Ölkəmiz
NATO-nun proqramlarında fəal təmsil olunur
Azərbaycan nümayəndələri bu beynəlxalq qurumun Parlament Assambleyasının 85-ci Rouz-Rout Seminarında iştirak ediblər
Xəbər verildiyi kimi, bu günlərdə Bosniya və Herseqovinanın Sarayevo şəhərində NATO Parlament Assambleyasının 85-ci Rouz-Rout Seminarı keçirilib. Tədbirdə Azərbaycan nümayəndələri də iştirak ediblər. Seminarda Avropa İttifaqı və NATO-nun genişlənməsi, Bosniya və Herseqovinada, eləcə də Kosovada və Serbiyada cari siyasi vəziyyət, Cənub-Şərqi Avropada təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlıq, sərhəd idarəçiliyi, müdafiə sahəsində idarəçilik və inteqrasiya məsələlərinə baxılıb. Tədbirdə, həmçinin, NATO və tərəfdaş ölkələrin deputatları, Bosniya və Herseqovinanın yüksək səviyyəli rəsmi şəxsləri, beynəlxalq təşkilatlar və QHT-lərin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan artıq uzun illərdir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə sıx əməkdaşlıq edir. 1992-ci ildə ölkəmizin Şimali Atlantik Əməkdaşlıq Şurasına qoşulması ilə təməli qoyulan əlaqələr 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” Proqramının qəbulu ilə yeni mərhələyə daxil olub. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Fərdi əsaslarda qurulan tərəfdaşlıqla yanaşı, Azərbaycan Avroatlantik Tərəfdaşlıq Şurasının işində də fəal iştirak edir. Bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri üzərində qurulan bu əlaqələr son illər daha da intensivləşib. 2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası ilə NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” bu qurumla ölkəmiz arasında əlaqələrin daha da genişləndirilməsində böyük rol oynayıb.
Bildiyimiz kimi, Azərbaycan-NATO münasibətləri qarşılıqlı maraqlar əsasında qurulub. Daha dəqiq desək, NATO Cənubi Qafqaz regionunda aparıcı dövlət olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu da səbəbsiz deyil. Belə ki, region ölkələri arasında coğrafi mövqeyinə və əhalisinin sayına görə ən əhəmiyyətli ölkə olan Azərbaycan həm də zəngin resurslarına görə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Eyni zamanda, ölkəmiz səmərəli xarici siyasət kursu ilə regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfələr verir. Və Alyansın “Şərq tərəfdaşlığı” siyasətində Azərbaycan özünəməxsus önəm daşıyır. NATO üçün Orta Asiya və Yaxın Şərqə açılan qapı funksiyasını daşıya biləcək bir ölkə ilə əməkdaşlığın perspektivləri çox böyükdür.
Eyni zamanda, Azərbaycan da bu beynəlxalq qurumla əlaqələrini genişləndirməkdə olduqca maraqlıdır. Belə ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq ölkəmiz üçün Avroatlantik strukturlara inteqrasiya prosesinin tərkib hissəsini təşkil edir. Bildiyimiz kimi, ölkə daxilində modernləşmə, müasir elmi-texniki yeniliklərin tətbiqi və demokratikləşmə prosesinin sürətləndirilməsinə böyük diqqət ayrılır. Bununla yanaşı, xarici hərbi müdaxilə və terrorçuluqdan zərərçəkən bir ölkə olaraq Azərbaycan həm yerləşdiyi regionda, həm də bütün dünyada sülh və sabitliyin təmin olunmasını istəyir. Bu səbəbdən də respublikamız beynəlxalq terrorçuluğa qarşı mübarizə üzrə qlobal əməkdaşlıqda fəal iştirak edir. Azərbaycan 2002-ci ildən etibarən NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasına qoşulub. Ölkəmiz həm də özünün hava və quru məkanından beynəlxalq missiyanın həyata keçirilməsi məqsədilə Əfqanıstana göndərilən və oradan çıxarılan yüklərin əsas marşrutlarından biridir. Azərbaycan 2012-ci ildə Əfqanıstanın birbaşa və regional qonşuları olan dövlətlərdən ibarət olan İstanbul prosesinə qoşulub, Əfqanıstanda inkişaf məsələlərinə həsr olunmuş Kabul prosesi və Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) iştirakını davam etdirib.
Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üçün müxtəlif formatlarda və sahələrdə bu ölkəyə yardımlarını davam etdirir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin kontingenti NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatında iştirak edir, ISAF əməliyyatı üçün hava və quru tranziti dəstəyi göstərir, ikitərəfli proqramlar çərçivəsində humanitar mina təmizləmə, fövqəladə hallar üçün təhsil və kadr hazırlığı sahələrində yardımlar edir.
Azərbaycan 2014-cü ildə Əfqanıstandan NATO qüvvələrinin çıxarılmasından sonra da qurum ilə əməkdaşlıq etmək niyyətindədir. Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısının və NATO baş katibinin birgə mətbuat konfransında çıxışı zamanı Anders Foq Rasmussen 2014-cü ildən sonra alyansın əfqan təhlükəsizlik qüvvələri üçün təlim keçirmək, məsləhətlər vermək və yardım etmək kimi Əfqanıstandakı yeni missiyasına verəcəyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdi.
Xatırladaq ki, bu ilin yanvar ayında Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü olub. Görüşdə Prezident İlham Əliyevin NATO-ya, özünün isə 2012-ci ildə Bakıya etdiyi səfərləri xatırlayan Anders Foq Rasmussen həmin səfərlər çərçivəsində keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını deyib. NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini söyləyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Anders Foq Rasmussen görüşdə, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olmasını, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Prezident İlham Əliyev isə Öz növbəsində, NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində fəal iştirakını diqqətə çatdırıb. NATO ilə əlaqələrin Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu deyən dövlət başçısı əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümid etdiyini söyləyib.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirilən bəyanatlar isə Azərbaycan-NATO əlaqələrinin yüksək inkişaf səviyyəsini bir daha nümayiş etdirib. Belə ki, Anders Foq Rasmussen öz çıxışında Azərbaycanın regionda sabitlik üçün həyati əhəmiyyətini vurğulayaraq, ölkəmizi NATO-nun ən vacib tərəfdaşı adlandırıb: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır. Biz qoşunlarınızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq”.
Prezident İlham Əliyev isə Öz bəyanatında Azərbaycan-NATO münasibətlərinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bildirib: “Bu, mənim NATO-nun mənzil-qərargahına artıq beşinci səfərimdir. Bu fakt əməkdaşlığımızın səviyyəsini göstərir. Bu əməkdaşlıq illəri və bizim NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına 20 il ərzində üzv olmağımız göstərir ki, münasibətlərimiz artıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb”.
Bu, bir həqiqətdir ki, Azərbaycan bu beynəlxalq təşkilatla əməkdaşlığı çərçivəsində münasibətlərə özünün töhfələrini verir. Ölkəmizin Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna kömək etməsi də buna nümunədir. Belə ki, artıq 1 milyon avro məbləğində maddi yardım göstərilib və daha 1 milyon avro yardım ayrılacaq. Bundan əlavə, Azərbaycanın Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin akademiyalarında, həmçinin, Diplomatik Akademiyada əfqan hərbçiləri üçün təlimlərin keçirilməsi davam etdiriləcək. Qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əlaqələr təkcə beynəlxalq sülhün qorunması baxımından deyil, regionda hərbi-siyasi təhlükəsizliyin bərqərar edilməsi nöqteyi-nəzərindən də əhəmiyyət daşıyır. Azərbaycan-NATO əlaqələri çərçivəsində ordumuz müasir standartlara uyğunlaşdırılır, müdafiə qabiliyyəti artırılır və ölkədə güclü hərbi kadrlar yetişdirilir.
Azərbaycan-NATO əməkdaşlığı təkcə hərbi deyil, eyni zamanda, humanitar xarakter də daşıyır. Tərəflər arasında ictimai diplomatiya fəaliyyətinin bir istiqaməti kimi, 2007-ci ilin yanvar ayında QHT kimi qeydiyyatdan keçən Azərbaycanda NATO Beynəlxalq Məktəbinin (NİSA) fəaliyyətini qeyd etmək olar. Avroatlantik təhlükəsizlik məsələlərinə dair ictimai maarifləndirmənin gücləndirilməsinə töhfə vermək məqsədi ilə NİSA təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparmaq və bilikləri gücləndirmək üzrə Azərbaycan və Avroatlantik məkanın digər dövlətlərindən gənc nəslin nümayəndələrini müntəzəm olaraq bir araya gətirən “dəyirmi masa” görüşləri, seminarlar, simulyasiya oyunları, eləcə də, yüksək səviyyəli konfranslar təşkil edir. NİSA Azərbaycanda ildə iki dəfə keçirilən NATO və Avroatlantik təhlükəsizliyi üzrə sessiyaların əsas təşkilatçısıdır. 2003-cü ildən etibarən müntəzəm olaraq keçirilən bu sessiyalar zamanı enerji və sərhəd təhlükəsizliyi, mühüm enerji infrastrukturunun mühafizəsi, böhranların idarə olunması, sülh əməliyyatlarına dəstək, dəniz təhlükəsizliyi, kiber müdafiə və digər təhlükəsizlik məsələləri müzakirə olunur. Qurum yalnız tələbələrə deyil, icraçı şəxslərə, müvafiq dövlət qurumlarının nümayəndələrinə də treninqlər keçirir.
Beləliklə, göründüyü kimi, Azərbaycan-NATO əlaqələri çoxşaxəli xarakter daşımaqla hər iki tərəfin maraqlarına cavab verir. Bu əlaqələr qlobal təhlükəsizliyə də vacib töhfədir. Bu mənada, Bosniya və Herseqovinanın Sarayevo şəhərində NATO Parlament Assambleyasının 85-ci Rouz-Rout Seminarında Azərbaycanın təmsilçiliyi təqdir olunmalıdır.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 2 aprel.- S.8.