1918-Cİ İL 15 SENTYABR - QARDAŞLIĞIN QƏLƏBƏ ÇALDIĞI GÜN

 

Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak işğalçılarından azad olunmasından 95 il ötür

Bugünkü müstəqil Azərbaycan Respublikasının formalaşmasında xalqımızın tarixi keçmişində baş verən mühüm hadisələrin böyük rolu vardır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunması belə əlamətdar hadisələrdən biri idi. Lakin həmin dövrdə Bakı şəhəri və ətraf rayonlar bolşevik-daşnak işğalı altında idi. Bakı öz neftinə, sənaye inkişafına görə təkcə Azərbaycan üçün deyil, beynəlxalq miqyasda böyük strateji əhəmiyyət daşıyırdı. XX əsrin başlanğıcında dünyada çıxarılan neftin yarısı Bakının payına düşürdü. Təsadüfi deyil ki, I Dünya Müharibəsi illərində Almaniya Bakını ələ keçirmək üçün planlar hazırlamışdı. Məhz belə bir iqtisadi, hərbi, siyasi əhəmiyyətə malik olan şəhəri bolşevik-daşnak işğalçıları əldən vermək istəmirdilər.

Bakının azad edilməsi təkcə Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyününsuverenliyinin təmin olunması baxımından əhəmiyyət daşımırdı. Bu, həm də bölgədə yaşayan azərbaycanlı əhali üçün həyati bir məsələ idi. 1918-ci ilin mart qırğını zamanı bolşeviklərin və erməni millətçilərinin Bakını beynəlmiləl şəhərə çevirmək üçün yerli azərbaycanlı əhalinin sayını azaltmaq niyyətlərini ortaya qoymuşdu. Bununla yanaşı, bolşevik-daşnak işğalının genişlənməsi təhlükəsi də mövcud idi. 1918-ci il mart qırğınından sonra bolşeviklər və daşnaklar Bakını güzəştə getmək niyyətində deyildi. S.Şaumyanın Leninlə mütəmadi məktublaşması da göstərir ki, Bakı mübahisə predmeti ola bilməzdi. Belə bir vəziyyətdə yenicə yaranmış Cümhuriyyətin işğalçıları bölgədən çıxarmaq üçün köməyə ehtiyacı var idi. Belə bir dəstək qardaş Osmanlı dövlətindən gəldi...

Qeyd edək ki, Osmanlı dövləti AXC-ni yarandığı gündən dəstəkləyirdi. Müstəqilliyin ilk günlərindən Azərbaycanda ordu quruculuğunda 29 yaşlı general Nuru Paşa yaxından iştirak edirdi. İki dövlət arasında münasibətlər Dostluq və Əməkdaşlıq müqaviləsinin imzalanması ilə hərbi-strateji əməkdaşlıq xarakteri aldı. Belə ki, 1918-ci il 4 iyun tarixində imzalanan müqavilənin dördüncü bəndində Osmanlı dövləti zərurət yarandığı təqdirdə AXC-yə hərbi yardım göstərmək öhdəliyini üzərinə götürmüşdü. Məhz bu müqaviləyə əsaslanaraq AXC hökuməti adından Fətəli xan Xoyski Osmanlı dövlətindən hərbi yardım istədi. Sonralar parlamentin iclaslarının birində F.Xoyski bu məsələyə toxunaraq deyirdi: “Türkiyə ilə bağladığımız müqaviləyə əsasən, Azərbaycan Türkiyədən bir qədər əsgəri yardım ala bilərdi. Hökumət bu haqda Türkiyə hökumətinə müraciət etdi. Özünüz bilirsiniz ki, Türkiyə öz borcunu yerinə yetirdi”.

Həqiqətən də, qardaş ölkə Azərbaycana gecikmədən yardım əlini uzatdı. Osmanlı müdafiə naziri Ənvər Paşanın əmri ilə 1918-ci ilin iyun ayında qoşunlar Nuru Paşanın və Xəlil Paşanın komandanlığı altında Azərbaycana daxil oldu. İki qrupdan ibarət 5-ci Qafqaz diviziyası Gümrü-Dilican-Qazax istiqamətində hərəkət etdi. Sonra Karpat cəbhəsindən 15-ci Çanaqqala diviziyası Gəncəyə gəldi. Azərbaycanın hər yerində Osmanlı ordusunun gəlişi böyük coşqu və sevinclə qarşılandı. Nuru paşanın komandanlığı altındakı hissələr Azərbaycan korpusu ilə birləşərək Qafqaz İslam Ordusunu yaratdı. Nuru Paşa Qafqaz İslam Ordusuna komandan təyin olundu. Onun rəhbərliyi altında Qafqaz İslam Ordusu 1918-ci il iyunun 17-dən sentyabrın 14-dək bir-birinin ardınca uğurlu döyüş əməliyyatları keçirdi. İyul ayının əvvəllərində Qafqaz İslam Ordusu Göyçay ətrafında, əsasən, ermənilərdən ibarət Bakı Xalq Komissarları Sovetinin hərbi qüvvələrini məğlubiyyətə uğratdı və Bakı istiqamətində hərəkət etdi. 1918-ci ilin iyulun sonunda milli qüvvələr Bakı ətrafına çatdı.

Bu dövrdə Bakıda süquta uğrayan bolşevik-daşnak hakimiyyəti olan Xalq Komissarları SovetiniSentrokaspi” diktaturası əvəz etdi. İngilislərdən hərbi yardım alan oyuncaq diktatura Qafqaz İslam Ordusunun hücumu qarşısında aciz qaldı. Hücum hazırlıqlarının başa çatdığını görən Qafqaz İslam Ordusu komandanı Nuru Paşa, 13 sentyabr 1918-ci il tarixində diviziya komandanlıqlarına göndərdiyi əmrdə, sentyabrın 14-də gecə hücumun başlayacağını bildirdi. Qərargahdan “irəli” əmri verilincə, birliklər, gecənin qaranlığında Heybət-Biləcəri dəmir yolu xəttinə doğru irəliləməyə başladılar. Hədəfdə düşmənin birinci müdafiə xətti idi. 56-cı piyada alayı saat 01-00-da Şabanı-Bakı yolunun şimalından, 9-cu Qafqaz alayı isə bu yolun cənubundan hücuma başladı. Bu alaylar verilən tapşırığı uğurla yerinə yetirdi və erməni, rus və ingilislərin birinci müdafiə xəttini ələ keçirdi. Bundan sonra davam edən şiddətli döyüşlərin nəticəsində 1918-ci il sentyabrın 15-də Azərbaycan-Osmanlı ordu birləşmələri Bakını azad etdi. Bakının azad olunması zamanı Qafqaz İslam Ordusunun göstərdiyi şücaət general Denstervili heyrətə salmışdı. O, sonralar bu barədə xatirələrində yazırdı: “İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı”.

Bakının işğalçılardan azad edilməsindən sonra sentyabrın 16-da Qafqaz İslam Ordusu təntənəli şəkildə şəhərə daxil oldu. Bakının bolşevik-daşnak işğalından azad edilməsi şəhərdə əsl bayrama səbəb oldu.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinin başlanğıcı qoyuldu, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.

Bakının azad olunması ilə əlaqədar Ənvər Paşanın Xəlil PaşaNuru Paşaya göndərdiyi təbrik teleqramı da bu hadisənin əhəmiyyətinin miqyasından xəbər verirdi: “Türkİslam tarixi bu xidmətləri unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”.

“Azərbaycan” qəzetinin 8 noyabr 1918-ci il tarixli sayında təhsil naziri Nəsib bəy Yusifbəyli hərbi məktəbin ilk buraxılışında Nuru Paşanın atası Hacı Əhməd Paşaya xitabən demişdi: “Zati-aliləri, sizin şanlı oğullarınız Ənvər PaşaNuru Paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda, bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaqdır”.

Həqiqətən də, Qafqaz İslam Ordusunun şücaəti ən yüksək qiymətə layiqdir. Qeyd edək ki, Osmanlı dövlətinin Azərbaycan xalqına bu tarixi yardımı I Dünya Müharibəsində məğlub olan qardaş ölkənin ən çətin vaxtlarında gerçəkləşdi. Üstəlik, Avropa dövlətlərinin Osmanlı qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid versə də, qarşıya qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi, Azərbaycan xalqını darda qoymadı.

Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Məlum olduğu kimi, “Böyük Ermənistan” xülyasına qapılan daşnaklar Bakıya da göz dikmişdilər. Amma iki türk xalqının qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəmnində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı. 1991-ci ildə Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmur, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanır.

Bu il Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak işğalçılarından azad olunmasından 95 il ötür. Bu tarixi hadisə bu il daha böyük coşqu ilə bütün ölkə ərazisində qeyd olunur və xatırlanır. Azərbaycan gəncliyi, yeni nəsil qardaş ölkənin bu şücaəti barədə daha yaxşı məlumatlanır, geniş biliklər əldə edir. Bu əlamətdar gün xatırlandıqca Azərbaycan-Türkiyə qardaşlığı da yaşayacaqdır. Çünki 15 sentyabr 1918-ci il tarixi qardaşlığın qələbə çaldığı gündür!

 

Hülya MƏMMƏDLİ

“Yazı Azərbaycan Mətbuat

Şurası və Azərbaycanlıların və

digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Qafqaz İslam

Ordusu-95” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Yeni Azərbaycan.- 2013.- 10 sentyabr.- S.5.