Azərbaycan ilə İtaliya arasında çox geniş əlaqələr mövcuddur

 

Azərbaycan ilə İtaliya arasında bir çox sahələrdə geniş əlaqələr mövcuddur.

AzərTAc xəbər verir ki, bu sözləri mədəniyyət və turizm nazirinin birinci müavini, Azərbaycan-İtaliya Turizm Forumunun iştirakçısı Vaqif Əliyev jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanda çoxlu sayda İtaliya şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayan nazir müavini bildirib ki, birgə həyata keçirilən tədbirlər ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Vaqif Əliyev deyib: “İtaliyanın turizm sahəsində böyük təcrübəsi vardır. Biz bu təcrübəni öyrənib Azərbaycanda tətbiq edərək turizm infrastrukturumuzu daha da genişləndirmək niyyətindəyik. Hər iki ölkə qədim tarixə və bəşəriyyət üçün önəmli olan mədəni dəyərlərə malikdir. Abidələrin qorunması, arxeoloji qazıntılar və digər istiqamətlərdə təcrübə mübadiləsi hər iki ölkədə müvafiq sahələrin inkişafına təkan verəcəkdir”.

Azərbaycana turist axınını artırmaq məqsədi ilə görülən işlərə toxunan nazir müavini bildirib ki, dünyanın müxtəlif ölkələrində mədəniyyətimizin təbliği və tariximizin öyrənilməsi vacib tədbirlərdəndir. Ölkəmiz gözəl təbiətə, zəngin mətbəx mədəniyyətinə, qədim tarixə və özünəməxsus incəsənət nümunələrinə malikdir. Bütün bunlar Azərbaycanı turistlər üçün cəlbedici məkana çevirir.

 

Yeni Azərbaycan.- 2013.- 20 noyabr.- S.3.