Müstəqilliyimizi
əbədiləşdirən lider
Ölkə o zaman inkişafa doğru irəliləyir ki, ona güclü siyasi lider rəhbərlik edir. Bu gün böyük fəxr və qətiyyətlə qeyd etdiyimiz “Müstəqil, müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir” fikri də məhz bu amilə əsaslanır. 23 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər saldıqda dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri daha aydın görünür. Bu fakt inkaredilməzdir ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı bir dövlətin varlığından danışmaq mümkünsüz idi. Ümummilli lider Heydər Əliyev Onun üçün hər şeydən əziz olan xalqının, dövlətinin gələcəyini düşünərək, xalqın təkidli tələbinə müsbət cavab verdi. Məhz Onun hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsası qoyuldu.
Bir əsas məqamı da qeyd edək ki, dövlətçilik tariximizdə 1969-1982-ci illərdəki təkamül böyük qürur hissi ilə yad olunur. Azərbaycanda aparılan sürətli inkişafdan heyrətlənənlər xalqının, vətəninin tərəqqisi üçün əfsanələri reallığa çevirən, misilsiz xidmət göstərən Ulu öndər Heydər Əliyev dühasına, zəkasına, siyasi fəaliyyətinə, geniş dünya görüşünə və uzaqgörənliyinə həsəd aparırdılar. Ulu öndər öz gücünə inandığı qədər də xalqının qətiyyətinə güvənirdi. Ümummilli lider inanırdı ki, Azərbaycan öz müstəqilliyini bərpa edəcək, azadlığına qovuşacaq.
Müstəqilliyimizin ilk illərində yaşanan durumu 1993-cü ildən sonrakı dövr ilə müqayisə edəndə dahi şəxsiyyət Heydər Əliyevin böyük qətiyyətlə söylədiyi “Müstəqillik qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq, əbədi etmək ondan da çətindir” fikrinin reallıq olduğunu görürük. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının quluna çevrilmələri ucbatından ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Azərbaycan parçalanmaq, bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ulu öndər Heydər Əliyev xalqın səsinə səs verdi, xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı uğurlu, işıqlı yola çıxardı. Cəmi 23 ay yaşasa da Azərbaycanı azad ölkə kimi tanıtmaq istəyən Azərbaycan Xalq Cümhuriyyətinin tamamlaya bilmədiyi işləri uzaqgörən siyasətinin qüdrəti ilə başa çatdıran, insanlarda milli düşüncə tərzini formalaşdıran Ümummilli lider Heydər Əliyev xalqının demokratiya yolu ilə irəliləmək əzmini artırdı. Ötən əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi olaraq müstəqilliyini əbədiləşdirdi, dönməz etdi.
Təbii ki, ölkədə sabitliyin, əmin-amanlığın təmin olunması fonunda dövlət müstəqilliyimizin möhkəmləndirilməsi digər sahələrin də inkişafını şərtləndirdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində rolu böyükdür. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın hansı iqtisadi imkanlara malik olduğunu ortaya qoymaqla yanaşı, eyni zamanda, siyasətində müstəqil olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycanın iqtisadi qüdrətinin artması siyasi mövqeyinin möhkəmlənməsi ilə müşayiət olunur. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa bir siyasi, iqtisadi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin əsl söz sahibinə çevrilməsinin təsdiqidir. Böyük enerji layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsü olan Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısıdır. Ulu öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların paralel aparılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Ölkədə demokratikləşmə prosesinin sürətləndirilməsi iqtisadi inkişafa geniş yol açdı. Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınaraq qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. “Əsrin müqaviləsi”ndən sonra imzalanan onlarla saziş, Anlaşma Memorandumları da ölkəmizin gələcəyinə olan inamın təsdiqidir. Bir faktı qeyd edək ki, bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 160 milyard dollardır. “Əsrin müqaviləsi”nin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində rolunu hər zaman önə çəkən dövlət başçısı İlham Əliyev Azərbaycan neftinin 2006-cı ildə məhz 28 may-Respublika Günündə Ceyhan terminalına çatmasının rəmzi mənası olduğunu bildirərək, bu münasibətlə xalqa təbrikində bildirmişdir ki, bu müqavilə imzalanmasaydı, bu gün ölkəmizin iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yerinin hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi. Azərbaycan iqtisadi qüdrətini artırdı, dünya birliyində layiqli yer tutdu. “Əsrin müqaviləsi”nin imzalanması kimi mürəkkəb işi Ulu öndər Heydər Əliyev həyata keçirdisə, neft strategiyasının əsas tərkib hissəsi olan layihələrin reallaşması, BTC və BTƏ-nin tikilib istifadəyə verilməsi, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması, neft gəlirlərinin ölkəmizin hərtərəfli inkişafına yönəldilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bu gün qeyri-neft sektorunun inkişafı, əhalinin həyat şəraitinin təmin olunmuş səviyyəyə çatması Ulu öndərin başladığı neft strategiyasının uğurla davam və inkişaf etdirildiyinin təsdiqidir. “Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu, əsas məqsəddir” söyləyən dövlət başçısı İlham Əliyev vurğulayır ki, “Əsrin müqaviləsi” ölkəmizə sabitlik, tərəqqi gətirmiş, Azərbaycanın qüdrətli dövlətə çevrilməsini təmin etmişdir. Neft-qaz layihələrinin uğurla icrası, hakimiyyətin bacarıqlı əllərdə olması, ölkəmizin sülhsevər siyasətə sadiqliyi, iqtisadiyyatın inkişafına görə Azərbaycanın dünyada ön mövqeyə çıxması ölkəmizin beynəlxalq aləmdə siyasi çəkisini daha da artırır. Ölkə Prezidenti İlham Əliyev böyük qətiyyətlə söylədiyi “Bizə heç kim təzyiq göstərə bilməz, heç kim öz iradəsini bizə qəbul etdirə bilməz” fikirləri ilə bir daha Azərbaycan dövlətinin siyasətində müstəqil olduğunu dünyaya bəyan edir. Bu fikir, eyni zamanda, bu həqiqəti də təsdiq edir ki, Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməzdir, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın uğurları bu problemimizin də tezliklə həllinə böyük inam yaradır. Qüdrətli iqtisadiyyat, güclü ordu, dünya azərbaycanlılarının birliyi, beynəlxalq dəstək, xalq-iqtidar həmrəyli bu inamı şərtləndirən əsas amillərdir. Münaqişənin nizamlanmasında sülh siyasətinə üstünlük verən Ulu öndər Heydər Əliyev ölkənin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması üçün hərbi siyasətin düzgün qurulmasını vacib amillərdən biri kimi qarşıya qoyurdu. Bu gün tam iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın güclü, peşəkar, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordusu var. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb yolunu seçdiyi təqdirdə də öz qüdrətli, güclü ordusu sayəsində uğur qazanacağı şəksizdir. Hər bir vətənpərvər insan ölkəsinin belə güclü, qüdrətli ordusu ilə fəxr edir. Gənclərimizdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsini qarşıya ən ümdə məqsəd kimi qoyan Prezident İlham Əliyevin çağırışına həmişə hazır olduğunu bildirən Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycanın hər bir sahədə inkişaf dövrünü yaşaması, regionda və dünyada əsl söz sahibinə çevrilməsi bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını sevindirir, gələcəyə, ən əsası mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə inamı artırır. Azərbaycan dövləti hər addımında siyasətində müstəqil olduğunu nümayiş etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyev Yeni Azərbaycan Partiyasının V Qurultayında böyük inam və qətiyyətlə bildirmişdir: “Biz müstəqil ölkə kimi inkişaf edirik. Biz bundan sonra əbədi müstəqil olacağıq. Azərbaycan xalqı dünyaya sübut edir ki, müstəqil dövlətdə yaşaya, müstəqil dövləti qura, müstəqilliyi qoruyub saxlaya bilər. Son 10 il ərzində biz bu yolda böyük uğurlara imza atmışıq. Bu yolda təzyiqlər də, təxribatlar da, təhdidlər də oldu. Azərbaycanın dostları çoxdur, Azərbaycan ilə dostluq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Bu da təbiidir. Çünki Azərbaycan güclü dövlət, etibarlı tərəfdaş kimi, ədalətli mövqeyinə görə dünya miqyasında böyük şöhrət qazana bilmişdir... Son 10 il ərzində bütün təxribatlara, təzyiqlərə, böhtan kampaniyalarına baxmayaraq, biz öz yolumuzdan dönməmişik və dönməyəcəyik.”
Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin qarşısında daha geniş imkanlar açır. İmkanların artmasını, Azərbaycanın bir dövlət olaraq dünyada söz sahibi olmasını şərtləndirən əsas amil isə Ulu öndər Heydər Əliyevin yolunun uğurlu davam etdirilməsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin “Mən çox şadam ki, son 10 il ərzində çalışmışam ki, bu böyük məsuliyyəti öz çiynimdə aparım. Çalışmışam ki, Ulu öndərin siyasətinə layiq olum... Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu öndərin görmək istədiyi kimi inkişaf edir, Onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir” fikirləri də bunun təsdiqidir.
Nazim İsmayılov,
YAP Siyasi Şurasının üzvü,
Sabirabad rayon İcra
Hakimiyyətinin
başçısı
Yeni Azərbaycan.-2014.- 8 aprel.- S.6.