31 mart və Xocalı soyqırımları tariximizin unudulmayacaq səhifələridir

 

YAP-ın Humanitar məsələlər komissiyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “dəyirmi masakeçirib

 

Martın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədardəyirmi masakeçirib. “Dəyirmi masada YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, elm xadimləri və partiyanın fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, “Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri Yusif Hümbətov tədbiri giriş sözü ilə açaraq tariximizin qanlı səhifələrindən olan 31 mart soyqırımı ilə bağlı fikirlərini bildirib. Bu hadisənin mahiyyətindən danışan Y.Hümbətov həmin faciəli hadisənin kökünün 1813-cü ildə imzalanmış “Gülüstan” müqaviləsinə gedib çıxdığını deyib. Çünki Rusiya ilə İran arasında bu müqavilə nəticəsində ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsinin əsası qoyulub.

Y.Hümbətov qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mart ayının 26-da imzaladığı Fərmana əsasən, hər il 31 mart tarixi, Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur: “Bu, gələcək nəsillərin həmin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Ulu öndərin imzaladığı Fərmanla məhz 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi heç də təsadüfi deyil. Çünki bunun həm hüquqi, həm də tarixi əsasları var. Ümumiyyətlə, xalqımıza qarşı aparılmış soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimaiyyətinə çatdırıldı. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verilməsinə nail olmaq nə qədər çətin olsa da, bu əzmkarlıqla davam etdirilir”.

“Dəyirmi masada AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Yaqub Mahmudov 31 mart soyqırımı haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam edib. “Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açıb. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan Kərpicxana, Məmmədli və başqa məhəllələrə hücum ediblər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başlayıblar. Alova bürünmüş məhəllələrdə ölənlərin sayı həddindən artıq çox idi. Bu qətliam zamanı erməni millətçiləri heç kimə rəhm etməyiblər. Qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetiriblər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının da hamısını yandırıblar” - deyə, Y.Mahmudov vurğulayıb.

Millət vəkili bildirib ki, 31 mart və Xocalı soyqırımları tariximizin unudulmayacaq səhifələridir. Azərbaycan xalqının 200 illik soyqırımı tarixini yaşadığını deyən Y.Mahmudovun sözlərinə görə, Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, Azərbaycanın XIX-XX əsrləri, 200 illik tarixi yenidən araşdırılmalıdır. Çünki həmin dövrün tarixi təhrif olunmuş şəkildə xalqa çatdırılmışdı. Tarixçi-alim qeyd edib ki, ermənilərin Azərbaycana köçürülməsi XIX əsrdə “Gülüstan” və “Türkmənçay” müqaviləsindən sonra başlayıb: “İlk dəfə 1828-ci ildə İrəvan xanlığının ərazisində erməni vilayəti yaradılıb. O vaxta qədər Cənubi Qafqazda ermənilərin nə siyasi, nə də inzibati vahidi yox idi. Artıq bundan sonra erməni dövlətinin yaradılmasına başlanıldı. Bunun üçün təbii ki, Azərbaycan xalqı öz torpaqlarından məhrum edilməli idi. Danılmaz faktdır ki, xalqımızın kütləvi şəkildə öldürülməsinə çar Rusiyasının göstərişi ilə başlanmışdı. Həmin əraziyə köçürülən ermənilər isə onlar tərəfindən himayəyə götürülərək silahlandırılıb xalqımızın üzərinə yeridilirdi”.

Y.Mahmudov deyib ki, bu işin gedişində ilk dəfə olaraq 1905-07-ci illərdə Qarabağda, İrəvan mahalında, eləcə də, Zəngəzurda kütləvi şəkildə insanların öldürülməsinə başlanıldı: “Soyqırımın tarixi XIX əsrin əvvəllərindən başlayır. Bir sözlə, Azərbaycan xalqı çox faciəli bir tarix yaşayıb. Ulu öndər Heydər Əliyevin xüsusi diqqəti sayəsində tarixi həqiqətləri özündə əks etdirməyən bütün sənədləri ortadan qaldırdıq. Ulu öndərin imzaladığı Fərmanla 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir”.

Tarix İnstitutunun əldə etdiyi yeni sənədlər Stepan Şaumyanın üzdə bolşevik, əslində isə daşnak partiyasının üzvü olduğunu sübut edir” - deyən məruzəçi əlavə edib ki, həmin sənədlərə əsasən Şaumyan hakimiyyəti ələ keçirdikdən sonra Azərbaycan əhalisini məhv etməkdən ötrü ən cəllad daşnak qatillərini Bakıya toplamağa başlamışdı: “Beləliklə də, Şaumyan Azərbaycan xalqının qətlinə fərman verdi. Əlimizdə olan digər bir sənəd isə odur ki, Şaumyan 26-larla birlikdə güllələnməyib. 26-lar güllələndikdən sonra o, Anastas Mikoyanla birlikdə hələ 10 gün bir həbsxanada cəza çəkib”.

Y.Mahmudov, həmçinin, qeyd edib ki, “Sahil bağı”nda aparılan qazıntılar zamanı 26 yox, 23 cəsədin çıxarılması artıq onu göstərir ki, tarix saxtalaşdırılıb: “Məlum oldu ki, 40 yaşında olan Stepan Şaumyanın cəsədi orada yoxdur. Eyni zamanda, azərbaycanlıları öldürmək üçün gətirilən digər cəlladların da cəsədləri tapılmadı. Bütün bu sənədlərin hamısı bizim əlimizdə var. Bu da onu göstərir ki tarix yenidən yazılmalıdır. Əlimizdə minlərlə sənədlər var ki, ermənilər Van gölünün ətrafından bura köçürülüblər. Bu torpaqda ermənilər yaşamayıb. Onlar sonradan burada dövlət yaradıblar. Sənədlərimiz bir daha sübut edir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının 200 illik tarixi var”.

Y.Mahmudov çıxışının sonunda deyib ki, tarix o zaman bizim üçün faydalı olur ki, biz ondan ibrət dərsi alırıq: “Tarixdən ibrət dərsi almasaq, o zaman xalq həmin hadisələri təkrar yaşamalı olur. Tarixdən ibrət dərsi almaq üçün onu dərindən öyrənmək lazımdır”.

“Dəyirmi masada, həmçinin, YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev, AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, tarixçi-alim Nazim Mustafa və başqaları çıxış ediblər. Çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı törədilmiş soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ciddi nəticələr verdiyini vurğulayıblar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz bəhrələrini verməkdədir. Eyni zamanda, Heydər Əliyev Fondunun bu yöndəki fəaliyyəti xüsusi təqdir olunmalıdır. Bu fəaliyyət nəticəsində dünya Ermənistanın işğalçılıq siyasəti haqqında, ermənilərin xalqımıza qarşı törətdikləri qətliamlar, o cümlədən Xocalı soyqırımı barəsində geniş məlumatlar əldə edir. Bildirilib ki, artıq ermənilər dünyanı öz yalanlarına inandırmaqda çətinlik çəkirlər. Bu baxımdan, Quba məzarlığında yaradılan kompleks ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarını beynəlxalq birliyə nümayiş etdirmək üçün xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, Quba məzarlığı erməni vəhşiliyini, insanlığa qarşı cinayətləri əks etdirən əyani faktdır. Bu gün Azərbaycan dövləti daha da güclənir və görülən bütün bu işlər əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır” - deyə, çıxışlarda vurğulanıb.

 

Nardar BAYRAMLI

 Yeni  Azərbaycan.-2014.- 1 aprel.- S.3.