Dinamik inkişaf şəraitində
yaşayan xalq bu siyasətin davamını istəyir
Milli Məclisin deputatı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova www.yap.org.az saytına müsahibə verib:
- Gülçöhrə xanım, təhsilə diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir. Ali məktəbin rəhbəri kimi bu sahədə görülən işləri necə şərh edərdiniz?
- Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Onun sosial həyatın bütün istiqamətləri ilə yanaşı, təhsil sisteminin inkişafına verdiyi önəm Azərbaycanın intellektual potensialının yüksəlməsinə, təhsil müəssisələri şəbəkəsinin genişlənməsinə şərait yaratmışdır. Ali təhsil sistemi də bu dövrdə böyük tərəqqi yolunu keçmişdir. 70-ci illərdə və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Ümummilli liderimizin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün tədris korpusları, yataqxana kompleksləri tikilmişdir. 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar, kafedralar açılmışdır.
Bu illərdə
yaradılan ali məktəblərdən biri də bizim
Universitet idi. Ulu öndər Heydər Əliyev
iqtisadiyyatın bütün sahələrində olduğu
kimi, memarlıq və inşaat sahəsində də qurucu,
yaradıcı gənc kadrların hazırlanmasının
vacibliyini ön plana çəkərək Azərbaycanda
savadlı və qabiliyyətli memar və inşaat mühəndislərinin
hazırlanması məqsədi ilə Azərbaycan
İnşaat Mühəndisləri İnstitutunun
yaradılması zərurətini görürdü. Ulu öndər
Cənubi Qafqazda ilk İnşaat İnstitutunun yaranması təşəbbüsü
ilə Sovetlər ölkəsinin rəhbərliyinə
müraciət etdi, həmçinin, öz nüfuzu və iradəsilə
bu qərarın verilməsinə nail oldu. 1975-ci ildə yaranan
İnstitut Azərbaycanda inşaat kompleksinin inkişafı,
bütövlükdə iqtisadiyyatımız üçün
çox vacib olan mütəxəssisləri yetişdirməyə
başladı.
Heydər
Əliyevin Azərbaycan təhsilinin inkişafındakı
müstəsna xidmətlərindən biri də 1970-80-ci illərdə
şəxsi təşəbbüsü və nüfuzu sayəsində
Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən
artıq böyük şəhərinin 170-dən çox ən
məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı,
elm, təhsil və mədəniyyətinin 80-dən artıq
sahəsini əhatə edən və ən zəruri ehtiyac
duyulan 250-dən çox ixtisas üzrə 15 mindən
artıq azərbaycanlı gəncin ali təhsil almasına,
yüksəkixtisaslı mütəxəssislər kimi
hazırlanmasına imkan və şərait yaratmasıdır.
Respublikamızda ilk orta və ali hərbi təhsil sisteminin
yaradılması ilə yanaşı, o illərdə
keçmiş ittifaqın ali hərbi məktəblərinə
azərbaycanlı gənclərin sistemli şəkildə
göndərilməsi faktı xüsusilə diqqətəlayiqdir.
Ümummilli
liderimizin respublikadakı siyasi hakimiyyətə
qayıdışından sonra təhsil sektoru
üçün büdcə vəsaitinin ardıcıl olaraq
ilbəil artması, müəllimlərin sosial müdafiəsinin
gücləndirilməsi, tədris müəssisələri
şəbəkəsinin təkmilləşdirilməsi, 6 ali məktəbimizə
muxtariyyət hüququ, bir çox institutlara isə
“Universitet” statusunun verilməsi, Azərbaycan Müəllimlər
İnstitutu və onun 12 regionda filiallarının
yaradılması, 6 yeni Akademiyanın (Rəssamlıq, Milli
Aviasiya, Dənizçilik, Milli Təhlükəsizlik, Musiqi,
İdarəçilik), Azərbaycan Milli
Konservatoriyasının, eləcə də, Azərbaycan Təyyarəçilik
Məktəbinin təsis edilməsi, özəl ali məktəblərin
fəaliyyətinin rəsmi şəkildə qanuniləşdirilməsi
və s. kimi fəaliyyət məhz elə Ümummilli
liderimizin təhsil sisteminə göstərdiyi qayğı nəticəsində
mümkün olmuşdur.
- Dövlət
başçısı İlham Əliyev təhsilin, elmin və
iqtisadiyyatın vəhdətinin yaradılmasını əsas
vəzifə kimi qarşıya qoyub. Azərbaycan Memarlıq və
İnşaat Universitetində bu istiqamətdə hansı tədbirlər
həyata keçirilir?
- Neft sərvətlərinin
insan sərvətinə çevrilməsi ideyasını irəli
sürmüş Prezident İlham Əliyev təhsilin ölkənin
gələcəyini təmin edən həlledici amil
olduğunu bəyan etmişdir. Təhsilin inkişafına
yönəlmiş çoxsaylı Dövlət
proqramlarının həyata keçirilməsi, son illər təhsilə
qoyulan investisiyaların xeyli artması bu sahəyə çox
ciddi dövlət qayğısı olmasına bir sübutdur.
2013-cü ildə dövlət büdcəsində təhsilə
ayrılan xərclər 2003-cü ilə nisbətən 7,6 dəfə
artmışdır.
Son illər
həyata keçirilən Dövlət proqramları nəticəsində
orta təhsilin maddi-texniki bazası inkişaf etmiş, dərslik
və informasiya kommunikasiyaları texnologiyaları ilə təminat
xeyli yaxşılaşmışdır. Heydər Əliyev Fondunun
və onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə yüzlərlə
məktəblərin tikilməsi və yenidən qurulması,
“Yeniləşən Azərbaycana yeni məktəb”
proqramının həyata keçirilməsi müsbət dəyişikliklərin
ən mühüm göstəricilərindəndir.
Son illərdə
ali təhsilə diqqətin artması təhsilin inkişaf
strategiyasında ali ixtisas pilləsinin ön plana çəkilməsi
ilə səciyyələndi. Prezident İlham Əliyevin ali məktəblərə
getməsi, yeni universitet binalarının təməlqoyma və
açılış mərasimlərində iştirak və
çıxış etməsi ali təhsilin daha sürətli
inkişafına dövlət qayğısının təzahürü
oldu. Azərbaycan Prezidentinin imzaladığı “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsili” üzrə
Dövlət Proqramı ali təhsilli mütəxəssis
hazırlığı və gələcəkdə Azərbaycan
iqtisadiyyatının inkişafını təmin etmək
üçün çox böyük əhəmiyyəti olan
bir qərar oldu.
Yaxın
illər ərzində 5000 azərbaycanlı gəncə
dünyanın ən tanınmış universitetlərində
təhsil almaq imkanı verən bu Proqram İlham Əliyevin
siyasi kursunun Heydər Əliyev siyasi strategiyasının məntiqi
davamı olmasına daha bir sübut oldu. Şübhəsiz, qəbul
edilən bu proqram yüksək səviyyəli mütəxəssislərin
hazırlanmasına şərait yaradaraq ölkəmizin gələcək
inkişafının təmin edilməsində öz rolunu
oynayacaq.
“2008-2013-cü
illərdə Azərbaycan Respublikasının ali təhsil
sistemində islahatlar” üzrə Dövlət
Proqramının qəbul olunması və həyata keçməsi
ali təhsilin yeniləşməsinə, keyfiyyətcə dəyişməsinə
və Avropa təhsil məkanına daxil olmasına yönəlmiş
çox vacib bir addım oldu. Cəmiyyətdə və
xüsusilə də, universitetlərdə böyük maraqla
qarşılanan bu proqram mövcud vəziyyətin bir daha diqqətlə
analiz edilməsinə, problemlərin daha qabarıq üzə
çıxarılmasına və müasir dünya təhsil
standartlarına çatmaq üçün konkret yolların
müəyyənləşməsinə və tədbirlərin
həyata keçməsinə səbəb oldu.
Azərbaycan
Memarlıq və İnşaat Universitetində bütün ali
təhsil sistemində olduğu kimi son illər islahatlar prosesi
intensivləşmişdir. Bakalavr və magistratura pilləsində
yeni təhsil standartları hazırlanmış, təhsilin məzmunu
təkmilləşdirilmiş, magistratura pilləsində fənn
proqramlarının formalaşması başa
çatdırılmış, latın qrafikası ilə yeni
dərsliklər və metodik ədəbiyyat nəşr
edilmişdir. Müəllimlərimiz tərəfindən
yüzlərlə dərslik, dərs vəsaiti, metodik göstərişlər
hazırlanmış və çap edilmişdir. Tələbələrə
əlverişli təhsil imkanı yaratmaq üçün
mühazirə kurslarının elektron variantı kitabxanada cəmləşdirilmişdir.
Ali təhsilin bakalavr və magistratura pillələri üzrə
ixtisasların yeni təsnifatının hazırlanması tədris
planlarının və fənn proqramlarının yenidən təkmilləşdirilməsi
və müasir tələblər səviyyəsində
formalaşması, yeni nəsil təhsil standartları
yaradılması məsələsini qarşımıza
qoymuşdur.
Son illər
ərzində təhsil sahəsinə ayrılan böyük vəsaitlər
hesabına bütün tədris müəssisələrinin
maddi-texniki təminatı xeyli dərəcədə
yaxşılaşıb. Universitetimizin I ¹-li tədris
binasında aparılan təmir və rekonstruksiya işləri
buna bir nümunədir. Bütün ali məktəblərin
müasir texnika və avadanlıqla təchiz olunması
üçün xeyli iş görülüb. Təhsil sahəsində
çalışanların əməkhaqqlarının
artırılması, son günlər elmi dərəcələrinə
görə əlavələrin iki dəfə
artırılması sosial problemlərin tədricən aradan
qaldırılması, təhsildə neqativ halların
qarşısının tam alınması üçün imkan
yaradır. Hesab edirəm ki, bir neçə ildən sonra biz
bu gün həyata keçirilən islahatların nəticələrini
və ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəlməsini
daha aydın görəcəyik.
- Azərbaycan
təhsilinin bugünkü inkişafı gələcək
üçün nə vəd edir?
- Ali təhsildə həyata keçirilmiş və bu gün də davam edən islahatlar Azərbaycan ali təhsilinin inkişafına, müasirləşməsinə və Qərb təhsil sisteminə inteqrasiyasına istiqamətlənmişdir. Əlbəttə, bu uzunmüddətli bir prosesdir və yaxşı olardı ki, biz bu yeniləşmənin sürətini bir qədər də artıra bilək. Mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bizim təhsilimiz ilbəil öz keyfiyyətini artıracaq və yaxın illərdə Avropa təhsil sisteminin bir tərkib hissəsi olacaq. Bir sıra sahələrdə bizim ali təhsil məktəblərimizin Avropa məkanında ən nüfuzlu universitetlər sırasına daxil olmaq şansı var. Ölkəmizin bütün sahələri dəyişir, yeniləşir, inkişaf edir. Ümumi olan bu tendensiyaya müvafiq təhsil sahəsinin də sürətli inkişafını təmin etməliyik.
- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapan müddəalardan biri də təhsildə yeniliklərin həyata keçirilməsidir. Təbii ki, hər bir ali məktəb rəhbərinin üzərinə böyük məsuliyyət düşür. Bununla bağlı fikirlərinzi bilmək istərdik...
- Hər bir ölkənin həyatında təhsil sisteminin çox böyük rolu var. Azərbaycanın qarşısında duran strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəlməsindən ibarətdir. Bunun üçün vacib məsələlərdən biri insan kapitalının inkişafı, müasir bilik və bacarıqlara yiyələnmənin təmin edilməsidir. İnsan kapitalının inkişafı ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Lakin sürətlə modernləşən Azərbaycanda təhsil sisteminin yeni çağırışlara cavab verməsi üçün daha çox işlər görülməlidir. Universitet səviyyəsində qarşıda duran ən böyük və vacib məsələlər yeni təhsil standartlarının işlənməsi və tətbiqi, təhsilin məzmununun modernləşməsi, ölkənin iqtisadiyyatının sabahkı tələbatına uyğunlaşdırılması, professor-müəllim heyətinin elmi və pedaqoji səviyyəsinin artırılması, yeni, daha müasir idarəetmə sisteminin qurulması, təhsilin keyfiyyətinin təmin edilməsi üçün qiymətləndirmə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın inkişafı və bir çox başqa məsələlərdir.
Əlbəttə, sadaladığım bu fəaliyyət istiqamətlərinin hər biri çox böyük zəhmət və vəsait tələb edir. Düşünürəm ki, dövlətimizin qayğısı və Universitet kollektivlərinin fədakar əməyi nəticəsində biz bu vəzifələrin öhdəsindən gələcəyik.
- Gülçöhrə xanım, xalqın parlamentdə təmsilçisi kimi təhsil sahəsində hansı qanunların hazırlanmasını və qəbulunu istərdiniz?
- 2009-cu ildə Milli Məclis “Təhsil haqqında” Qanunu qəbul etmişdir. Bu qanun təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinin və müasir şəraitdə təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir. Qanunun qəbul edilməsi Azərbaycan təhsilinin inkişafında yeni bir mərhələnin qanunvericilik əsasını yaratdı. Eyni zamanda, bu qanun təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ aktların qəbul edilməsində baza rolunu oynayır. Müxtəlif təhsil pillələri üçün, xüsusilə də, ali təhsil üçün müvafiq qanunların işlənib qəbul edilməsi çox vacib və aktualdır. Bu gün ali məktəblərimizin inkişafı, yeni mexanizmlərin yaradılması, Qərb təhsil sisteminə inteqrasiya prosesləri bu proseslərin yaratdığı yeni ali təhsil mühiti qanunvericilik əsaslarının təsdiq olunmasını tələb edir.
Bununla yanaşı, “Elm haqqında” Qanunun qəbul edilməsinə də böyük ehtiyac var. Elm sahəsində dövlət siyasətinin əsas prinsipləri, elm sahəsinin strukturu, idarəolunması, maliyyə təminatı və s. məsələlərin qanunvericilik əsasının yaradılması çox vacibdir. Ümid edirəm ki, bu qanunlar tez bir zamanda müzakirəyə çıxarılacaq.
- Ölkəmiz mühüm siyasi kampaniyaya – prezident seçkilərinə hazırlaşır. Bir Azərbaycan vətəndaşı, ziyalısı, xalqın parlamentdə təmsilçisi kimi fikirlərinizi bilmək maraqlı olardı. Ümumiyyətlə, seçicilərinizin ölkə reallıqları barədə rəyi necədir?
- Vətəninin inkişafını, xalqının yüksələn rifahını, cəmiyyətdə hökm sürən yeniləşmə əhval-ruhiyyəsini görən hər bir vətəndaş kimi mən də Azərbaycanda gedən dəyişiklikləri alqışlayır və sevinirəm. Beynəlxalq institutlar tərəfindən konkret rəqəmlərlə təsdiq olunan bu genişmiqyaslı inkişaf gənc müstəqil ölkəmizin ortagəlirli ölkələr sırasına keçməsinə, “yüksək insan inkişafı” olan ölkələr qrupuna daxil olmasına, “2012-2013 Qlobal Rəqabət qabiliyyətlik indeksi”nə görə dünyada 39, MDB ölkələri arasında I yerə çıxmasına və başqa qürurverici nəticələrin əldə olunmasına səbəb olmuşdur. Bu böyük nailiyyətlər ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələridir.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən son 10 ildə qətiyyət və müdrikliklə həyata keçirilən bu siyasət xarici təsirlərə və təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq ardıcıl, məqsədyönlü şəkildə Azərbaycanı demokratiya, tərəqqi, yüksək rifah və əmin-amanlıq yolu ilə aparır. Ölkəmizin demokratik bir dövlət kimi beynəlxalq səviyyədə nüfuzunun yüksək səviyyəyə qalxmasını BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bir daha təsdiqlədi.
Bu gün Azərbaycan vətəndaşları iqtisadi inkişafın real nəticələrini görür. Əməkhaqları yüksəlir, yeni iş yerləri açılır, genişmiqyaslı quruculuq, abadlıq işləri gedir, ən yeni avadanlıqla təchiz edilmiş səhiyyə ocaqları, işıqlı gözəl məktəb binaları insanların istifadəsinə verilir. Ən əsası hər bir Azərbaycan vətəndaşı gələcəyə inamla baxır və sabah daha yaxşı yaşayacağının reallığına inanır. Şübhəsiz, bu cür dinamik inkişaf şəraitində yaşayan xalq bu siyasətə inanır və onun davamını istəyir.
Əminəm ki, prezident seçkiləri bu həqiqəti yüksək səviyyədə təsdiqləyəcək.
Yeni Azərbaycan.-
2013.- 1 oktyabr.- S.7.