkdədir. İki ölkənin çoxşaxəli xarakter daşıyan iqtisadi əlaqələri enerji sferasında uğurla irəliləyir. Prezident A.Gülün dediyi kimi, Prezident İlham Əliyevin əsasını Ümummilli liderin qoyduğu yolu uğurla davam etdirməsi və liderlik bacarığı sayəsində hazırda Türkiyə ilə Azərbaycan arasındakı qədim dostluq və qardaşlıq əlaqələri konkret layihələrlə inkişaf edir:Bu layihələr zənginləşməkdə davam edir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Trans-Anadolu təbii qaz boru kəməri layihələrini sürətlə tamamlayaraq Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrinə yeni uğurlu layihələr əlavə etmək istəyirik”.

BTC layihəsi ilə yanaşı, iki ölkə son illərdə “mavi yanacağın” daşınması ilə bağlı böyük layihələrə imza atırlar. Bildiyimiz kimi, regionun mühüm təbii qaz ixracatçısı olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artmaqdadır. Türkiyə bu sahədə mühüm tranzit və istehlakçı ölkə kimi bir sıra qlobal əhəmiyyətli layihələrin gerçəkləşməsində birbaşa iştirak edib. Bunun ən bariz nümunəsi olaraq Bakı-Tbilisi-Ərzurum qaz kəmərini göstərə bilərik. Bu layihənin reallığa çevrilməsi Azərbaycan-Türkiyə dostluğunun mühüm simvollarındandır.

Bir çox Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın iqtisadi maraqları başlanan işin davam etdirilməsini və daha da genişləndirilməsini zəruri edirdi. Bu istiqamətdə mühüm addım 2011 və 2012-ci illərdə Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinə dair sazişlər imzalandı. Bu boru xətti BTƏ-dən gələn qazı Yunanıstanla sərhəddə çıxaracaq. TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçünyeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın və Türkiyənin rolu daha da artacaq.

BTƏ və TANAP “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissələridir. Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsinin müəyyən edilməsi isə “Cənub qaz dəhlizi”nin böyük hissəsinin razılaşdırılması deməkdir.

Beləliklə, göründüyü kimi, Azərbaycan-Türkiyə münasibətləri ən müxtəlif sahələrdə uğurla inkişaf edir. Ortaq köklərə, dəyərlərə söykənən bu əlaqələr daimidir, sarsılmazdır.

 

Hülya MƏMMƏDLİ

 Yeni Azərbaycan.- 2013.- 14 noyabr.- S.8.