Ölkəmizdə ərzaq təhlükəsizliyinin
gücləndirilməsinə yönəldilən tədbirlər
müsbət nəticələrini verir
Prezident İlham
Əliyev: Son illərdə biz özümüzü əsas
ərzaq məhsulları ilə böyük
dərəcədə təmin edə bilmişik
Müasir dünyada insanların üzləşdikləri problemlərdən biri də ərzaq qıtlığıdır. Kimsəyə sirr deyil ki, bu problemin kökündə əsasən, təbii resurslardan qeyri-səmərəli istifadə dayanır. Məhz buna görə də, müasir dövrdə dünyada qlobal problemlər sırasında başlıca yeri tutan və getdikcə daha geniş yayılmaqda olan ərzaq təhlükəsizliyi problemi əksər xarici ölkələrin diqqət mərkəzindədir. Eyni zamanda, bu problemin həlli yolları Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Ümumiyyətlə vurğulamaq yerinə düşər ki, milli təhlükəsizliyin tərkib hissələrindən biri olan ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Məlum olduğu kimi, müstəqillikdən, daha dəqiq desək Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsinə olan diqqət daha da artıb. Azərbaycanda sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatının inkişafına və ərzaq məhsullarının istehsalına müsbət təsir edib. Xüsusən də, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahənin inkişafına əhəmiyyətli təsir edib.
Ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramları da mühüm rol oynayıb. İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəldilmiş siyasət, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz nəticəsini verib, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub. Ümumilikdə, ötən 10 ildə kənd təsərrüfatı sektoru 1,5 dəfə, o cümlədən, meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə artıb.
Ölkəmizdə ərzağa olan daxili tələbatın öz potensialımız və imkanlarımız hesabına ödənilə bilməsi üçün regionlarda infrastrukturun yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Təsadüfi deyil ki, fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev aqrar bölmənin daha da inkişaf etdirilməsinin dövlətin əsas prioritetlərindən biri olduğunu bildirib. Azərbaycanda ərzaq təhlükəsizliyi məsələlərinin həll edildiyini vurğulayan dövlət başçısı deyib ki, məhsuldarlıq artırılmalıdır və artırılacaqdır: “Aqroparkların, logistika mərkəzlərinin yaradılması məsələlərinə diqqət yetirilməlidir. Həm Azərbaycanda, həm başqa ölkələrdə logistika mərkəzləri yaradılmalıdır və biz yeni istehlak bazarlarına çıxmalıyıq. Bu gün Azərbaycan artıq öz kənd təsərrüfatı məhsullarını ixrac edir və gələcəkdə bu, daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Ona görə, yeni bazarlara çıxışı təmin etmək vacib məsələdir. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Son illərdə biz özümüzü əsas ərzaq məhsulları ilə böyük dərəcədə təmin edə bilmişik. Ancaq hələ ki, buna tam şəkildə nail olmamışıq”.
Bir sözlə, intensiv metodlara əsaslanan aqrar sektorun formalaşdırılmasına yönələn siyasət çərçivəsində həyata keçirilən dövlət dəstəyi tədbirləri, quşçuluq və heyvandarlıq komplekslərinin, bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticəsini verib, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olub. Məsələn, ötən 10 ildə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilib. Belə ki, illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq və 164 milyon əmtəəlik yumurta olan 39 quşçuluq müəssisəsinə 100 milyon manat kredit verilib, sənaye quşçuluğunun istehsal gücü 100 min tona çatdırılıb, quş əti istehsalı 51 faiz artaraq 97 min ton, o cümlədən, sənaye üsulu ilə 2,6 dəfə artaraq 55 min ton olub. Görülmüş tədbirlər nəticəsində quş əti idxalı 73 faiz azalıb. Bununla yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq kompleksinin, illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət istehsalı müəssisəsinin açılması nəticəsində ət və süd istehsalı artıb, özünütəminetmə səviyyəsi yüksəlib.
Eyni zamanda, 28 intensiv bağçılıq və üzümçülük təsərrüfatının, 30 müasir istixana kompleksinin və illik gücü 120 min ton olan 15 meyvə-tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bu sahədə istehsal və ixrac imkanları xeyli artıb.
Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəzin və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin və taxılın tədarükündə, ixracın artmasında, qiymətlərin sabitliyinin təmin edilməsində mühüm rol oynayır. Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması prosesi çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması nəzərdə tutulur. Artıq yaradılmış pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək keyfiyyətli qarğıdalı yığılıb. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının yaradılması işləri yekunlaşmaqdadır.
Qeyd olunanlar isə, ölkəmizdə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsini yüksəldib. Hazırda ölkə əhalisinin istifadə etdiyi bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Xüsusilə son illərdə yeni açılan müəssisələr hesabına süd və ət məhsullarının, meyvə-tərəvəz konserv və şirələrinin istehsal gücləri, o cümlədən bazara təqdim olunan məhsul çeşidləri əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, son 10 ildə ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəldilən tədbirlər nəticəsində bitkiçilik məhsulları 3,1, heyvandarlıq məhsulları 3,4, ət istehsalı 1,6, sənaye üsulu ilə quş əti istehsalı 4,6, yumurta istehsalı 1,8, süd istehsalı 1,5, taxıl istehsalı isə 1,4 dəfə artıb. Başqa sözlə, Azərbaycanda ət və ət məhsullarının özünütəminetmə səviyyəsi 94 faiz, quş əti 92 faiz, yumurta 96,5 faiz, süd və süd məhsulları 75 faiz, taxıl 65 faiz, üzüm 94 faiz, kartof 98 faiz, bostan məhsulları 100 faiz, meyvə və giləmeyvə 126 faiz, duz 72 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar 174 faiz, bitki yağları və marqarin 70 faiz, kərə yağı 50 faizdir.
Bu ildə də kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi davam etdirilməklə yanaşı, bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, subsidiyaların verilməsi prosesinin təkmilləşdirilməsi, kənd təsərrüfatında intensiv metodların tətbiqinin stimullaşdırılması, sığortalanma mexanizminin yaxşılaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının təşviqi, müasir texnologiyalara əsaslanan iri təsərrüfatların yaradılması prioritetlər sırasındadır. Eləcə də, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetiriləcək, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün artırılması və bu sahədə yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.
SEVİNC
Yeni Azərbaycan.-2014.- 1 aprel.- S.2.