HEYDƏR
ƏLİYEV: MÜASİR, DEMOKRATİK AZƏRBAYCANIN MEMARI
Müstəqillikdən sonra ölkəmizin qarşısında duran növbəti vəzifə milli həmrəyliyi və bütövlüyü təmin edəcək fundamental mənəvi faktor olan milli ideologiyanın müəyyən edilməsi və ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli istifadə mexanizminin həyata keçirilməsi idi. Amma müstəqilliyin ilk illərində mövcud olan siyasi hərc-mərclik və vahid dövlət siyasətinin olmaması bütün sahələrdə olduğu kimi, milli ideoloji siyasət sahəsində də güclü mərkəzdənqaçma meyillərinin müşahidə olunmasına və nəticə etibarilə, bu sferada ciddi boşluqların yaranmasına səbəb olmuşdu.
Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya isə yalnız 1993-cü ildəki siyasi dönəmdən sonra müəyyənləşdirildi. Azərbaycançılıq Ümummilli lider Heydər Əliyevin çıxışlarında özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva edən, milli həmrəyliyi təmin edən təkmil ideologiya halını aldı. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi.
Bir məqamı qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Onun rəhbərliyi dövründə respublikanın təhlükəsizlik orqanlarından anti-azərbaycançı qüvvələr, Azərbaycanı sevməyən bəzi xalqların nümayəndələri təmizlənməyə başlandı. Və azərbaycançılıq ideologiyasının rüşeymi də, milli özünüdərk prosesinin rüşeymi də elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə Ulu öndər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə Ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasında təsbit edildi. Hesab edirik ki, bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi.
Beləliklə, xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev müstəqillik dövründə azərbaycançılıq ideologiyasından milli həmrəyliyi və bütövlüyü təmin edən mexanizm qismində istifadə etdi. Azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən mənəvi mexanizm səciyyəsi daşıdı.
Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür. Bu gün daha çox Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan Respublikasına rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır.
Bəzən ideologiya, ideoloji prinsip dedikdə Sovet dövründəki ideologiya ilə milli ideyalar qarışdırılır. Sovet dövründə olan kommunist ideologiyası tamam fərqli məqsədə xidmət edirdi. Amma xalqın vəzifəsi və məqsədi var. Bu məqsəd və vəzifə bütün xalqı özündə birləşdirəcək amilləri ehtiva edir. Bütün xalqı özündə birləşdirən amillər bütövlükdə millət tərəfindən qəbul edilən prinsiplərdir.
Ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi əvəzsiz mənəvi-siyasi xəzinə həmin dövrdə Azərbaycan xalqının qarşısında duran əsas missiyalardan birinin - milli ideyanın müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətli rol oynadı. Heydər Əliyev “Azərbaycanın inkişaf yolu hayanadır?” sualına belə cavab vermişdi: “Azərbaycanın inkişaf yolu Qərbədir”. “Məgər Günəş Qərbdən çıxır?” sualına isə Heydər Əliyev böyük müdrikliklə belə cavab vermişdi: “Bizim üzümüz Qərbədir ki, yenidən Şərqdən doğaq”. Ulu öndərin bu sözlərində həqiqətən də çox böyük məna var. Ümummilli lider Heydər Əliyev Şərqlə Qərbin, böyük sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın Şərqin dəyərlərini, zəngin mədəniyyətini müasir dövrümüzdə yüksək inkişafa nail olmuş Qərbin texnologiyası, ümumbəşəri demokratik dəyərləri ilə uzlaşdırmaqla, bu dəyərlərdən qidalanmaqla inkişafımızın mümkünlüyünü qeyd edirdi. Həqiqətən də, Azərbaycan müxtəlif mədəniyyətlərin qovşağında olduğuna görə xalqımız öz yolunu seçərkən Şərqlə Qərbin qarşılıqlı münasibətlərini nəzərə almalıdır. Tarixən keçdiyimiz yol və coğrafi vəziyyətimiz bunu zəruri edir.
Ümummilli lider Heydər Əliyevin məşhur bir kəlamı həmişə xalqımız üçün örnəkdir. O deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”. Xalqımız əsrlər boyu həsrətində olduğu müstəqilliyə nail olduqdan sonra həmin müstəqilliyi qoruyub saxlamaq, əbədiliyini dönməz etmək, möhkəmləndirmək, Azərbaycanı dünyanın müxtəlif ölkələrində məskunlaşmış 50 milyon azərbaycanlı üçün bir mayaka çevirmək vacib bir vəzifə idi. Bu vəzifəni həyata keçirərkən, təbii ki, millətin vahid ideya ətrafında birləşdirilməsi zərurəti yaranmışdı. Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi-nəzəri bir irs ərməğan etdi. Həmin irs üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir. Ulu öndərin bizə miras qoyduğu bu irsin öyrənilməsi və tədqiqi baxımından son illərdə çox böyük işlər görülmüş, nailiyyətlər əldə edilmişdir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycan dövlətinin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə ölkəmizin inkişafı üçün də başlıca mənbə rolunu oynayacaqdır. Ümummilli liderimiz Azərbaycanın milli ideologiyasından, milli baxışlarından danışarkən qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının proqramında əks etdirilən prinsiplər, əslində, Azərbaycan xalqının, dövlətimizin söykəndiyi ana prinsiplərdir. Ulu öndər Heydər Əliyev bu prinsipləri müəyyən edərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda, perspektivdə qarşımızda duran vəzifələri nəzərə almışdır. Ümummilli liderimiz Azərbaycanın söykəndiyi dəyərlərdən danışarkən deyirdi: “Yeni Azərbaycan Partiyasının demokratik, hüquqi dövlət qurmaq istiqamətində irəli sürdüyü müddəalar Azərbaycan xalqının söykəndiyi əsas prinsiplər hesab olunmalıdır”.
Bu prinsiplər 1992-ci ildə YAP-ın təsis konfransında qəbul edilən proqramda öz əksini tapıb. Bu proqramda Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin söykəndiyi başlıca prinsipləri qeyd edib.
Ümumiyyətlə, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəni dağılmaqdan və fəlakətdən xilas etdi. Həmin illərdə Azərbaycanın siyasi və iqtisadi vəziyyətinin nə qədər ağır olduğu hamının yadındadır. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, digər tərəfdən ölkənin daxilində hökm sürən hərc-mərclik və anarxiya, iqtisadi tənəzzül, mənəvi-psixoloji düşkünlük, gələcəyə inamsızlıq, vətəndaş qarşıdurmasının dərinləşməsi və s. bu tipli problemlər vəziyyəti daha da gərginləşdirmişdi. Çətin və mürəkkəb problemlərin həlli istiqamətində Heydər Əliyevin həyata keçirdiyi siyasət böyük bir təcrübə məktəbidir. Yaxın tariximizə nəzər saldıqda həyata keçirilmiş nəhəng işlərin məna və mahiyyətini bir daha görə bilərik. “Siyasət mümkün olanın əldə olunmasıdır” tezisi ilə məsələyə yanaşsaq, Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Vətən və xalq üçün mümkün olanlardan daha çox iş gördüyünə bir daha şahid ola bilərik.
Ümummilli lider Heydər Əliyev siyasətinin digər bir örnəyi həyata keçirilən sosial-iqtisadi islahatlar və onun istiqamətləri ilə bağlıdır. Müstəqillik əldə edən ölkəmizin siyasi və iqtisadi həyatında ciddi dəyişikliklər və böyük islahatlar aparılırdı. Bu dəyişikliklər zamanı vətəndaşların sosial baxımdan müdafiəsi çox mühüm məsələ idi. Aydındır ki, müstəqil dövlət olaraq Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası baş verməli idi. Dövlət və ictimai mülkiyyətə, inzibati-amirlik sisteminə əsaslanan iqtisadi münasibətlərin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dəyişməsi zərurətə çevrilmişdi. İqtisadi modelin yeniləşməsi, mülkiyyət münasibətlərinin dəyişməsi böyük islahatlar proqramının reallaşdırılmasını, bu yöndə möhkəm və davamlı sistemin yaradılmasını tələb edirdi. Heydər Əliyevin həyata keçirdiyi böyük islahatların ardıcıllığı, səmərəliliyi, elmi əsaslara və sosial ədalətə söykənməsi bu prosesin ümumilikdə ölkə və hər bir vətəndaş üçün faydalı olmasını təmin etmişdir. Müəyyən edilmiş sosial ədalət prinsipi dövlət idarəçiliyində və iqtisadi islahatların həyata keçirilməsində bu gün də davam etdirilir. Məhz bu prinsipin ardıcıllığı naminə 2009-cu ilin mart ayının 18-də keçirilmiş referendumda Konstitusiyanın 15-ci maddəsinə dəyişikliklər təklif olunmuş və bu dəyişiklik xalq tərəfindən müdafiə edilmişdir. Referendumda Konstitusiyanın 15-ci maddəsinə edilmiş dəyişiklik dövlətin iqtisadi siyasətində sosialyönümlü siyasət yeritməsini təsbit edir. Bazar iqtisadiyyatı şəraitində belə bir müddəanın əsas qanuna daxil edilməsi dövlətin, hakimiyyətin vətəndaşa qayğısının göstəricisi kimi qeyd olunmalıdır.
Müstəqillik əldə etdikdən sonra ölkədə geniş və hərtərəfli islahatların aparılması üçün ilk öncə bu yöndə yeni qanunların qəbul olunması zəruri idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin noyabr ayında referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət münasibətlərinin yeni formasını müəyyən etdi. Konstitusiyaya görə mülkiyyətin üç əsas forması: dövlət, xüsusi və bələdiyyə müəyyən edilmişdir. Sosial-iqtisadi islahatlar həyata keçirilərkən mülkiyyət formaları nəzərə alınır.
Azərbaycanda həyata keçirilən islahatlar sırasında aqrar islahat və özəlləşdirmə xüsusi yer tutmuşdur. Məlumdur ki, ən çətin və mürəkkəb islahat torpaq islahatı hesab olunur. Dünyanın əksər ölkələrində torpaq islahatları aparılarkən böyük problemlər və ziddiyyətlər özünü qabarıq şəkildə büruzə vermişdir. Azərbaycanda aqrar islahat proqramı həyata keçirilərkən digər ölkələrin təcrübəsi öyrənilmiş, məsələ ətraflı müzakirə edildikdən sonra bu yöndə müvafiq qanunlar, sərəncam və fərmanlar qəbul edilmişdir. Torpaq islahatı həyata keçirilərkən hər bir ailənin, torpağa bağlı olan hər bir vətəndaşın marağı və hüquqları qorunmaqla, bu islahatların iqtisadi səmərəliliyi də həmişə diqqət mərkəzində olmuşdur. Məhz bu cür yanaşma və ədalət prinsipinin qorunması nəticəsində bu proses Azərbaycanda əhəmiyyətli səmərə vermişdir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi aqrar islahatlar proqramı həm siyasi, həm də iqtisadi əhəmiyyətinə görə çox böyük bir örnəkdir.
Azərbaycanın sürətli inkişaf strategiyasının əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu strategiya uğurla davam edir. Azərbaycanda 1993-2003-cü illər ərzində həyata keçirilən iqtisadi layihələr və proqramların uğurlu nəticələri sonrakı mərhələdə sürətli inkişafa ciddi və əsaslı təsir göstərmişdir. Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt əsasında çox böyük işlər görülmüş, Azərbaycanın milli təhlükəsizliyi, enerji təminatı, ərzaq təhlükəsizliyi sahəsində əhəmiyyətli nəticələr əldə olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi ilə əlaqədar keçirdiyi hər bir tədbir, qəbul etdiyi hər bir qərar, söylədiyi fikirlər müstəqil dövlətimizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyır.
Müstəqil dövlətimizin xarici siyasəti doktrinası və konsepsiyası məhz Ulu öndər Heydər Əliyev zəkasının məhsuludur. Azərbaycanın yerləşdiyi mürəkkəb və ziddiyyətli bir bölgədə milli maraqları qorumağa qadir qətiyyətli və cəsarətli xarici siyasət xəttini uğurla və böyük məharətlə reallaşdıran Heydər Əliyev milli diplomatiyamızın ən bariz örnəyini yaratmışdır. Onun hər bir xarici səfəri, apardığı danışıqlar, xarici siyasət sahəsində qəbul etdiyi hər bir qərar böyük diplomatiya məktəbidir. 1993-cü ildə Heydər Əliyev Azərbayanda siyasi hakimiyyətə qayıdarkən, ölkənin bütün sahələrində olduğu kimi, xarici siyasət sahəsində də böyük bir boşluq və böhran yaşanmaqdaydı. Ümummilli lider Heydər Əliyevin Azərbaycanı həmin dövrdə böhrandan çıxarmaq yolunda gördüyü böyük işlərdən bəhs edərək Prezident İlham Əliyev demişdir: “1993-cü ildə Azərbaycanda yaşanan böhran, əslində, gənc Azərbaycan Respublikasının müstəqilliyinə son qoya bilərdi... Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində bunun qarşısı alındı, böhrana son qoyuldu, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi və ölkə inkişaf etməyə başladı. 1993-2003-cü illər bizim hamımızın yaxşı xatirindədir: sabitlik və inkişaf illəri, Azərbaycanın dirçəliş illəri, Azərbaycanın xarici mövqelərinin möhkəmlənməsi illəri, neft müqavilələrinin imzalanması illəri. Bu gün Azərbaycanın uğurlu inkişafında o vaxt Heydər Əliyev tərəfindən atılmış addımlar müstəsna rol oynayır”.
Azərbaycanın milli təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasətin uğurları hazırkı mərhələdə özünün müsbət təsirini göstərir. Məhz bu siyasətin sayəsində Azərbaycan öz sərvətlərinə sahib ola bilmişdir. Müstəqillik əldə edildikdən sonra Azərbaycanın xarici ölkələrlə birbaşa iqtisadi-ticarət əlaqələri yarandı. Bu əlaqələrdə başlıca istiqamətlərdən biri Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması idi. Neftlə zəngin olan Xəzər hövzəsinə nəzarət uğrunda ötən əsrin 90-cı illərinin əvvəllərində gərgin mübarizə gedirdi. Belə bir şəraitdə Azərbaycanın maraqlarını qoruyan dəqiq və praqmatik siyasətin həyata keçirilməsi olduqca zəruri və vacib məsələ kimi qarşıda dayanırdı. Müstəqil Azərbaycan dövlətinin müstəqil enerji siyasətinə mane olmaq istəyən xarici dairələr müxtəlif təxribatlar törədirdilər. Ümummilli lider Heydər Əliyevin məharətli və çevik siyasəti sayəsində Azərbaycan bütün maneələri dəf edərək 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” kimi tarixə daxil olmuş neft müqavilələrini imzalaya bildi. Bu, tarixi bir addım olmaqla, Heydər Əliyevin uğurlu neft strategiyasının təntənəsi idi. Həyata keçirilən bu strategiya növbəti illərdə geniş şəkildə davam etdirilmiş və bu gün də Prezident İlham Əliyev tərəfindən yeni şəraitə uyğun olaraq qətiyyətlə davam etdirilir. Heydər Əliyev neft strategiyasının uğurları göz önündədir. Məhz bunun nəticəsində Azərbaycan bir-biri ilə rəqabət aparan beynəlxalq güclərin və neft şirkətlərinin döyüş meydanına deyil, əməkdaşlıq mərkəzinə çevrilmişdir. Sonrakı mərhələdə bir çox yeni müqavilələr imzalanmış və neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilmiş, Azərbaycanın təbii qaz ehtiyatlarının dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilmiş və digər infrastruktur layihələri həyata keçirilmişdir. Bütün bu layihələri reallaşdırmaq yenicə müstəqillik əldə etmiş Azərbaycan üçün o qədər də asan məsələ deyildi. Yalnız Heydər Əliyevin böyük siyasi təcrübəsi, uzaqgörən siyasəti və qətiyyəti sayəsində deyilənlərə nail olmaq mümkün olmuşdur. Ümummilli liderin müəyyən etdiyi balanslaşdırılmış xarici siyasət xəttinə söykənən Azərbaycan dövləti iqtisadi sahədə qazandığı nailiyyətlərlə yanaşı, beynəlxalq aləmdə Ermənistanın təcavüzünü ifşa etmək istiqamətində əhəmiyyətli irəliləyişə nail ola bildi.
Əlamətdar haldır ki, Ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik və balanslaşdırılmış xarici siyasət xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ona yeni dövrün sürətlə dəyişən konyukturasına uyğun konstruktiv və konseptual əlavələr edilir. Belə ki, xarici siyasət sahəsində ötən dövr ərzində nəzərə çarpacaq uğurlar əldə edilmişdir. Balanslaşdırılmış xarici siyasət kursu nəticəsində geopolitik baxımdan olduqca həssas bölgədə yerləşən ölkəmiz nəinki öz mənafelərini uğurla qoruya bilmiş, həmçinin, regionun ən vacib ölkəsinə çevrilmişdir. Xüsusilə, 2008-ci ilin avqust ayında baş verən Gürcüstan - Rusiya münaqişəsi zamanı ölkəmizin tutduğu düzgün və rasional mövqe onun beynəlxalq nüfuzunu daha da artırmış, regionun lideri olduğu bir daha öz təsdiqini tapmışdır. Azərbaycanın artan beynəlxalq nüfuzu ölkəmizin ən ağır problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda özünü qabarıq şəkildə göstərir. Belə ki, təcavüzkar Ermənistan beynəlxalq aləmdəki mövqeləri getdikcə zəifləyir və işğalçı ölkə dünya birliyinin qınaq obyektinə çevrilməkdədir. Azərbaycanın iqtisadi tərəqqisi beynəlxalq maliyyə qurumlarında onun əhəmiyyətini və nüfuzunu xeyli yüksəltmişdir. Ölkəmizin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq və regional təşkilatlarda fəaliyyəti daha da genişlənmişdir.
Göründüyü kimi, Ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik məktəbi Azərbaycanı yaxın tariximizin ən keşməkeşli sınaqlarından uğurla çıxarmaqla yanaşı, ölkəmizin perspektiv inkişafının da təməl konturlarını əsaslı şəkildə müəyyənləşdirir. Çünki Heydər Əliyevin müəyyən etdiyi milli ideya Azərbaycan dövlətçiliyinin əsaslarıdır. Bu milli ideya ətrafında Azərbaycan xalqı gələcəyə doğru gedir, inkişaf edir. Milli ideya Azərbaycan xalqı üçün daimidir və Azərbaycanın daxili və xarici siyasətini müəyyənləşdirmək, iqtisadi inkişafını təmin etmək baxımından olduqca vacibdir.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli ideyanı həyata keçirməyə və qorumağa qadir siyasi lider - Prezident İlham Əliyev və Onu dəstəkləyən Azərbaycan xalqı vardır.
Elmar Qasımov,
Ali Neft Məktəbinin
rektoru
YAP Siyasi Şurasının üzvü
Yeni Azərbaycan.-2014.- 26 aprel.- S.4.