Azərbaycan-Ukrayna əlaqələri yeni inkişaf mərhələsinə
qədəm qoyur
Səfir Eynulla Mədətli: İki ölkə arasında bütün sahələrdə möhkəm və sarsılmaz əlaqələr qurulub və qarşıdakı illərdə bu əməkdaşlıq daha da genişlənəcək
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:
- Cənab səfir, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri də məhz dost Ukrayna olmuşdur. Ötən müddət ərzində iki ölkə arasında münasibətlərin inkişafını necə dəyərləndirirsiniz?
- Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılmışdır. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılmışdır. Ukrayna Azərbaycan Respublikasının xarici siyasətində əhəmiyyətli yer tutur. İkitərəfli əlaqələr siyasi, iqtisadi-ticarət, yanacaq-energetika, hərbi-texniki, nəqliyyat, mədəniyyət, elm, təhsil və digər sahələrdə sıx əməkdaşlığı əhatə edir. Qarşılıqlı əlaqələrin möhkəm və etibarlı zəmin üzərində qurulması Ulu öndərimiz Heydər Əliyevin 1997-ci ilin martında Ukraynaya rəsmi səfəri ilə birbaşa əlaqədardır. Həmin vaxtdan bu günə kimi ölkəmizin xarici siyasətində Ukrayna mühüm yer tutmaqdadır. 2001-ci ildən ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənmiş və strateji səviyyəyə çatmışdır. Bu gün iki dövlət arasında əməkdaşlıq bir çox sahələrdə intensiv olaraq inkişaf edir. Siyasi sahədə Azərbaycan və Ukrayna bir-birini həm ikitərəfli, həm də çoxtərəfli formatda dəstəkləyir. Parlamentlərarası münasibətlərdə də yüksək səviyyə müşahidə edilir, deputatlarımız bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Parlamenti və Avronest çərçivəsində əməkdaşlıq edirlər. Ölkələrimiz həmçinin BMT, ATƏT, Avropa Şurası, GUAM, MDB kimi təşkilat və forumlar çərçivəsində tərəfdaşlıq münasibətlərindən faydalanırlar.
Vurğulamaq istəyirəm ki, Ukrayna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanı dəstəkləmiş, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmamazlığı prinsipi əsasında həlli barədə dəyişməz mövqe nümayiş etdirmişdir. 2013-cü ildə ATƏT-də sədrliyi çərçivəsində Ukrayna regionda həlli uzanmış münaqişələri özünün sədrlik proqramının prioriteti elan etmiş, ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara cari ilin iyul ayında Azərbaycana səfər etmişdir.
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna birgə hökumətlərarası komissiya da əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, sonuncu iclası 14 noyabr 2013-cü il tarixində Kiyevdə keçirilmiş komissiyaya Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubovun, Ukrayna tərəfdən Baş nazirin müavini Konstantin Qrişenkonun rəhbərlik etməsi onun işini daha da səmərəli və məhsuldar edir. Yeri gəlmişkən, qeyd edim ki, bu günədək Azərbaycan və Ukrayna müxtəlif sahələri əhatə edən 120-dən çox dövlət, hökumət və qurumlararası müqavilə, saziş və digər sənədlər imzalamışlar. Dövlətimizin başçısı cənab İlham Əliyevin Ukraynaya son səfəri zamanı imzalanmış beş sənəd bu hüquqi bazanın daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Ukrayna arasında hərbi-texniki sahədə də səmərəli əməkdaşlıq formalaşmışdır. Bütün sadalananları nəzərə alaraq demək olar ki, Azərbaycan və Ukrayna arasında istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar sahədə möhkəm və sarsılmaz əlaqələr qurulmuşdur və bu əlaqələr prezidentlərimizin qeyd etdiyi kimi, strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olaraq artan xətlə inkişaf edir.
- Məlum olduğu kimi, noyabrın 17-18-də Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada səfərdə oldu. Səfər çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri barədə müzakirələr aparıldı. Dövlət başçımızın bu səfərini necə şərh edərdiniz?
- Bu gün Azərbaycan və Ukrayna arasında əməkdaşlıq əlaqələri konkret məzmunla daha da zənginləşmişdir. İki ölkə arasında Prezidentlər Şurası kimi yüksək ikitərəfli orqan fəaliyyət göstərir və əməkdaşlığın ən aktual məsələlərinə nəzarət edir. Şuranın son-dördüncü iclası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17-18 noyabr tarixlərində Ukraynaya rəsmi səfəri çərçivəsində keçirilmişdir. Xatırlatmaq yerinə düşər ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yenidən dövlət başçısı seçildikdən sonra xarici ölkəyə ikinci rəsmi səfəri idi. Fikrimcə, bu fakt özü Ukraynanın Azərbaycan üçün yaxın, etibarlı, strateji tərəfdaş və dost ölkə olmasının göstəricisidir. Cənab İlham Əliyevin səfəri çərçivəsində iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu. Səfər çərçivəsində imzalanmış sənədlər də əsas diqqəti böyük potensialın olduğu sahələrə yönəldir. Bunlar siyasi, iqtisadi, hərbi-texniki, humanitar, regionlararası əməkdaşlıq məsələləridir. Səfərin nəticələri olduqca əhəmiyyətlidir və əməkdaşlığın daha da genişləndirilməsinə və dərinləşdirilməsinə xidmət edir.
Prezidentlər siyasi sahədə əməkdaşlığın vəziyyəti və perspektivlərini nəzərdən keçirmiş, səylərin strateji tərəfdaşlıq münasibətlərinin qarşılıqlı maraq kəsb edən bütün sahələrdə məzmunlu olduğunu vurğulamışlar. Dövlət başçıları beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv və qarşılıqlı səmərə verən əməkdaşlığı yüksək qiymətləndirmiş, xüsusən, ATƏT, Avropa Şurası, GUAM, QDİƏT, MDB və digər qurumlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş işin davam etdirilməsinə qərar vermişlər. Azərbaycan və Ukraynanın Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa önəm verərək Prezidentlər XİN-lərarası siyasi məsləhətləşmələrin keçirilməsi təcrübəsinin davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Tərəflər inşaat sahəsində əməkdaşlığın müsbət təcrübəsini, xüsusən Ukraynanın yol infrastrukturunun inşaatı və yenidənqurulmasında Azərbaycan şirkətlərinin iştirakını və Bakı metropoliteninin inkişafı üzrə layihədə Ukraynanın “İnterbudmontaj” inşaat assosiasiyasının iştirakını yüksək qiymətləndirmiş, iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın iclaslarının mütəmadi keçirilməsi, hər iki ölkədə keçirilən sərmayə layihələrində, sərgi və biznes forumlarda iki ölkənin müəssisə və təşkilatlarının qarşılıqlı iştirakının təşviq edilməsi, nəqliyyat sahəsində, həmçinin, GUAM və TRACEKA beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsi, hər iki ölkənin inşaat şirkətlərinin Azərbaycan və Ukrayna bazarlarına çıxışına hərtərəfli dəstəyin göstərilməsinin davam etdirilməsi, Azərbaycan Respublikasında beynəlxalq səviyyəli idman tədbirləri ilə bağlı həyata keçirilən infrastruktur layihələrində Ukraynanın təcrübəsindən istifadə edilməsi və onların həyata keçirilməsinə Ukrayna şirkətlərinin cəlb edilməsi sahəsində əməkdaşlığı davam etdirməyə dair razılığa gəlmişlər.
Bütün bunları nəzərə alaraq, əminliklə demək olar ki, Prezidentimizin Ukraynaya rəsmi səfəri bütün cəhətlərdən faydalı oldu və bu səfər əməkdaşlıq üçün yeni perspektivlər açacaqdır.
- Cənab səfir, bu günlərdə bəzi mətbuat səhifələrində guya Rusiyada baş verən olayların - azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının Ukraynada da baş verməsi barədə məlumatlar yer almaqdadır. Sizcə, belə xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?
- Təəssüf ki, belə xəbərlər, geniş miqyasda olmasa da, Ukraynada da yayıldı və Azərbaycan icmasında müəyyən narahatlığa səbəb oldu. Lakin səfirliyin araşdırmaları göstərdi ki, heç bir əsası olmayan bu xəbərlər daha çox Ukraynadan kənar mənbələrdən qaynaqlanır və sırf təxribat xarakteri daşıyır. Görünür, məqsəd Ukraynada Azərbaycan diasporu, eləcə də, artıq ölkə cəmiyyətinə inteqrasiya etmiş Azərbaycan əsilli vətəndaşlarla ukraynalılar arasında nifaq salmaq, onilliklər boyu formalaşmış mehriban dostluq münasibətlərinə zərər vurmaq, nəticədə ümumən Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmaqdır. Guya, azərbaycanlı hamilə qadının öldürülməsi, azərbaycanlı tələbələrin kütləvi şəkildə döyülməsi və sıxışdırılması kimi heç bir əsası olmayan şayiələrin Azərbaycanın müəyyən xəbər agentliklərinə ötürülməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ukraynaya rəsmi səfəri ərəfəsində həm xaricdə, həm də ölkəmizin daxilində Azərbaycan dövlətini sevməyən qrupların bədxah niyyətlərinin nəticəsi idi. Səfirlik tərəfindən, həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəliyi, Ukraynada Azərbaycan diaspor və gənclər təşkilatlarının apardığı çevik izahat işləri nəticəsində bu əsassız şayiələrin daha geniş yayılmasına yol verilmədi. Bildirmək istəyirəm ki, Ukraynada yaşayan azərbaycanlıların milli-etnik zəmində heç bir problemi yoxdur və belə halların yaranması üçün burada zəmin də yoxdur.
- Cənab səfir, ikitərəfli münasibətlərdə gələn il üçün hansı proqnozları vermək istərdiniz? Bakıya və Kiyevə hansı yüksək səviyyəli səfərlərin təşkil olunması gözlənilir?
- Növbəti il üçün ölkələrimiz arasında əməkdaşlığın fəaliyyət proqramı cari ilin 18 noyabr tarixində keçirilmiş Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının 4-cü iclasının protokolu ilə müəyyən edilmişdir. 2014-cü ildə Ukrayna Prezidenti cənab Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Ukraynaya səfəri də planlaşdırılır. 2014-cü ildə Bakıda İqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna Hökumətlərarası Birgə Komissiyasının 11-ci iclasının təşkili də nəzərdə tutulmuşdur. Nazirlər səviyyəsində müxtəlif səfər və məsləhətləşmələrin davam etdirilməsi, məsələn, Azərbaycan Respublikasının xarici işlər və müdafiə nazirlərinin Ukraynaya səfərləri, iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin Kiyevdə keçirilməsi də 2014-cü ilin əməkdaşlıq məsələlərinə aid edilə bilər.
Gələn il Ukraynanın Odessa şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun açılması, Naxçıvan və Simferopol şəhərləri arasında qardaşlaşma barədə müqavilənin imzalanması kimi mühüm tədbirlərin keçirilməsi, bundan əlavə, Ukrayna Ali Radasında Azərbaycanla əməkdaşlıq üzrə işçi qrupunun nümayəndələrinin də Azərbaycana səfəri nəzərdə tutulur.
Növbəti ildə Ukraynada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi də planlaşdırılır. Bir sözlə, 2013-cü il, eləcə də qarşıdan gələn 2014-cü il Azərbaycan-Ukrayna ikitərəfli əməkdaşlığında mühüm illər kimi tarixdə qalacaqdır.
Səlim Loğmanoğlu
Yeni Azərbaycan.- 2013.- 26 noyabr.-
S.8.