Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə son səfəri bu reallığı bir daha təsdiqlədi

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dərin tarixi köklərə söykənir. Ortaq etnik-mədəni mənşəyə, tarixi keçmişə sahib olan iki qardaş xalqı mənəvi tellərlə yanaşı, ümumi milli, siyasi, iqtisadi maraqlar birləşdirir. Dostluq və qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri uğurla inkişaf etməkdədir. Aprelin 4-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri bu faktı bir daha təsdiqlədi. Xatırladaq ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilibbu seçkilərdə Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) inamlı qələbə qazanıb. Bu seçkilərdən sonra qardaş ölkənin hökumət başçısının ilk xarici səfərini Azərbaycana etməsi Türkiyənin ölkəmizə verdiyi önəmin ifadəsidir.

Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etdi

Qeyd edək ki, səfər çərçivəsində ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmi qeyd edilib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Daha sonra geniş tərkibdə görüş keçirilib. Görüşdə qonaqları salamlayan Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı rəhbərlik etdiyi partiyanın bələdiyyə seçkilərində qazandığı qələbə münasibətilə bir daha təbrik edib: “Bu böyük qələbədir. Gördüyünüz işlərə verilən böyük qiymətdir. Çox şadam ki, bu gün biz görüşürük. Biz artıq geniş fikir mübadiləsi apardıq. Bir çox məsələləri müzakirə etdik. Bir daha əmin oluruq ki, Türkiyə-Azərbaycan əlaqələri çox möhkəm zəmin, dostluq, qardaşlıq üzərində qurulmuş, strateji partnyorluq, tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bizi birləşdirən bir çox layihələr vardır. Onların hamısı uğurla icra edilir. Əminəm ki, səfəriniz gələcək əlaqələrimizin inkişafı üçünçox faydalı olacaqdır”.

Öz növbəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, bizim ənənəvi keçmişimizə baxdıqda hər seçkilərdən sonra ilk ziyarət etdiyimiz yer Azərbaycan olur: “Əlbəttə, bu seçimin bizim üçün bir mənası da etimad göstərilməsi idi. Bu seçkilərdən də çox yüksək bir uğurla çıxdıq. Bu ənənəmizi yerinə yetirmək üçün qardaş Azərbaycana belə bir səfər etmək istədik. Aramızda çox məhsuldar bir toplantı keçirdik. İstər ikitərəfli, istərsə də regional münasibətlərimizi, prosesləri dəyərləndirməyə fürsətimiz oldu. İnanıram ki, bundan sonrakı müddətdə də aramızdakı bu münasibətlərimizi davam etdirmək sürəti ilə Türkiyə-Azərbaycan həmrəyliyini gələcəyə daha güclü şəkildə, güclənərək çatdıracağıq”.

Geniş tərkibdə keçirilən görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olub. Mətbuat konfransında bəyanatla çıxış edən Prezident İlham Əliyev bələdiyyə seçkilərindən sonra Türkiyə Baş nazirinin ilk xarici səfərinin ölkəmizə etməsindən şad olduğunu bildirib. Dövlətimizin başçısı, həmiçinin, ötən il Azərbaycanda keçirilən prezident seçkilərindən sonra ilk xarici səfərini Türkiyəyə etdiyini xatırladıb. Ölkə rəhbərinin sözlərinə görə, bu ənənə yaşayır, yaşayacaqdır və bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını göstərir. Prezident İlham Əliyev qeyd edib ki, Türkiyədə keçirilən bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının qələbəsi görülən işlərə türk xalqı tərəfindən verilən yüksək qiymətdir:Sizin rəhbərliyinizlə son illərdə Türkiyə böyük və şərəfli yol keçmişdir. Türkiyənin iqtisadi, siyasi, sənaye potensialı böyük dərəcədə artmışdır. Türkiyə bu gün böyük 20-lərin sırasındadır. Dünyanı bir neçə il bundan əvvəl bürümüş iqtisadi və maliyyə böhranı Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyənin Sizin kimi rəhbəri vardır. Müdrik, öz xalqını sevən, xalqa bağlı olan lider var ki, Türkiyəni bu yolla irəliyə aparır”.

Azərbaycan-Türkiyə əlaqələri digər dövlətlərə nümunədir

Məlum olduğu kimi, Azərbaycan və Türkiyə xalqları arasındakı münasibətlərin tarixi uzaq keçmişə gedib çıxır. Müasir dövrdə isə müstəqillik əldə etdikdən sonra Azərbaycanın xarici siyasətdə əlaqələrin qurulmasında ən böyük önəm verdiyi ölkələrdən biri Türkiyədir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. İki ölkə arasında əlaqələrin müasir inkişafına isə Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra təkan verilib. Təsadüfi deyil ki, Ulu öndər müstəqil Azərbaycanın Prezidenti kimi ilk səfərlərindən birini 1994-cü il fevral ayının 8-11-də qardaş ölkəyə gerçəkləşdirib. Səfər çərçivəsində imzalanan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Ulu öndər Heydər Əliyevin dəfələrlə söylədiyi və bu gün də dillərdə əzbər olanBir millət, iki dövlət” kəlamı Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun ən mükəmməl ifadəsinə çevrilib. Bu mənada Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında dediyiBiz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Bütün uğurlara sevinirikçox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri dinamik inkişaf dövrünü yaşayır” fikirlər böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı vurğulayıb ki, biz bütün sahələrdə qardaş, dost kimi birgə fəaliyyət göstəririk: “Bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir. Biz siyasi sahədə müttəfiqik. Bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə-Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük layihələrə imza atırıq. Qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə, Türkiyə sərmayələri Azərbaycana yatırılır. Bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il ərzində təqribən 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına yatırılacaqdır. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayədir”.

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan da ölkələr arasındakı münasibətləri yüksək qiymətləndirib: “Bizim aramızda təbii ki, siyasi, hərbi, mədəni, iqtisadi, ticarət - bütün bu sahələrdəki birlik, həmrəylik qardaşlığımızın hansı səviyyədə olduğunu göstərən ən gözəl nümunələrdir. Bizim bu həmrəyliyimiz, bu qardaşlığımız bundan sonrakı dövrdə də eyni qətiyyətlə davam edəcəkdir”.

Birgə layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Məlumdur ki, hər iki dövlət mühüm enerji layihələri də həyata keçirir. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyinüfuzunu xeyli dərəcədə gücləndirir. Bu barədə Prezident İlham Əliyev bildirib: “Bizi birləşdirən enerji layihələri vardır. Biz bu layihələri bərabər icra edirik. Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən çıxıb və dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirmişdir. Digər istiqamətlər üzrə birgə fəaliyyət göstərilir. Bizi birləşdirən nəqliyyat, enerji dəhlizləri xalqlarımız, qonşularımız üçünböyük fayda verəcəkdir”.

Prezident İlham Əliyev ötən il imzalanmış TANAP layihəsinin perspektivi haqqında da fikirlərini ifadə edib. Dövlətimizin başçısı deyib ki, TANAP layihəsi hər iki ölkənin birgə layihəsidir: “Türkiyə və Azərbaycan bu layihənin müəllifidir, lideridir. Bu layihənin həyata keçirilməsində Türkiyə və Azərbaycan rəhbərliyinin iradəsi və qətiyyəti ən böyük rol oynamışdır. Bu layihənin həyata keçirilməsi nəticəsində bizim ölkələrimiz bir-birinə daha da sıx bağlı olacaq, siyasiiqtisadi imkanlarımız böyük dərəcədə artacaqdır. Biz çalışacağıq ki, bu layihəni vaxtında icra edək. Hər halda bizə verilən məlumata görə hər şey cədvəl üzrə gedir. Ümid edirəm ki, 2018-ci ildə biz bu layihənin açılışını əziz qardaşımla bərabər qeyd edəcəyik”.

Enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunan R.T.Ərdoğan da bu sahədə TANAP-ı ən əhəmiyyətli layihə kimi dəyərləndirib. Baş nazir bildirib ki, bu layihə ilə əlaqədar başlanan rəsmiləşdirmə işləri ilə bağlı Nazirlər Kabinetinin qərarı da qəbul edilib: “Qarşıdakı aylarda, inşallah, burada addımlar atılacaq və TANAP-la bağlı 2018-ci il hədəfinə nail olacağımız an inanıram ki, bu beynəlxalq layihə aramızdakı qardaşlığımızı qat-qat gücləndirəcəkdir. Təbii ki, bununla yanaşı, cənab Prezidentin də ifadə etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəməri məsələsi, ondan sonra eyni şəkildə yenə Bakı-Tbilisi-Qars dəmir yolu məsələsi, ondan sonra yenə Şahdəniz-Ərzurum layihəsi, bütün bunlar həqiqətən Azərbaycan-Türkiyə arasındakı bağların nə qədər güclü olduğunu göstərən ən mühüm sərmayələrdir. Gələcəkdə inanıram ki, çox ciddi sərmayələri birlikdə yatıracağıq. Xüsusilə, təbii qaz məsələsində yatırmaqda olduğumuz, yatıracağımız sərmayələr və bu mövzu ilə əlaqədar olaraq daha əvvəl “Petkim”də başlayan proses və “Petkim”dəki yeni investisiyalar bu addımların nə qədər əhəmiyyət daşıdığını ifadə edir”.

Dağlıq Qarabağ probleminə münasibətdə Türkiyənin mövqeyi dəyişməzdir

Bildiyimiz kimi, beynəlxalq aləmdə bir çox məsələlərdə bir-birinin mövqeyini dəstəkləyən Azərbaycan-Türkiyə siyasi əlaqələri yüksək səviyyədədir. Xatırladaq ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib. Mətbuat konfransında Prezident İlham Əliyev görüş zamanı hərbi sahədə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldığını da bildirib. Dövlət başçısının fikrincə, bu sahədə də çox yaxşı imkanlar, perspektivlər və nəticələr vardır: “Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri bu gün müzakirə edildi. Biz Türkiyə dövlətinə minnətdarıq ki, daim bizə diqqət göstərir, Azərbaycanın haqlı işində bizə həmişə dəstəkdir, dayaqdır. Bildiyiniz kimi, beynəlxalq birlik tərəfindən tanınmış bizim ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımız işğal altındadır. Bu işğal, ədalətsizlik davam edir. Buna son qoyulmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Əminəm ki, belə də olacaqdır. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və olacağıq”.

Türkiyənin Baş naziribu məsələdə dövlətinin mövqeyini bir daha ifadə edib: “Təbii ki, bu gün aramızda yenə Qarabağ məsələsini müzakirə etmək imkanımız oldu. Bunu təkrar aramızda müzakirə etdik və Dağlıq Qarabağ mövzusunda biz bu günə qədər necə bir qətiyyət, mövqe göstərmişiksə, bundan sonra da yenə eyni qətiyyətli mövqedə olmaqda davam edəcəyik. Burada güzəştə getməyimiz əsla müzakirə mövzusu ola bilməz. Bunun xüsusilə ekran qarşısında bizi izləyənlərin bilməsini bir daha istəyirəm. Bu baxımdan bunu ifadə edirəm”.

Xatırladaq ki, ötən il ölkəmizdə keçirilən prezident seçkilərindən sonra ilk xarici səfərini Türkiyəyə edən Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı Abdullah Güllə də keçirdiyi görüşdə Dağlıq Qarabağ problemi diqqət mərkəzində olub. Həmin görüşdə Türkiyənin dövlət başçısı Abdullah Gül ölkəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına verdiyi dəstəyi dilə gətirib: Eyni zamanda, regional məsələləri, Azərbaycanın milli məsələsini və bizimmilli məsələmiz olan Azərbaycanın ərazi bütövlüyüişğal altındakı torpaqlarının azad edilməsi məsələlərini - bütün bunları müzakirə etdik. Bu məsələ də, şübhəsiz ki, Türkiyə olaraq ən önəm verdiyimiz məsələlərdən biridir. İnanıram ki, gec-tez bir gün bu problem öz həllini tapacaqdır. Bütün bunların diplomatik yolla həllinə də, şübhəsiz ki, çox önəm veririk”.

Türkiyənin Baş nazirinin ölkəmizə bu dəfəki səfəri də iki dövlət arasında münasibətlərin nə qədər dərin köklərə malik olduğunu bir daha təsdiqləyir. Ölkə rəhbərləri arasında mütəmadi olaraq keçirilən görüşlər, aparılan müzakirələr əlaqələrin inkişafına xidmət edir. Bu görüşlərdə Rəcəb Tayyib Ərdoğanın dediyi kimi bütün məsələlər, o cümlədən, tərəfləri narahat edən məsələlərlə bağlı da müzakirələr aparılır. Prezident İlham Əliyev isə qeyd edib ki, dövlət və hökumət başçıları tez-tez görüşürlər: “Keçən dəfə dörd ay bundan əvvəl görüşmüşük, bu dəfə də görüşürük. Gələn ay da görüşümüz ola bilər. İyun ayında görüşümüz olacaqdır. Yəni bu, təbiidir. Biz müttəfiqik, biz dostuq, biz qardaşıq. Bizim aramızda olan söhbətlər, əlbəttə ki, çox geniş sahəni əhatə edir. Elə bir məsələ yoxdur ki, biz bu məsələni səmimiyyətlə, dost, qardaş kimi müzakirə etməyək. Əsas məsələ ondan ibarətdir ki, burada Türkiyə və Azərbaycan tərəfi başqa sahələrdə olduğu kimi həmfikirdir ki, biz əlaqələrimizə zərrə qədər zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik, imkan vermirik və verməyəcəyik. Biz dostuq, qardaşıq, rəhbərlər qardaşdır, xalqlar qardaşdır. Belə də olmalıdır. Gələcək uğurlu inkişafımız və dünyada yerimizi möhkəmləndirmək üçün Türkiyə-Azərbaycan birliyi bundan sonra da davam edəcəkdir, etməlidir. Bu, xalqların iradəsindən doğan bir sifarişdir, Türkiyə və Azərbaycan rəhbərliyinin əqidəsidir. Biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi müdafiə edəcəyik, yaxşı günlərdə və o qədər də yaxşı olmayan günlərdə də həmişə bir yerdə olmalıyıq. Zatən, qardaşlar belə olmalıdır və biz də belə qardaşlardanıq”.

Mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi partiyanın bələdiyyə seçkilərində qələbəsini şərtləndirən amillərə də aydınlıq gətirib. O, jurnalistlərin bu haqda suallarını cavablandırarkən deyib: “Bizim yeganə bağlantımız millətlədir. Millətlə olan bağlantımız çox yaxşı olduğu üçün 46 faiz səs aldıq. Bu seçki də məlumdur ki, necə deyərlər, etimadın doğrulması idibunu bacardıq. Biz xalqımızın içərisində hər hansı bir ayrı-seçkiliyə imkan vermərik. Ayrı-seçkiliyə tamamilə qarşıyıq. Baxın, hazırda Türkiyənin demək olar ki, bütün vilayətlərində üzvləri bələdiyyə sədri seçilən tək partiya bizik. Bununla yanaşı, bizim 7 bölgəmiz vardır, bu 7 bölgənin altısında birinci partiyayıq, digər bölgədə də bərabərik. Bizim belə bir xüsusiyyətimiz də vardır.

Bu, haradan qaynaqlanır? Biz bütün xalqı əhatə edirik. Digərləri əhatə edə bilmir. Bəziləri irqçilik, bəziləri bölgəçilik edir. Bizdə bu, yoxdur. Biz 77 milyonun partiyasıyıq. Biz 780 min kvadratkilometrin partiyasıyıq. Mən həmişə deyirəm, bizim dörd əsas prinsipimiz var: Tək millət, tək bayraq, tək vətən, tək dövlət. Bu, xalqımızın bizə olan xoş münasibətini artırmışdır”.

Ölkəmizin qeyri-neft sektoruna ən çox yatırım qoyan ölkə Türkiyədir

Onu da qeyd edək ki, Azərbaycan Türkiyə iqtisadiyyatına əhəmiyyətli dərəcədə investisiya yatırır. Eyni zamanda, ölkəmizin qeyri-neft sektoruna ən çox yatırım qoyan ölkə Türkiyədir. Qardaş ölkə şirkətləri əsasən ölkəmizdəki sənaye, istehsal, telekommunikasiya, inşaat, mətbuat, qida, tekstil, təhsil, səhiyyə, bank və sığorta, nəqliyyat, avtomobil, neft sahələrində fəaliyyət göstərirlər. İki ölkənin adamları arasında əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə ortaq qurumlar, təşkilatlar fəaliyyət göstərir. Göründüyü kimi, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı sürətlə genişlənir və bu, həm iki ölkənin maraqları, həm də regionun gələcəyi baxımından olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyev Türkiyəyə sonuncu səfəri zamanı Prezident Abdullah Gül ilə birlikdə mətbuata bəyanatla çıxış edərkən mövcud iqtisadi əlaqələrin daha da genişləndiriləcəyini bildirib: “Bu gün biz daha da irəliyə baxırıq. Bu gün qarşılıqlı sərmayə qoyuluşu məsələləri uğurla öz həllini tapır və Azərbaycanın xaricdəki ən böyük sərmayələri təbii ki, Türkiyəyə yatırılan sərmayələrdir. Bu proses artıq davam edir və növbəti 5 il ərzində Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi qoyulacaqdır. Eyni zamanda, biz Türkiyə şirkətlərinin də Azərbaycana qoyduqları sərmayəni alqışlayırıq və adamları arasındakı əlaqələri dəstəkləyirik”.

Regionda mühüm siyasi, iqtisadi aktorlar olan Azərbaycanla Türkiyənin müxtəlif sahələrdə qurduğu bərabərhüquqlu və qarşılıqlı-faydalı əlaqələri daim inkişaf etməkdədir. İki ölkənin çoxşaxəli xarakter daşıyan iqtisadi əlaqələri enerji sferasında uğurla davam etdirilir. Prezident Abdullah Gülün dediyi kimi, Prezident İlham Əliyevin əsasını Ümummilli liderin qoyduğu yolu uğurla davam etdirməsi və liderlik bacarığı sayəsində hazırda Türkiyə ilə Azərbaycan arasındakı qədim dostluq və qardaşlıq əlaqələri konkret layihələrlə inkişaf edir:Bu layihələr zənginləşməkdə davam edir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Trans-Anadolu təbii qaz boru kəməri layihələrini sürətlə tamamlayaraq Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrinə yeni uğurlu layihələr əlavə etmək istəyirik”.

BTC layihəsi ilə yanaşı, iki ölkə son illərdə “mavi yanacağın” daşınması ilə bağlı böyük layihələrə imza atırlar. Bildiyimiz kimi, regionun mühüm təbii qaz ixracatçısı olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artmaqdadır. Türkiyə bu sahədə mühüm tranzit və istehlakçı ölkə kimi bir sıra qlobal əhəmiyyətli layihələrin gerçəkləşməsində birbaşa iştirak edib. Bunun ən bariz nümunəsi olaraq Bakı-Tbilisi-Ərzurum qaz kəmərini göstərə bilərik. Bu layihənin reallığa çevrilməsi Azərbaycan-Türkiyə dostluğunun mühüm simvollarındandır.

Bir çox Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın iqtisadi maraqları başlanan işin davam etdirilməsini və daha da genişləndirilməsini zəruri edirdi. Bu istiqamətdə mühüm addım kimi 2011 və 2012-ci illərdə Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinə dair sazişlər imzalandı. Bu boru xətti BTƏ-dən gələn qazı Yunanıstanla sərhəddə çıxaracaq. TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçünyeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın və Türkiyənin rolu daha da artacaq.

BTƏ və TANAP “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissələridir. Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsinin imzalanması isə “Cənub qaz dəhlizi”nin böyük hissəsinin razılaşdırılması deməkdir.

Beləliklə, göründüyü kimi, Azərbaycan-Türkiyə münasibətləri ən müxtəlif sahələrdə uğurla inkişaf edir. Ortaq köklərə, dəyərlərə söykənən bu əlaqələr daimidir, sarsılmazdır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə son səfəri də bu reallığı bir daha təsdiqləyir.

 

  Nardar BAYRAMLI

 Yeni  Azərbaycan.-2014.- 9 aprel.- S.8.