Azərbaycan-Tacikistan əlaqələri yeni mərhələyə qədəm qoyur

 

İki ölkənin xarici işlər nazirlikləri arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq proqramı imzalanıb

 

Məlum olduğu kimi, dünən Prezident İlham Əliyev Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul edib. Görüşdə dövlət başçısı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. Dövlət başçısı Tacikistanın xarici işlər nazirinin Azərbaycana səfərinin əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Sirociddin Aslov isə öz növbəsində, Tacikistan Prezidentinin Azərbaycanın dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət məktubunu Prezident İlham Əliyevə təqdim edib.

Görüşdə, həmçinin, Azərbaycan ilə Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulanaraq, iki ölkənin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Xatırladaq ki, ölkəmizə səfəri çərçivəsində Sirociddin Aslovonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Görüşdə Azərbaycan ilə Tacikistan arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğu və əməkdaşlığın dinamik surətdə inkişaf etdiyi qeyd olunub.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində nümayiş etdirdiyi mövqeyinə görə Tacikistan tərəfinə təşəkkürünü bildirib. Sirociddin Aslov Azərbaycanın regionun lider dövləti olduğunu qeyd edərək, ölkəmizin və xüsusilə paytaxt Bakının inkişafının müsbət təsir bağışladığını bildirib.

Görüşün sonunda hər iki nazir tərəfindən “Azərbaycan Respublikası Xarici İşlər NazirliyiTacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq proqramı” imzalanıb.

Sözügedən proqramın imzalanması həm Azərbaycanın, həm də Tacikistanın iki ölkə arasındakı əməkdaşlığı genişləndirmək marağında olduğunu göstərir. Bu o deməkdir ki, yaxın iki il ərzində Azərbaycan-Tacikistan diplomatik münasibətlərinin daha da dərinləşməsinin şahidi ola bilərik. Diplomatik münasibətlərin sıxlaşması isə digər sahələrin də inkişafına yeni imkanlar yaradacaq.

Ümumiyyətlə, iki ölkə əlaqələrinin tarixinə nəzər salsaq görərik ki, müstəqilliyin əldə edilməsi ilə Azərbaycanla Tacikistan arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı qoyulub. İki dövlət arasında diplomatik əlaqələrin əsası 29 may 1992-ci il tarixində qoyulub. 2007-ci il tarixindən Azərbaycan Respublikasının Tacikistan Respublikasında səfirliyi fəaliyyətə başlayıb.

İki ölkə əlaqələri parlamentlərarası səviyyədə də inkişaf edir. Belə ki, 2005-ci il dekabrın 13-də Milli Məclisin qərarı ilə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 29 sentyabr 2006-cı il tarixində Tacikistan parlamentinin Milli Məclisinin yuxarı palatasının Azərbaycan Respublikasının Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupunun əsası qoyulub.

İki ölkənin dövlət başçılarının və digər yüksək rəsmi şəxslərinin qarşılıqlı səfərləri müqavilə-hüquq bazasının formalaşmasına, münasibətlərin müxtəlif sahələr üzrə inkişafına şərait yaradıb. Bu baxımdan, Prezident İlham Əliyevin Tacikistana 15-16 mart 2007-ci il tarixli səfəri xeyli səmərəli olub. Səfər zamanı iki ölkə arasında bir sıra sahələr üzrə 11 hökumətlərarası saziş imzalanıb.

Öz növbəsində, Tacikistan Prezidenti E.Rəhmonun 2007-ci ilin avqustunda Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə 9 sənəd imzalanıb.

Azərbaycanla Tacikistan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanları genişdir. Asiyanı Avropa ilə siyasi, iqtisadi, coğrafi, mədəni baxımdan birləşdirən körpü rolunu oynayan Azərbaycanla əlaqələr Tacikistan üçün Qərbə çıxış imkanıdır. Xüsusən də TRACECA layihəsi çərçivəsində bərpa edilən “İpək yolu” belə bir imkanı yaratmağa xidmət edir. Azərbaycan Prezidentinin 7 fevral 2008-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb.

Bundan əlavə, 12-14 fevral 2008-ci il tarixlərində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Bobozoda Qulomconun rəhbərlik etdiyi nümayəndə heyəti respublikamıza səfər edib. Səfər çərçivəsində 12 fevral 2008-ci il tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrlərinin işçi görüşünün protokolu imzalanıb. Bundan bir gün sonra isə Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini ilə tacikistanlı həmkarı arasında 15 mart 2007-ci ildə Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” üzrə Ratifikasiya Fərmanlarının mübadiləsi həyata keçirilib.

2012-ci ilin iyul ayında ölkəmizə rəsmi səfər edən Tacikistan Prezidenti Emoməli Rəhmon ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında növbəti mühüm görüş baş tutub. Görüşdə iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Dövlət başçısı Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə də olan Tacikistan Prezidenti Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Oqtay Əsədov Azərbaycan-Tacikistan münasibətlərindən danışaraq əlaqələrimizin dərin tarixi kökləri olduğunu bildirib. Sədr deyib ki, müstəqilliyimizi bərpa etdikdən sonra iki ölkə əlaqələri yeni müstəvidə inkişaf edib. Münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolu böyükdür. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri zamanı 20-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb.

Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayan O.Əsədov hər iki ölkənin qanunverici orqanındakı dostluq qruplarının fəaliyyətindən razılığını bildirib. Beynəlxalq qurumlarda birgə əməkdaşlığın səmərəsindən, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin sədri Azərbaycanın haqq işini müdafiə etdiyinə görə, Tacikistan tərəfinə təşəkkürünü bildirib.

Prezident Emoməli Rəhmon deyib ki, Azərbaycan ilə əlaqələrin inkişafı Tacikistanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yolu keçib. Mən sonuncu dəfə Bakıda 5 il əvvəl olmuşam. Ötən müddət ərzində Bakı şəhəri əsaslı şəkildə dəyişib və gözəlləşib”.

Tacikistan dövlətinin başçısı qazanılan böyük uğurlara görə, Azərbaycan xalqını təbrik edib. İkitərəfli əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan danışan Prezident deyib: “Tacikistanın Azərbaycanın təcrübəsini öyrənməsinə böyük ehtiyac var. Əminəm ki, bu səfər əməkdaşlığımızı daha da inkişaf etdirəcək. Təqdirəlayiq haldır ki, Bakı ilə Düşənbə arasında birbaşa aviareys açılıb. İnanırıq ki, yeni aviareys ölkələrimiz arasında iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın inkişafına, yeni layihələrin reallaşdırılmasına geniş imkanlar açacaq”.

Tacikistan Prezidenti iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı sərmayə qoyuluşuna, ticarət dövriyyəsinin artmasına şərait yaradan 500-dən çox investisiya layihəsinin mövcudluğunu bildirib. Hər iki ölkənin adamları üçün biznes forumların, “dəyirmi masa”ların keçirilməsinin əhəmiyyətini qeyd edib. Sonda Tacikistan Prezidenti Azərbaycan parlamentinin fəaliyyətinə uğurlar arzulayıb.

Sözsüz ki, keçirilən görüşlər, imzalanan müqavilələr iki ölkə arasında iqtisadi əlaqələrin, həmçinin, qarşılıqlı ticarətin həcminə öz təsirini göstərməkdədir. 2013-cü ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin həcmi 13,80 milyon ABŞ dolları, o cümlədən, ixracın həcmi 13,76 milyon dollar, idxalın həcmi isə 0,04 milyon dollar təşkil edib. Bu dövr ərzində Tacikistan ilə xarici ticarət saldosu müsbət 13,72 milon dollar olub. 2013-cü ildə Tacikistanın ölkəmizin xarici ticarət dövriyyəsindəki payı 0,04 faiz, o cümlədən, ixracda 0,06 faiz təşkil edib.

Bundan başqa, hər iki ölkə müdafiə və təhlükəsizlik sahələrində də əməkdaşlığa böyük maraq göstərir. 30 sentyabr 1999-cu il tarixində MDB iştirakçı dövlətlərinin Milli Təhlükəsizlik nazirlərinin görüşü zamanı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə Tacikistanın Milli Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. Saziş iki ölkə arasında imzalanmış ilk sənəddir. 1-2 iyun 2006-cı il tarixlərində isə Azərbaycanda rəsmi səfərdə olan Tacikistanın Müdafiə Naziri Ş.Xayrulloyev Prezident İlham Əliyevin qəbulunda olub, xarici işlər naziri E.Məmmədyarov, müdafiə naziri S.Əbiyev və Milli Məclisin vitse-spikeri Z.Əsgərovla görüşüb. Səfərin ən mühüm nəticələrindən biri “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişin imzalanması olub. Bundan başqa, Azərbaycanla Tacikistan Mərkəzi Asiyada narkotiklərə nəzarət sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma Memorandumuna üzvlük çərçivəsində beynəlxalq cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq edir.

Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq şəklində də inkişaf etməkdədir. İki ölkə rəsmiləri dəfələrlə Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı kimi təşkilatların müxtəlif səviyyəli toplantılarında iştirak çərçivəsində görüşlər keçiriblər. Bu həm də dövlətlərin beynəlxalq arenada bir-birinə dəstək olması baxımından da vacibdir.

Göründüyü kimi, Azərbaycanla Tacikistanın əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsi üzrə mövqeləri üst-üstə düşür və atılan addımlar əlaqələrin bundan sonrakı inkişafına möhkəm zəmin yaradır.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 4 aprel.- S.8.