O, həmişə əqidəsinə, seçdiyi həyat yoluna sadiq idi

 

Bu gün görkəmli ictimai-siyasi xadim, tanınmış ziyalı Murtuz Ələsgərovun anadan olmasının 85 ili tamam olur

Həyat insana bir dəfə verilir. Böyük Yaradan tərəfindən bəxş olunan ömrü necə yaşayıb başa vurmaq hər kəsin özündən asılıdır. Hərə özü üçün bir həyat amalı seçir və o amala çatmaq uğrunda mübarizə aparır. Görkəmli dövlət xadimi, tanınmış ziyalı Murtuz Ələsgərovun seçdiyi həyat amalları isə həmişə xalqı və çox sevdiyi Vətəni ilə bağlı olub.

Ziyalılıq və fəal vətəndaş mövqeyi

Tanınmış ictimai-siyasi xadim, Milli Məclisin sabiq sədri, Əməkdar hüquqşünas Murtuz Ələsgərov haqqında düşünəndə ilk növbədə, yada bu sözlər düşür. Bəli, ziyalılıq və fəal vətəndaş mövqeyi Murtuz Ələsgərovun portretini tamamlayan əsas cəhətlər idi. Uzun illər ərzində ardıcıl mütaliə sayəsində zəngin elmi biliklərə yiyələnən və kifayət qədər geniş erudisiyaya malik olan Murtuz Ələsgərov eyni dərəcədə fəal vətəndaş mövqeyi sərgiləyən, Vətənə olan sonsuz məhəbbətini əməldə büruzə verən, cəmiyyətdə gedən proseslərə heç vaxt biganə qalmayan bir insan idi.

Murtuz Ələsgərov haqqında bu sözləri yazarkən yada ilk növbədə, yaxın tariximizin təlatümlü dövrü-ötən əsrin 80-ci illərinin axırı-90-cı illərinin əvvəli düşür. Bu o dövr idi ki, keçmiş ittifaqın müxtəlif respublikalarında xalqların milli oyanış-azadlıq hərəkatı başlamışdı. SSRİ-nin tərkibindəki respublikaların ayrı-ayrı şəhərlərində müstəqilliyə çağırış şüarları altında mitinqlər, nümayişlər keçirilirdi.Təbii ki, bu və ya digər respublikada, şəhərdə baş qaldıran milli oyanış hərəkatları imperiyanın hərb maşınının süngüləri ilə darmadağın edilir, fəallar həbsxanalara atılırdı.

Belə bir vəziyyətdə bədnam qonşularımızın-ermənilərin respublikamıza qarşı ərazi iddiaları qaldırmaları Azərbaycanda milli-azadlıq hərəkatını bir sıra özəlliklərlə fərqləndirirdi. Ermənilər bütün imkanlarından istifadə edərək respublikamıza qarşı genişmiqyaslı təbliğat aparırdılar. İmperiya qüvvələri Ermənistanın, eləcə də, Dağlıq Qarabağın erməni əhalisinin nümayiş etdirdiyi milli separatizmə loyal münasibət sərgiləyir, bir sıra hallarda isə bunu açıq və yaxud gizli şəkildə dəstəkləyirdi. Belə bir vəziyyətdə Azərbaycanı güclü xalq hərəkatı dalğası bürüdü. Yüz minlərlə insan mərkəzi hakimiyyətin təhdidlərinə, hədə-qorxularına məhəl qoymadan Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxdı. Həmin təlatümlü illərdə Murtuz Ələsgərov da öz yerini meydanlara çıxıb haqqını, milli maraqlarının qorunmasını, suverenliyinin təmin olunmasını tələb edən xalqının sıralarında gördü. O, Vətənin taleyi sarıdan narahatlıq keçirən insanlarla səmimi söhbətlər aparır, mitinqlərin tribunalarından ermənilərin vəhşiliklərini, haqsız tələblərininin əsl mahiyyətini açıb göstərən çıxışlar edir, onların respublikamıza qarşı ərazi iddialarının beynəlxalq hüquq normaları ilə daban-dabana ziddiyyət təşkil etdiyini tarixi faktlarla əsaslandırırdı. Küçələrdə, meydanlarda Murtuz müəllim kimi ziyalını yanında görən insanlar bundan sonsuz dərəcədə təskinlik tapırdılar və mübarizəni axıradək davam etdirmək əzmi nümayiş etdirirdilər.

O, Ümummilli lider Heydər Əliyevin yaxın silahdaşı idi

Müasir Azərbaycanın qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin xalqına göstərdiyi misilsiz xidmətlər əvəzsizdir. Böyük öndərimizin respublikaya rəhbərlik etdiyi illərdə sonsuz coşqu ilə həyata keçirilən nəhəng quruculuq işləri, yaşanan hadisələr tarix salnaməmizdə əbədi qalacaq və həmişə də minnətdarlıq hissi ilə xatırlanacaq.

Bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasını yaradanda da, 1993-cü ildə respublikanı AXC-”Müsavat” iqtidarının səriştəsiz hakimiyyəti ucbatından düşdüyü acınacaqlı vəziyyətdən çıxaranda da, ölkəni bölünmək, parçalanmaq təhlükəsindən xilas edəndə də Ulu öndər bir amal naminə mübarizə aparırdı: Azərbaycanı müstəqil, sarsılmaz və qüdrətli dövlət kimi görmək. Təbii ki, xalqın, ölkənin firavan, xoşbəxt gələcəyinə hesablanan bu ideologiyanı, ənənələrə söykənən milli məfkurəni mütəşəkkil bir təşkilat olmadan həyata keçirmək çətin idi.

Bu çətinliyi ziyalı təxəyyülü ilə əvvəlcədən anlayan respublikanın tanınmış vətənpərvər insanları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edərək Ondan xalqa ağır günlərdə yol göstərməsini, xilaskarlıq missiyasını yerinə yetirməsini xahiş etdilər. Həmin insanlar Heydər Əliyev müdrikliyinə, uzaqgörənliyinə, vətənpərvərliyinə və qətiyyətinə inanaraq bu addımı atırdılar. Onlar əmin idilər ki, Heydər Əliyev bir təəssübkeş oğul qeyrəti ilə Azərbaycan xalqını tarixin çətin sınağından hifz edə biləcək, onun yoluna işıq salacaq. Haqqında bəhs olunan müraciətə imza atanlar arasında professor Murtuz Ələsgərovun adı birincilər sırasında idi. Hər zaman xalqın mənafeyi naminə çalışan, millətinin, məmləkətinin dərd-sərini, ağrı-acısını öz şəxsi taleyi sayan Ulu öndər, təbii ki, bir qrup vətənpərvər ziyalının Ona ünvanladığı müraciətə müsbət cavab verdi.

21 noyabr 1992-ci ildə Naxçıvanda hər zaman Heydər Əliyev ideyalarına sadiqliyi ilə seçilən 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Sonralar bu hadisəni qürurla xatırlayan Ulu öndər bildirirdi ki, xalqın istək və arzusu ilə tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə müstəqil Azərbaycanın iqtisadi, sosial inkişafı naminə böyük quruculuq işlərinə imza atdı.

1993-cü ilin yayında ölkənin siyasi rəhbərliyinə qayıdışı ilə respublikamızda möhkəm sabitliyin, vətəndaş həmrəyliyinin, demokratik, hüquqi cəmiyyət quruculuğunun, geniş iqtisadi islahatların təməlini qoyan Heydər Əliyev, təbii ki, ən ağır günlərdə belə onunla çiyin-çiyinə addımlayan, o vaxtkı AXC-”Müsavat” iqtidarının hədə-qorxularından çəkinməyən məsləkdaşlarının siyasi hazırlığına, qətiyyətinə, əqidələrinə sadiqliyinə arxalanır və güvənirdi. Həmin şəxsiyyətlərdən biri də YAP Sədrinin müavini vəzifəsini ləyaqətlə icra edən görkəmli elm xadimi Murtuz Ələsgərov idi. Ümummilli lider Heydər Əliyev Murtuz müəllimin adını partiyanın sadiq veteranları sırasında çəkərək onları ideya və əqidələrinə sadiq, dönməz əsgərlər adlandırmışdır.

Ümummilli lider Heydər Əliyevin silahdaşlarından olan M.Ələsgərov Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasətin alovlu tərəfdarlarından olduğunu yorulmaz fəalyyəti ilə də doğruldub. Ömrünün sonuna kimi Yeni Azərbaycan Partiyası Sədrinin müavini vəzifəsini daşıyan Murtuz müəllim Azərbaycana, 600 minə yaxın üzvü olan YAP-a sədaqətini ona tapşırılan hər bir işi yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirməsi ilə nümayiş etdirib. Bu gün Azərbaycan dünya miqyasında qüdrətli ölkə kimi tanınırsa, bu inkişaf və tərəqqinin təməlində Yeni Azərbaycan Partiyasının, onun Murtuz Ələsgərov kimi sadiq, əsl vətəndaş mövqeyi ilə seçilən üzvlərinin yorulmaz xidmətləri də dayanır.

Murtuz Ələsgərov Azərbaycanda hüquqi dövlət quruculuğuna sanballı töhfələr verib

Hüquq elmləri doktoru, professor, respublikanın Əməkdar hüquqşünası Murtuz Ələsgərov ölkədə hüquqi islahatların həyata keçirilməsində, qanunların təsnifatlar üzrə hazırlanmasında xüsusi xidmətlər göstərib. O, “Dövlət hüququ”, “Konstitusiya hüququ”, “Beynəlxalq hüquq” sahələrində ixtisaslaşmış bir mütəxəssis idi.

Murtuz Ələsgərov 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1950-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. O, 1950-1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək beynəlxalq hüquq sahəsində ixtisaslaşıb.

Murtuz Ələsgərov I, II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olmuşdur.

Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Milli Məclisin sədri olaraq Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkədə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr verib. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında böyük xidmətləri olub. Murtuz Ələsgərov Azərbaycan Respublikasının bir çox qanunlarının və qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak edib.

Murtuz Ələsgərov fədakar müəllim, fəal elm təşkilatçısı idi

Görkəmli ictimai-siyasi xadim Murtuz Ələsgərovun ömür yolunda pedaqoji və elmi fəaliyyəti mühüm yer tutur. Yüksək intellektual səviyyəni, mükəmməl təhsili hər bir insan üçün vacib sayan Murtuz müəllim hüquq elminin incəliklərini gənc nəslə öyrətməkdən qürur duyur və bundan böyük mənəvi zövq alırdı.

Hələ erkən yaşlarından Gəncə şəhərində yerləşən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993-1996-cı illərdə isə universitetin rektoru vəzifəsində çalışıb.

Murtuz Ələsgərov 1953-cü ildə hüquq elmləri üzrə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib.

Tanınmış alim Murtuz Ələsgərovun Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri olub. O, fundamental araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdı. Beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifi olub.

Murtuz Ələsgərov pedaqoji və elmi fəaliyyəti ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf edirdi. Onun rəhbərliyi altında çoxlu sayda gənc mütəxəssis alimlik dərəcəsi alıb. O, yarım əsrdən artıq bir dövrü əhatə edən çoxşaxəli fəaliyyəti ərzində ölkəmizdə elmin və təhsilin inkişafına layiqli töhfələr verib. Onun bir çox görkəmli hüquqşünasların yetişdirilməsində xidmətləri var.

Murtuz Ələsgərov Kiyev Milli Universitetinin fəxri doktoru, Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvü idi. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifi olub.

Görkəmli ictimai-siyasi xadim, tanınmış alim Murtuz Ələsgərovun Vətən və xalq qarşısında xidmətləri yüksək qiymətləndirilib. “İstiqlal” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və digər dövlət təltifləri ilə mükafatlandırılan Murtuz Ələsgərov, eyni zamanda, MDB-nin “Sodrujestvo” ordeninə və Rusiya Federasiyasının “Dostluq” ordeninə layiq görülüb.

 

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 20 sentyabr.- S.14.