Əli bəy Hüseynzadə
və Türk dünyası
XIX əsrin əvvəllərində, Azərbaycan ərazisinin İran və Rusiya arasında bölüşdürülməsindən sonra çar hökumətinin əsas prioritetlərini xalqımızın milli kimliyinin unutdurulması, Türk birliyinə yol verilməməsi və ən əsası bu coğrafiyada yaşayan insanların mədəni inkişafının qarşısının alınması təşkil edirdi. Bunun ən bariz nümunəsi isə türk kimliyi daşıyan xalqa “tatar” və başqa adların verilməsi idi. Həmin dövrlərdə Azərbaycan ərazisində dünyəvi təhsil ocaqlarının yaradılmasının qarşısını almaq, yalnız dini təhsilə əsaslanan bilikləri yaymaq çar Rusiyasının ən əsas məqsədlərindən biri sayılırdı. Türk birliyinin qarşısında sədd yaratmaq, onları bir-birindən ayrı salmaq planının pik həddi isə Azərbaycanın tarixi torpaqlarında qondarma Ermənistanın yaradılması idi ki, buna da nail olunmuşdu.
Dünyada mədəni inqilabların hökm sürdüyü, istər ədəbiyyatda, istər ideoloji təfəkkürdə yeniliklərin pöhrələndiyi bu zaman kəsiyində Azərbaycanda hökm sürən mədəni, siyasi əsarət millətimizin ətalətdə qalmasını şərtləndirmişdi. Dünyəvi məktəblərin yox səviyyəsində olması, milli kimliyini dərk edən elitanın formalaşmasındakı çətinliklər, buna qarşı yaradılan süni maneələr, o cümlədən, çar hakimiyyətinin azərbaycanlılara, türklərə qarşı “ikinci dərəcəli millət” yanaşması xalqımızın inkişafının qarşısını almaq üçün hazırlanan planların tərkib hissəsinə çevrilmişdi.
Amma coşğun çayın qarşısını almaq mümkün olmur və tarixin bütün dönəmlərində öz milli kimliyini qorumağı bacarmış Azərbaycan xalqı bu çətinliklərin də öhdəsindən gəldi, düşmənlərinin onu yer üzündən silmək arzusunu ürəyində qoydu. Bu mənada, XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan fikir tarixinin intibah dövrü də sayıla bilər. Həmin dövrdə Azərbaycanda milli fikrin inkişafı, mütəffəkirlərin, ədiblərin, fikir adamlarının, ziyalıların xalq, millət mənafeyi uğrunda mübarizəyə başlaması, milli elitanın formalaşması yeni inkişaf mərhələsinin təməlini qoydu.
Azərbaycanın tanınmış fikir adamlarından biri olan Əli bəy Hüseynzadə də məhz o dövrdə milli kimliyimizi yaşadan mütəfəkkirlərdəndir. Böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadə alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus iz qoyub. Ən əsası isə XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olub.
1864-cü ildə Salyanda anadan olan Əli bəy Hüseynzadə kiçik yaşlarından ailəsi ilə birlikdə Tiflisə köçüb. O zamanlar Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyən Ə.Hüseynzadə Tiflis gimnaziyasını bitirən zaman artıq türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.
1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olan Ə.Hüseynzadə şərq fakültəsində görkəmli professorların mühazirələrini də dinləyirdi. Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, “xalqçılar” hərəkatına rəğbət bəsləyirdi. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qaldı.
Sonradan həyatı boyu Ə.Hüseynzadə öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etməklə, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmaqla adını tarixə qızıl hərflərlə yazıb.
Ə.Hüseynzadə Azərbaycan milli fikrinin inkişafındakı xidmətləri ilə yanaşı, milli mətbuatımızın da formalaşdırılmasında mühüm bir vəzifənin layiqincə öhdəsindən gəlib. “Kaspi” qəzeti ilə əməkdaşlıq etdiyi zamanda “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayan Ə.Hüseynzadə artıq bu zamanlarda islahatçı-reformist ideyaları ilə seçilirdi. Öz dövrünün böyük alimi, ictimai xadimi və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə çap etdirdiyi “Həyat” qəzeti vasitəsilə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışırdı.
Türk dünyasının özünəqayıdışının, əsarətdən xilas olmasının yollarını göstərməyə çalışan Ə.Hüseynzadə bu xalqın milli kimliyinə sahib çıxmasının vacibliyini qabardırdı. “Füyuzat” dərgisində Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”
Bu fikir artıq cəmiyyətdə müzakirə olunur, təkmilləşdirilir və Türk dünyasının özünəqayıdış formulu sayılmağa başlayırdı. Bu ideologiya o dövrün əsas mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” -şəklində formulə edilərək təbliğ olunurdu. Məhz, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərlərinin formalaşmasında Əli bəy Hüseynzadənin həmin tezisi böyük rol oynadı.
Öz ölkəsinin müasirləşməsini, xalqının milli dəyərlərinə sahib çıxmasını arzulayan Əli bəy Hüseynzadə yazırdı: “Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istəyirik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın...”
Əli bəy Hüseynzadə yaradıcılığında ümumbəşəri dəyərlərin milli təkamül vasitəsinə çevrilməsi əsas dayaq nöqtələrindəndir. O, XX əsrdə türk xalqlarının əsas vəzifələrini belə izah edirdi: “Türk xalqları birinci dövrdə qılıncla, ikinci dövrdə dinlə parlamışdırsa, indi isə, yəni üçüncü dövrdə (XX əsrdə) elm və biliklə parlamalıdırlar... Bizə qılınc deyil, əhli-maarif lazımdır... Bizim özümüzə məxsus daha layiq, daha şanlı bir vəzifeyi-mücahidəmiz vardır ki, o vəzifə də zülməti-qəflətdə bulunan külliyyəti-avam arasında nuri-maarifi əkməkdir...”.
Əli bəy Hüseynzadə üçün milli kimliyin dərk olunması məsələsində, milli inkişafda coğrafi sərhədlər önəm kəsb etmirdi. Onun üçün bütün Türk dünyasının inkişafı mühüm prioritet idi: “Biz həm də türkük, ona görə də, bütün türklərin inkişafına, tərəqqisinə və xoşbəxtliyinə ümid etmək istəyirik”.
Ötən əsrdə problemin məhz bu şəkildə təqdim olunması, azərbaycanlılarla yanaşı, digər türkdilli xalqların da milli özünüdərkinin inkişafının yeni mərhələsinin bünövrəsini qoydu. Bu, türk xalqlarının inkişaf perspektivlərinin dəqiq səciyyəsi idi.
Əli bəyin fəaliyyəti tək Azərbaycanla məhdudlaşmır. Böyük mütəfəkkirin fəaliyyətinin Türkiyə dövrü özünü onun təkcə universitetdə təhsili və peşəkar həkim qismində işə başlamasında büruzə vermir, bu dövr həm də onun siyasi fəaliyyətinin başlandığı illərə təsadüf edir. 1910-cu ildə Ə.Hüseynzadə yenidən Türkiyəyə köçərək, orada Türkiyə ordusunun zabitinin qızı Adhiye xanımla ailə həyatı qurub. 1911-ci ildə o, “İttihad və tərəqqi” cəmiyyətinin İdarə Heyətinin üzvü seçilib. Prezidiumun üzvləri arasında tanınmış türk ideoloqu Ziya Gökalp və Osmanlı imperiyası sultanının vəziri Tələt paşa da var idi. Elə həmin ildə Əli bəy “Türk Yurdu” təşkilatının yaradıcılarından birinə çevrilib, Əhməd bəy Ağayev (Ağaoğlu), Yusif Akçura, Ziya Gökalp və başqaları da onunla birgə bu təşkilata daxil olublar.
Birinci dünya müharibəsi ərəfəsində Əli bəy Hüseynzadə öz vəzifəsini Türk dünyasının maraqlarının qorunmasında görürdü. Müharibə ərəfəsində Əli bəy Hüseynzadənin də daxil olduğu, türk xalqlarının ümumi vəzifələri haqqında fikirlərin yayılması ilə məşğul olan bir sıra fəal təbliğatçılardan ibarət qrup bir neçə Avropa ölkəsinə səyahətə çıxmış, orada isə türklərin problemləri haqqında danışmışdılar. Bu mövzu müharibə illərində də Əli bəyin diqqət mərkəzində idi. 1916-cı ildə o Avstriyaya, Macarıstana, Almaniyaya, İsveçrəyə səfərlər edir. Müharibənin başa çatması ərəfəsində Ə. Hüseynzadəni qanlı döyüşlərin getməsi səbəbindən müsəlman, hər şeydən əvvəl türk xalqlarının taleyi daha çox narahat edirdi.
Nəhayət, 28 may 1918-ci ildə Tiflisdə
Azərbaycan Demokratik Respublikası yaradıldı.
Yeni dövlətin başlıca
vəzifələrindən biri türk, müsəlman əhalinin fiziki məhvdən xilas edilməsindən ibarət idi. Yeni dövlətin etibarlı dəstəyə ehtiyacı
var idi. Belə bir dəstəyi
dost, qardaş ölkə
olan Türkiyə göstərə bilərdi.
Xalqımız üçün tale əhəmiyyətli bir məqamda Əli bəy Hüseynzadə Əhməd bəy Ağayevlə birlikdə Azərbaycana gəldi.
Gəncədə o, Azərbaycanın
ziyalı təbəqəsinin
nümayəndələri ilə
birgə bu ölkədə Türkiyə
ordusunun köməyi ilə öz müstəqilliyini elan etməyə müvəffəq
olmuş respublikanın
yaradılması və
möhkəmlənməsi ilə
bağlı iş apardı. Amma Türkiyənin Birinci dünya müharibəsindəki
məğlubiyyəti türk
qoşunlarının Azərbaycandan
getməsinə səbəb
oldu və Ə.Hüseynzadə də
digər ziyalılır
kimi o dövrün Türkiyəsinin xilası
üçün yenidən
meydanlara atılmalı
oldu...
Böyük mütəfəkkir, bacarıqlı naşir, istedadlı həkim, alim və rəssam
Əli bəy Hüseynzadə Azərbaycanın,
Türkiyənin və
bütün türkdilli
xalqların tarixinə,
ideologiyasına, mədəniyyətinə
və siyasətinə
öz mühüm töhfələrini bəxş
etdi. Böyük ədib 1940-cı ilin martında İstanbulda vəfat edib.
Azərbaycanı müstəqil, türk
xalqlarını birlikdə,
dost, qardaş görmək
Əli bəy Hüseynzadənin bir ömür boyu qəlbində yaşatdığı
arzusu idi. Bu arzuya isə məhz XX əsrin sonunda nail olundu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı böyük
bir coğrafiyada “İki dövlət, bir millət” ideyasının hakim kəsilməsinə
səbəb oldu.
Bu gün Türkiyə,
Azərbaycan və başqa türkdilli xalqlarının birliyi Əli bəy Hüseynzadə ideyalarının
daha böyük şövqlə inkişaf
etdirilməsinə xidmət
göstərir.
Sözsüz ki, Əli bəy
Hüseynzadənin xalqımız
qarşısında xidmətləri
hər zaman Azərbaycan ictimaiyyəti
və dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev böyük ədibin 150 illik yubileyinin keçirilməsi
ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamda Əli
bəy Hüseynzadə
Türk xalqlarının
mədəni inteqrasiyasının
məfkurə kimi təşəkkül tapmasında
mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda
demokratik prinsiplərin
ənənəvi dəyərlər
zəminində bərqərar
olmasının vacibliyini
irəli sürən və müstəqil milli dövlətçiliyin
nəzəri əsaslarının
işlənib hazırlanmasında
yaxından iştirak edən, eləcə də çoxşaxəli
fəaliyyəti boyunca
yaratdığı zəngin
fəlsəfi-publisistik, ədəbi-elmi
irsi sayəsində Azərbaycan maarifçiliyi
tarixinə qiymətli
töhfələr verən
görkəmli ictimai xadim olaraq dəyərləndirilib.
Bu isə Azərbaycan
xalqının öz ziyalısına, öz keçmişinə, milli
irsinə daim hörmət göstərməsinin,
onu uca tutmasının
əsl sübutudur.
Pərviz SADAYOĞLU
Yazı Azərbaycan Mətbuat
Şurasının və Azərbaycanlıların
və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin
“Əli bəy Hüseynzadə
və Türk Dünyası”
mövzusunda
keçirdiyi müsabiqəyə təqdim
olunur
Yeni Azərbaycan.-2014.-25 aprel.- S.6.