QAFQAZ İSLAM
ORDUSUNUN MÖHTƏŞƏM ZƏFƏRİNDƏN 95
İL ÖTÜR
ZƏFƏRİN MÜBARƏK OLSUN, AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞI!
Müasir müstəqil Azərbaycan Respublikası bugünkü inkişaf mərhələsinə asanlıqla çatmayıb. Bir əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycan tarixin müxtəlif dönəmlərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə baxmayaraq, öz birlik və bütövlüyünü qoruyub saxlaya bilmişdir. Xüsusilə də, eyni superetnosu təmsil edən - bir millətin iki dövləti olan Azərbaycan və Türkiyənin ən çətin tarixi anlarda həmrəylik nümayiş etdirməsi xalqımızın və millətimizin suverenliyinə, istiqlaliyyətinə misilsiz tarixi töhfələr bəxş etmişdir. Belə tarixi anlardan biri də 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsidir...
Ümumiyyətlə, bəhs olunan şanlı tarixin - Bakının erməni-bolşevik işğalından azad edilməsinin əhəmiyyətini daha yaxşı anlamaq üçün həmin tarixi dövrə aid olan bir sıra məsələlərə kompleks yanaşmaq məqsədəmüvafiqdir.
Məlum olduğu kimi, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) öz müstəqilliyini elan etməsindən sonra Azərbaycanla Osmanlı Türkiyəsi arasında Batumda 4 iyun 1918-ci il tarixində strateji əhəmiyyət kəsb edən mühüm bir müqavilə imzalandı. Bu müqavilə əsasında Osmanlı dövləti Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım göstərməyə dair müvafiq öhdəlik götürdü. Belə ki, müqavilədə göstərilirdi ki, əgər Azərbaycan hökuməti yardım üçün müraciət edərsə, Osmanlı dövləti mövcud şəraiti nəzərə alaraq bu yardımı etməlidir. Müqavilədən dərhal sonra Nuru Paşanın rəhbərliyi ilə V Qafqaz diviziyası Gəncəyə gələrək Azərbaycan ordusunun quruculuğunda iştirak etməyə başladı. V Qafqaz diviziyası ilə o vaxt Azərbaycan silahlı qüvvələrinin əsasını təşkil edən Müsəlman Korpusu Qafqaz İslam Ordusu adı altında birləşdi və bəhs olunan silahlı birləşmələr Azərbaycanın istiqlaliyyəti və suverenliyinin qorunub saxlanması istiqamətində xüsusi fəaliyyət göstərəmə başladı. Ordunun əsas qüvvəsini Osmanlı zabitləri təşkil etsə də, onun daxilində I Dünya Müharibəsi illərində yaradılmış müsəlman könüllülərindən ibarət diviziya da iştirak edirdi.
Əlbəttə ki, bu ordunun qarşısında duran ilk hədəf Gəncədəki ermənilərin tərksilah edilməsi idi. Bəllidir ki, Gəncədə məskunlaşmış ermənilər separatist xarakterli fəaliyyətlə məşğul idilər və müxtəlif qruplaşmalar formalaşdırmaqla təxribat törətmək fəlsəfəsi əsasında hərəkət edirdilər. Buna baxmayaraq, nizamlı və planlı tədbirlər sayəsində Gəncədəki ermənilərin tərksilah edilməsi mümkün oldu. Həmçinin, bir neçə şəhər - inzibati ərazi vahidi (Göyçay, Ağsu, Kürdəmir, Şamaxı) azad edildi və yeni hədəflər müəyyənləşdirildi. Qafqaz İslam Ordusunun qarşısında artıq müstəqil Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Bakının azad edilməsi hədəfi dayanırdı.
Qeyd etmək lazımdır ki, strateji əhəmiyyətinə görə dövrün güc mərkəzlərinin maraq və diqqət mərkəzində olan Bakının azad edilməsi heç də asan deyildi. Həmin dövrdə Bakının əhəmiyyəti xeyli artmışdı, çünki o zaman dünya neftinin 50, Rusiya neftinin isə 85 faizi Bakıda çıxarılırdı. Şimaldan bolşeviklər, cənubdan ingilislər Bakıya can atırdı. I Dünya Müharibəsinin əvvəllərində Almaniyanın da Bakını ələ keçirmək planları var idi. Bu kontekstdə Azərbaycana sırf iqtisadi maraqlara görə yox, həmrəylik məqsədilə can atan yeganə qüvvə Türkiyə idi.
Dolayısıyla, bu şəhərdə strateji nəzarəti əldə saxlamaq mövcud güc mərkəzlərinin əsas hədəflərindən biri idi. Dövrün ingilis sənədlərində yazılmışdı ki, Bakı öz strateji əhəmiyyətinə görə bütün Cənubi Qafqazın açarıdır: “Bakının nəzarətdə saxlanılması bütöv bir ölkəyə nəzarət etmək deməkdir. Hansı dövlət Bakıya sahib olacaqsa, o, Azərbaycana hakim olacaq. Azərbaycana hakim olanlar Cənubi Qafqazda mütləq nəzarəti əldə edəcək. Beləliklə, Xəzər dənizinə kim nəzarəti əldə edəcəksə, o, Şimali və Cənubi Qafqazın hakim güc mərkəzi olacaq və Mərkəzi Asiyaya gedən strateji yola nəzarət edəcək. Mərkəzi Asiyanın hakimi isə dünyanın ürəyi - idarəetmə mərkəzi olan Avrasiyaya sahib olacaq. Beləliklə, dünyanın ürəyinə gedən yol Bakıdan keçir”.
Beləliklə, olduqca mürəkkəb situasiyanın fonunda bu hədəf istiqamətində strateji əməliyyat planı müəyyənləşdirildi və müvafiq addımlar atıldı. Lakin Kürdəmir, Göyçay və Şamaxıda aparılan döyüşlərin ilkin mərhələsində işğalçı qüvvələrin Qərbə doğru irəliləməsinin qarşısı alınsa da, Bakının azad olunması üçün hazırlanan ilk əməliyyat uğursuzluğa düçar oldu. 5 avqust hücumunda Qafqaz İslam Ordusunun təkmil döyüş taktikasına istinad etməsinə baxmayaraq, döyüş sursatının çatışmaması nəticəsində düşmənin əks-hücumu ilə orduya tabe olan Cənub və Şimal qruplarının birləşmələri Bakının 4 kilometrliyində yerləşən Bibiheybət dəmiryolunun qərbindəki xəttə geri çəkilmək məcburiyyətində qaldı.
Artıq strateji əməliyyat planı çərçivəsində ikinci hücum mütləq nəticə verməli idi və bunun üçün qüvvələrin səfərbər olunması başlıca zərurətə çevrilmişdi. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Türkiyənin Şərq Orduları Qrupuna yardım məqsədilə müraciət etdi. Buna görə, 15-ci diviziyadan təchizatı yaxşı olan 56-cı alay və 36-cı Qafqaz diviziyasından 106-cı Qafqaz alayı 15-ci diviziyanın komandiri polkovnik-leytenant Süleyman İzzət bəyin komandanlığında Qafqaz İslam Ordusunun tərkibinə daxil olmaq üçün 3 sentyabr 1918-ci ildə Gümrüdən yola düşdü. 15-ci diviziyanın qərargahı ilə birlikdə boşaltdığı bölgəni 36-cı Qafqaz diviziyası təhvil götürdü. 15-ci diviziya 191 zabit və 5541 əsgərlə 9 sentyabrda Bakı cəbhəsinə çatdı, bundan sonra şəhərə qarşı hücum qətilik qazandı. Bu məsələdə Qafqaz İslam Ordusu komandanlığından verilən 10 sentyabr tarixli əmrlə hücum hazırlıqlarına başlandı. Hücumdan əvvəl Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupu ləğv edilmiş, cəbhədəki bütün birləşmələrin hərəkatı bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilmişdi. Bu vəziyyətdə V Qafqaz diviziyasına Mürsəl Paşa, 15-ci piyada diviziyasına polkovnik-leytenant Süleyman İzzət bəy, Cənub qrupu birləşmələrinə isə polkovnik Cəmil bəy, polkovnik-leytenant Halim Pertev bəy isə Cənub qrupu daxilində olan və Azərbaycan könüllü birləşmələrindən ibarət IV alaya rəhbərlik edəcəkdi.
Beləliklə, əməliyyat üçün bütün hazırlıqlar tamamlandı. Bakı cəbhəsində təxminən 8000 Osmanlı əsgəri və 7000-ə qədər Azərbaycanın hərbi qüvvələri toplanmışdı. Nizamlı hərbi strategiya və taktika əsasında hücuma keçildi. Cəbhə döyüşlərindən sonra 15 sentyabr tarixində tərəflər arasında piyada, pulemyot və top atəşi başlandı. Bakını müdafiə etməyə çalışan əsgərlərin böyük hissəsinin “Qırmızı kazarma” deyilən yerdə toplandığı məlum oldu. Hücuma keçən 13-cü, 9-cu və 56-cı alaylar şəhərə girməyə başladılar. Nəticə etibarilə, müəyyən olunmuş strateji əməliyyat planı çərçivəsində istinad edilən döyüş taktikası ilə Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik işğalından azad etdi. Avropa dövlətlərinin etirazlarına, hətta diplomatik skandal yaratmaq cəhdlərinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi ən çətin tarixi məqamda yalnız qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Düşmən qüvvələrinin müqaviməti sındırıldı və onlar danışığa başlamağa məcbur oldular. Lakin bundan sonra spontan erməni-bolşevik birləşmələri asayişi pozmaq və təxribatlar törətmək üçün ciddi cəhdlər etməyə başladılar. Bütün bunlara baxmayaraq, Qafqaz İslam Ordusunun nizami birliklərinin səyləri nəticəsində düşmən qüvvələri neytrallaşdırıldı və asayiş bərpa edildi.
Beləliklə, Bakıdan gələn heyətlə V Qafqaz diviziya qərargahında Bakının qeyd-şərtsiz dərhal təslim edilməsi, müdafiə edən əsgərlərin təslim olması, silah-sursat, dövlət əmlakı və binaların, o cümlədən, silah anbarları, yük maşınları, zirehli avtomobillər və təyyarələr daxil olmaqla bütün texnikanın təhvil verilməsi, Nargin adasında olan türk, alman və avstriyalı əsirlərin qaytarılması şərtlərinin yer aldığı müqavilə imzalandı. Bakı ərazisinin komandanlığına Cənub qrupu komandiri Cəmil Cavid bəy təyin edildi.
Vurğulamaq gərəkdir ki, Qafqaz İslam Ordusu bu tarixi vəzifəni bir sıra ciddi itkilər vermək bahasına qəhrəmancasına və şərəflə yerinə yetirdi. Belə ki, 36 saat davam edən II Bakı hücumuna qatılan V Qafqaz diviziyası və 15-ci piyada diviziyasının cəmi itkisi 800-1000 nəfərə qədər idi. Avqust ayının əvvəllərindən 16 sentyabra qədər V Qafqaz diviziyasının verdiyi itki 1130, 15-ci piyada diviziyasının 14-15 sentyabr döyüşlərində verdiyi itki 89 nəfərə çatmışdı. İtkin düşənlər 73 nəfər idi. Bu döyüşlərdə 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 başqa millətlərdən olmaqla əsgər əsir düşmüşdü. Şəhərin azad edilməsi ilə çoxlu sayda texnika və silah-sursat ələ keçirilmişdi.
Onu da qeyd etmək lazımdır ki, Bakı azad edildikdən sonra Qafqaz İslam Ordusunun Gəncədə yerləşən qərargahı buraya köçdü. 9 sentyabrda Güzdəyə gələrək əməliyyatı yaxından izləyən Şərq Orduları Qrupunun komandanı Xəlil Paşa və Bakı əməliyyatının rəhbəri - Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 16 sentyabrda Bakı ətrafında birləşmələrin rəsmi keçidini qəbul etdikdən sonra şəhərə daxil oldular. Şəhər sakinləri xilaskar ordunu böyük sevinclə qarşıladılar.
Nuru Paşa isə Bakının azad edilməsi münasibətilə yaydığı təbrikində qeyd edirdi: “Bakının azad edilməsi üçün edilən müharibələrdə xidməti olan bütün zabit və sıravilərin hər birinə göstərdikləri şücaət və fədakarlığa görə təşəkkür edirəm. İlk piyada hücumunu uğurla yerinə yetirən 9 və 56-cı alaylara, düşmən qüvvələri üstün olduğu halda, hücumla qısa zaman ərzində Biləcərinin yüksəkliklərini ələ keçirən 38-ci alaya xüsusi təşəkkürümü bildirirəm. 56-cı alayın topçu atəşinin müşayiəti olmadan düşmənin iki xəttini işğal etməsi təqdirəlayiq haldır. Buna görə alay komandiri minbaşı Fəhmi bəyin yarbay rütbəsi ilə təltif olunması barədə Hərbiyə Nazirliyinə təqdimat verdim. Bu döyüşlərdə fərqlənən zabit və sıravilərin təyin olunaraq 17 sentyabr axşamına qədər Ordu Komandanlığına göndərilməsini xahiş edirəm”.
Qafqaz İslam Ordusunun tarixi zəfərindən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, həmin ilin dekabr ayında isə parlamentə demokratik prosedurlar əsasında seçkilər keçirildi. Beləliklə, 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəmnində müstəsna əhəmiyyət daşıyan mühüm tarixi hadisə oldu.
Sadalananlar deməyə əsas verir ki, Qafqaz İslam Ordusu tərəfindən Bakının işğalçı qüvvələrdən azad edilməsi Azərbaycan tarixinin, Azərbaycan-Türkiyə qardaşlığının ən mühüm, şərəfli və şanlı səhifələrindən biridir. Bir məqama da xüsusi olaraq toxunmaq lazımdır ki, azərbaycanlılar da Türkiyənin ən çətin tarixi anlarında özünün qardaşlıq həmrəyliyini göstərmişdir. Məsələn, azərbaycanlılar müstəqil olaraq Osmanlı ərazilərinə keçib, Çanaqqalada öz qardaşları ilə çiyin-çiyinə vuruşmuşdular. Bununla bağlı çox dəqiq arxiv materialları mövcuddur. Osmanlı dövləti müharibədə məğlub olduqdan sonra Bakıya sahib olan müttəfiqlər Nuru Paşanın təhvil verilməsini təkidlə tələb etsələr də, Rəşid bəy Seyidbəyli hökumətin ağır vəziyyətdə olmasına baxmayaraq, heç bir türk generalını müttəfiqlərə vermədi. 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyinə son qoyulmasına baxmayaraq, azərbaycanlılar qardaş Türkiyənin istiqlal savaşında yaxından iştirak etdilər və Cümhuriyyətin qurulmasında müstəsna rol oynadılar.
O da qeyd edilməlidir ki, bu tarixi zəfərin ictimai-siyasi, mənəvi-psixoloji əhəmiyyəti barədə bəhs etmək SSRİ-nin mövcud olduğu 70 il ərzində yasaq edilsə də, 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan xalqı onun istiqlalı uğrunda minlərlə şəhid vermiş türk əsgərinin xatirəsinə ehtiramını layiqincə ifadə etməyə başladı. Bu gün türk xalqlarının mədəni-mənəvi inteqrasiyasının daha da dərinləşdirilməsini, türk tarixinin obyektiv araşdırılmasını başlıca vəzifə elan etmiş müvafiq strukturlar türkün şanlı zəfər salnaməsinə parlaq səhifə kimi daxil olmuş həmin hadisələrin - Qafqaz İslam Ordusunun Azərbaycanda 95 il öncə apardığı uğurlu döyüşlərin tam təfsilatının öyrənilməsinə və təbliğinə, bu qəhrəmanlıq örnəyinin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi üçün əyani vəsaitə çevrilməsinə xüsusi diqqət yetirməkdədir.
Beləliklə, türkün şanlı tarixi olan Qafqaz İslam Ordusunun möhtəşəm zəfəri Azərbaycan-Türkiyə qardaşlığının qürur və iftixar mənbəyidir. Bu, ortaq tariximizin şanlı qürur səhifəsidir. ZƏFƏRİN MÜBARƏK OLSUN, AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞI!
Nurlan QƏLƏNDƏROV
“Qafqaz
İslam Ordusunun zəfər
yürüşünün 95-ci ili” mövzusunda
keçirilən
müsabiqəyə təqdim olunur
Yeni Azərbaycan.- 2013.- 7 sentyabr.- S.5.