İLHAM ƏLİYEVİN ÇOXVEKTORLU GEOİQTİSADİ SİYASƏTİNİN NÖVBƏTİ UĞURLARI

 

(I məqalə)

Keçən il noyabr ayının 28-29-da dünya ictimaiyyətinin bu gün də böyük diqqət mərkəzində olan Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən Avropa İttifaqının III “Şərq Tərəfdaşlığı” (ŞT) Sammiti öz işini başa çatdırdı. Sammit çərçivəsində Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan ölkələr (Ukrayna və Ermənistan istisna olmaqla), o cümlədən, Azərbaycan arasında mühüm sənədlər imzalandı, qərarlar qəbul edildi. Bununla belə Sammit, bilavasitə Avrasiya məkanında baş verən yeni geoiqtisadi və geosiyasi proseslərin fonunda beynəlxalq və ölkə mətbuatında ciddi müzakirə mövzusuna çevrildi, bu istiqamətdə müxtəlif xarakterli suallar doğurdu. Bunları nəzərə alaraq, müzakirə predmeti olan bəzi məsələlərə aydınlıq gətirməyi vacib hesab edirik.

Müasir dünyanın geoiqtisadi mənzərəsinə Avropa İttifaqı pəncərəsindən baxış

Müasir dövr dünya iqtisadiyyatı tarixinə qloballaşmanın geniş vüsət alması, ölkələrarası qarşılıqlı asılılığın daha da güclənməsi, dünya ölkələrinin inkişafında qeyri-bərabərliyin və qeyri-müəyyənliyin dərinləşməsi, qlobal siyasi, iqtisadi və maliyyə böhranlarının ümumplanetar səviyyədə təzahür etməsi ilə yanaşı, dünyanın geoiqitsadi mənzərəsinin və arxitekturasının sürətlə dəyişməsi və onun yeni sərhədlərinin müəyyən edilməsi kimi daxil olmuşdur. XX əsrin ən mühüm üç hadisəsindən biri olan Sovet imperiyasının süqutu ilə başlanan bu proses hazırda özünün məntiqi sonluğuna yaxınlaşmaqdadır.

Dünya Avrasiya məkanında yenidən bölünür-desək, yəqin ki, səhv etmiş olmarıq. Bu bölünmənin dramatiklik dərəcəsini və onun yüksək templərlə inkişafını bir sıra məqamlarda “soyuq müharibənin” bəzi aspektlərinin təzahürü ilə müqayisə etmək olar. Xüsusilə, beynəlxalq iqtisadi inteqrasiya proseslərinin əsasında dayanan təməl prinsiplərin bu gün siyasi maraqlarla, bəzən ambisiyalarla əvəz olunması bu fikirlərin təsdiq olunmasına tam əsas yaradır. Əgər, 10 il bundan öncə Aİ makroiqtisadi göstəricilərin səviyyəsi, qanunvericilik, demokratiya, insan hüquqları və digər meyarlara görə “alınmaz qala”ya bənzədilirdisə, bu gün bu meyarlar demək olar ki, geosiyasi və geoiqtisadi maraqlar müstəvisində nəinki tamamilə ərimiş, hətta siyasi və iqtisadi təzyiqlər və təhdidlərlə əvəz olunmuşdur.

Müstəqil dövlət üçün ən vacib olanı onun özgürlüyüdür, malik olduğu sərvətlərdən, eləcə də Beynəlxalq Əmək Bölgüsündə iştirakından milli maraqlar nəzərə alınmaqla maksimum faydalanmaqdır. Sözsüz ki, iqtisadi inteqrasiya birliklərinə qoşulmaq bu faydaların əldə olunmasına real zəmin yaradır. Lakin istənilən halda ölkə öz suveren hüquqlarının xeyli hissəsini fövqəlqurumlara ötürmək məcburiyyətində qalır. Başqa sözlə, regional iqtisadi inteqrasiyanın yaratdığı üstünlüklər, yoxsa milli özgürlük dilemması həmişə olduğu kimi, bu gün də aktuallığını saxlamaqdadır. Bunu III “Şərq Tərəfdaşlığı” Sammiti də bir daha sübut etdi.

Təsadüfi deyil ki, dünya tarixində baş vermiş ən mühüm hadisələrin mənbəyi və məkanı olmuş Avropa və onun müasir dünya geosiyasi xəritəsində və geoiqtisadi arxitekturasında əsas təmsilçisi olan Avropa İttifaqı XXI əsrin əvvəllərində də qlobal proseslərin idarə olunmasında və planetar miqyaslı münasibətlərin tənzimlənməsində aparıcı rol oynamaqda davam edir. Başqa sözlə, zəngin tarixi ənənələri və unikal inkişaf təkamülü ilə xarakterizə olunan Avropa İttifaqı, ən geniş anlamda dünya nizamının qurulmasında həlledici əhəmiyyətə malik olmaqla, müasir beynəlxalq münasibətlərin və dünya iqtisadiyyatının sistem yaradan əsas subyektlərindən biri hesab olunur. Hazırda dünyanın əsas iqtisadi, siyasi və hərbi güc mərkəzlərindən biri olan Avropa İttifaqı, eyni zamanda, beynəlxalq iqtisadi inteqrasiyanın ən yüksək səviyyəsinə gəlib çatmış və onun bu günə qədər dünyada mövcud olan analoji birliklərlə müqayisədə ən klassik, uğurlu və bitkin modeli kimi də bənzəri yoxdur.

Bu gün demokratik və azad dövlətlərin birliyi kimi Aİ faktiki olaraq vahid iqtisadi məkana və valyuta sisteminə, müasir dünyanın əsas investisiya mərkəzinə, balanslaşdırılmış sosial siyasətə malik olmaqla, formalaşmaqda olan yeni dünya düzənində və beynəlxalq münasibətlərdə çox mühüm rola malikdır. Avropa Komissiyasının sədri J.M.Barrozonun fikrincə desək: “...Aİ şübhəsiz ki, qlobal subyektdir, özünün spesifik xarici siyasətini həyata keçirir. Mən bunu səmərəli və çoxtərəfli yanaşma adlandırıram. ...öz spesifik təbiəti sayəsində Aİ ən müxtəlif mənbə və xarakterli çağırışlara cavab verə bilən çoxşaxəli xarici siyasət mexanizmlərinə, dünyada ən böyük ümumi bazara və ÜDM-ə malikdir”.

Uğurla həyata keçirilən inteqrasiya prosesləri nəticəsində formalaşan Aİ müasir dünyanın iqtisadi güc və inkişaf mərkəzi kimi xarakterizə edilə bilər. Xüsusilə, Avropa məkanı çərçivəsində formalaşmış yüksək həyat standartları, habelə Avropa ölkələrinə qlobal rəqabətdə böyük üstünlüklər yaradan idarəetmə, biznes və texnoloji standartlar Aİ-nin beynəlxalq miqyasda nüfuzunu şərtləndirən mühüm amillərdir.

Hazırda Aİ dünya iqtisadiyyatında aparıcı rola malikdir. 2012-ci ilin məlumatlarına əsasən dünya əhalisinin təqribən 7,2 faizinin yaşadığı Aİ-də dünya üzrə ÜDM-in 23,2 faizi istehsal edilmişdir. Qeyd edək ki, 2003-2008-ci illəri əhatə edən 5 il ərzində Aİ-nin ÜDM göstəricisi 11,4 trl. ABŞ dollarından 18,2 trl. dollara yüksəlmişdir. 2008-ci ildən etibarən baş verən və indi də davam edən qlobal iqtisadi böhran nəticəsində bu göstərici 2012-ci ildə 16,6 trl. dollara qədər azalmışdır. Nəticədə 2003-2012-ci illəri əhatə edən son 10 ildə Aİ-nin dünya üzrə ÜDM-də xüsusi çəkisi 30,3 faizdən 23,2 faizə qədər aşağı enmişdir. Bu dövr ərzində Aİ-nin orta illik iqtisadi artım tempi təqribən 1,2 faiz təşkil etmişdir. Bununla belə, Aİ dünya iqtisadiyyatında üstün mövqeyini qoruyub saxlamışdır. Belə ki, 2012-ci ilin göstəricilərinə əsasən dünyanın digər aparıcı iqtisadi güc mərkəzləri hesab olunan ABŞ, Çin və Yaponiyanın dünya üzrə ÜDM-də xüsusi çəkiləri müvafiq olaraq 22 faiz, 11,3 faiz və 8,3 faiz, əhalinin sayı isə müvafiq olaraq 4,5 faiz, 19 faiz, 1,8 faiz təşkil etmişdir. Onu da qeyd etmək lazımdır ki, son 20 ildə Aİ yeni üzvlər hesabına öz ərazisini 1,3 dəfədən çox artıraraq 4,4 mln km2 çatmasına nail olmuşdur ki, bu da ABŞ və Çinin ərazisindən 2,2 dəfə az, Yaponiyanın ərazisindən isə 11,6 dəfə böyükdür.

Bu dövr ərzində Aİ-nin əhalisi 1,3 dəfədən çox artmışdır. Əhalinin artımı təbii artım hesabına deyil, məhz yeni üzv ölkələrin hesabına baş vermişdir. Bütün bunlar Aİ-nin coğrafi sərhədlərinin də xeyli genişlənməsinə və dəyişilməsinə səbəb olmuşdur ki, bunlar da çox mühüm geosiyasi, geoiqtisadi və hərbi-strateji əhəmiyyət kəsb etməklə, Aİ-nin qlobal güc mərkəzi kimi imkanlarının artmasını və nüfuz dairəsinin genişlənməsini təsbit edir.

Aİ-nin müasir beynəlxalq iqtisadi münasibətlər sistemindəki əhəmiyyətini əks etdirən digər mühüm göstərici kimi İttifaqın dünya ixracındakı payını xüsusi qeyd etmək vacibdir. Belə ki, Aİ-nin ümumi ixracı 2003-2012-ci illər ərzində təqribən 2 dəfə artaraq 3,2 trl. dollardan 5,8 trl. dollara yüksəlmişdir. Bununla da, dünya ixracında 31,5 faiz paya sahib olan Aİ digər aparıcı güc mərkəzləri - ABŞ (8,2 faiz), Çin (11,4 faiz) və Yaponiya (4,3 faiz) ilə müqayisədə bu göstəriciyə görə böyük fərqlə üstünlüyünü qoruyub saxlamışdır.

Dünya təsərrüfat əlaqələri sistemində inteqrasiyanın mühüm göstəricilərindən biri hesab olunan və “ikinci iqtisadiyyatı” xarakterizə edən xaricə birbaşa investisiya axınları da Aİ-nin qlobal iqtisadi gücünü təzahür etdirir. 2003-2008-ci illərdə bu göstərici üzrə mütləq liderlik nümayiş etdirən Aİ-nin dünyada mövqeyi 2008-ci ildə baş verən qlobal iqtisadi böhrandan sonra nisbətən zəifləməyə başlamış və bu istiqamətdə üstünlüyünü ABŞ-la bölüşmüşdür. Belə ki, 2012-ci ildə Aİ-nin dünya üzrə birbaşa xarici investisiya qoyuluşu göstəricisində xüsusi çəkisi 23,2 faiz təşkil etmişdirsə, bu göstərici üzrə ABŞ-ın payı 23,6 faiz olmuşdur.

Aİ iqtisadiyyatı yüksək kəmiyyət göstəriciləri ilə bərabər, postsənaye cəmiyyətinə məxsus rəqabətqabiliyyətli iqtisadiyyat strukturuna malikdir. Belə ki, İttifaq ərazisində 2011-ci ildə yaradılan əlavə dəyərin 72,5 faizi xidmətlər, 25,7 faizi sənaye və cəmi 1,8 faizi kənd təsərrüfatı sektorunun payına düşmüşdür.

İqtisadi inkişafın yüksək göstəriciləri sayəsində Avropa məkanında yüksək səviyyəli sosial rifah təmin edilmişdir. 2012-ci ildə Aİ-də adambaşına düşən ÜDM-in orta göstəricisi təqribən 33.000 ABŞ dolları təşkil etmişdir ki, bu da dünya üzrə analoji orta göstəricidən (10. 000 ABŞ dolları) 3,3 dəfə çoxdur.

Bütün bu qeyd edilənlər, təbii olaraq Aİ-ni inteqrasiya mövqeyindən də daha cəlbedici və böyük nümayiş effektinə malik olduğunu göstərir. Lakin bununla belə, 2008-ci ildən başlayaraq ötən dövr ərzində bütün dünyada olduğu kimi, Avropa da ağır iqtisadi böhranla, dövrün “Böyük Depressiyası” ilə üzləşmişdir. Bu böhran nəticəsində Aİ-nin iqtisadi inkişaf tempi zəifləməyə başladı. İşsizliyin yüksəlməsi, iqtisadi artım templərinin azalması, xarici borcun artması, bəzi ölkələrdə onun həcminin ÜDM-in həcmini də xeyli üstələməsi (İspaniyada - 165 faiz, İtaliyada - 108 faiz, Yunanıstanda- 174 faiz, Portuqaliya - 223 faiz və s.) Avropa ölkələrinin başlıca problemlərinə çevrildi. Bəzi hallarda iqtisadi situasiyanın yaxşılaşmasına baxmayaraq, bütövlükdə Avropa iqtisadiyyatı qeyri-stabil olaraq qalmaqdadır.

Aİ-nin üzv dövlətləri Avropanın iqtisadi inkişaf problemlərinin müzakirəsi prosesində böhrandan çıxmaq və dayanıqlı, hərtərəfli artım və inkişaf üçün şəraitin yaradılması məqsədilə bütün səylərin birləşdirilməsinin və Aİ iqtisadiyyatının idarəedilməsinin gücləndirilməsinin zəruri olduğu qənaətinə gələrək, “Avropa-2020” strategiyasını qəbul etdilər ki, bunu da Avropa məkanında baş verən iqtisadi və siyasi proseslərin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Bu strategiya iqtisadiyyatın gücləndirilməsini 3 əsas amilin - biliklərə və innovasiyalara əsaslanan iqtisadi inkişaf (“ağıllı və ya smart artım”), resurslardan məqsədyönlü istifadə edilməsinə, ekologiya və rəqabətə əsaslanan iqtisadiyyatın yaradılması (“dayanıqlı və davamlı artım”) və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan yaradılması, sosial və regional bərabərliyə nail olunması (“hərtərəfli artım”) üzərində qurulmasını nəzərdə tutur. Eyni zamanda, bu strategiyanın məşğulluq, təhsil, tədqiqat və işləmələr, yoxsulluğun azaldılması və sosial təminat, innovasion texnologiyaların yaradılması və tətbiqi, rəqəmsal texnologiyalarının inkişafı, qloballaşmaya istiqamətlənən sənaye siyasəti, resurslardan məqsədyönlü istifadə edilməsi, yeni bacarıqların inkişafı, iş yerlərinin artırılması və digər istiqamətlər üzrə əsas məqsədləri və konkret hədəfləri müəyyənləşdirildi. Bu hədəflər sırasında 20-64 yaşlarında olan əhalinin 75 faizinin işlə təmin edilməsi (hazırda bu göstərici 68,5 faizdir), ÜDM-in 3 faizinin elmi-tədqiqat və işləmələrə yönəldilməsi (hazırda bu göstərici 2,06 faizdir), təhsillə bağlı - ibtidai məktəbdən yayınmaların səviyyəsinin 10 faizdən aşağı salınması, 30-34 yaşında olan əhalinin ən azı 40 faizinin tam ali təhsilli olması (hazırda bu göstərici 35,8 faizdir), yoxsulluq riski olan insanların sayının ən azı 20 milyon azaldılması (hazırda bu göstərici 123 mln. nəfərdir), karbon qazı emissiyasının 20 faiz azaldılması, bərpa olunan enerjinin xüsusi çəkisinin 20 faizə çatdırılması, enerjidən istifadə effektivliyinin 20 faiz artırılması və s. xüsusi qeyd olunmalıdır.

Bütün bunlarla yanaşı, Aİ yaxın gələcəkdə Şərqə və Cənuba doğru genişlənməklə öz coğrafi və iqtisadi məkanını xeyli böyütmək, daha çox resurs, istehsal amilləri və bazarlara sahib olmaq, enerji resursları təchizatını şaxələndirməklə daha etibarlı və alternativ karbohidrogen mənbələrinə çıxış imkanı əldə etmək və onların Avropaya nəqli marşrutlarına nəzarət etmək, bu sahədə Rusiyadan asılılığı xeyli azaltmaq, yeni strateji tərəfdaşlar qazanmaq və s. kimi mühüm geostrateji və geosiyasi vəzifələr qarşıya qoymuş və bu istiqamətdə artıq real addımlar atmaqdadır. Bu sıradan Aİ-nın “Avropa Qonşuluq Siyasəti” (AQS) və “Şərq Tərəfdaşlığı” proqramları xüsusi qeyd olunmalıdır.

Azərbaycan - Avropa İttifaqı əlaqələri: təkamülü və inkişaf meyilləri

Azərbaycanın Aİ ilə münasibətləri respublikamızın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyi dövrdən etibarən formalaşmağa başlamışdır. Bu dövrdən başlayaraq Aİ ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda inkişaf edir. Bu əməkdaşlığın inkişafını ardıcıl olaraq 4 əsas mərhələ üzrə xarakterizə etmək olar ki, bu mərhələlər üzrə də Azərbaycan -Aİ münasibətlərində əsaslı kəmiyyət və keyfiyyət dəyişikliklərini və inkişaf meyillərini müşahidə emək mümkündür.

Birinci mərhələ (1992-1998) Aİ ilə rəsmi diplomatik əlaqələr qurulduqdan sonra başlamışdır. Aİ-nin 1991-ci ildə yaradılmış “MDB ölkələrinə Texniki Yardım” (TACİS) Proqramı çərçivəsində müvafiq texniki və ekspert köməyi vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatlar dəstəklənmiş, sözügedən proqramın Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə - infrastruktur, özəl sektor və insan resurslarının inkişafına üstünlük verilmişdir. TACİS, demokratiya və insan hüquqlarının dəstəklənməsi, ərzaq təhlükəsizliyi və digər proqramlar çərçivəsində Aİ Azərbaycana 1992-1998-ci illərdə təqribən 202,0 mln avro həcmində maliyyə və texniki dəstək göstərmişdir. Qeyd edilən mərhələdə TACİS Proqramının əsas çoxtərəfli şəbəkə layihələrindən olan TRACECA çərçivəsində əməkdaşlığın əsası qoyulmuşdur.

Bununla yanaşı, 1992-1998-ci illəri əhatə edən dövr ərzində Azərbaycan Aİ-nin üzv-dövlətləri ilə ikitərəfli ticarət-iqtisadi əlaqələrini də inkişaf etdirmişdir.

Azərbaycanın Aİ ilə investisiya əməkdaşlığı məlum olduğu kimi, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə Avropanın bir sıra iri neft şirkətlərinin də iştirakı ilə “Əsrin müqaviləsi” adlanan neft kontraktının imzalanmasından sonra inkişaf etməyə başlamışdır. Bu dövrdən etibarən ölkəmizin iqtisadiyyatına Avropa ölkələri tərəfindən qoyulan birbaşa xarici investisiyaların həcmi davamlı olaraq artmağa başlamışdır.

İkinci mərhələ (1999-2003) 1996-cı ilin aprel ayında Aİ ilə Azərbaycan Respublikası arasında imzalanan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin (TƏS) 1999-cu ildən qüvvəyə minməsindən sonra başlayır. İkitərəfli münasibətlərin hüquqi bazasının əsasını təşkil edən bu sazişin imzalanması, ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında olan əlaqələrin tarixi, ölkəmizin bu mötəbər qurumla münasibətlərinin yaradılması və inkişafı bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində TƏS - in imzalanması mərasimində çıxış edən Ulu öndər Heydər Əliyev bu sənədi ölkəmizin Avropa məkanına inteqrasiyası istiqamətində mühüm addım kimi səciyyələndirərək qeyd etmişdir ki, “Azərbaycan Avropa ölkələri arasında inteqrasiya proseslərinin gələcəyinə böyük ümidlər bəsləyir və bərabərhüquqlu tərəfdaş kimi bu proseslərdə fəal iştirak edəcəkdir”.

Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi əlaqələr, sosial, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. TƏS, eləcə də, Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması üçün real zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Konkret nəticə nöqteyi - nəzərindən Avropa ittifaqı ilə əməkdaşlıq başqa beynəlxalq təşkilatlara nisbətən daha da nəticəlidir”.

Yeri gəlmişkən, qeyd edək ki, həmin dövrdə Azərbaycan MDB, İƏT, QDİƏT və GUÖAM-ın üzvü idi.

Bu mərhələdə Aİ tərəfindən davam etdirilən TACİS, demokratiya və insan hüquqlarını dəstəkləyən proqramlar, ərzaq təhlukəsizliyi proqramı, bərpa proqramı çərçivəsində Azərbaycana 117,0 mln avro həcmində maliyyə və texniki dəstək göstərilmişdir. 1999-2003-cü illəri əhatə edən bu dövr ərzində Aİ ilə xarici ticarət əlaqələri dinamik olaraq inkişaf etmişdir. Belə ki, Azərbaycanın xarici ticarət əlaqələrində, xüsusilə, ixracda Aİ-nin xüsusi çəkisi 4 dəfədən də çox artaraq ümumi ixracın 65,7 faizini təşkil etmişdir. Aİ-dən Azərbaycana idxal isə 4,4 dəfə artaraq idxalın umumi həcminin 32,0 faizini təşkil etmişdir. Xarici ticarət əlaqələrinin, xüsusilə, ixracın dinamik artımına “Əsrin müqaviləsi” çərçivəsində hasil olunan neftin “Bakı - Novorossiysk” və “Bakı - Supsa” neft kəmərləri vasitəsilə Avropa bazarlarına nəqlinə başlanılması, ölkənin neft sektoruna qoyulan investisiyaların həcminin əhəmiyyətli dərəcədə artması, yeni texnologiyaların, maşın və avadanlıqların, idarəetmə sistemləri və digər vasitələrin gətirilməsi ciddi təsir göstərmişdir.

Bu dövrdə Aİ ilə Azərbaycanın investisiya əməkdaşlığı da artan dinamika ilə inkişafını davam etdirmişdir. 1999-2003-cü illərdə Aİ (Almaniya, Böyük Britaniya, Fransa) Azərbaycanın iqtisadiyyatının qeyri-neft sektoruna 296 mln. dollar həcmində birbaşa xarici investisiya qoymuşdur ki, bu da əvvəlki dövrlə (1992-1998) müqayisədə 2,5 dəfə çoxdur. 2003-cü ildə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna qoyulan birbaşa xarici investisiyaların ümumi həcmində Aİ-nin xüsusi çəkisi 38,0 faiz təşkil etmiş və bu göstəriciyə görə o, Türkiyəni (24,0 faiz), ABŞ-ı (14,0 faiz) üstələyərək lider mövqeyinə yüksəlmişdir. Eyni zamanda qeyd olunan dövrdə əsas kapitala yönəldilən xarici investisiyalarda da Aİ üstün mövqeyə sahib olaraq 40 faizdən çox xüsusi çəkiyə malik olmuşdur.

Üçüncü mərhələ (2004-2008): 2004-cü ildə şərqə doğru 10 ölkənin hesabına genişlənən Aİ, yeni qonşuluq strategiyasını təklif edərək qonşu ölkələrlə, o cümlədən, Azərbaycanla əməkdaşlığı yeni formatda davam etdirməyə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Baş katibi Xavyer Solana ilə Brüsseldəki görüşündə (2004-cü ilin mayında) bir daha bəyan etdi ki, “Azərbaycan gələcəyini Avropa ailəsində görür. Əlbəttə ki, biz əlimizdən gələni edəcəyik ki, Avropanın bütün meyarlarına cavab verə bilək”.

Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS, tərəfdaşlığın gələcək inkişafı baxımından yeni mərhələ kimi qiymətləndirilə bilər. AQS ölkəmiz üçün aşağıdakı imkanları yaratmışdır: 1) siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması məqsədilə Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı; 2) vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə, gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak; 3) Aİ-nin üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotik və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi və ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi.

2007-ci ilin 1 yanvar tarixindən etibarən TACİS Proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) mexanizmləri ilə əvəz olundu. Daha geniş mandat və əhatə dairəsinə malik olan AQTA AQS Fəaliyyət Planlarının həyata keçirilməsi üçün əsas maliyyə aləti kimi təsdiqləndi. AQTA 3 başlıca strateji məqsədi özündə ehtiva edirdi: demokratiya və insan hüquqlarının təşviqi; bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı inkişafın təşviqi; qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı. Ümumiyyətlə, 2004-2008-ci illər ərzində Azərbaycana Aİ-nin yuxarıda göstərilən proqramları ilə yanaşı, bərpa proqramı, piyadalar əleyhinə minaların təmizlənməsi proqramı, Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti, QHT və qeyri-hökumət iştirakçılarına dəstək proqramı, ətraf mühitə dəstək proqramı çərçivəsində maliyyə və texniki yardım kimi 73,0 mln avro həcmində vəsait ayrılmışdır.

2004-2008-ci illəri əhatə edən beş il ərzində Azərbaycanın Aİ-nin üzv-dövlətləri ilə xarici ticarət əlaqələri xeyli artmışdır. Xüsusilə, dünya bazarında neftin qiymətinin sürətlə yüksəlməsi ilə əlaqədar olaraq 2008-ci ildə Azərbaycanın Aİ-yə ixracı özünün pik nöqtəsinə - təqribən 27 mlrd dollar həcminə çatmışdır. Başqa sözlə, 2004-2008-ci illərdə Azərbaycanın Aİ-yə ixracı 15 dəfədən də çox artmışdır. Bu dövrdə Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı kimi üstünlüyünü daha da möhkəmləndirərək, bütövlükdə xarici ticarət dövriyyəsində 52,8 faiz, o cümlədən, ixracda 56,5 faiz, idxalda isə 28,4 faiz xüsusi çəkiyə malik olmuşdur.

Dördüncü mərhələ (2009-2013): Aİ AQS çərçivəsində əməkdaşlıq etdiyi Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusa münasibətdə 2009-cu ildən etibarən vahid əməkdaşlıq formatının tətbiq edilməsini nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünü qəbul etdikdən sonra Aİ - Azərbaycan əlaqələrinin inkişafında yeni mərhələ başlandı. ŞT Proqramı Aİ və Şərq tərəfdaş ölkələri, o cümlədən, Azərbaycan arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Konkret olaraq bu Proqramın məqsədi əhatə etdiyi dövlətləri Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, səmərəli idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

ŞT Proqramı çərçivəsində Aİ, hər bir tərəfdaş ölkə ilə daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli münasibətlər müstəvisində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişlərinin əvəzinə yeni, Assosiasiya sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin, vizaların tədricən liberallaşdırılması, tərəfdaş - ölkələrin və Aİ - nin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində daha dərin əməkdaşlığın həyata keçirilməsini planlaşdırır.

Bu mərhələdə Azərbaycan Avropa İttifaqı ilə iqtisadi , siyasi, mədəni və digər sahələrdə kifayət qədər faydalı və səmərəli əməkdaşlıq nümayiş etdirmişdir. Energetika, iqtisadiyyat, nəqliyyat, logistika və İKT sahəsində əməkdaşlığın səviyyəsi xüsusi məmnunluq doğurur. Sözügedən mərhələdə Aİ-dən Azərbaycana maliyyə və texniki dəstək çərçivəsində 180 mln. avrodan çox vəsait ayrılmışdır.

Qeyd edilən dövr ərzində başlıca investor ölkələr hesab edilən Aİ ölkələrindən Azərbaycana əsas kapitala yönəldilən xarici investisiyaların həcmi 7,0 mlrd manat təşkil etmişdir ki, bu da xüsusi çəki etibarilə məcmu xarici investisiya qoyuluşlarının 52 faizi deməkdir. Bu dövrdə Aİ tərəfindən Azərbaycanın qeyri-neft sektoruna təqribən 1,4 mlrd dollar (əvvəlki dövrə nisbətən 2,6 dəfə çox) həcmində birbaşa xarici investisiya qoyulmuşdur. Bu göstəriciyə görə Aİ-nin xüsusi çəkisi 42 faiz təşkil etmişdir.

2009-2013-cü illər ərzində Azərbaycanın Aİ ilə ticarət əlaqələri 89 faiz, o cümlədən, ixrac 80 faiz, idxal isə 2,3 dəfə artmışıdır. Qeyd edilən mərhələdə Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı kimi üstünlüyünü qoruyub saxlamış, xarici ticarət balansı müsbət saldo ilə yekunlaşmış, idxalın strukturunda müsbət dəyişikliklər baş vermişdir.

Hazırda Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində təxminən 40 faiz, ixracda isə 70 faiz xüsusi çəkiyə malik olmaqla ölkəmizin əsas ticarət tərəfdaşıdır. Azərbaycanın 10 ən mühüm ticarət tərəfdaşından 7-si Aİ ölkəsidir. Bu gün Azərbaycanın ixracının 80 faizdən çoxunu təşkil edən neft və neft məhsullarının əsas alıcısı da məhz, Avropa ölkələridir.

Müasir dövrdə Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı ölkənin xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının əlverişli geostrateji mövqeyə, zəngin təbii sərvətlərə, xüsusilə, karbohidrogen ehtiyatlarına, inkişaf etmiş geniş nəqliyyat infrastrukturuna və ixtisaslı kadr potensialına malik olması, onun Avropa üçün əhəmiyyətini daha da artırır və Avropa İttifaqının bu coğrafiyada həyata keçirdiyi bütün proqramlarında iştirakını zəruri edir. Elə bu səbəbdən də, Azərbaycan Respublikası Avropa İttifaqının nəqliyyat və enerji sahələrində proqramlarının ən fəal iştirakçısıdır. Aİ Azərbaycanın və bütünlükdə Xəzər dənizi hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatında, Avropaya nəqlində, boru kəmərlərinin inşasında və şaxələndirilməsində müstəsna rola malikdir. Müqayisə üçün qeyd etmək yerinə düşərdi ki, Azərbaycanın yanacaq-enerji sektoruna bu gunə qədər yatırılan 27 mird dollar həcmində birbaşa xarici investisiyaların yarıdan çoxu Avropa ittifaqına daxil olan ölkələrin payına düşür.

Qeyd edilən dövrdə Azərbaycanın Aİ ilə bütün sahələrdə əməkdaşlığının, xüsusilə, ticarət - iqtisadi və nəqliyyat sahəsində əlaqələrinin intensiv olaraq inkişafına və şaxələnməsinə 2004, 2007 və 2013 - cü illərdə Aİ - nin yeni üzvlər hesabına genişlənməsi və ümumilikdə üzv-dövlətlərinin sayının 28-ə çatması da mühüm təsir göstərmişdir.

Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti ilə də seçilir. Hələ 1992-1994 - cü illərdə bu münaqişə ilə bağlı Avropa İttifaqı dəfələrlə bəyanat qəbul etmiş, İttifaqın rəsmi sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə müdafiə olunmuş, Dağlıq Qarabağda keçirilən seçkilər pislənilmişdir. 2010-cu il mayın 20-də Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair 2009/2216 nömrəli qətnaməsində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir.

Azərbaycanın Aİ ilə iqtisadi əlaqələrində enerji sektoru böyük üstünlük təşkil edir və enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və yeni formatda davam etdirilməsi istiqamətində mühüm addımlar atılır. Belə ki, 1999 - cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006 - cı ildən Gürcüstan və Türkiyəyə təbii qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihələri dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük təşəbbüslərdən hesab olunur. “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans - Anadolu və Trans-Adriatik qaz boru kəmərləri vasitəsilə Avropaya yeni qaz dəhlizi açacaqdır. “Şahdəniz-2” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılmış və layihənin dəyəri 25 milyard dollar həcmində qiymətləndirilmişdir. “Şahdəniz-2” yatağından ildə 16 milyard kubmetr qaz hasil etmək nəzərdə tutulur ki, bu hasilatın da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ixrac ediləcəkdir.

Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol, onun geostrateji mövqeyi və etibarlı tərəfdaş olması, təbii olaraq Avropa rəsmiləri tərəfindən də yüksək qiymətləndirilir.

Beləliklə, 2006-cı ildə enerji məsələləri üzrə strateji əməkdaşlığa dair anlaşma Memorandumunun və 2011-ci ildə “Cənub Qaz Dəhlizi”nin təsis edilməsinə dair Birgə Bəyannamənin imzalanması, “Bakı - Tbilisi - Ceyhan” neft ixrac kəməri, “Bakı - Tbilisi - Ərzurum” (BTƏ) qaz kəməri kimi mühüm transmilli layihələrin həyata keçirilməsi, Trans-Anadolu və Trans-Adriatik təbii qaz boru kəmərlərinin inşası ilə bağlı qərarların qəbul edilməsi, eləcə də, “Bakı -Tbilisi - Qars” dəmiryolu xəttinin inşası bu istiqamətdə əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına gətirib çıxarmışdır. Bunlarla yanaşı, xüsusi qeyd olunmalıdır ki, Azərbaycan Aİ ilə strateji tərəfdaşlığı iqtisadi və sosial inkişafın davamlılığının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, modernləşdirilməsi, qeyri - neft sahələrinin və özəl sektorun inkişafı müstəvisində sistemli şəkildə davam etdirir.

Hazırda, Azərbaycanın iqtisadi inkişaf xüsusiyyətlərinin təhlili göstərir ki, yaxın perspektivdə ŞT Proqramı çərçivəsində Azərbaycanda həyata keçiriləcək layihələrdə aşağıdakı istiqamətlərə üstünlük verilməsi olduqca vacibdır: institusional islahatların dərinləşdirilməsi və dövlət qurumlarının potensialının artırılması; müasir menecmentin tətbiqinin genişləndirilməsi; Aİ-nin mütəxəssis, avadanlıq, texnologiya və proqram məhsulları formasında texniki yardımlarının gücləndirilməsi; Avropa bazarlarına qeyri-neft ixracının stimullaşdırılması və ixracyönümlü istehsalın və biznesin dəstəklənməsi; investisiya mühitinin daha da yaxşılaşdırılması; ÜTT - yə üzvolma prosesinin sürətləndirilməsi; vətəndaş cəmiyyəti sektorunun (QHT-lər, müstəqil ekspertlər, tədqiqat mərkəzləri və gənclərin təşəbbüsləri) daha geniş dəstəklənməsi; viza rejiminin sadələşdirilməsi və gələcəkdə tədricən tam aradan qaldırılması; mütəxəssislərin Aİ ölkələrində təhsil və təkmilləşdirmə proqramlarına fəal surətdə cəlb edilməsi; tələbə, magistr və doktorantların Aİ ölkələrinin aparıcı universitetlərində müvafiq təhsil proqramlarına cəlb olunması; elmi və mədəni sahələrdə genişmiqyaslı mübadilə proqramlarının həyata keçirilməsi.

Azərbaycanın Aİ ölkələri ilə iqtisadi əməkdaşlığının mövcud potensialdan daha yüksək səviyyədə istifadə edilməsi, dünyanın böyükhəcmli bazarı, habelə, iri maliyyə və güc mərkəzlərindən biri olan Aİ-nin güzəştli ticarət rejimindən, nəhəng investisiya imkanlarından, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalanması üçün, ölkənin milli maraqlarının və inkişaf perspektivlərinin prioritetliyinə əsaslanan, regionda və dünyada gedən proseslərə çevik reaksiya vermək qabiliyyətində olan, super güclərin geosiyasi və geoiqtisadi maraqlarını nəzərə alan inteqrasiya strategiyasının formalaşdırılması və onun ardıcıl, məqsədyönlü və sistemli şəkildə həyata keçirilməsi dünyanın geoiqtisadi mənzərəsinin sürətlə dəyişildiyi bir şəraitdə həyati əhəmiyyət kəsb edir ki, bütün bunlar da Avropa İttifaqı ilə əməkdaşlığın daha yüksək mərhələyə - Strateji modernləşən tərəfdaşlığa keçidinin təmin edilməsini tarixi zərurətə çevirir.

 

ŞƏMSƏDDİN HACIYEV

Milli Məclisin Elm və təhsil

komitəsinin sədri, i.e.d., professor

Yeni  Azərbaycan.-2014.- 29 aprel.- S.7.