AZƏRBAYCAN TİBB OCAQLARININ BÖYÜK QURUCUSU VƏ YARADICISI

 

Azərbaycan tibb elmi və tibb təhsil sisteminin, Azərbaycan səhiyyəsinin keçmişi, indisi və gələcəyi, əqli potensialının dəyəri, maddi-texniki bazasının inkişaf mərhələləri, təməl daşlarının və beynəlxalq əlaqələrinin möhkəmləndirilmə yolları, əldə olunan nailiyyətlərinin gələcək nəsillərə çatdırılma istiqamətlərinin təhlili haqqında fikir yürütdükdə, adətən, ilk növbədə, göz önünə tibb sahəsində çalışan səriştəli alimlər, həkimlər, səhiyyə işçiləri gəlir. Lakin XX əsrin ikinci yarısında və XXI yüzilliyin ilk illərində Azərbaycanda bu sahədə aparılan genişmiqyaslı titanik işlərin örnəkli nəticələrinin təhlili təsdiqlədi ki, bəşər tarixində elə şəxsiyyətlər olur ki, onlar ölkənin bir sahəsinin deyil, bütövlükdə onun bütün sahələrinin inkişaf yükünü, maddi-texniki bazasının möhkəmləndirilməsi problemlərinin ağırlıqlarını, insanların rifah halının yaxşılaşdırılması amalının çətinliklərini, dövlət atributlarının atributlar içərisində bərqərar olması və bunun ədəbiliyinin, dönməzliyinin təmininin gərginliklərini öz möhkəm çiyinləri üzərinə götürərək, onu inamla irəliyə apara, zirvələrə yüksəldə bilirlər. Belə nadir şəxsiyyətlərin, fövqəladə bacarığa malik qüdrətli düha sahiblərin biri olan Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev sözün həqiqi mənasında müasir Azərbaycanın memarı olmaqla yanaşı, həm də müasir Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin yeni strateji hədəf kontekstində mahir qurucusu, yaradıcısı, ilhamverici qüvvəsi olmuşdur və hazırda da bu xeyirxah proses inamla davam etdirilir.

1969-cu il iyul ayının 14-dən etibarən 35 ilə yaxın bir müddətdə Azərbaycana rəhbərlik qüdrətini özündə saxlaya bilən, ölkənin bütün sahələrinin sükanını möhkəm əllərində cəmləşdirərək onu adi insanlara xas olan şüur çərçivəsi hüdudlarına sığmayan dərketmə qabiliyyəti, fenomenliyi ilə idarə edən Ulu öndər Heydər Əliyev respublikada birinci şəxs simasında fəaliyyətə başladığı ilk günlərdən, digər vacib sahələrdə olduğu kimi, ölkə səhiyyəsini, tibb elmi və tibb təhsili sistemini də diqqət mərkəzində saxlamışdır. O, insan amilinə xidmət edən bu vacib sosial sahələrin əsaslı dəyişikliklərinin islahatlarını, inkişaf perspektivlərinin planlarını hazırlamışdır. Bu islahatların, bu planların müddəaları Onun iti zəkasının dərin qatlarından süzülərək tədricən məqsədyönlü şəkildə həyata keçirilir, əyani və maddi substrata çevrilirdi.

Ümummilli liderin Azərbaycana rəhbərliyə gəldiyi dövr çox təzadlı, çətin bir dövr idi. Bu dövrdə artıq sosializm sisteminin aldadıcı parıltıları solğunlaşmağa, çürük məhvəri laxlamağa başlamışdı. Azərbaycanın da daxil olduğu Sovetlər İttifaqı “ailəsində” ictimai-siyasi vəziyyət, milli münasibətlər, iqtisadi-sosial tələbatlardan doğan narahatlıqlar getdikcə daha da gərginləşir, neqativ halların baş alıb getməsinə əlverişli şərait yaranırdı. Belə bir qeyri-müəyyənlik şəraitinin mövcudluğu dövründə Heydər Əliyev kimi dahi şəxsiyyətin Azərbaycana rəhbərliyə gəlməsi ölkəmizin həyatında, o cümlədən də təkcə Azərbaycan səhiyyəsində, Azərbaycan tibb elmi sahəsində deyil, bütövlükdə SSRİ səhiyyə sistemində və tibb elmi sahəsində əsaslı dönüş yaratdı. Ümummilli liderimiz səhiyyə və tibb elmi sahələrində həm Azərbaycan Respublikasında, həm də keçmiş Sovetlər İttifaqında yeni mərhələnin başlanmasının banisi oldu. Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan səhiyyə sistemində aparılan islahatlardan sonra əldə edilən uğurlu işlərin nəticələrinin tətbiqi SSRİ-nin digər respublikalarında da reallaşdı. Ümummilli liderin təkcə səhiyyə sistemində deyil, hər sahədə həyata keçirdiyi, novatorluqla atdığı cəsarətli addımları dünya miqyasında geniş əks-səda doğurmuşdu. Onun Sovetlər İttifaqının bütün respublikalarında get-gedə dərinləşməkdə olan korrupsiyaya, neqativ hallara qarşı kəskin mübarizə aparması, cəmiyyəti və mövcud ictimai quruluşu sağlamlaşdırmağa, saflaşdırmağa çalışması SSRİ dövlət və hökumət başçılarını da, dünya ictimaiyyətini də heyrətə gətirmişdi. Tezliklə Heydər Əliyev fenomeni dünyanın siyasi tarix salnaməsində sönməz ulduz kimi parladı və Onun adı bu salnaməyə əbədi həkk olundu.

Qeyd etmək lazımdır ki, Ümummilli lider həm XX əsrin 70-80-ci illərində, həm də 1993-cü il iyun ayının 15-dən sonra respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan Tibb Universitetinin bütün problemlərinə qayğı ilə yanaşmışdır. Universitetin həyatında hərtərəfli və fundamental olaraq əsas yüksəliş mərhələsi məhz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin illərdə respublikamızda səhiyyənin, elm və təhsil sistemlərinin, o cümlədən, tibb elmi və tibb təhsili sistemlərinin inkişafında əsaslı dönüş baş verdi; Tibb Universiteti üçün zəngin maddi-texniki baza yaradıldı, yeni tədris korpusları, tələbə yataqxanaları, xəstəxana və poliklinikalar tikilib istifadəyə verildi, elmi-tədqiqat işləri ilə məşğul olan laboratoriyalar müasir avadanlıq və cihazlarla təchiz edildi. Bu isə elmi axtarışların əhəmiyyətini artırmağa, ölkəmizin tibb sahəsində kifayət qədər elmi və pedaqoji kadr potensialı ehtiyatına malik olmağa imkan verdi.

Ümummilli liderin rəhbərliyi altında qısa müddətdə ölkəmizdə yeni uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikintisi geniş vüsət almış, XX əsrin 70-ci illərinin ilk beş ili ərzində 35 belə obyekt tikilib xəstələrin istifadəsinə, tibb personalının ixtiyarına verilmişdi. Ölkə başçısının, ilk növbədə, uşaq səhiyyəsinin problemləri ilə ciddi maraqlanması təsadüfi deyil, Onun uzaqgörənliyinin təzahürü idi. Bununla O, genefondun sağlamlaşmasını, uşaq ölümünə səbəb olan ağır infeksion xəstəliklərin, epidemiyaların qarşısının alınmasını, kütləvi peyvəndləşməni və s. bu kimi problemləri ön plana çəkir, gələcəkdə yerinə yetirəcəyi daha genişmiqyaslı işlərin bünövrəsini möhkəmləndirirdi. Tibb elmi sahəsinin, bütövlükdə səhiyyənin zəifləmiş maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşan Ulu öndər bu məsələni Özünəməxsus təmkin və inamla yerinə yetirirdi. Səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, şübhəsiz ki, ölkə iqtisadiyyatının vəziyyəti ilə qarşılıqlı əlaqədə idi. Ona görə də, Ulu öndərin rəhbərliyi altında respublikanın milli gəlirinin 2,5 dəfə, xalq təsərrüfatının müxtəlif sahələrində istehsalın həcminin 2,7 dəfə artması, bu və buna bənzər sosial məsələlərin də həllinin asanlaşmasına təkan verən başlıca mənbə sayılırdı. O dövrdə xəstəxanalarda 15,7 min çarpayı var idi. Azərbaycandakı istirahət evlərində eyni vaxtda 2000 nəfərin dincəlməsi üçün şərait yaradılmışdı, 8,5 mindən çox insan mövcud sanatoriyaların xidmətindən rahatlıqla istifadə edə bilirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikasında rəhbərliyə gəldiyi ilk ilində (1969) keçirilən Azərbaycan Partiya Təşkilatı Plenumunda səhiyyənin inkişafına həsr olunmuş məsələnin müzakirəsinə və dekabr ayında səhiyyə haqqında qanunvericiliyin əsasları üzrə qərar qəbul edilməsinə nail oldu. Plenumda səhiyyəyə dair müzakirə və qəbul edilmiş bu qərar Azərbaycanda səhiyyənin gələcək inkişaf perspektivlərinin istiqamətlərini müəyyənləşdirən mühüm sənədlərdən birinə çevrildi. Bundan sonra yeni səhiyyə müəssisələrinin, tibb ocaqlarının tikintisinə, mövcud olan binaların əsaslı təmir edilməsinə imkan verən əlverişli şərait yarandı. Səhiyyənin, tibbin ümdə problemlərini həll etmək üçün qarşıda duran ən mühüm vəzifələrdən biri də ölkədə yüksəkixtisaslı tibbi kadrların yeni nəslinin hazırlanmasını təmin etməkdən ibarət idi. Bununla əlaqədar olaraq Azərbaycan tibb təhsili müəssisəsində Ulu öndərin təşəbbüsü ilə ciddi islahatlar aparıldı, maddi-texniki baza möhkəmləndirildi, tədrisin keyfiyyəti əsaslı surətdə yaxşılaşdırıldı, aspirantura şöbəsi yenidən quruldu, kliniki ordinatura, eləcə də internatura şöbələri yaradılaraq, onların fəaliyyət dairəsi genişləndirildi, yeni fakültələr, dekanlıqlar təşkil edildi və illik tələbə qəbulunun sayı artırıldı. Bununla da kifayətlənməyən Ulu öndər gənclərin müəyyən qrupunun ardıcıl olaraq Moskvanın, Sankt-Peterburqun, Kiyevin, Minskin, Xarkovun və SSRİ miqyasında fəaliyyət göstərən digər iri şəhərlərin ali tibb müəssisələrində təhsil almalarına, diplomdansonrakı ixtisasartırma kurslarına getmələrinə, aspirantura və doktorantura xətti ilə namizədlik və doktorluq dissertasiyaları müdafiə edərək elmi dərəcələrə yiyələnmələrinə geniş imkanlar yaratdı. Bu tədbirlər hər il ardıcıl olaraq həyata keçirilir, respublikamızda dahiyanə bir uzaqgörənliklə müxtəlif profilli gənc tibbi kadrlar hazırlanır, səhiyyənin elmi və pedaqoji potensialı gücləndirilirdi. Heç bir tərəddüd etmədən demək olar ki, hazırda Azərbaycanda həm ali və orta tibb müəssisələrində, həm də səhiyyə sisteminin bütün strukturlarında rəhbər vəzifələrdə çalışan tibb alimlərinin, həkimlərin, səhiyyə işçilərinin hamısı vaxilə Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış və dəyərli elmi məktəb keçmiş, ən əsası da möhtəşəm Heydər Əliyev məktəbindən bəhrələnmiş kadrlardır.

Ölkənin müxtəlif regionlarında tibb kadrlarına, səhiyyə işçilərinə olan tələbatı ödəmək, kənd yerlərindəki tibb müəssisələrini yüksəkixtisaslı həkimlərlə təmin etmək üçün keçən əsrin 70-ci illərinin əvvəllərində təşkil edilmiş hazırlıq kursu və bu kursa ucqar rayonlardan olan gənclərin imtiyazlarla qəbul edilməsi problemin həllində mühüm rol oynadı. Heydər Əliyev dövrünün ilk mərhələlərində tikilib istifadəyə verilmiş Respublika Kliniki Urologiya Xəstəxanası, Neyrocərrahiyyə, Diaqnostika, Toksikologiya, Yanıq və Reabilitasiya Mərkəzləri ölkə əhalisinin sağlamlığının qorunmasında, diaqnostika, profilaktika, müalicə və reabilitasiya tədbirlərinin yüksək professionallıqla həyata keçirilməsində əsaslı dönüş yaradaraq, bu növ problemləri birdəfəlik həll etdi. Bununla da bir çox məsələlərdə xəstələrin artıq xərc hesabına başqa respublikalara, xarici ölkələrə getmələrinə heç bir ehtiyac qalmadı. Çünki tikilib istifadəyə verilmiş yeni klinikalar, tibb mərkəzləri müasir tibb avadanlığı ilə təchiz olunaraq, əhaliyə başqa ölkələrdəkindən də yaxşı səviyyədə müvafiq tibbi xidmət göstərməyə başlamışdı. Elə həmin dövrlərdə respublikamızda bir sıra elmi-tədqiqat institutlarının, o cümlədən Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun (hazırda bu institut akademik Z.Ə.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi adlanır), Elmi-Tədqiqat Onkologiya İnstitutunun (hazırda bu institut Milli Onkologiya Mərkəzi adlanır) yeni binalarının təməli qoyulmuşdu. Yeri gəlmişkən qeyd edək ki, bünövrəsi Ulu öndər tərəfindən qoyulmuş bu binaların tikintisi yarımçıq qalmadı. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və axıra çatdıra bilmədiyi bütün obyektlərin tikintisi Onun sədaqətli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildi, bu möhtəşəm müayinə və diaqnostika, müalicə-profilaktika və reabilitasiya Mərkəzləri hazırda fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirirlər.

Ulu öndər səhiyyə işçilərinin, tibb alimlərinin, bütün tibb personalının həyat, məişət və iş şəraiti, sosial vəziyyəti ilə yaxından maraqlanır, onların ehtiyaclarının ödənilməsini daim diqqət mərkəzində saxlayırdı. Onun fəaliyyətinin 70-80-ci illərdəki mərhələlərində respublikamızın iri tibb müəssisələrindən Azərbaycan Elmi-Tədqiqat Virusologiya, Mikrobiologiya, Epidemiologiya və Gigiyena İnstitutunun, “Azərbaycan Tibb Jurnalı”nın, Azərbaycan Dövlət Tibb İnstitutunun, Elmi-Tədqiqat Ana və Uşaqları Mühafizə İnstitutunun, Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun, eləcə də korifeyləşmiş klassik tibb alimlərinin (Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafabəy Topçubaşov, Vəli Axundov və başqalarının) yubileylərinin keçirilməsi və bu tədbirlərin ənənə şəkli alması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanırdı. Ümummilli liderimizin səyi nəticəsində respublikamızın görkəmli səhiyyə işçilərindən Mustafabəy Topçubaşova, Böyükxanım Əliyevaya, Şamama Ələsgərovaya, Zəhra Qazıyevaya “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı, həmçinin, bir qrup tibb elmi, tibb təhsili sistemi işçilərinə, həkimlərə “Əməkdar həkim”, “Əməkdar müəllim”, “Əməkdar səhiyyə işçisi”, “Əməkdar ali məktəb işçisi”, “Əməkdar elm xadimi” fəxri adları verilmiş, orden və medallarla təltif edilmişdilər. Bu təltiflərin əksəriyyəti Ulu öndər tərəfindən 1980-ci ildə ATİ-nin 50 illiyi ərəfəsində verilmişdi. Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutu SSRİ-nin “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdi. Bu ordeni təntənəli yubiley mərasimində şəxsən Ulu öndərin Özü təqdim etmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2000-ci ildə ATU-nun 70 illiyində də Ulu öndər Heydər Əliyev şəxsən iştirak etmiş, 70 nəfər əməkdaşımızı fəxri adlar, orden və medallarla təltif etmişdir.

XX əsrin 80-cı illərinin əvvəllərində Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra Azərbaycanda səhiyyə sahəsinə köməyini azaltmadı, əksinə, daha da artırdı. Bu vəzifədə O, SSRİ üzrə iqtisadiyyatın bir sıra mürəkkəb sahələri ilə yanaşı, səhiyyə sahəsinin problemləri ilə də məşğul olurdu. Ümummilli liderimiz səhiyyəyə yüksək ideallar prizmasından baxaraq qeyd edirdi ki, “...təbabət insan biliklərinin və əməli fəaliyyətinin bütün başqa sahələrindən daha artıq dərəcədə ümumbəşəri xarakter daşıyır”. SSRİ Tibb Elmləri Akademiyasının akademikləri, Sovetlər İttifaqının görkəmli tibb alimləri Heydər Əliyevin Moskvada səhiyyə ilə əlaqədar toplantılardakı çıxışlarından sonra etiraf edirdilər ki, O, SSRİ miqyasında səhiyyə sisteminin qarşısında duran problemləri və bu problemlərin həlli yollarını ən təcrübəli tibb mütəxəssislərindən belə daha yaxşı bilir, daha aydın təsəvvür edir. SSRİ Tibb Elmləri Akademiyasının prezidenti və TEA-nın Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş direktoru akademik N.N.Bloxin Heydər Əliyevin səhiyyə üzrə keçirdiyi bütün toplantılarda iştirak edirdi və həmin toplantılardan çıxdıqdan sonra OEM-in əməkdaşları ilə müşavirə keçirir, Heydər Əliyevin SSRİ-nin səhiyyə sisteminin yaxşılaşdırılmasından çıxış yolları haqqındakı plan və tapşırıqlarını onlarla bölüşürdü. Mən akademik N.N.Bloxini yaxından tanıdığımdan bilirdim ki, o, heç də hər kəs haqqında xoş sözlər deməyə tələsmirdi, hətta buna bir qədər “qısqanclıqla” yanaşırdı. Lakin o, Ulu öndər Heydər Əliyevin səmimiyyətinə, bilik səviyyəsinin dərinliyinə, işgüzarlığına, mükəmməl təşkilatçılıq bacarığına inanır, Ona hörmətlə yanaşır, Onun haqqında ən xoş sözləri deməkdən ehtiyatlanmırdı və Onun haqqında ürək dolusu danışırdı. Bu, məndə və orada işləyən azərbaycanlı həkimlərdə böyük iftixar və qürur hisləri oyadırdı. Azərbaycanın bir parçası olan ATU-nun kollektivi kimi, bir azərbaycanlı kimi biz Ulu öndərimiz Heydər Əliyevlə həmişə fəxr etmişik, indi də fəxr edirik, gələcəkdə də O bizim fəxr mənbəyimiz, qürur mənbəyimiz olacaqdır.

Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin dahi siyasətçisi Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı az bir zamanda ölkədə daxili sabitlik yaranmasına səbəb oldu; nəticədə, Azərbaycan səhiyyəsi qarşısında yeni perspektivlərin açılması, ölkənin tədris müəssisələrinin, o cümlədən, Azərbaycan Tibb Universitetinin normal fəaliyyəti üçün əlverişli şərait yarandı. Dağıdılan strukturlar bərpa olundu. Ulu öndərin yaratdığı beynəlxalq əlaqələr nəticəsində kütləvi peyvəndlərin aparılması yenidən qaydaya salındı, baş qaldırmış infeksion xəstəliklərin, epidemiyaların qarşısı alındı.

Ulu öndər ölkəmizin dövlət müstəqilliyi dövründə də dəfələrlə xarici ölkələrin tibb alimlərini Azərbaycanda qəbul etmiş, onlarla səmimi söhbətlər keçirmiş, səhiyyəmizin, ölkəmizin tibb elminin inkişafının yeni istiqamətlərinin yaradılmasına təkan vermişdir. Ulu öndərin müxtəlif illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin direktoru vəzifəsində çalışmış akademik N.N.Bloxin və akademik N.N.Trapeznikov ilə, Amerika Birləşmiş Ştatlarının Texas Tibb Mərkəzinin Kardiologiya bölməsinin rəhbəri professor Maykl Debeyki ilə, Türk dünyasının dünyaşöhrətli alimi professor doktor İhsan Doğramacı ilə və başqa məşhur alimlərlə, səhiyyə işçiləri ilə keçirdiyi görüşlər bu qəbildən olan görüşlər silsiləsinə daxildir.

Ulu öndərin tibb elminə, tibb təhsili sisteminə göstərdiyi qayğı sayəsində, 1996-cı ildə Azərbaycan Tibb Universiteti Amerika və Avropa Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil edildi və bundan sonra ölkəmizin dövlət xətti üzrə yeganə ali tibb təhsili ilə məşğul olan tədris ocağının beynəlxalq əlaqələri daha da genişləndirildi, xarici ölkələrin ali tibb müəssisələri ilə tələbə mübadiləsi aparılması, alimlərimizin xarici əlaqələrinin genişləndirilməsi lazımi səviyyəyə çatdırıldı. Tibb alimlərinə, həkimlərə, bütün səhiyyə işçilərinə xüsusi qayğı ilə yanaşan Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu dövrdə iki dəfə (1998 və 2000-ci illərdə) Azərbaycan Tibb Universitetində olmuş, hər dəfə də ali təhsil ocağında geniş nitq söyləyərək həm tələbələrə, həm professor-müəllim heyətinə, həm də bütövlükdə bütün səhiyyə işçilərinə dəyərli məsləhətlər vermiş, onların gələcək yollarının istiqamətini müəyyənləşdirmişdir. Müstəqillik dövründə ölkə başçısının qayğısı sayəsində tibb təhsili sistemində bir sıra uğurlu islahatlar həyata keçirilmiş, əczaçılıq fakültəsində bakalavr və magistratura hazırlığının aparılması işinə start verilmiş, 2000-ci ildə ATU-nun nəzdində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi-tibb fakültəsi yaradılmışdır.

1998-ci ilin 28 sentyabr günü Ümummilli lider Heydər Əliyevin Azərbaycan Tibb Universitetinə göstərdiyi diqqət və qayğının təcəssümü olmaq baxımından xüsusilə əlamətdardır. Həmin gün ATU-da yeni tədris binasının açılışı oldu. Açılış mərasimində Ulu öndər Heydər Əliyevin iştirak etməsi universitet kollektivinə hədsiz sevinc bəxş etdi.

Qeyd etmək lazımdır ki, yeni istifadəyə verilən 11 mərtəbəli müasir tipli tədris binasının tikintisinə hələ XX əsrin 80-ci illərində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanılmış, lakin müxtəlif səbəblər üzündən başa çatdırılmamışdı. Sonralar binanın dağılmaq təhlükəsi ilə üzləşməsi universitet kollektivinin ciddi narahatçılıqlarına səbəb olmuşdu. Tikintinin başa çatdırılması yalnız Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, Onun təhsil müəssisələrinə göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olmuşdur.

Ulu öndər 2000-ci ildə yenidən Azərbaycan Tibb Universitetinə gələrkən burada 500 yerlik akt zalının açılışında, eləcə də, ATU-nun yaradılmasının 70-illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak etdi. Yenicə istifadəyə verilmiş unikal akt zalının tribunasından birinci olaraq Ümummilli liderimiz Heydər Əliyevin tarixi nitqi səsləndi. Həmin gün o, Azərbaycan Tibb Universitetinin maddi-texniki bazasının inkişaf mərhələlərindən də geniş söhbət açdı. Ümummilli liderin nitqi bizim üçün proqram sənədinə çevrildi və biz gələcək planlarımızı dahi Heydər Əliyev ideyalarının müddəaları əsasında qurduq. Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin nümayəndələri elmi və pedaqoji fəaliyyətlərində əldə etdikləri nailiyyətlərinə görə bir sıra beynəlxalq qurumlara üzv seçildilər.

Ulu öndərin ATU-ya göstərdiyi dövlət qayğısı, yaratdığı əlverişli şərait sayəsində Azərbaycan Tibb Universiteti Qaradəniz hövzəsi ətrafı ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçildi. Ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində 2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində onun tarixində ilk klinika olan Stomatoloji Klinika təşkil edildi və bununla da ATU-nun öz klinikalarının yaradılmasının möhkəm bünövrəsi qoyuldu.

Dahi Heydər Əliyevin qurduğu bünövrəyə söykənərək ATU-nun maddi-texniki bazasının inkişafı hazırda da müvəffəqiyyətlə davam etdirilir. Çünki Azərbaycana rəhbərlik edən cənab Prezident İlham Əliyev Ulu öndərin yolunu uğurlu davam etdirərək, bu yolu bütün zamanların dayağına, istinad nöqtəsinə çevirir. Təkcə onu demək kifayətdir ki, 2006-cı ildə Prezidentin göstərişi ilə ATU-nun Onkoloji Klinikasının təşkilinə başlanıldı və bu proses 2007-ci ilin iyun ayında başa çatdırıldı. Heydər Əliyevin ideyalarına daim sadiq qalan Prezident ATU-nun vəziyyətini nəzərə alaraq, 2007-ci il sentyabr ayının 11-də ATU-nun terapevtik klinikasının yaradılması və tikintisinə başlanılması haqqında Sərəncam imzaladı. 2007-ci il sentyabr ayının 18-də isə tikintinin təməlqoyma mərasimi keçirildi. Təməlqoyma mərasimində cənab İlham Əliyevlə birlikdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi. 2010-cu il oktyabrın 1-də Azərbaycan Tibb Universitetinin yaradılmasının 80 illik yubileyi ərəfəsində cənab Prezidentin və Onun xanımı Mehriban Əliyevanın iştirakı ilə ATU-nun Tədris-Terapevtik Klinikasının açılış mərasimi keçirildi. Hazırda Ulu öndər Heydər Əliyevin tikdirdiyi 11 mərtəbəli tədris binası ilə cənab İlham Əliyevin təşəbbüsü və qayğısı sayəsində inşa edilmiş 14 mərtəbəli Tədris-Terapevtik Klinika “Tibb şəhərciyi”ndə qoşa dayanaraq, ölkəmizin tibb elminin, tibb təhsili sisteminin inkişafına xidmət edirlər.

Ölkə Prezidenti 2008-ci il mart ayının 13-də ATU ilə əlaqədar daha bir Sərəncam imzalamışdır. Bu Sərəncamla ATU-nun Tədris-Cərrahiyyə Klinikasının yaradılmasına və tikintisinə başlanılmış, 2013-cü il sentyabrın 12-də bu möhtəşəm klinika da həkimlərin, professor-müəllim heyətinin, tələbə-gənclərin ixtiyarına verilmişdir.

Azərbaycan mlli dövlətçilik ənənəsinin formalaşması və həyatın bütün sahələrini, o cümlədən, tibb elmi və tibb təhsili sistemimizi əhatə edən çoxşaxəli fəaliyyət və əldə olunan uğurlar, milli-mənəvi dəyərlərin təşəkkül tapması, tarixi soykökə qayıdış, azərbaycançılıq dünyagörüşünün formalaşması, məhz Ulu öndərin ideyalarının reallığa çevrilməsinin məntiqi nəticəsidir.

Heydər Əliyev ideyaları bu gün də yaşayır və özünün müzəffər yürüşünü davam etdirir. Belə ki, bu ideyalardan güc alan müasir Azərbaycan diplomatiyası cənab İlham Əliyevin apardığı məqsədyönlü işlər sayəsində beynəlxalq aləmdə misli görünməmiş uğurlar qazanmışdır. Bu uğurlardan biri də Azərbaycan Respublikasının 2011-ci il oktyabrın 24-də 155 ölkənin dəstəyini qazanaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olmuşdur.

Müstəqil Azərbaycan Respublikasının memarı olan Ulu öndər Heydər Əliyev həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin, ölkəmizin tibb ocaqlarının böyük qurucusu və yaradıcısı kimi daim yaşayır və yaşayacaqdır.

 

Əhliman Əmiraslanov

Milli Məclisin deputatı,

Azərbaycan Tibb

Universitetinin rektoru

Yeni  Azərbaycan.-2014.- 29 aprel.- S.6.