Azərbaycanla ABŞ
arasındakı əməkdaşlıq əlaqələrinin
inkişafı məmnunluq doğurur
ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası martın 28-də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirən qətnamə qəbul edib
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları (ABŞ) müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaş kimi çıxış etməkdədirlər. Ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Qeyd etmək lazımdır ki, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar milli maraqlar sisteminin qarşılıqlı faydalı əlaqələr üzərində uzlaşdırılmasıdır.
Ümumiyyətlə, ABŞ-la Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Belə ki, Vaşinqtonla Bakı beynəlxalq təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi, demokratik inkişaf istiqamətində əməkdaşlığın dərinləşdirilməsi kimi yönlərdə sıx təmaslara malikdirlər.
İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional və beynəlxalq təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif zaman kəsiklərində qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə, əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. Digər tərəfdən, tərəflər arasında baş tutan rəsmi və işgüzar təmaslar münasibətlərin inkişafına özünəməxsus töhfələr verir.
Ümumiyyətlə, Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş etməsi ABŞ tərəfindən yüksək qiymətləndirilir. Vaşinqton ölkəmizi regional təhlükəsizliyin qarantı hesab edir və bu istiqamətdə əməkdaşlığın önəmini xüsusi vurğulayır. Eyni zamanda, təhlükəsizlik kontekstində ABŞ-la Azərbaycanın strateji tərəfdaşlığını uğurlu edən faktorlardan biri də rəsmi Bakının beynəlxalq terrorizmlə mübarizədə, eyni zamanda, qlobal sülhyaratma prosesində Vaşinqtona yüksək səviyyəli dəstək verməsidir. Belə ki, Azərbaycan bir sıra “qaynar” geostrateji məntəqələrdə beynəlxalq terrorizmə və digər dağıdıcı, qeyri-qanuni hal və hərəkətlərə qarşı mübarizədə Birləşmiş Ştatlarla əməkdaşlıq etməkdə və bu istiqamətdə pozitiv nəticələr əldə olunmaqdadır. Məhz bütün bunları nəzərə alan ABŞ ölkəmizi etibarlı strateji tərəfdaş kimi qəbul etməkdədir. Rəsmi Vaşinqtonun timsalında dəfələrlə bəyan edilib ki, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi ABŞ-ın xarici siyasət konsepsiyasında öz əksini tapmış prioritetlərdəndir və bəhs olunan milli dövlət Azərbaycanı uzun müddət beynəlxalq təhlükəsizlikdə güclü tərəfdaş hesab edib. Bu gün isə Birləşmiş Ştatlar iqtisadi, siyasi, humanitar istiqamətlərdə və təhlükəsizlik kontekstində ikitərəfli əlaqələrin intensiv surətdə inkişaf etdirilməsində maraqlı tərəf kimi çıxış etməkdədir.
Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə ən mühüm strateji məsələlərlə bağlı bir-birinə dəstək verməkdədirlər. Sirr deyil ki, bu gün Azərbaycanın ən vacib problemlərindən biri məhz Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamət kimi çıxış edir. Elə buna görə də Rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Amma Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa çalışır. Beləliklə, işğalçı ölkənin - Ermənistanın sərgilədiyi qeyri-konsrtuktiv mövqe münaqişənin həllinin uzanmasına səbəb olmaqdadır. Digər tərəfdən, münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə mane olan başlıca amillərdən biri də vasitəçilik missiyasını daşıyan ATƏT-in Minsk qrupunun lazımi səviyyədə addımlar atmaması və Ermənistanın qeyri-konstruktiv mövqeyinə loyal münasibət bəsləməsidir. Heç şübhəsiz, Minsk qrupunun fəaliyyət mexanizminin səmərəli olması üçün həmsədr dövlətlərin prinsipial və fəal mövqe sərgiləmələri gərəkdir. Bu kontekstdə ABŞ-dan da aktiv diplomatik səylər gözlənilir. Çünki ərazisinin 20 faizi işğal altında olan Azərbaycan ABŞ üçün etibarlı strateji tərəfdaşdır və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında ABŞ-ın səyləri də zəruri strateji amil kimi çıxış edir.
Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olmaq etibarilə ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllini tapması üçün aktiv diplomatiyaya istinad etməli və bu istiqamətdə ciddi nəticələrin əldə olunmasına çalışmalıdır. Çünki münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll olunmaması, status-kvonun saxlanması ilk növbədə regional və beynəlxalq təhlükəsizlik üçün potensial təhdid rolunu oynayır.
Yeri gəlmişkən, ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası martın 28-də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirən qətnamə qəbul edib. Qətnamə Nümayəndələr Palatasının plenar iclasında iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. Nümayəndələr Palatasının həm demokratlar, həm də respublikaçılar fraksiyaları tərəfindən dəstəklənən qətnamənin təqdimatı zamanı demokratik çoxluğun rəhbəri Rida Kabanilla, respublikaçı azlığın rəhbəri Cin Vord, turizm komitəsinin sədri Tom Brauer və təhsil komitəsinin üzvü Riçard Fali çıxış edərək Azərbaycan-ABŞ tərəfdaşlığının yüksək strateji önəm daşıdığını bildirib, Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə böyük səylər göstərdiyini qeyd ediblər.
Qətnamədə Azərbaycanın son 23 il ərzində öz suverenliyini və müstəqilliyini daha da möhkəmləndirdiyi və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyi vurğulanır. Bildirilir ki, Azərbaycan Xəzər hövzəsi kimi çox önəmli bir bölgədə ABŞ-ın güclü müttəfiqidir. Qeyd olunur ki, ABŞ və BMT Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi və hazırda Əfqanıstanda yerləşən ABŞ qüvvələri üçün nəzərdə tutulmuş təchizatın 40 faizinin bu ölkənin ərazisindən daşındığı qeyd olunur. Sənəddə Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir.
Qətnamədə Azərbaycanda müxtəlif dini və etnik icmaların əsrlərdən bəri dinc şəraitdə yaşadığı vurğulanır. Habelə Azərbaycanın Havay ştatı ilə münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilir və Havay ştatının paytaxtı Honolulu şəhərinin Bakı şəhəri ilə uzun illərdən bəri qardaşlaşmış şəhərlər münasibətləri saxladığı qeyd olunur.
Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri daha da inkişaf etdirməli olduğu vurğulanır, Havay ştatının Nümayəndələr Palatasının Azərbaycan-ABŞ strateji tərəfdaşlığını və dostluğunu tam dəstəklədiyi bəyan edilir və bu münasibətlərin növbəti illərdə daha da güclənəcəyinə ümid ifadə edilir.
Əlbəttə, belə bir qətnamənin qəbul edilməsi bir tərəfdən, ölkəmizin səmərəli xarici siyasət kursu, ABŞ-la səmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirməsinin nəticəsidirsə, digər tərəfdən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə uğurla çatdırılmasının bəhrəsidir. Bildiyimiz kimi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə ölkəmiz beynəlxalq təşkilatlardakı mövqeyindən və ikitərəfli əlaqələrindən uğurla istifadə edir. Həmçinin, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın beynəlxalq miqyasda Xocalı soyqırımı həqiqətlərinin tanınması istiqamətindəki fəaliyyətini xeyli intensivləşdirməsi də mühüm nəticələrin əldə olunmasını şərtləndirib. Bu işdə müxtəlif ölkələrdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, ölkə daxilindəki ictimai qurumlar, dünyanın dörd bir yanındakı diaspor təşkilatlarımız, ölkədə və xaricdə yaşayan soydaşlarımız səmərəli fəaliyyət göstərirlər. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” kampaniyası bu baxımdan olduqca səmərəli nəticələr verib. Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyət Xocalı faciəsinə dair münasibətini aşkar surətdə ortaya qoyur. Məhz bundan öncə ABŞ-ın İndiana ştatının Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş müzakirələr aparılmış və bu qətliamın soyqırımı kimi tanınması haqqında qətnamə qəbul edilmişdi. Sənəddə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistana məxsus silahlı dəstələr Azərbaycanın Xocalı şəhərini işğal etmiş və burada 600-dən artıq günahsız insanı, o cümlədən çoxsaylı qadın və uşaqları amansızlıqla qətlə yetirmişdir. Qeyd edilib ki, BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazisinin azad edilməsi haqqında qətnamələrinə baxmayaraq, rəsmi Yerevan bu günədək həmin sənədlərin icrasını təmin etməmiş, işğal etdiyi torpaqları boşaltmamışdır. Beləliklə, İndiana ABŞ-ın Xocalı qətliamını soyqırımı kimi tanıyan 15-ci ştatı olmuşdu. Keçən il Xocalı soyqırımı ilə bağlı qətnamələri Texas, Nyu Meksiko, Tennessi, Oklahoma və Pensilvaniya ştatlarının senatları da qəbul etmişdir.
O da qeyd edilməlidir ki, Xocalı soyqırımı ayrı-ayrı dövlətlər səviyyəsində də tanınır. 2011-ci ilin dekabr ayında Meksika, 2012-ci ilin fevral ayında Pakistan, aprelində isə Kolumbiya Xocalı soyqırımını rəsmən tanıyıb. Bundan başqa, Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlətə çevrilib. Həmçinin, Bosniya və Herseqovina parlamenti Xocalı faciəsini tanıyan qətnamə qəbul edib. Peru, Honduras kimi dövlətlər də Xocalı faciəsini tanıyanlar sırasındadır.
Nəticə etibarilə, regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı-faydalı səciyyə daşımaqda və perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verməkdədir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 1 aprel.- S.8.