Bu il Azərbaycan-Türkiyə əlaqələri əlamətdar hadisələrlə daha zəngin olacaq

 

İsmayıl Alper Coşkun: Əgər BTC XX əsrin ən böyük layihəsi idisə, TANAP XXI əsrin ən böyük enerji layihələrindən biri olmaqla yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın yeni strateji simvoludur

Yeni Azərbaycan” qəzeti 2014-cü ildən bir çox layihələrlə oxucuların görüşünə gəlib. Belə layihələrdən biri də “Bizim qonaq” rubrikasıdır. Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri təmsil etdikləri ölkələrlə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin hazırkı durumu, perspektiv planlar barədə öz fikirlərini oxucularla bölüşürlər. Bu qəbildən növbəti müsahibimiz Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkundur.

- Cənab səfir, hər il yeni transmilli layihələr həyata keçirən və əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn iki qardaş ölkə - Azərbaycan və Türkiyə üçün 2013-cü ili necə xarakterizə edərdiniz? Sizcə, ötən il ölkələrarası əlaqələrdə hansı əlamətdar hadisələrlə yadda qaldı?

- Azərbaycan təkrar müstəqilliyinə qovuşduqdan sonra ötən müddət ərzində Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr qurulub, hər iki ölkənin mənafeyinə xidmət edən irimiqyaslı beynəlxalq layihələr həyata keçirilib. İki qardaş ölkə önəmli ortaq layihələrə imza atarkən, xarici siyasət sahəsində də ortaq mənafeləri nəzərə alıb, hətta beynəlxalq miqyasda bir çox problemləri həll etməkdə bir-birlərinə dəstək veriblər. Əslində, bunu çox təbii qarşılamaq lazımdır. Çünki ortaq dəyərlərə, eyni soy-kökə malik xalqlar olmaqla yanaşı, bizim taleyimiz, gələcəyimiz də birdir. Odur ki, xalqlarımızın mənafeyi və rifahı naminə bütün imkanları səfərbər etməliyik. Hazırda Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticari və müdafiə sahələri başda olmaqla, bütün sahələrdə əlaqələrimiz sürətlə inkişaf etməkdədir. Eyni zamanda, turizm, kənd təsərrüfatı, səhiyyə, təhsil və mədəniyyət kimi müxtəlif sahələrdə birgə əməkdaşlıq etməkdəyik. Həm təcrübə toplamaqda, həm də birgə layihələr hazırlamaqdayıq. Yeri gəlmişkən, qeyd edim ki, ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün çox güclü zəmin var. Xalqlarımızın dostluq və qardaşlığından qaynaqlanan sonsuz sevgi və qardaşlıq əlaqələri, siyasi sahədə güclü bir iradəyə söykənib. Nəticədə 2013-cü ildə əməkdaşlığımız həm ikitərəfli, həm də beynəlxalq müstəvidə digər dövlətlərə örnək olacaq bir səviyyəyədək yüksəlmişdir.

Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq sözün həqiqi mənasında öz yerini tapıb. Hazırda elə bir sahə yoxdur ki, orada ölkələrimiz arasında əməkdaşlıq mövcud olmasın. Sağlam təməllər üzərində qurulmuş bu əməkdaşlıq, Ulu öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin bizə vəsiyyət etdikləri kimi, bütün sahələrdə sürətlə inkişaf etməkdədir. Ötən ilə nəzər salsaq, ikitərəfli əlaqələrimizdə bir inkişafın, işbirliyinin şahidi olarıq. Belə ki, müxtəlif səviyyələrdə dövlət rəsmilərinin səfərləri ilə yanaşı, nazirlər səviyyəsində də bir çox qarşılıqlı səfərlər gerçəkləşib. Təkcə Türkiyənin xarici işlər naziri ötən il Azərbaycana üç dəfə səfər etmişdir. Türkdilli ölkələrin dövlət başçıları şurasının toplantısında iştirak etmək üçün Türkiyə Prezidenti Abdullah Gül Qəbələdə səfərdə olub, Prezident İlham Əliyev isə təkrar prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə edib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəmizdə keçirilən bələdiyyə seçkilərindən sonra ilk səfərini Azərbaycanan edib. Bundan əlavə, ötən il Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın Sədrliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçirilib. Ötən il iqtisadi sahədə də ikitərəfli əlaqələrimizdə inkişaf qeydə alıb. Qarşılıqlı sərmayələrin həcmi artmaqla yanaşı, 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 5 milyard ABŞ dollarına çatıb. Həmçinin, Trans-Anadolu boru xətti (TANAP) layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan təbii qazını Avropaya nəql edəcək Trans-Adriatik boru kəmərini (TAP) seçdiyini elan edib, “Şahdəniz-2” layihəsi üzrə anlaşmanın imzalanması ilə bu layihə yenidaha üstün bir mərhələyə qədəm qoyub. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin inşasına dair verilən qərarın zamanında olduğu kimi, böyük bir xəyalın gerçəkləşməsinin şahidi olmaqdayıq. Bundan həm Türkiyə, həm də Azərbaycan qürur duymalıdır. Ötən il enerji sahəsindəki böyük layihələr qədər mühümstrateji olduğuna şübhə yeri qalmayan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin inşasında işlər davam etdirilib. Bu dəmiryolunun tamamlayıcı bir qolu olacaqQarsdan Naxçıvanadək uzanacaq xəttin inşası üçün də hazırlıq işləri davam etdirilib. Bundan əlavə, Ərzurumdan Naxçıvana təbii qaz boru kəmərinin inşası üzərində hazırlıq işləri görülüb. Bütün bunlar onu deməyə əsas verir ki, 2013-cü il Türkiyə-Azərbaycan münasibətlərində çox mühüm və məhsuldar bir il olub.

- Bəs 2014-cü il ikitərəfli əlaqələrin inkişafında hansı məqamları ilə səciyyələnəcək?

- İkitərəfli əlaqələrimizdə 2014-cü ilinçox səmərəli olacağına əminəm. Məlum olduğu kimi, Gəncədə Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin toplantısı keçirildi. Düşünürəm ki, bu görüşün nəticələri müştərək fəaliyyətimiz üçün çox önəmli olacaq. Xatırladım ki, cari ildə eyni formatda ilk dəfə olaraq dövlət başçıları səviyyəsində də görüşün keçirilməsinə dair razılıq əldə olunub. Bundan əlavə, Türkiyə-Azərbaycan-İran formatında da xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi də planlaşdırılır. Digər tərəfdən, bu il Türkdilli ölkələrin dövlət başçıları Şurasının növbəti Zirvə görüşü Türkiyədə gerçəkləşəcək. Qısası, Türkiyə və Azərbaycanın yaxından iştirakı ilə irəliləyən işbirlikləri 2014-cü ildə də uğurla davam edəcək.

Təbii, cari il ərzində ikitərəfli münasibətlərdə yüksək səviyyəli digər səfərlər, eləcə də, müxtəlif beynəlxalq platformalar çərçivəsində əməkdaşlıqlarımız da davam edəcək. Türkiyə və Azərbaycanın xarici ölkələrdəki təmsilçiləri, ən yüksək səviyyədə qərarlaşdırıldığı kimi, çox sıx işbirliyindədirlər və hər bir məsələdə bir-birlərini dəstəkləməkdədirlər. Bu baxımdan diaspora fəaliyyətimiz də güclənməkdədir. Strateji ortaqlığımızın ən bariz nümunəsi olan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSƏŞ) dördüncü toplantısı bu il Azərbaycanda baş tutacaq. Bundan əlavə, YSƏŞ-in toplantılarının sonunda imzalanan Birgə bəyannamələrdə də yer alan və ölkələrimiz arasında iqtisadi və ticarət sahəsində əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edən Hökumətlərarası Birgə Komissiyanın sayca 7-ci toplantısının da çox yaxın zamanlarda keçirilməsi planlaşdırılır.

Bundan əlavə, təhsil və mədəni sahədə əməkdaşlığımızın gücləndirilməsinə də böyük önəm veririk. Uşaqlarımızın qarşılıqlı şəkildə Türkiyə və Azərbaycanda təhsil almalarının faydalı olacağını, bunun qardaşlıq əlaqələrimizi daha da gücləndirəcəyini düşünürük. Odur ki, hazırda diplomatik kanallarla bu mühüm sahədə əməkdaşlığımızı daha da irəliyə aparacaq bir saziş üzərində çalışmalar davam etməkdədir. Bundan əlavə, mədəni sahədə əməkdaşlığı daha da gücləndirəcək “Mədəniyyət Mərkəzləri Anlaşması”nın da ən qısa bir zamanda imzalanması üçün çalışmalarımız davam etdirilir. İki ölkənin Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil olunan “Mədəniyyət həftələri”nin çox faydalı olduğunu düşünürük və belə tədbirlər bu ildavam edəcək. Ötən il Türkiyədə baş tutan “Azərbaycan Mədəniyyət Həftəsi”nin ardından, bu il Bakı və Gəncə şəhərlərində “Türkiyə Mədəniyyət Həftəsi”nin keçirilməsi üçün hazırlıqlar davam etməkdədir. Qısası, ikitərəfli əlaqələrimizdə 2014-cü ilin çox dinamik və qarşılıqlı səfərlər, hadisələrlə zəngin bir il olacağını əminliklə söyləmək olar.

- Cənab səfir, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında qəbul edilmiş qərarlar əməkdaşlığımızın perspektivlərini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Ötən il noyabrın 12-13-də Prezident İlham Əliyevin Ankaraya səfəri zamanı Şuranın iclasında qəbul edilmiş qərarların yerinə yetirilməsi istiqamətində hansı işlər görülməkdədir?

- Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının sonunda Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən imzalanan Birgə Bəyannamədə öz əksini tapan Fəaliyyət Planı önümüzdə bir yol xəritəsi qoyub. Fəaliyyət Planı, əslində, əməkdaşlığın əsas hədəflərini müəyyən etməklə yanaşı, bu məqsədlə hansı işlərin görülməsinin vacibliyini özündə əks etdirir. Bu planı rəhbər tutaraq, tərəflər ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər. Hesab edirəm ki, sənəddə öz əksini tapan müddəaların yerinə yetirilməsində hər hansı bir əskiklik olmayacaq.

- Cənab səfir, hazırda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ölkələrimizin malik olduğu potensial imkanları necə əks etdirir? Sizcə ticarət dövriyyəsinin həcminin daha da artırılması üçün tərəflər hansı zəruri tədbirləri həyata keçirməlidirlər?

- Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi sürətlə artmaqdadır. Statistikaya nəzər salsaq, 2012-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,2 milyard ABŞ dollarına bərabər olub. Ötən il isə bu rəqəm 5 milyard dollara yaxınlaşıb. Yeri gəlmişkən, qeyd edim ki, Türkiyə və Azərbaycan bir-birləri üçün çox önəmli ticarət ortaqlarıdır. Amma buna baxmayaraq, yenə də əlaqələrimizin hazırkı səviyyəsinin ölkələrimizin mövcud potensial imkanlarını əks etdirmədiyini söyləmək olar. Çünki bölgədə sürətlə böyüyən bu iki ölkənin iqtisadiyyatının daha üstün hədəfləri olmalıdır. Xatırladım ki, ötən ilin noyabr ayında Türkiyədə gerçəkləşən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Birgə Bəyannaməsində iki ölkə arasında ticarət dövriyyəsinin 2023-cü ilədək 13 milyard ABŞ dollarınadək yüksəldilməsinə nail olunması qarşıya hədəf kimi qoyulub. Düşünürəm ki, tərəflər bu hədəfə çatmaq üçün çox çalışmalıdırlar. Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsi bu baxımdan böyük önəm kəsb edir. Digər tərəfdən isə, Tərcilli Ticarət Anlaşmasının imzalanması bu hədəflərə çatmaqda tərəflərin işini asanlaşdıracaq. Bundan əlavə, YSƏŞ-in qərarlarında öz əksini tapan Türkiyə vətəndaşları-iş adamlarının Azərbaycana gəlmələri üçün viza rejiminin sadələşdirilməsi bu işdə öz müsbət nəticəsini verəcək.

- Azərbaycan və Türkiyəni bir-birinə TANAP, TAP, BTC, “Şahdəniz-2” kimi layihələr ilə yanaşı, həm də “polad əllər” - Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi birləşdirir. Bu layihələrin reallaşması istiqamətində nə kimi işlər görülür?

- Qeyd etdiyiniz layihələr iki qardaş ölkə arasındakı əlaqələr üçün daha çox perspektivlər açır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin fəaliyyətə başladığı 2006-cı ildən 2013-cü ilin sonunadək Ceyhan limanı vasitəsi ilə təqribən 1,8 milyard barel neft tankerlərə yüklənərək beynəlxalq bazarlarda satışa çıxarılıb. Ən azı BTC qədər önəm daşıyacaq Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığı daha da gücləndirəcək və dərinləşdirəcək bir layihədir. Əgər BTC XX əsrin ən böyük layihələrindən bir idisə, TANAP da XXI əsrin ən böyük enerji layihələrindən biri olmaqla yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın yeni strateji simvoludur. Bilirsiniz ki, ötən il Bakıda “Şahdəniz-2” mərhələsi çərçivəsində hasil ediləcək təbii qazın Avropa bazarlarına çıxarılmasına dair sazişlər imzalandı. Düşünürəm ki, bu, Azərbaycan tarixində təbii qazın hasili və satışına dair ən böyük saziş kimi qalacaqdır. Dənizdən hasil ediləcək təbii qazın 2018-ci ildən etibarən Türkiyəyə, 2019-cu ildən isə Qərb bazarlarına çıxarılması planlaşdırılır.

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə gəlincə isə, burada işlərin qarşıdakı aylarda başa çatdırılacağı gözlənilir. Şərqdən Qərbə konteyner yüklərin daşınmasını nəzərdə tutan bu layihə bölgəmiz üçün çox böyük önəm kəsb edən beynəlxalq bir layihədir. Layihənin reallaşması Asiyanın şərqindən Avropanın qərbinə- Pekindən Londonadək sərnişin və yüklərin birbaşa və fasiləsiz daşınmasına imkan yaradacaq. BTQ-nin istismara verilməsi ilə Xəzər dənizi üzərindən Qazaxıstan və Türkmənistan vasitəsilə Avropa ölkələrindən gələn yüklərin Orta AsiyaUzaq Şərqə, Cənubi Asiyaya, eləcə də, əks istiqamətdə dəmiryolu dəhlizi vasitəsilə daşınması mümkün olacaq. Bu nəqliyyat dəhlizi, eyni zamanda, “Şimal-Cənub” nəqliyyat dəhlizini də müxtəlif xətlərlə sözün həqiqi mənasında tamamlamış olacaq. Dünya iqtisadiyyatının ağırlıq mərkəzinin Şərqə doğru istiqamətləndiyi, beynəlxalq aləmdə iqtisadi böhranın təzahürlərinin hələ də davam etdiyi bir dönəmdə bu layihə dünya iqtisadiyyatında bir hərəkətverici qüvvəyə çevriləcəyinə şübhə yeri qalmır. BTQ-nin nəinki layihənin mərkəzi halqasını təşkil edən Türkiyə və Azərbaycan, eləcə də, bölgənin bütün dövlətləri üçün faydalı olacağına əminəm.

- Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vacib şərtdir. Sizcə, qardaş Türkiyə problemin sülh yolu ilə həlli istiqamətdə cari ildə nə kimi səylər göstərə bilər?

- Tarixihüquqi olaraq Azərbaycanın ayrılmaz bir parçası olan Dağlıq Qarabağ, eləcə də, onun ətrafındakı 7 rayon daxil olmaqla ölkə ərazisinin iyirmi faizi 20 ildən çoxdur ki, işğal altındadır. Münaqişə nəticəsində minlərlə azərbaycanlı şəhid olub, yüzminlərlə Azərbaycan türkü öz ata yurdundan didərgin düşüb, qaçqın və məcburi köçkünə çevrilib.

Bu ilin fevralında növbəti ildönümünü hüznlə qeyd etdiyimiz Xocalı faciəsi hamımızın yaddaşında dərin izlər buraxıb.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və ATƏT-in Minsk qrupunun səylərinə rəğmən, beynəlxalq ictimaiyyət bu insanlıq dramının sona çatmasına hələ də nail ola bilməyib.

Bu durum birgə yaşadığımız bölgənin sabitliyi, təhlükəsizliyi və inkişafını təhdid edən ən böyük faktordur. Türkiyə bu məsələdə ilk gündən etibarən Azərbaycanın yanında olub, onun haqq səsini müdafiə edib, Dağlıq Qarabağ problemini öz məsələsi kimi görüb, Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra Ermənistanla olan quru sərhədlərini bağlayıb. Və Azərbaycan xalqına qarşı olan bu haqsızlıq öz həllini tapanadək, Azərbaycan öz ərazi bütövlüyünə qovuşanadək, Türkiyənin sərgilədiyi bu mövqe dəyişməz olaraq qalacaq.

ATƏT-in Minsk qrupunun üzvü, eləcə də, bölgənin ən aktiv ölkəsi olan Türkiyə yaranmış bu durumdan böyük narahatlıq keçirməkdədir. Münaqişənin həll edilməsində Minsk qrupu, xüsusilə də həmsədr ölkələrin üzərinə çox böyük məsuliyyət düşür. Münaqişə sülh yolu ilə tezliklə dondurulmuş vəziyyətdən çıxarılmalı, işğala son qoyulmalı, özü də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolu ilə həll olunmalıdır. Türkiyə münaqişənin həllinə belə yanaşır və ATƏT-in Minsk qrupunu da bu istiqamətdə böyük cəsarət göstərməyə təşviq edir. Bəlli olan odur ki, hazırkı status-kvo sonsuzadək davam edə bilməz. Qoşunların təmas xəttində zaman-zaman yaşanan olaylar-silahlı həmlələr məsələnin ciddiliyindən xəbər verir münaqişənin tez bir zamanda öz həllini tapmasını zəruri edir. Münaqişəni bölgədəki bütün ölkələr üçün faydalı ola biləcək şəkildə həll etmək mümkündür, yetər ki, həqiqi istək olsun. Azərbaycanın bu istiqamətdəki çağırışlarının öz müsbət cavabını tapmasını arzu edirik.

- Cənab səfir, mübaliğəsiz demək olar ki, bu gün dünyanın diqqəti Azərbaycana yönəlib. Ötən il, eləcə , 2012-ci ildə ölkəmiz BMT TŞ-nin qeyri-daimi üzvü kimi quruma sədrlik etdi. Bundan əlavə, 2012-ci ildə yüksək səviyyədə təşkil olunan “Eurovision” musiqi yarışmasının ardından, paytaxtımız 2015-ci ildə Avropada ilk dəfə keçiriləcək Olimpiya Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırlaşır. Bir diplomat, eləcə , xarici ölkə vətəndaşı kimi, Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzunu, eləcə , ölkəmizdəki tikinti, quruculuq işlərini, bu inkişafı necə dəyərləndirirsiniz?

- Hər qədər Azərbaycan vətəndaşı olmasam da, ölkədəki bu inkişafı, bu abadlığı, tikinti-quruculuq işlərini birxarici ölkə vətəndaşıkimi dəyərləndirməmək mümkün deyil. Azərbaycanın son illərdə əldə etdiyi uğurlar 75 milyonu aşan Anadolu türkü kimi, məni qürurlandırır. Türkiyənin Azərbaycandakı səfiri olaraq, mən Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurları, bu inkişafı məmnuniyyətlə izləyir, sizin həyəcanınıza ortaq oluram. Onu da qeyd etmək istəyirəm ki, az öncə qeyd etdiyiniz məqamlar-hadisələr sürətlə inkişaf edən Azərbaycanın əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir. Bu gün Azərbaycan öz iqtisadiyyatı, insan resursları, zəngin təbii ehtiyatları, irimiqyaslı layihələri ilə bölgənin parlayan bir ulduzuna çevrilib. Ən önəmlisi isə odur ki, iki qardaş ölkə - Azərbaycan Türkiyə həyata keçirməkdə olduqları layihələrlə həm gələcəyə yön verməkdə, həm bölgənin inkişafına birlikdə töhfə verməkdədirlər.

Düşünürəm ki, həm qərinələri adlayıb bu günümüzə gəlib çatmış qardaşlıq, dil, din, ortaq mədəniyyət tarixi bağlarımız, həm Atatürk Ümummilli lider Heydər Əliyev kimi tarixi öndərlərimizin təyin etdikləri, bizim üçün müəyyən etdikləri yola uyğun olaraq, Azərbaycan xalqına olan təmənnasız bağlılıq dəstəyimiz hər zaman davam edəcək. Mən əminəm ki, gələcək nəsillər bu anlayışla daha gözəl sabahlarda, hər cür çətinliyə qarşı bir-birlərinin yanında olacaqlar. Azərbaycandan olan qardaşlarımız da bizə qarşı eyni daxili hissləri keçirməkdədirlər. İnanırıq ki, gələcək nəsillər bu isti münasibətləri davam etdirəcək, iki qardaş dövlət arasında mövcud olan əlaqələri daha da irəliyə apara biləcəklər.

 

Səlim Loğmanoğlu

Yeni  Azərbaycan.-2014.- 26 aprel.- S.7.