UNUDA
BİLMİRİK...
İlyas Əfəndiyev - nəslin və nəsrin əfəndisi...
Görkəmli nasir, dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Karyagində (indiki Füzuli rayonunda) tanınan və sayğın tacir ailəsində doğulub.
Ailənin xoş günləri, yazıçının uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında bitir. Sovet işğalından sonra “kulak” damğası ilə bu ailənin üzvlərinin hərəsi bir tərəfə dağılır. Təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salır. Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərinə dözmürdü. Bir yandan işsizlik, pulsuzluq, bir yandan da təqib onu əlli yaşında “səksən yaşlı qoca”ya çevirdi. Məhəmməd kişi 1934-cü ildə vəfat edir.
İlyas hələ uşaq yaşlarından zəhmətə qatlaşdı. Hələ məktəbə qədər oxumağı öyrənən yazıçı mütaliəyə böyük maraq göstərdi. 1921-ci ildə birinci sinifə gedən İlyas Əfəndiyev 1930-cu ildə pedaqoji təmayüllü orta məktəbi əla qiymətlərlə bitirir. Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri - tanınmış aydınlar Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və başqaları idi.
“Kulak” oğlunun qəribə taleyi
Daim basqı altında yaşayan, Sovet rejiminin çətinliklərini, təqib olunan ailədə yaşamağın məsuliyyətini hiss edən İlyas Əfəndiyev orta məktəb illərindən bütün gücünü səfərbər edərək, özünü yetişdirməyi bacarır. Sadəcə müəllimlərin tapşırıqları ilə yetinməyən İlyas, dərsdən savayı çoxlu bədii kitab, o cümlədən, rus ədəbiyyatı klassiklərindən Puşkin, Lermontov, Çexov, Turgenev, Qorki kimi ədiblərin dilimizə çevrilmiş əsərlərini mütaliə edirdi. Maraq dairəsi ədəbiyyatla məhdudlaşmayan gələcəyin yazıçısı, eyni zamanda, riyaziyyat və fizikaya böyük maraq göstərir, coğrafiyanı həvəslə öyrənirdi. Böyük səyyahların, o cümlədən, Raul Amundsenin, Nansenin, Xristofor Kolumbun, Ameriqo Vespuççinin yaşamını öyrənirdi. Amma iç dünyası onu bədii ədəbiyyat və ədəbiyyatşünaslıqla daha çox maraqlanmağa sövq edirdi.
Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev, 1935-1938-ci illərdə o zamankı adı ilə Karyagin şəhər orta məktəbində coğrafiya müəllimi işləməklə yanaşı, eyni zamanda, gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərir.
İlyas Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə durumu ilə bağlı olaraq, təhsilində bir neçə il fasilə verməyə məcbur olur. Lakin ali təhsil almaq və Bakıya getmək arzusu onu tərk etmirdi.
O, Karyagin rayonunun
Böyük Bəhmənli kəndində
müəllim işlədikdən sonra Xalq Maarif
Komissarlığı tərəfindən Nuxa(Şəki)
şəhərindəki nümunəvi orta
məktəbə tədris hissəsi müdiri
vəzifəsinə təyin olunur. Bir il burada
işlədikdən sonra ali
təhsil almaq üçün
Bakıya - Azərbaycan Dövlət Pedaqoji
İnstitutuna (APİ) göndərilir.
1934-cü ildə APİ-nin ədəbiyyat
şöbəsinə daxil olsa da, onun
ali məktəbdə təhsil alması uzun çəkmir. Elə həmin
il institutu
tərk edib rayona qayıtmağa məcbur olur. Belə ki, İ.Əfəndiyev
“kulak” balası olduğu
üçün institutdan
uzaqlaşdırılır. Ancaq yazıçı ruhdan düşmür. Oxumaq
həvəsi ilə alışıb yanan yazıçı nəhayət,
APİ-nin coğrafiya
fakültəsinin qiyabi
şöbəsinə daxil
olur və 1938-ci ildə ali
təhsilini tamamlayıb
müəllimliyini davam
etdirir...
Kənd
müəllimi Bakıda
Müəllimliklə yanaşı, yaradıcılıqla
məşğul olan gələcəyin böyük
yazıçısı, kənddə
coğrafiya müəllimi
işləyərkən yazdığı
hekayələrini götürüb
Bakıya gəlir. “Kənd havası”nda yazdığı hekayələri
Yazıçılar İttifaqında
nəsr üzrə məsləhətçi işləyən
yazıçı Əbülhəsənə
göstərir. Hekayələri oxuyan Əbülhəsən
onları bəyənir
və çapını
məsləhət görür.
Beləliklə də, yazıçının
“Kənddən məktublar”
adlı ilk kitabı işıq üzü görür.
İ.Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir. Yazıçı tezliklə Bakı ədəbi mühitinə
qatıla bilir. Ev məsələsində isə
ona Yazıçılar
İttifaqının sədri
Səməd Vurğun
kömək edir.
Böyük şairin
köməkliyi ilə
yazıçıya “Əski
Şərq” mehmanxanasında
bir otaq verirlər və yazıçı bu otaqda üç il yaşayır.
Dönüş nöqtəsi
Bakıya gəldikdən sonra bütün diqqətini yaradıcılığa yönəldən
İlyas Əfəndiyev
ədəbi mühitdə
tezliklə parlamağa
başlayır. 1940-cı ildə onu Yazıçılar
İttifaqına qəbul
edirlər. Bu artıq onun həyatındakı dönüş
nöqtəsinin başlanğıcı
idi.
1960-cı
ildə respublikanın
Əməkdar incəsənət
xadimi fəxri adını alan
İlyas Əfəndiyevin
yaradıcılığında
60-80-cı illər ən
məhsuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında janr rəngarəngliyi özünü göstərir,
bir-birinin ardınca iri nəsr əsərləri,
ciddi ictimai-siyasi problemləri qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan,
eyni zamanda, sözügedən dövrdə
Azərbaycan nəsrinin
yüksək bədii-estetik
səviyyəli örnəkləri
kimi şöhrət qazanan “Körpüsalanlar”
(1960), “Dağlar arxasında
üç dost” (1963), “Sarıköynəklə
Valehin nağılı”
(1976-78), “Geriyə baxma,
qoca” (1980), “Üçatılan”
(1981) kimi povest və romanlarını dərc etdirir, eyni zamanda, maraqlı
dram əsərlərini qələmə
alır, publisist və ədəbiyyatşünas
kimi məhsuldar yaradıcılıq yolu keçir.
İlyas Əfəndiyev “Sən həmişə mənimləsən”
(1964) pyesi ilə Azərbaycan səhnəsində
lirik-psixoloji dramanın
əsasını qoyur. Yazıçının
uşaqlar üçün
yazdığı “Ceyran
ovu”, “Maraqlı hadisə”, “Qoruqlarda”, “Yasəmən ağacı”,
“İz ilə”, “Ovçunun nağılı”,
“Zəmidə bir turac səslənirdi” kimi hekayələri orta məktəb dərsliklərinə də
salınıb.
Zəngin
və çoxşaxəli
yaradıcılıq
İlyas Əfəndiyev əhatəli
və rəngarəng
yaradıcılıq yolu
keçmiş sənətkarlardandır. Əgər
biz onun həyat və yaradıcılıq
yolunun hər hansı bir ilini, yaxud qısa
bir dövrünü ciddi xronoloji ardıcıllıqla izləsək,
maraqlı bir mənzərənin şahidi
olarıq: yazıçı
eyni dövr ərzində hekayələr
yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi də fəaliyyət göstərib, irihəcmli
roman və povestlərlə
bərabər oçerk
və məqalələr
də ərsəyə
gətirib, konfrans və qurultaylarda məruzələrlə çıxış
edib.
Özünəməxsus yaradıcılıq
üsulu, üslubu ilə XX yüzil Azərbaycan ədəbiyyatının
əvəzolunmaz simalarından
biri kimi tarixə düşən İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar
arxasında üç
dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan”
və s. roman və povestləri, dramaturgiyasına
“İşıqlı yollar”,
“Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim
günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”,
“Qəribə oğlan”,
“Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ
açıb, “İlyas
Əfəndiyev teatrı”
yaradıb.
Ədibin qəhrəmanları ülvi
məqsədləri, mübarizliyi,
xarakterlərinin bütövlüyü,
yaşadığı hisslərin,
duyğuların təbiiliyi
ilə yaddaşlara həkk olunub. 60-cı illərdə səhnəyə
gələn gənclərin
püxtələşməsində İ.Əfəndiyevin zəngin
dramaturgiyasının böyük
rolu olub.
60 ildən çox
yaradıcılıq yolu
keçmiş İ.Əfəndiyev,
90-cı illərdə də
məhsuldar bir yazıçı kimi yazıb yaradırdı, təzə pyeslərini tamaşaya qoyurdu. Sovet rejimi
illərində, partiya
qadağaları dövründə
deyə və yaza bilmədiyi bir sıra mövzuları
güncəlliklə ədəbiyyata
gətirib, onları yeni zamanın kontekstində oxuculara təqdim edib. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə
tarzən Sadıqcanın
nağılı” povestini
dərc etdi. Dramaturqun “Tənha iydə ağacı”, “Dəlilər
və ağıllılar”,
“Hökmdar və qızı” kimi pyesləri öz səhnə həyatına
qovuşdu.
Zəngin
yaradıcılıq yolu
keçən, həyatın
acılı-şirinli günlərini
yaşayan böyük
sənətkar 1996-cı il oktyabr ayının 3-də Bakı
şəhərində dünyasını
dəyişib və Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan ədəbiyyatında heç
bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi
qurmayıb. Akademik Milli Dram Teatrında
yazıçının bütün
pyesləri səhnələşdirilib.
Ədəbiyyatımızın və teatrımızın
inkişafında özünəməxsus
yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilib. İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib.
Ədibin əsərləri son illər
rus dilində, Türkiyə türkcəsində
və digər dillərdə dəfələrlə
nəşr olunub, yaradıcılığı haqqında
monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları
yazılıb.
Görkəmli yazıçı-dramaturq, ədəbiyyat xadimi kimi geniş şöhrət qazanmış, əlinə qələm aldığı ilk gündən güncəl, çağdaş mövzulara, (milli mövzulara!) daha çox üz tutan İ.Əfəndiyev 1979-cu ildə Azərbaycanın Xalq yazıçısı fəxri adına layiq görülüb.
Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq yazıçısının 80 illik yubileyini təntənəli surətdə qeyd edib. O, ədəbiyyatımızın inkişafında böyük xidmətlərinə görə, Prezident Heydər Əliyevin Fərmanı ilə müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunub. Yeri gəlmişkən, respublikanın sənət adamları arasında o, birinci sənətkar idi ki, həmin ordenə layiq görülmüşdü.
Biz isə demək istəyirik ki, ustad, ruhun şad olsun! Geriyə baxa bilərsən - burada səni unuda bilməyənlər var, körpüsalanlar var, çiçəklənən Azərbaycan var!
Ləyaqət hücrəsi
“İntizar”da qalmayın, İlyas müəllim, “İşıqlı yollar”, “Bahar suları” durulur, “Sən həmişə... bizimləsən” - “Bizə inan”!
Doğrudur, hələlik “Mahnı dağlarda qalıb”... amma “Bağlardan gələn səs”imiz var, “Bizim qəribə taleyimiz” “Maraqlı hadisə”lərlə süslənib, süslənəcək...
“Qoruqlarda” “Yasəmən ağacı” ətir saçır, “Zəmidə bir turac səslənəcək”... “Kənddən məktublar” kəsilməyəcək “Aydınlıq gecələr” gündüz kimi gələcək insanımıza... - çünki “Gözlənilməyən sevgi”lər var... “Görüş”lərimiz var, inşallah! Füzulidə, Qarabağda “Gülaçar”, “Su dəyirmanı” işləyər və biz “Sən, ey böyük yaradan” şükranlığına qapılarıq yenə! Bu, bir “Abidin yuxusu” deyil, ustad, “Həyatın əbədi ahəngi”dir!
O günü “Qəhrəmanımın nişanlısı” da, “Balıqçılar” da, “Gül satan”lar da, bir “Cavan yolçu” da, “Yaylaq qonşumuz” da, “Şəhərdən gələn ovçu” da, “Yun şal” salan da, “Daş hasar” çəkənlər də, “Tufandan sonra” yaşananları bilənlər də görəcəklər, inşallah! Çünki “Torpağın sahibi” var! Füzilidə, Qarabağın işğaldan azad edəcəyimiz bütün yaşayış məntəqələrində “Söyüdlü arx”lar çəkiləcək, “Xan çinar”lar əkəcəyik, “Körpüsalanlar” qollarını çırmalayıb yeni-yeni körpülər salacaq, “Dağlar arxasında(n) üç dost” enib gələcək, “Sarıköynəklə Valehin nağılı” oralarda daha şirin olacaq! Bax, o vaxt sizi “... dağlarda axtaracayıq”, “...sizin qəribə taleyiniz”lə yeni nəsilləri tanış edib, deyəcəyik, buyurun, bu bir “Ləyaqət hücrəsi”dir!..
“YA ƏDƏBİYYAT”
Yeni Azərbaycan.- 2013.- 3 oktyabr.-
S.21.