"Şəhidlər"
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
***
Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla,
min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
***
O şənbə gecəsi,
o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü.
Xalqın
qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
***
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa
döndük o gecə
biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
***
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı
qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti
çəkdi şəhidlər.
***
Bilirik, bu bəla nə
ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.
***
Dözdü hər zillətə,
dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”,- deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
***
İnsan
insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağranı cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər
Bəxtiyar Vahabzadə
Yeni Azərbaycan.-
2013.- 19 yanvar.- S.8.