Balanslaşdırılmış
siyasət Azərbaycanın milli
maraqlarını təmin edən başlıca vasitədir
Regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən mürəkkəb geosiyasi hadisələrin nəticələri bir daha göstərdi ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir
XX əsrdə beynəlxalq münasibətlər sisteminin və dünya siyasətinin ən böyük hadisələrindən biri SSRİ-nin süquta uğraması oldu. Məhz bu süqutun nəticəsində beynəlxalq hüququn tamhüquqlu subyektləri olan bir sıra milli dövlətlər meydana çıxdı. Dünyanın siyasi xəritəsində baş verən sözügedən kardinal dəyişiklik, həm də beynəlxalq münasibətlər sistemində yeni tendensiyaların meydana gəlməsini şərtləndirdi. Məhz belə bir şəraitdə yeni müstəqillik əldə etmiş dövlətlərin, o cümlədən, Azərbaycanın qarşısında dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq olan xarici siyasət kursunun həyata keçirilməsi vəzifəsi dururdu. Amma müstəqilliyimizin ilk iki ilində ölkəyə səriştəsiz qüvvələrin rəhbərlik etməsi nəticəsində nəinki müstəqil xarici siyasət kursunun həyata keçirilməsi mümkün olmadı, eyni zamanda, Azərbaycan imperialist güclərin geosiyasi oyunlar məkanına və siyasi-ideoloji qarşıdurma meydanına çevrildi.
Yalnız 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, xarici siyasət kursunda da müsbətə doğru dəyişikliklər baş verdi. Belə ki, milli maraqlara müvafiq surətdə həyata keçirilən xarici siyasət strategiyası Azərbaycanı beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna və milli dövlətlərin bərabərhüquqlu strateji tərəfdaşına çevirdi. Xüsusilə də, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın xarici siyasətinin uğurluluğunu və beynəlxalq aləmə inteqrasiyasını təmin etdi.
Ümumiyyətlə, balanslaşdırılmış siyasətin əhəmiyyətini daha yaxşı anlamaq üçün həmin dövrün xarakteristikasına və bu kontekstdə həyata keçirilən xarici siyasət kursunun əsaslarına nəzər yetirmək lazımdır. Məlum olduğu kimi, olduqca mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müxtəlif güc mərkəzlərinin geostrateji həmlələri qarşısında idi. Odur ki, elə bir praqmatik xarici siyasət kursuna istinad etmək lazım idi ki, regional prosesləri istiqamətləndirmək istəyində olan qüvvələrin manevrləri ölkəmizin milli maraqlarına zərər verməsin. Beləliklə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq balanslaşdırılmış xarici siyasət kursu həyata keçirildi. Yəni, balanslaşdırılmış siyasətin həyata keçirilməsi dövrün və situasiyanın reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə seçilmiş ən məqbul variant idi. Çünki Azərbaycanın yerləşdiyi coğrafi regionun mürəkkəb geostrateji balansı məhz bu cür strateji seçimi birmənalı şəkildə zəruri edirdi. Beləliklə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırma siyasəti sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu lokomotiv aktoruna çevrildi, eyni zamanda, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi.
Balanslaşdırılmış siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, qanunauyğunluqlarına və tələblərinə müvafiq surətdə yeni keyfiyyətdə uğurla davam etdirilməsi isə Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli irəliləyişini təmin edib. Artıq Azərbaycan Cənubi Qafqazın siyasi güc mərkəzi və iqtisadi lokomotivi kimi regionun hərbi-siyasi təhlükəsizliyinin təmin olunmasına fundamental töhfələr verir.
O da qeyd edilməlidir ki, Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.
Hazırda Azərbaycan çoxsaylı maraqların uzlaşdığı və toqquşduğu Cənubi Qafqaz regionunun təhlükəsizlik qarantı və inkişaf mənbəyi qismində çıxış edir. Yəni, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən, milli maraqlarımıza söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, yerləşdiyi regionda əməkdaşlıq platformalarının yaradılmasını təmin edən başlıca regional güc olan Azərbaycanın iştirakı olmadan bu gün bölgədə heç bir layihə gerçəkləşdirilə bilməz. Digər tərəfdən, qeyd etdiyimiz kimi, Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Məhz bütün bunlar ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Bir sözlə, Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı milli aktoru - lider dövləti kimi çıxış edir.
Yeri gəlmişkən, regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb geosiyasi hadisələrin nəticələri bir daha göstərdi ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Eyni zamanda, növbəti dəfə aşkar oldu ki, ölkəmiz öz xarici siyasətini, ikitərəfli və çoxtərəli əlaqələrini sırf beynəlxalq hüquq normaları əsasında davam etdirir. Daha dəqiq desək, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni, İstər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 2 aprel.- S.2.