İnfoimperializm ən yeni
imperializm növü kimi
İnfoimperializm: mahiyyəti və əsasları
İmperializmdən bəhs edərkən, ilk növbədə, fərqli
keyfiyyətlərin daşıyıcısı
qismində çıxış
edən müxtəlif
imperializm və ya imperialist siyasət növlərini səciyyələndirmək
lazımdır. Nəzərə alsaq ki, bəşəriyyət dinamik
inkişaf tempinə malik olan sistem
və ya platformadır, onda qeyd edə bilərik
ki, müasir kibertexnologiyaların və
yaxud texnoloji innovasiyaların gətirdikləri
xüsusiyyətlər və
keyfiyyətlər cəmiyyət
daxilində, eləcə
də, müasir beynəlxalq münasibətlər
sistemində əhəmiyyətli
dəyişikliklər etmək
gücündədir. Eyni zamanda,
fərqli xüsusiyyət
və keyfiyyətlərin
daşıyıcısı qismində çıxış
edən hərbi, siyasi və mədəni imperializm yuxarıda sadalanan dəyişikliklərin fonunda
öz funksiya və missiyalarını yerinə yetiriblər.
Amma bununla belə, kapital mahiyyət etibarilə irticaçı
olduğu üçün
daim yeni bazarlar axtarır. Həmçinin, kapital bu bazarların münbit, əlverişli, idarəolunan
və sabit olmasını tələb
edir. Belə olan halda,
imperialist güclər imperializmin
substratı olan kapitalizmin inkişafı üçün, heç
şübhəsiz ki,
yeni metod və vasitələr axtarışına çıxıblar.
Bunun fonunda isə əqli və idraki inkişafın son mərhələsində kapital,
demək olar ki, klassik kapitalizmin
hüdud və sərhədlərini zorlayaraq
ən müasir dövrdə özünə
məqbul qəlib və forma tapmağı bacarıb. Biz imperializmi qidalandıran kapitalizmi bütün növ qəlib və formalara uyğun gələn su ilə müqayisə
edə bilərik.
Başqa
sözlə, kapital elastik, çoxşaxəli
və istənilən
konfiqurasiyaya uyğun gəlmək xüsusiyyətinə
malikdir. Amma təyinat
etibarilə vahiddir.
Kapitalın əsas funksiyası
gəlir əldə etmək və istismara yönəlməkdir.
Məlum olduğu kimi, Marksizm nəzəriyyəsində
kapitalizm istismarçı
quruluş və irtica kimi səciyyələndirilirdi. Amma sonrakı
dövrdə kapitalizmə
qarşı ümumi
loyal münasibət formalaşdırıldı.
Buna baxmayaraq, hazırki
nəzəriyyəçilər və araşdırmaçılar
belə bir qənaət ifadə edirlər ki, Karl Marksın kapitalizmlə bağlı səsləndirdiyi
fikirlər bu quruluşun əsaslarını,
hətta iç üzünü olduqca adekvat surətdə əks etdirmişdir. Eyni zamanda, qeyd edə
bilərik, Marksizm nəzəriyyəsində ifadə
olunan tezis və fikirlər ənənəvi və
modern beynəlxalq münasibətlər
sisteminin əsaslarını
dəqiq şəkildə
ifadə etmişdir.
Nəzərə alsaq ki, müasir beynəlxalq siyasi münasibətlər
və proseslər realizmə söykənir və güc nəzəriyyəsinə əsaslanır,
məhz bu zaman kapitalın nə qədər böyük güc olduğu qənaətinə
gələ bilərik.
Bu baxımdan, kapital varsa, deməli, kapitalizmlə yanaşı imperialist siyasət
də var. Ümumiyyətlə,
kapitalizmlə imperializm
eyni mənbədən
qidalanırlar. Bəzi araşdırmaçılar
iddia edirlər ki, imperializm kapitalizmin məhsuludur və yaxud son mərhələsidir. Hətta bir
sıra nəzəriyyəçilər
kapitalizmlə imperializmi
eyniləşdirirlər. Amma qeyd etmək lazımdır ki, kapitalizm və imperializm vəhdətdədirlər,
biri digərini qidalandırır, yaxud biri digərinin mövcudluğunu şərtləndirir.
Beləliklə, bir-birilə
vəhdətdə olan
bu iki siyasi-iqtisadi
faktor intellektual amillə birləşərək beynəlxalq
münasibətlər sistemində
spesifik iyerarxiya formalaşdırmağı bacarır
və diktə edən tərəf kimi çıxış edir. Buradan da
yeni siyasət növünü səciyyələndirən
modern bir anlayış
meydana çıxır:
ən yeni imperializm. Əlbəttə ki, bunu neoimperializmdən fərqləndirmək
lazımdır. Belə ki,
ən yeni imperializm daha çox informasiya resursları və idarəetməsi üzərində
qurulduğu üçün
onu infoimperializm kimi səciyyələndirmək
doğru olardı.
Çünki infoimperializm çərçivəsində
idarəetmə və
istismar ənənəvi
hərbi, iqtisadi, mədəni vasitələrlə
deyil, məhz informasiya vasitəsilə həyata keçirilir.
Bunun üçünsə modern kibertexnologiyaların
yaratdığı imkanlardan
maksimum istifadə edilir.
İnfoimperializm adlandırdığımız (H.B.) yeni beynəlxalq siyasi sistem inkişaf
prosesində olduqca maraqlı, ancaq eyni zamanda, proqnozlaşdırılması
xeyli çətin olan problemlər də gətirir. Bu problemlər cəmiyyətin
ən ağılagəlməz
sahələrinə nüfuz
etməklə bir sıra hallarda yeni keyfiyyət dəyişikliklərinə, əksər
hallarda isə dəhşətli aşınmalara
gətirib çıxarır.
Aşınma əsas etibarilə
mənəvi sferada baş verir və bu o dərəcədə
güclü təsirə
malik olur ki, millət və xalq anlayışlarının
ifadə etdiyi məzmuna belə, köklü şəkildə
təsir göstərir.
Yeni qlobal sosial piramida
yaradır. Bu piramida isə klassik milli-etnik piramida deyil, infokultroloji (H.B.) piramida şəklində ortaya çıxır.
İnfrokultroloji piramidanın formalaşması isə milli dövlətləri beynəlxalq münasibətlərin aktoru kimi ilkin mərhələdə zəiflədir, sonrakı mərhələdə isə tamamilə sıradan çıxarıla bilmə ehtimalını gücləndirir. Milli aktorların zəifləməsi isə infoimperializimə xidmət edən qloballaşmanı gücləndirir. Beləliklə, infoimperialzim yeni qlobal infokratiyanı (H.B.) infoekratiya isə yeni infoelitanı (H.B.) şərtləndirir. Nəticə etibarilə bəşər tarixində bu vaxtadək müşahidə edilməmiş yeni və dəhşətli bir indentiklik formalaşır. Bu milli-etnik və dini identiklikdən köklü şəkildə fərqlənən, eyni zamanda, bu identikliyi rədd edən infoidentiklikdir (H.B.). İnfoidentiklik qloballaşmanın sosial bazasını formalaşdıran yeni növ, infoidentik (şəxsiyyəti və dünyagörüşü milli-mənəvi dəyərlər əsasında deyil, qəbul etdiyi informasiya əsasında formalaşan yeni insan) insan yaratmaqla infoimperializmi təmin edən intellektual resurs rolunu oynayır.
İnfoimperializmin sürətlə təşəkkül etməsi üçünsə media (bütün növ, əsas etibarilə isə sosial media) əvəzsiz rol oynayır.
***
Müəllifə aid olan və ilk dəfə politoloji leksikona daxil edilən terminlərin izahlı şərhi:
İnfoimperializm – informasiya resursları və idarəetməsi üzərində qurulan, idarəetmə və istismarın ənənəvi hərbi, iqtisadi, mədəni vasitələrlə deyil, məhz informasiya vasitəsilə həyata keçirildiyi siyasət növü. Bu siyasət növü modern kibertexnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edilməsi ilə səciyyələndirilir. İnfoimperializmin silahı qismində sosial media, "facebook", "twitter" kimi sosial şəbəkələr, transmilli medianın digər resursları və bütün növ manipulyativ internet mənbələri çıxış edir.
İnfoidentiklik – milli-etnik və dini-mədəni identikliyi sıradan çıxaran informasiya resurslarından istifadə nəticəsində yaranan və məhz əldə olunan informasiya əsasında formalaşan dəyərlərin yaratdığı identiklikdir.
İnfokratiya – bu, elə bir hakimiyyətdir ki, burada hakimiyyətin mənbəyi qismində insanlar yox, virtual platformada dövriyyəyə buraxılan informasiya çıxış edir. Bu hakimiyyət növü informasiyaya institusional forma verilərək təsis edilmişdir.
İnfokulturoloji piramida – bu sosial piramida cəmiyyətin klassik sosio-mədəni və milli-etnik strukturunu dağıdan və informasiya vasitəsilə mənimsənilən dəyərlər əsasında yeni cəmiyyətdaxili struktur formalaşdıran özünəməxsus sistemdir. İnfokulturoloji piramidanın formalaşdığı cəmiyyətlərdə milli-mədəni dəyərlər, demək olar ki, iştirak etmir.
İnfoelita – informasiya resursları vasitəsilə infokratiya yaratmış xüsusi hakimiyyət elitası.
Hikmət Babaoğlu
Yeni Azərbaycan.-
2013.- 8 yanvar.- S.5.