Natiq Əmirov: Nağdsız ödənişlər
infrastrukturunun təkmilləşdirilməsi
məqsədilə yeni nəsil ödəniş
cihazlarının ölkəmizdə tətbiqi imkanları
qiymətləndirilir
Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət
vergi xidməti müşaviri
Natiq Əmirovun “Trend”
İnformasiya Agentliyinə müsahibəsi
- Natiq müəllim, yola saldığımız
2013-cü il vergi sistemində hansı yeniliklərlə
yadda qaldı?
- 2013-cü il ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrlə yadda qalmışdır. Bunların sırasında ən önəmlisi Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsidir ki, bu da həyata keçirilən uğurlu sosial-iqtisadi strategiyanın davam etdirilməsinə zəmin yaratmaqla ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafına yeni impuls vermişdir. Ötən ilin xüsusi yadda qalan hadisələri arasında “İKT ili” çərçivəsində birinci Azərbaycan peyki “Azərspace-1”in fəzaya qaldırılmasını, dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya İqtisadi Forumunun (Davos Forumu) toplantısının, eləcə də, bir sıra beynəlxalq mötəbər tədbirlərin Bakıda təşkilini, ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard dollar investisiya qoyulmasını, “Şahdəniz-2” İnvestisiya Sazişinin imzalanmasını və digər uğurlu layihələrin həyata keçirilməsini xüsusi vurğulamaq olar. Göründüyü kimi, ölkə Prezidentinin yeni dövr üçün müəyyən etdiyi prioritet vəzifələr iqtisadiyyatda və dövlət idarəçiliyinin bütün sahələrində, o cümlədən vergi xidmətinin fəaliyyətində yüksək nailiyyətlərin əldə edilməsinə imkan vermişdir.
“İKT ili” çərçivəsində vergi sistemi üzrə elektron xidmətlərin genişləndirilməsi tədbirlərinin davamı olaraq ötən il “ASAN İmza” layihəsinin reallaşdırılmasına nail olunmuşdur. Ölkəmizdə rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində uğurlu layihələrdən biri olan “ASAN İmza” biznesin mobil texnologiyalardan idarə edilməsi istiqamətində ilk addım hesab olunur. Bu layihə inzibatçılığın müasirləşdirilməsi ilə yanaşı, ölkəmizdə İnternet/mobil bankçılığın inkişafına böyük təkan verməklə nağdsız hesablaşmaları artıracaqdır. Hazırda “ASAN İmza” mobil rəqəmsal imza sahiblərinin sayı 23 min nəfəri ötmüşdür. Mobil elektron imzanın istifadəsi üzrə əməliyyatların ümumi sayı isə 2 milyondan çoxdur. Avropanın keyfiyyət və təhlükəsizlik üzrə bütün tələblərinə cavab verən “ASAN İmza” layihəsi 19 fevral 2014-cü il tarixdə Brüsseldə, Avropa Parlamentində Azərbaycanın orijinal məhsulu kimi təqdim olunmuşdur. Bununla yanaşı, elektron auditin tətbiqinə başlanılması, vergi partnyorluğu sazişlərinin bağlanması üçün normativ bazanın yaradılması və digər mühüm layihələrin həyata keçirilməsi 2013-cü ilin vergi sahəsində əsas yeniliklərindəndir.
Ötən ildə ölkəmiz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”una qoşulmuşdur. Bununla yanaşı, Vergilər Nazirliyi ilk dəfə olaraq Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) İcraiyyə Şurasına və Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasının (İACA) Bürosuna üzv seçilmişdir. Bütün bunlar Azərbaycanın dünya miqyasında imicinin möhkəmlənməsi və vergi sisteminin beynəlxalq vergi sisteminə uğurla inteqrasiyasının əyani göstəricisidir.
- 2013-cü il ərzində Azərbaycanın vergi xidmətinin fəaliyyətinin nəticələrini necə qiymətləndirirsiniz?
- Ölkə iqtisadiyyatının dinamik inkişafına uyğun olaraq vergi sisteminin təşkilati-nəzarət potensialının gücləndirilməsi, vergi inzibatçılığının bütün sahələrində müasir İKT-nin tətbiqi, inzibati idarəetmənin keyfiyyətcə yaxşılaşdırılması və avtomatlaşdırılması qısa müddətdə vergi xidmətinin fəaliyyətində yüksək uğurlara imza atmağa imkan vermişdir. Bütün bunlar təbii ki, büdcə qarşısında olan fiskal vəzifələrin yerinə yetirilməsi prosesi ilə paralel şəkildə aparılmışdır. Məlumat üçün qeyd edim ki, keçən ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 6,4 milyard manat proqnoza qarşı 6,7 milyard manat vəsaitin daxil olması təmin edilərək, proqnoza 104,1 faiz əməl edilmişdir. Bu da 2012-ci ilin göstəricisinə nisbətən 10,6 faiz çoxdur. İqtisadiyyatda qeyri-neft-qaz sektorunun inkişafının prioritet olaraq müəyyən edilməsi və bu istiqamətdə ölkə üçün əhəmiyyətli kompleks tədbirlərin reallaşdırılması nəticəsində bu sahədə də artım tempi saxlanılmışdır. Ötən il ərzində qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları 2012-ci illə müqayisədə 14 faizdən çox artaraq 3,8 milyard manat təşkil etmişdir. Bu sektordan daxilolmaların ümumi daxilolmalarda xüsusi çəkisi 2012-ci ildəki 54,5 faizdən 56,4 faizə yüksəlmişdir. Özəl sektorun iqtisadiyyatda sürətlə inkişafı nəticəsində bu sahədən vergi daxilolmalarının xüsusi çəkisi 2013-cü ildə 72,4 faizə yüksəlmişdir.
- Nağdsız ödənişlərin təşviqi prosesi 2013-cü ildə də davam etdirilib. Regionlarda POS-terminalların quraşdırılması ilə yanaşı, əhalinin POS-terminallardan istifadə etməsinin stimullaşdırılması üçün hansı tədbirlər planlaşdırılıb?
- Nağdsız ödənişlərin təşviqi və həmçinin, POS-terminalların quraşdırılması məsələsi öz aktuallığını saxlamaqdadır. Hazırda qarşıda duran prioritet vəzifələrdən biri nağdsız ödənişlər üçün müvafiq infrastrukturun yaradılması, bu sahədə stimullaşdırıcı tədbirlərin keçirilməsi və əhalinin fəallığının artırılmasıdır. Nağdsız ödənişlər infrastrukturunun təkmilləşdirilməsi məqsədilə bu sahədə ən qabaqcıl beynəlxalq təcrübə araşdırılaraq təhlil edilir, yeni nəsil ödəniş cihazlarının ölkəmizdə tətbiqi imkanları qiymətləndirilir. Nağdsız ödənişlərin stimullaşdırılması layihəsi çərçivəsində hesabat ilində Vergilər Nazirliyinin nümayəndələri, bank strukturları və Mərkəzi Bankın rəhbərliyi ilə görüşlər keçirilmiş, bir sıra banklar tərəfindən plastik kartla ödəniş zamanı müxtəlif stimullaşdırıcı kampaniyalar təşkil edilmişdir. Vergi ödəyicilərinin və onların nümayəndələrinin nağdsız ödənişlərin əhəmiyyəti və əlverişliliyi haqda maarifləndirilməsinin təmin edilməsi məqsədilə müxtəlif tədbirlər keçirilmişdir. Aparılan tədbirlərə müvafiq olaraq ölkənin regionlarında POS-terminalların tətbiqi sürətlənmiş və nəticədə əhali tərəfindən POS-terminallarla aparılan hesablaşmaların həcmi artmışdır. 2013-cü il ərzində Vergilər Nazirliyi tərəfindən 7048 ədəd POS-terminal qeydiyyata alınmışdır. Hal-hazırda paytaxtda və regionlarda POS-terminalların tətbiqinin sürətləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
- Siz vergi partnyorluğu ilə bağlı məsələyə toxundunuz. Bu günədək nə qədər belə saziş imzalanıb? Layihənin icra vəziyyəti Nazirliyi qane edirmi?
- Ötən ildən vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan partnyorluq sazişləri əsasında qurulmasına başlanılmışdır. Partnyorluq münasibətlərinin qurulması qabaqcıl dünya ölkələrinin vergi sistemində tətbiq olunan mütərəqqi inzibatçılıq metodu olmaqla, ilk növbədə, vergi qanunvericiliyinə əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət etməlidir. Partnyorluq sazişinin bağlanması vergi ödəyiciləri üçün maksimum əlverişli mühitin formalaşdırılması, onların maraq və mənafeyinə xidmət edir. Bu da gələcəkdə vergi ödəyicisinin vergidən yayınma risklərini minimallaşdırmaqla onların əlavə maliyyə itkilərinin qarşısının alınması məqsədi daşıyır. Eyni zamanda, bu layihə vergi orqanları ilə vergi ödəyiciləri arasında yaranan mübahisələrin minimuma endirilməsi və inzibatçılıq xərclərinin aşağı salınmasına istiqamətlənib. Hazırki dövrə vergi ödəyicilərindən vergi orqanlarına partnyorluq sazişinin bağlanılması ilə əlaqədar minə yaxın müraciət daxil olmuş, artıq onlardan 78 faizi ilə saziş imzalanmışdır. Hesab edirəm ki, layihənin icrası hazırkı vəziyyətdə bütövlükdə Nazirliyi qane edir. Lakin bununla kifayətlənmək niyyətində deyilik və bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdiriləcəkdir.
- Bir müddət öncə Azərbaycanda elektron auditin tətbiqinə başlanılıb. Bu layihənin icrası sahəsində vəziyyət necədir?
- Son illər ərzində Vergilər Nazirliyi tərəfindən vergi inzibatçılığının müasir tələblər səviyyəsində qurulması məqsədilə bir sıra mühüm layihələr, o cümlədən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) elektron bəyannamələr, ƏDV depozit hesabı, elektron vergi hesab-fakturası, elektron qeydiyyat, elektron ödəniş, mobil imza və bu kimi digər layihələr həyata keçirilmişdir. Qeyd etmək istərdim ki, AVİS-in texniki imkanları olduqca geniş layihələndirilmişdir. Bu sistem vergi sistemində İKT və elektron xidmətlər sahəsində mövcud olan ən müasir təcrübələri tətbiq etməyə imkan verir. AVİS-in mövcud infrastrukturu əsasında vergi orqanlarında kifayət qədər əhatəli məlumat bazası, səmərəli təhlil mexanizmi və elektron auditin tətbiqi üçün zəruri imkanlar yaradılmışdır. Elektron audit üzrə müvafiq hüquqi bazanın formalaşdırılması məqsədilə ötən ilin əvvəlindən Vergi Məcəlləsinə “e-audit” proseslərinin hüquqi əsaslarını tənzimləyən yeni maddələr daxil edilmişdir. Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sahə spesifikliyi nəzərə alınmaqla sahələr üzrə audit testləri və “e-audit”in tətbiqi üçün metodik tövsiyələr hazırlanmışdır.
Ötən il bir sıra şirkətlərdə ilkin testlər həyata keçirilmişdir. Bunlar iqtisadiyyatın müxtəlif sektorlarını, o cümlədən neft, bank və ticarət sahələrini əhatə etmişdir ki, bu da hər bir sahənin spesifikliyinin və “e-audit”in bu sahələrdə necə işləməsinin qiymətləndirilməsi məqsədi daşıyıb. Vergidən yayınma risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması nəticəsində bir yoxlamaya sərf olunan vaxt və insan resurslarının həcminin əsaslı şəkildə azalması, aparılan yoxlamaların səmərəliliyinin yüksəlməsi, vergi nəzarətində müasir metodların tətbiqi, qarşılıqlı təhlillərin aparılması və digər üstünlüklər “e-audit”in tətbiqini zəruri edir. Bununla əlaqədar, hazırda e-auditin əhatə dairəsinin genişləndirilməsi, vergi ödəyicilərində “e-mühasibat uçotu”nun yaradılması, bu sahədə işləyəcək vergi əməkdaşlarının xüsusi treninqlərə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu və digər mühüm layihələrə görə vergi sistemində əldə olunan uğurlar beynəlxalq reytinq agentliklərinin və mötəbər hesabatların Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə yaxşılaşan qiymətləndirmələrində də öz əksini tapmışdır.
- Natiq müəllim, qeyd etdiyiniz kimi, uğurlu islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda keçirilən vergi islahatları Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa İttifaqı, eləcə də vergi xidmətindəki təcrübə ilə əyani tanış olan bir çox ölkələrin vergi administrasiyaları tərəfindən yüksək qiymətləndirilmişdir. Milli vergi sisteminin əldə etdiyi nailiyyətlər və həyata keçirilən mütərəqqi layihələr, eyni zamanda, bu uğurların daha fəal şəkildə təbliğ edilməsi və digər ölkələrin vergi orqanları ilə əməkdaşlığın genişləndirilməsi artıq həmin ölkələrin vergi orqanlarının marağını Azərbaycana cəlb etməkdədir. Beynəlxalq təşkilatların yekun rəylərinə nümunə olaraq Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2014” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşmasını göstərmək olar. Ölkəmizdə vergi inzibatçılığının sadələşməsinin və həyata keçirilən islahatların nəticəsi ilə əlaqədar bu hesabatda “Biznesə başlama” göstəricisi üzrə ölkəmizin mövqeyi 6 pillə yüksələrək ilk onluğa daxil olmuşdur. Buna səbəb 2012-ci ildən kommersiya hüquqi şəxslərin “onlayn” qeydiyyatına başlanılmasıdır.
Eyni zamanda, hesabatda “Vergi ödənişi asanlığı (Paying taxes)” göstəricisi 2 pillə yaxşılaşmışdır. Məlumat üçün qeyd edim ki, 2014-cü il üçün bəyannamələrin doldurulması və vergilərin ödənilməsinə sərf olunan illik vaxt (saat) indikatoru 2007-ci ilə nisbətən 4,7 dəfə azalaraq 1000 saatdan 214 saata, ödəmələr (illik sayı) indikatoru 2 dəfə azalaraq 37-dən 18-ə düşmüşdür. Bütün bunlar vergi inzibatçılığının sadələşdirilməsi ilə sahibkarlar və iş adamları üçün əlverişli investisiya şəraitinin yaradılması və azad rəqabət mühitinin bərqərar olmasının əyani göstəricisidir.
- 2013-cü ildə vergi qanunvericiliyinə kifayət qədər dəyişikliklər edilib. Bu dəyişikliklərdən bir qismi sənaye parklarının və texnoparklara güzəştlərin verilməsi ilə bağlı olub. Qanunvericiliyin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər 2014-cü ildə davam edəcəkmi? Bu yeniliklər hansı sahələri əhatə edəcək?
- Həqiqətən də 2013-cü ilin əvvəlindən qüvvəyə minmiş bu dəyişikliklər son bir neçə ildə Vergi Məcəlləsinə edilmiş ən böyük dəyişikliklər paketi idi. Sənaye parklarının və texnoparklara güzəştlərin verilməsi ilə bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan etmişdir. Bu baxımdan cari ildə sənayenin inkişafında ciddi irəliləyişlər gözlənilir. Dünya iqtisadiyyatında innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilən, milli iqtisadiyyatda yeni sahələrin formalaşmasında və rəqabətqabiliyyətli olmasında böyük rolu ola biləcək texnoparkların yaradılması iqtisadi sistemdə ciddi dəyişikliklər vəd edir. Bu baxımdan beynəlxalq təcrübəyə əsaslanaraq, eləcə də orta və uzunmüddətli perspektivdə sənaye parklarının və texnoparkların inkişafını stimullaşdırmaq üçün həmin parklarda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 7 il müddətinə, parkların idarəedici təşkilat və operatorları isə müddətsiz vergilərdən azad edilmişlər. Bütövlükdə, ötən ilki dəyişikliklərin nəticələrinin təhlili onu qeyd etməyə əsas verir ki, bu dəyişikliklər vergi inzibatçılığının təkmilləşdirilməsi ilə yanaşı, büdcə daxilolmalarının artmasına, vergi ödəyicilərinin hüquqlarının daha əhatəli müdafiəsinə və vergi nəzarətinin səmərəliliyinin artırılmasına öz müsbət təsirini göstərməkdədir. Vergi güzəştlərinin verilməsi ilə bağlı son dövrlərdə bir sıra qanunlar qəbul edilmişdir. Belə ki, ötən ilin sentyabr ayından aztəminatlı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə əməkhaqqından tutulan gəlir vergisi üzrə güzəştin (136 manat) verilməsi üçün müəyyən olunmuş hədd 200 manatdan 250 manata qaldırılmışdır.
1 yanvar 2014-cü il tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçılarına müddətli vergi güzəştlərinin (torpaq vergisi istisna olunmaqla) verilməsi müddəti daha 5 il, əhalinin əmanətləri üzrə faizlərin gəlir vergisindən azad olunma müddəti isə daha 1 il uzadılmışdır. Ölkədə fəaliyyət göstərən uşaq bağçalarının və körpələr evlərinin mənfəət vergisindən və sadələşdirilmiş vergidən 10 il müddətinə azad olunmasını nəzərdə tutan Qanun 1 yanvar 2014-cü il tarixdən qüvvəyə minmişdir. Bu imtiyazlar müvafiq olaraq kənd təsərrüfatının inkişafı, əhalinin sərbəst vəsaitlərinin banklara cəlb olunmasının stimullaşdırılması və sosial xidmət sahələrinin inkişafı üçün əlverişli vergi mühitinin yaradılmasına öz müsbət təsirini göstərməlidir. Əlbəttə, onların nəticələrinin qiymətləndirilməsi hələlik tezdir, lakin bir məsələni xüsusi qeyd etmək istərdim ki, güzəştlər verilərkən konkret sahələrin inkişafı məqsədilə onların müddətli və ünvanlı olmasına önəm verilir. Mütəmadi olaraq tətbiq olunan güzəşt və azadolmaların səmərəliliyi araşdırılır və müvafiq təhlillər aparılır. Cari ildə qanunvericiliyin təkmilləşdirilməsinin davam etdirilməsinə gəldikdə qeyd edim ki, Vergilər Nazirliyi müntəzəm olaraq vergi qanunvericiliyinin monitorinqini aparır. Zərurət yarandığı zaman Məcəlləyə dəyişikliklər edilməsi barədə təkliflər hazırlanır. Eyni zamanda, nazirlik tərəfindən müxtəlif məsələlərlə bağlı xarici ölkələrin qanunvericilik təcrübəsi öyrənilir və məqsədəmüvafiq hesab edildikdə həmin ölkələrin mütərəqqi qanunvericilik təcrübəsinin ölkəmizdə tətbiqi məqsədilə Məcəlləyə dəyişikliklər layihəsi hazırlanır.
Nəzərə almaq lazımdır ki, Vergilər Nazirliyi vergi qanunvericiliyinin Avropa İttifaqının müvafiq sahəyə dair direktivlərinə uyğunlaşdırılmasına çalışır və bu proses davamlı xarakter daşıyır.
- Natiq müəllim, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi sahəsində hansı işlər görülmüşdür?
- Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işini genişləndirmək məqsədilə “Vergi Dostları” layihəsinin həyata keçirilməsi davam etdirilmişdir. Ötən il ərzində 1405 nəfər “Vergi Dostları” şəbəkəsinə cəlb olunmuşdur. Bu günə kimi yerli vergi orqanlarının əhatə dairəsinə daxil olan 53 rayon üzrə ümumtəhsil məktəblərinin müəllimlərindən 1541 nəfər “Vergi Dostları” şəbəkəsinə qoşulmuşdur. Məqsəd vergilər barədə məlumatların ölkəmizin bütün ərazisinə, xüsusilə respublikanın şəhər və rayon mərkəzlərinin əhatəsindən kənarda olan kənd və qəsəbələrə, hər bir ailəyə çatdırmaq, bununla da vətəndaşlarda vergi mədəniyyətini formalaşdırmaq, o cümlədən, bu sahəyə ictimaiyyətin geniş təbəqələrini cəlb etməkdir. Vergi ödəyicilərinə göstərilən xidmətin daha da təkmilləşdirilməsi və yüksək səviyyədə təşkili məqsədilə 2013-cü ildə Bakıda ən müasir standartlara cavab verən “Vergi ödəyicilərinə Xidmət Mərkəzi” istifadəyə verilmişdir. Bütövlükdə vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədilə Vergilər Nazirliyi tərəfindən indiyədək 40 Vergi ödəyicilərinə xidmət mərkəzi yaradılmışdır. Ötən ildə “Vergi ödəyicilərinə xidmətlərin vahid standartları” təsdiq olunmuşdur. Vergi ödəyicilərinə göstərilən 124 adda xidmətin 55-nin vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən göstərilməsi təmin edilmişdir.
Vergilər Nazirliyi vergi təbliğatının və ödəyicilərə xidmət işinin ünvanlı şəkildə aparılmasına xüsusi diqqət yetirir. Vergi orqanları tərəfindən göstərilən xidmətlərin insanlar üçün rahat və əlçatan olmasının təmin edilməsi, xidmət tədbirlərinin vergi orqanlarının nəzarət dairəsinə aid olan bütün rayonları, qəsəbə və kəndləri əhatə etməsi məqsədilə xidmət mərkəzlərinə xüsusi nəqliyyat vasitələri ayrılmışdır. Bu avtomobillər vasitəsilə bilavasitə vergi ödəyicilərinin ərazilərində və onlara münasib yerlərdə səyyar xidmətlərin göstərilməsi, qeydiyyat və uçot sahəsində zəruri köməkliklərin həyata keçirilməsi təmin olunacaqdır. Eyni zamanda, xüsusi nəqliyyat vasitələrindən Vergilər Nazirliyi təmsil olunan sərgilərdə, vergi ödəyiciləri və bələdiyyələrlə keçirilən müxtəlif görüşlərdə, “vergi xidməti günlərində”, məktəblərdə şagird və tələbələrlə keçirilən müxtəlif tədbirlərdə və görüşlərdə də istifadə ediləcəkdir.
- Natiq müəllim, cari ildən bələdiyyələrdə avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi ilə bağlı xüsusi pilot layihənin həyata keçirilməsinə başlanılmışdır. Bu layihə barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.
- “Azərbaycan 2020: İnkişaf Konsepsiyası”nda dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin genişləndirilməsi prioritet vəzifələr sırasındadır. Bələdiyyələrə vergi qanunvericiliyinə riayət edilməsi sahəsində metodiki rəhbərliyi həyata keçirən dövlət orqanı olaraq Vergilər Nazirliyi “Bələdiyyələrin Vergi İnformasiya Sistemi” layihəsini həyata keçirməyə başlamışdır. Bununla əlaqədar, ötən ilin sonunda yerli vergilərin hesablanması və ödənilməsi, yerli vergilərin ödəyiciləri olan sahibkarlıq subyektlərinin uçotu ilə bağlı metodiki vəsaitlər təsdiq olunmuşdur. Bu sənədlər qeyd olunan layihənin həyata keçirilməsi üçün normativ baza rolunu oynayır. Yeni sistem bələdiyyələrdə yerli vergi və ödənişlərin, bələdiyyə vergilərinin ödəyicilərinin və onların vergitutma obyektlərinin avtomatlaşdırılmış uçotunun təşkilini, bələdiyyələr üçün “onlayn kargüzarlığın” istifadəyə verilməsini, operativ məlumat mübadiləsinin aparılmasını və təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunan Məlumat Bazasının yaradılmasını nəzərdə tutur. Hazırda yerli vergi və ödənişlərin bələdiyyələrə elektron formada bəyan edilməsi, “onlayn kargüzarlıq” sisteminin qurulması məqsədilə “İnternet Bələdiyyə İdarəsi” yaradılmaqdadır. İlkin olaraq Pilot layihənin bir neçə bələdiyyədə həyata keçirilməsinə başlanmışdır.
- Sonda vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə məlumat verməyinizi xahiş edirik.
- Məlum olduğu kimi, hər ilin əvvəlində, vergi orqanı əməkdaşlarının peşə bayramı ərəfəsində “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” adı altında keçirilən ənənəvi Vergi Forumlarında ölkəmizin vergi sistemindəki cari vəziyyət və onun perspektiv inkişaf istiqamətləri aidiyyəti dövlət qurumlarının, Milli Məclisin, beynəlxalq təşkilatların, QHT-lərin, sahibkarların ictimai birliklərinin nümayəndələrinin, ekspertlərin və iş adamlarının iştirakı ilə geniş müzakirə olunur. Bu il fevral ayının 6-7-də keçirilmiş III Vergi Forumunda çıxış edən vergilər naziri cənab Fazil Məmmədov ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri ilə bağlı nazirliyin mövqeyini bəyan etmişdir. Vergi sistemində əldə olunmuş nailiyyətlərə əsaslanaraq yaxın gələcəkdə vergi qanunvericiliyinin daha da təkmilləşdirilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması, vergi nəzarətinin gücləndirilməsi və vergi hüquqpozmaları ilə mübarizə qarşımızda duran başlıca vəzifələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq Azərbaycanın vergi xidmətinin qarşısında müasir inkişaf tələblərinə cavab verə biləcək vergi sisteminin formalaşdırılması, səmərəli vergi siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr durur. Konsepsiyaya əsasən iqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi, vergi dərəcələrinin optimallaşdırılması təmin olunacaqdır ki, bunlar da sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına kömək edəcəkdir. Ölkə iqtisadiyyatının inkişaf strategiyasına uyğun olaraq optimal vergi yükünün təmin olunması, vergi sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin davam etdirilməsi ilə iqtisadi subyektlərin aktivliyinin artması və maliyyə imkanlarının genişlənməsi büdcə daxilolmalarının artımına da müsbət təsir göstərəcəkdir. İnkişaf Konsepsiyasının icrası ilə bağlı vergi sisteminin qarşısında müəyyən edilən strateji vəzifələrin yerinə yetirilməsi məqsədilə Strateji Plan və Strategiya təsdiqlənmişdir. Strateji plana əsasən, növbəti 7 il ərzində Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması, aktiv vergi siyasətinə keçidin təmin edilməsi, nağdsız ödənişlərin stimullaşdırılması, e-kommersiyaya vergi nəzarətinin təşkili, ümumi bəyannamə sisteminə keçid və digər mühüm layihələrin icrası nəzərdə tutulur.
Yeni Azərbaycan.-2014.- 3 aprel.- S.5.