Azərbaycan-Ukrayna əlaqələri genişlənməkdədir

 

İki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı yeni ikitərəfli sazişlərlə daha da möhkəmlənib

Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyevin Ukraynaya səfəri gerçəkləşib. Səfər zamanı dövlət başçısı Ukraynanın Prezidenti Viktor Yanukoviçlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

Qeyd etmək yerinə düşər ki, regionda fəal xarici siyasət yeridən Azərbaycanın yüksək səviyyədə əlaqələr qurduğu ölkələr sırasında Ukrayna xüsusi yerə sahibdir. Prezident İlham Əliyevin Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasında səsləndirdiyi fikirlər də rəsmi Bakının bu ölkə ilə əlaqələrə böyük önəm verdiyini təsdiq edir: “Mən ölkələrimiz arasında əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verən münasibətlərimizi, dostluğumuzu çox yüksək qiymətləndirirəm. Ukrayna bizim üçün dost, tərəfdaş, etibar edilməli olan ölkədir, etibarlı tərəfdaşdır”.

Səfər çərçivəsində Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasından sonra dövlət başçılarının təltif edilməsi mərasimi baş tutub. Belə ki, Prezident İlham Əliyev Ukraynanın “Azadlıq ordeni” ilə, Ukrayna Prezidenti V.Yanukoviç isə “Heydər Əliyev ordeni” ilə təltif edilib.

Daha sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olub. Hər iki ölkənin dövlət başçısı “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasının Protokolunu imzalayıblar. Həmçinin, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Ukraynanın aqrar siyasəti və ərzaq naziri Nikolay Prisyajnyuk “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Sazişi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Leonid Kojara “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə Məsləhətləşmələr Planı”nı imzalayıblar. Bundan əlavə, mərasimdə “Azərbaycan Respublikasının Qəbələ rayon İcra Hakimiyyəti və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası arasında regionlararası əməkdaşlıq haqqında Sazişi və “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Ukrayna Milli İncəsənət Akademiyasının Kulturologiya İnstitutu arasında Əməkdaşlıq Müqaviləsi” də imzalanıb.

İki ölkə əlaqələrinin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Qeyd edək ki, Azərbaycanla Ukrayna arasında münasibətlər zəngin tarixi keçmişə malikdir. Hələ Sovet İttifaqı dönəmində mövcud olan Azərbaycan-Ukrayna əlaqələri ittifaqın dağılması ilə yeni mərhələyə qədəm qoydu. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də məhz Ukraynadır. İki ölkə arasında siyasi əlaqələrin əsası isə 1991-ci ilin noyabrında “Ukrayna və Azərbaycan Respublikaları arasında dövlətlərarası münasibətlərin əsasları haqqında” müqavilənin imzalanması ilə qoyulub. Azərbaycan-Ukrayna əlaqələrinin inkişafı isə bilavasitə Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Bu ölkənin sənaye və kənd təsərrüfatı potensialına yaxşı bələd olan Ulu öndər istər Azərbaycanın, istərsə də Ukraynanın yerləşdikləri regionda əhəmiyyətli qüvvə olmasını və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından potensial imkanları düzgün dəyərləndirərək bu ölkə ilə münasibətlərə xüsusi önəm verirdi. Dövlət başçıları səviyyəsində tez-tez baş tutan görüşlər, rəsmi və işgüzar səfərlər Azərbaycanla Ukraynanın yaxın regional tərəfdaşa çevrilməsində böyük rol oynadı. Belə ki, Ukraynanın keçmiş Prezidenti Leonid Kuçmanın 1995-ci il 27-28 iyul və 2000-ci il 16-17 mart tarixlərində Azərbaycana rəsmi səfərləri baş tutdu. Ümummilli liderin 1997-ci il martın 24-25-də Ukraynaya səfəri isə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə geniş zəmin yaratdı. Belə görüşlər zamanı bir çox sahələr, o cümlədən, enerji sahəsində əməkdaşlığa dair əldə olunan razılaşmalar, imzalanan sənədlər məqsədyönlü iqtisadi əlaqələrin möhkəm hüquqi bazasını formalaşdırdı. Ulu öndərin iki ölkə xalqlarının yaxınlaşmasında göstərdiyi xidmətlərin əlaməti olaraq Kiyevdə Onun adını daşıyan sosial tədqiqatlar institutu fəaliyyət göstərir.

Beləliklə, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə iki ölkə əlaqələri xeyli möhkəmlənib, etibarlı dostluq səviyyəsinə yüksəlib. Bunu Ukrayna prezidenti V.Yanukoviçin Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasında səsləndirdiyi fikirlərdən də görmək olar: “Dostlar həmişə çətin anlarda tanınır. Biz Ukraynanın çox mürəkkəb vəziyyətdə olduğunu yaxşı xatırlayırıq və o zaman Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərilməsi qərarını qəbul etdi. Müstəsna şərait yaradıldı və neft verildi. Faktiki olaraq Siz o zaman energetikamızı, kənd təsərrüfatımızı xilas etdiniz. Bu, əlbəttə ki, unudulmur”.

Qarşılıqlı təmaslar son illərdə daha da sıxlaşıb

Qeyd edək ki, Azərbaycan-Ukrayna əlaqələrinin inkişafı Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlət başçısının 2004-cü ilin iyununda Ukraynaya rəsmi səfəri və Prezident Leonid Kuçma ilə görüşdə apardığı danışıqlar iki ölkə arasındakı əlaqələrin sonrakı inkişafına mühüm təkan verdi. Bundan iki il sonra isə Ukraynanın o zamankı dövlət başçısı Viktor Yuşşenko ölkəmizə gələrək rəsmi Kiyevin ikitərəfli strateji əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük önəmi bir daha təsdiqlədi. İki ölkə arasındakı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin dərinləşməsinə xidmət edən saziş və memorandumların imzalanması ilə müşayiət olunan qarşılıqlı səfərlər növbəti illərdə də davam etdirildi. Növbəti belə görüş isə 2010-cu ilin oktyabrında Prezident İlham Əliyevin Ukraynaya səfər etməsi ilə gerçəkləşdi. Dövlət başçılarının görüşləri ilə bərabər, ikitərəfli əməkdaşlığın uğurla həyata keçirilməsində hər iki ölkə başçısı tərəfindən imzalanan “2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı”nın reallaşdırılmasının xüsusi rolu oldu.

2011-ci ilin yanvarında Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti V.Yanukoviç arasında keçirilən görüş isə iki ölkə münasibətlərinin inkişaf səviyyəsinin daha bir göstəricisidir. Xatırladaq ki, görüşdə dövlət başçıları Azərbaycan-Ukrayna əlaqələrinin hazırkı səviyyəsini yüksək qiymətləndirərək, siyasi dialoqun genişləndirilməsinin, iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsinin hər iki ölkənin inkişafı baxımından, eyni zamanda, Xəzər dənizi və Qara dəniz regionunda əməkdaşlığın hərtərəfli yüksəlişi üçün önəmli olduğunu vurğulayıblar. Görüşdən sonra iki ölkə arasında Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə SazişUkrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandumun imzalanması ilə qarşılıqlı əməkdaşlığın gələcək inkişafı üçün yeni təməl qoyuldu.

Azərbaycan və Ukrayna beynəlxalq aləmdə bir-birini dəstəkləyir

Azərbaycan-Ukrayna əlaqələrinin indiki səviyyəyə yüksəlməsində GUAM çərçivəsində münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də Ukrayna 1997-ci ildə bu beynəlxalq qurumun yaranmasında fəal iştirak edib. Ümumiyyətlə, GUAM-ın beynəlxalq nüfuzunun artmasında Azərbaycan-Ukrayna əlaqələrinin həlledici təsiri var. Qeyd edək ki, iki ölkə rəhbərləri arasında GUAM sammitləri çərçivəsində də görüşlər keçirərək birgə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. İstər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də birbaşa ikitərəfli münasibətlər şəraitində Azərbaycan-Ukrayna əlaqələri yüksək səviyyədədir.

Bu ondan xəbər verir ki, Azərbaycanla Ukrayna beynəlxalq siyasi arenada daim bir-birini dəstəkləyirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Ukrayna ölkəmizin ən etibarlı tərəfdaşlarından biri hesab olunur. Göründüyü kimi, dünyadaregionda gedən siyasi, iqtisadi proseslərdən asılı olmayaraq, Azərbaycanla Ukrayna arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Təsadüfi deyil ki, BMT Baş Məclisində “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbulunda Azərbaycana dəstək göstərən ölkələr arasında Ukrayna da var idi.

Azərbaycan və Ukrayna yaxın iqtisadi tərəfdaşlardır

İki ölkə arasında ticari-iqtisadi əlaqələr yüksək səviyyədədir. Belə ki, Azərbaycan Ukraynadan əsasən metallurgiya, maşınqayırma, kənd təsərrüfatı texnikası idxal edir, bu ölkəyə neft-kimyaaqrar sənaye məhsulları ixrac edir. Bu ölkənin enerjiyə olan tələbatının ödənməsində Azərbaycandan idxal etdiyi neft mühüm rol oynayır.

Təsadüfi deyil ki, Azərbaycan və Ukrayna prezidentlərinin birgə bəyanatında iki ölkənin qarşılıqlı iqtisadi əlaqələri, xüsusən də, enerji tərəfdaşlığı diqqət mərkəzində olub. Prezident İlham Əliyev çıxışında bildirib ki, yanacaq-energetika sektorunun məsələləri iki ölkə münasibətlərinin gündəliyində hər zaman xüsusi yer tutub: “Azərbaycan enerji ehtiyatlarının istehsalçısı kimi, Ukrayna isə istehlakçısı və tranzit ölkə kimi bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Buna görə də, Xəzər və Qara dəniz regionlarının əməkdaşlığı, o cümlədən, energetika sahəsində əməkdaşlıq məhz bizim birgə fəaliyyətimizin nəticəsidir. Azərbaycan uzun illərdir ki, öz enerji ehtiyatlarının Qara dəniz, Aralıq dənizi bazarlarına və dünya bazarlarına etibarlı nəql olunmasını və çatdırılmasını təmin edir”.

Beləliklə, mühüm regional aktorlar olan Azərbaycan və Ukrayna arasında əməkdaşlıq təkcə hər iki ölkənin inkişafı baxımından deyil, həmçinin, regionda sülhsabitliyin təmin olunmasında da əhəmiyyət daşıyır.

 

Hülya MƏMMƏDLİ

Yeni Azərbaycan.- 2013.- 20 noyabr.- S.7.