Bakıda salınan yeni parklarxiyabanlar şəhərimizin görkəminə xüsusi gözəllik qatır

 

Dədə Qorqud parkı - keçmişlə müasirliyin vəhdətidir

 

Bakı günü - gündən gözəlləşir...

Ulu əcdadlarımızın uzun illər boyu göz bəbəyi kimi qoruyaraq bizə, bugünkü nəsillərə ərməğan etdikləri Bakı şəhəri hazırda özünün gözəlliyi ilə dünyanın bir çox şəhərləri ilə yanaşı durur. Bu gün Bakı inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu inkişaf paytaxtımıza yolu düşən hər kəsi heyran qoyur.

Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinə, onun zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici dövlətlərdən Azərbaycana gələn, Bakını görən insanların hamısı etiraf edir. Bir-iki il əvvəl Bakıda olmuş xarici qonaqlar növbəti dəfə paytaxtımıza gələndə onu tanıya bilmədiklərini, şəhərin çox sürətlə inkişaf etdiyini söyləyirlər.

Bir sözlə, şəhər günü-gündən gözəlləşir, hər yanda yenidənqurma, tikinti-abadlıq işləri görülür. Yeni parklar, xiyabanlar, körpülər salınır, yaxud köhnə parklar o qədər zövqmüasir üslubda yenidən qurulur ki, iki göz istəyir tamaşasına dursun. İndi hər kəs bu şəhərin qənirsiz gözəlliyinə valeh olur. Bakı bir neçə il əvvəl gördüyümüz Bakı deyil. Köhnə məhəllələrin, baxımsız parkların, necə gəldi tikilən binaların yerində ucalan göydələnlər, parklarxiyabanlar, yeni yollar insanın ürəyini fərəh və qürur hissi ilə doldurur. Çünki bura bizim Vətənimiz, bura bizim yaşadığımız məkandır...

Bakının mərkəzindəki Dədə Qorqud parkı...

Elə bu yaxınlarda Bakıda salınan Dədə Qorqud parkı da paytaxtımızın gözəlliyinə əlavə olunan yeni bir incidir desək, heç də yanılmarıq. Dənizkənarı Milli Parkdan sonra ikinci ən böyük istirahət məkanı olan Dədə Qorqud parkı estetik görkəmi ilə yanaşı, keçmişimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, tariximizə sayğımızın bariz göstəricisidir. 23 dekabr 2013 - il tarixində Prezident İlham Əliyev tərəfindən açılışı gerçəkləşdirilən parkda Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi təşkil olunur.

Qeyd edək ki, Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana əsasən, Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınıb. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən, Dədə Qorqud heykəli və “Dədə Qorqud” dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verilib.

Tarixi yaddaşımızın oyandığı məkan...

Dədə Qorqud parkı qədimliyimizin isbatıdır. Bu parkın hər bir qarışı bir hekayə danışacaq parka gələnlərə. Həmin hekayələr bizlərə azərbaycançılıq və Azərbaycanın irsi barəsində dolğun məlumat verir. Parkın ərazisi xalqımızın yaddaşlarda qalmış tarixi hadisələri əsasında tərtib edilibpark bütövlükdə üç bağdan ibarət olacaq. Hər bağ isə özündə müxtəlif simvolları daşıyan abidələrlə göz oxşayacaq. Bu simvollar Azərbaycan xalqının uzun əsrlərdən bu günümüzə gəlib çatmış mədəniyyətinə, tarixinə, ədəbiyyatına və təbiətinə həsr olunacaq. Park boyunca və parkın içində müxtəlif görməli yerləri gəzmək və abidələrə tamaşa etmək üçün “möcüzəli cığırlar” uzanacaq.

Bu cığırlar elə salınacaq ki, parka daxil olan insanlar bu cığırlarla parkı seyrə çıxacaq. Sanki bu cığırlar Azərbaycanın mədəni irsinin, təbiətinin və tarixinin bələdçisi olacaq və seyrə çıxanları parkın əvvəlindən axırına qədər gəzdirəcək. Parkı seyrə çıxanlar hər dayanacaqda Azərbaycanın irsini, tarixini, təbiətini və mədəniyyətini əks etdirən nümunələrlə tanış olacaqdır. Bu cığırlar üzərində isə yeddi talvar salınacaq.

Talvarlıq Azərbaycanda geniş yayılmış ənənədir və kölgəlik yaratmaq məqsədi ilə istifadə olunur. Tariximizin və mədəniyyətimizin yaddaqalan səhifələrinə həsr olunmuş bu talvarlar ozan kimi, park boyunca, Azərbaycan tarixini və mədəni irsini yaşadan hekayətlər nəql edəcəklər. Talvarlar Kitabi-Dədə Qorqud talvarı, İpək Yolu, On iki prinsip, Doqquz iqlim zonası, Novruz, İncəsənət və Poeziya adlanacaq.

Qısacası, bu park Dədəmiz Qorqudun qopuzunun səsinin min illəri aşaraq bizə çatdığı məkandır. Bunu parkda görüşüb söhbətləşdiyimiz paytaxt sakinləri də dilə gətirdilər.

Bu park, eyni zamanda, bizim tariximizi yaşadır...

Həmsöhbət olduğum paytaxt sakini Mahir Səfərov parka öz qızı ilə gəlmişdi. O, bildirdi ki, Bakımız günü - gündən gözəlləşir, böyüyür, inkişaf edir. Yeni-yeni binalar inşa olunur, parklar salınır. Bunun özü də inkişafın bariz göstəricisidir: “Bir zamanlar bura yaşlı, içi çürümüş, oyulmuş ağaclarla dolu bir yer idi. Bu ərazidə illər əvvəl əkilmiş ağaclar o qədər qocalmışdılar ki, bir balaca möhkəm əsən külək ağacları sındırırdı. Bu gün isə o qocalmış, içi çürümüş ağacların əvəzində bizim üçün möhtəşəm bir park salınıb. Bu parka gəlirik, dincəlirik və zövq alırıq. İndi hələ burda gördüyünüz kimi qayıqlar işə düşməyib. Qayıqların səfərləri başlasa, yay vaxtı isti havada bu suyun sərinliyinə yaxın yerdə əyləşəndə bu parkın dəyərini daha yaxşı anlayacağıq”.

M.Səfərov əlavə etdi ki, bu park, eyni zamanda, bizim tariximizdir: “Bildiyimə görə burda ölkəmizin tarixini, mədəniyyətini, məişətini, qədim keçmişimizi əks etdirən yerlər olacaq. Biz də övladlarımıza göstərəcəyik ki, bizim ulu babalarımız kim olublar. Bizim necə şanlı keçmişimiz olub. Artıq, indidən oğlumla, qızımla bu parka gələndə məndən Dədə Qorqudun kimliyi haqqında soruşurlar. Mən də onlara tariximiz, keçmişimiz, ədəbiyyatımız barəsində bildiklərimi, eşitdiklərimi, oxuduqlarımı danışıram. Əslində, gələcək nəsillərdə vətənpərvərlik məhz bu cür formalaşır”.

Təbii gözəllik insanların əsəblərinin sakitləşməsi üçün əvəzsizdir...

Təqaüdçü Nəsir Allahverdiyev də Dədə Qorqud parkından olduqca razıdır. Onun fikrincə, bu parklar böyüklərin, yaşlıların, uşaqların ürəyini sevinc və fərəh hissi ilə doldurur: “Mən də nəvələrimlə birlikdə bu parka tez-tez gəlirəm. Buraya insanlar daha çox ailələri ilə, öz körpə uşaqları ilə gəlirlər. Geniş meydançada qaçdı-tutdu, top-top oynamaq, rəngbərəng şarlarla o tərəf-bu tərəfə qaçmaq, bir də yaradılan süni göl hövzəsi və al-əlvan güllər balacaların çox xoşuna gəlir. Böyüklər də bu mənzərəyə baxıb həzz alır, mənalı istirahət edirlər.

Parklarda təmizliyi, səliqə-səhmanı qorumaq hər birimizin mənəvi borcudur. Bu, həm də ekoloji mədəniyyət səviyyəmizin göstəricisi olmalıdır. Bu parklar bizim ekoloji cəhətdən sağlam istirahət guşələrində dincəlməyimizin, sağlamlığımızın təminatçısıdır. Siz bir bu parkdakı yaradılmış gözəlliyə fikir verin. Dədə Qorqud Parkında tarixiliyinmüasirliyin vəhdəti xüsusi zövqlə işlənib. Bu gözəllik insanların əsəblərinin sakitləşməsi üçün əvəzsiz nemətdir.

Mənim yadıma gəlir ki, keçən əsrin 60-70-ci illərində parkbulvarlarda bir-birindən maraqlı konsertlər keçirilirdi. Məncə, bu parkda millətimizə aid olan ənənələri əks etdirən konsert proqramları təşkil oluna bilər. Gələcəyimiz olan gənclərə adət-ənənələrimiz belə daha rahat çatdırılmış olar”.

Həmişə babamız bizi bu parka gətirəndə sevinirik...

Bu dəfə diktafonu Nəsir kişinin nəvəsinə - balaca Turala uzadırıq. Həvəsli-həvəsli danışmasından hiss olunur ki, uşaqlar da bu parka böyük maraq göstərirlər: “Babam bizi tez-tez bura gətirir. Gəlib bu parkda dincəlirik. Hər yer tərtəmizdir, gözəldir. Babam deyir ki, yay gələndə burda qayıq sürmək də mümkün olacaq. Mən gələn il məktəbə gedəcəyəm. Amma indidən babamın danışdıqlarının əsasında bilirəm ki, Dədə Qorqud kim olub. Çünki babam tez-tez bizi başına yığıb olanlardan-keçənlərdən danışır. Dədə Qorqud haqqında danışılanlara isə lap maraqla qulaq asıram və hamısını yadda saxlamağa çalışıram. Həmişə babamız bizi bu parka gətirəndə sevinirik”.

Burada insan təbiətdən zövq alır...

Təqaüdçü Tahir Gülməmmədov da demək olar ki, hər gün parka istirahət etməyə gəlir. O, deyir ki, öz gözəlliyi ilə sakinləri heyran edən bu istirahət guşəsi istifadəyə verildiyi ilk gündən diqqətləri üzərinə toplayıb: “Mən yaxınlıqda yaşadığım üçün hər gün buraya gəlirəm. Çünki burada insan təbiətdən zövq alır. Sevindirici hallardan biriodur ki, əvvəllər burada tıxac çox olduğu üçün maşınların səsindən heç evdə də istirahət edə bilmirdik. Amma park salınarkən yol genişləndirildiyi üçün artıq belə problemimiz olmur.

Gördüyünüz kimi park çox gözəldir. Burada vaxt keçirmək həm mənə, həm də nəvələrimə çox yaxşı təsir edir. Burada əkilən güllərdən xüsusi zövq alıram. Şəhərin mərkəzində olmasına baxmayaraq, burada sakitlik hökm sürür və gözəlliyi ilə insanın zövqünü oxşayır. Şəlalələrə və çeşmələrə fikir verin. Görürsünüz, şəlalə və çeşmələrin şırıltısı insana necə rahatlıq gətirir, ruhunu oxşayır. Şəlalə və çeşmələr hazırlanarkən kiçik memarlıq elementlərindən geniş və məharətlə istifadə edilib.

Biz ömrümüzün çox hissəsini sürmüşük, pis-yaxşı nə isə görmüşük. Bir vaxtlar televiziyalarda, kinolarda gördüyümüz gözəl-gözəl parklar bu gün doğma Bakımızda istifadəyə verilir. Bu da onlardan biridir. Qoy, uşaqlar, gənclər istirahət edib dincəlsinlər. Bu parkı belə gözəl şəkildə yenidən qurub istifadəyə verənlərə təşəkkür düşür. Çox sağ olsunlar”.

XXI əsrin Bakısından, Azərbaycanından baxanda keçmişimiz bu park sayəsində daha aydın görünəcək...

Reportaj əsnasında yazar Könül Səidə də Dədə Qorqud parkında oğlu ilə dincələrkən rast gəldik. Könül xanım bildirdi ki, oğlu Səidi şəhərin görməli, tarixi yerlərinə tez-tez gəzməyə aparır. Ötən ilin sonunda cənab Prezidentimiz İlham Əliyev tərəfindən açılışı reallaşdırılan bu park onların sevimli istirahət yerlərindən biridir:Biz bu parkda həm dincəlir, həm əylənir, həm də tariximizi öyrənirik. Bu parkın adı belə kifayət edər ki, parka gələn insanda maraq oyatsın. Çünki tariximizin, milli kimliyimizin əsas özül daşlarından biri olan Dədəmiz Qorqudun adını daşıyan bu park bildiyim qədəri ilə Azərbaycanımızın milli-mənəvi abidələrinin açıq hava muzeyi kimi fəaliyyət göstərəcək. Bu isə həm paytaxt sakinlərinin, həm də paytaxtımıza qonaq gələn insanların böyük marağına səbəb olacaq. XXI əsrin Bakısından, Azərbaycanından baxanda keçmişimiz bu park sayəsində daha aydın görünəcək.

Kitabi - Dədə Qorqudbizim adımızdır. Bu gün məhz adımıza uyğun park kompleksi şəhərimizin mərkəzində ucaldılıb. Son zamanlar ölkəmizin hər yerində, o cümlədən, yaşadığımız Bakı şəhərinin ərazisində salınan parklar, yaradılan səliqə-səhman, aparılan abadlıq işləri deməyə imkan verir ki, bu gün ölkəmiz böyük sürətlə inkişaf edir. Bir ziyalı kimi, bir qələm adamı kimi bu mənə də ruh yüksəkliyi bəxş edir”.

 

Oktay Hacımusalı

Yeni  Azərbaycan.-2014.- 1 aprel.- S.6.