Azərbaycan əlilliyi olan şəxslərlə bağlı siyasətini beynəlxalq standartlara uyğun qurur

 

Müsahibimiz Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri iqtisad elmləri doktoru, professor Səlim Müslümovdur

- Səlim müəllim, bir neçə gün öncə Cenevrədə BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Siz “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan hökumətinin ilk məruzəsini təqdim etdiniz. Sizcə, Azərbaycanda əlillərlə bağlı siyasətin qeyd olunan Konvensiyaya uyğunlaşdırılması sahəsində vəziyyət necədir?

- İlk növbədə bildirim ki, müstəqil Azərbaycanda əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi işlərinə hələ ötən əsrin 90-cı illərinin ortalarında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılmışdır. Müstəqil dövlətin qurulması, möhkəmləndirilməsi, onun uzunmüddətli inkişafına yönələn zəruri tədbirlərin həyata keçirilməsi ilə yanaşı, Ulu öndərimiz eyni zamanda əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərin yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını, onların sosial rifahının təmin olunmasını dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən etmişdir. 1995-ci ilin 17 yanvarında Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə Ümummilli liderimiz Heydər Əliyev “İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır”-deyə vurğulamışdır.

Bu sözlər real həyatda öz təsdiqini tapmışdır. Respublikada qeyd olunan şəxslərin hərtərəfli dövlət qayğısı ilə təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, onların maddi təminatı ildən ilə gücləndirilmişdir. Həmçinin əmək və məşğulluq haqqında qanunvericilikdə əlillərlə bağlı yüksək humanist yanaşmaları ifadə edən əlavə təminatlar nəzərdə tutulmuşdur. Burada bir məqamı vurğulamaq istərdim ki, bu gün “Əlillərin hüquqları haqqında” Konvensiyada əlilliyi olan şəxslərlə bağlı əksini tapan bir sıra təşəbbüslər hələ ötən əsrin 90-cı illərində Ümummilli liderimiz tərəfindən artıq irəli sürülmüşdü və milli qanunvericilikdə də artıq təsbit olunmuşdu.

Son on ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan böyük inkişaf yolu keçmiş, ölkədə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Bu dövrdə ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Müasir dövlət və rifahlı cəmiyyət quruculuğu yolunda mühüm tarixi nailiyyətlər qazanan Azərbaycan sosial dövlət statusunu daim gücləndirən, hər bir vətəndaşının, eyni zamanda əlilliyi olan vətəndaşlarının sosial rifah halını təmin etmək üçün fəal siyasətə malik bir ölkəyə çevrilmişdir. Qeyd edim ki, bu gün heç də bütün ölkələr BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına qoşulmağa hazır deyil, bunun üçün ümumən cəmiyyətin inkişafı, Konvensiyada müəyyən olunan öhdəlikləri yerinə yetirmək üçün siyasi iradə, institusional baza lazımdır. Məhz sürətli inkişaf və bütün sahələrdə qabaqcıl beynəlxalq standartların tətbiqi prosesinin genişlənməsi, həmçinin dövlətin əlilliyi olan şəxslərlə bağlı siyasətini mütərəqqi dünya praktikasından irəli gələn yanaşmalara uyğun qurmaq əzmi artıq Azərbaycan Respublikasının 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulmasına şərait yaratmışdır.

Əminliklə deyə bilərəm ki, əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu həm ölkəmizin Konstitusiyasında, həm əsas strateji sənədi olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub. Biz bu sahədə davamlı və sistemli tədbirlərin görülməsinin vacibliyini dərk edirik. Bunu nəzərə alaraq, Azərbaycan Konvensiyaya qoşulduqdan sonra həm qanunvericiliyin, həm də praktiki icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə səylərini davam etdirmişdir.

- Konvensiyada müəyyən edilən öhdəliklərin icrası sahəsində nazirlik tərəfindən görülən hansı konkret işləri qeyd edərdiniz?

- Bildiyiniz kimi, Konvensiyada müəyyən edilən ümumi öhdəliklərin səmərəli icrası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi koordinator kimi müəyyən olunmuş, Nazirlik yanında aidiyyatı dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarından ibarət İşçi Qrup yaradılmışdır. İşçi Qrupun əsas vəzifəsi Konvensiyadan irəli gələn tələblərin icrası üçün plan və strategiyaları əlaqələndirmək və reallaşmasını təmin etməkdir. Konvensiyada nəzərdə tutulan müstəqil monitorinq funksiyalarını isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həyata keçirir.

Konvensiyadan irəli gələn öhdəliklərə uyğun olaraq, qanunvericilik aktlarının və proqramların hazırlanmasında, eləcə də əlilliyi olan şəxslərlə bağlı müxtəlif layihələrdə həmin şəxslərin ictimai birlikləri ilə sıx əməkdaşlıq edilir. Artıq 2 aydan çoxdur ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi hazırlanaraq Nazirliyin rəsmi internet saytında (http://www.mlspp.gov.az) yerləşdirilib. Həm ictimayyətin, həm də qeyri-hökumət təşkilatlarının müvafiq rəyləri nəzərə alınmaqla layihənin son variantı hökumətə təqdim olunacaqdır. Yeni qanun layihəsi ölkəmizin Konvensiya üzrə üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən bu sahədə dövlət siyasətinin əsas prinsiplərini, dövlət təminatlarını, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin abilitasiyası və reabilitasiyası, məşğulluğu, əlil şəxslərin sosial təminatları kimi məsələləri əhatə edir.

Bununla yanaşı, Konvensiyadakı müddəaların həyata keçirilməsi məqsədilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi də hazırlanaraq nazirliyin vebsaytında yerləşdirilmişdir. Praktik əhəmiyyət kəsb edən bu layihə həm də müvafiq dövlət orqanları və QHT-lərlə birgə müzakirə olunur.

Burada bir məqamı da qeyd edim ki, Komitədə dinləmələr zamanı Komitə üzvləri Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı mövcud qanunun (1992-ci ildə qəbul edilmişdir) daha çox tibbi modeli özündə ehtiva etdiyini, Konvensiyanın isə sosial modelin tətbiqini tələb etdiyini vurğulayırdılar. Biz məhz bu səbəbdən yeni qanun layihəsinin hazırlandığını və müzakirəyə çıxarıldığını onların diqqətinə çatdırdıq və Komitənin də bu yeni layihəyə rəy verməsini xahiş etdik.

- Cənab nazir, ümumiyyətlə, bu gün Azərbaycanda nə qədər əlilliyi olan şəxs var və ölkədə əlilliyə təsir edən amillər kimi nələri qeyd edərdiniz?

- Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müqayisə üçün bildirim ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir. Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının əsas səbəbi ölkə əhalisinin gənc olmasıdır. Qeyd etmək istərdim ki, əlilliyin artmasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi böyük rol oynamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 11912 nəfər əlil olmuşdur. Həmçinin Azərbaycan ərazisinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş 20% hissəsindən məcburən köçkün düşmüş əhali arasında əlillik 6,5%-ə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5%-dir. Digər tərəfdən, ayrı-ayrı xəstəliklərin, o cümlədən yoluxucu xəstəliklərin bu və ya digər səbəbdən vaxtında müalicəsinin aparılmaması bu xəstəliklərin ağırlaşaraq əlillik vəziyyətinə çevrilməsinə şərait yaradır. Çoxsaylı yol qəzaları, texnogen qəzalar və s. də qeyd olunan amillərdəndəndir. Onu da bildirim ki, hazırda Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində əlilliyin qiymətləndirilməsi meyarlarının, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi istiqamətində işlər görülür. Bununla bağlı Dünya Bankının ekspertləri ilə birgə məsləhətləşmələr aparılır.

- Əlilliyi olan şəxslərin layiqli həyat səviyyəsinin təmin edilməsi həm də həmin insanların maddi təminatının gücləndirilməsini, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bu sahədə vəziyyət necədir?

- Bildiyiniz kimi, Azərbaycanda əlilliyi olan şəxslərə müvafiq qanunvericilikdə nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə əmək pensiyaları verilir. Əmək pensiyası hüququ olmadıqda, onlara sosial müavinətlər ödənilir. Bununla yanaşı, müvafiq kateqoriyadan olan əlillərə Prezident təqaüdləri təyin olunur. Hazırda əmək pensiyası alanların 27%-i, sosial müavinət alanların 57,2%-i, Prezident təqaüdü alanların isə 52,2% -i əlilliyi olan şəxslərdir. 2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılmışdır.

Cari ilin mart ayında ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı, ümumən 32 907 nəfər əlili əhatə edən Sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılmışdır. Eyni zamanda, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Beləliklə, əmək pensiyası almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği 67 manatdan artırılaraq 127 manata çatdırılmaqla, yaşayış minimumunun üzərinə çıxarılmışdır. Digər tərəfdən, müharibə əlillərinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulmuşdur.

Müharibə əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işlərinin əsası Ulu öndərimiz tərəfindən qoyulub və son on ildə möhtərəm Prezidentimizin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanda müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı sahəsində mühüm tədbirlər davam etdirilib. Bu sahədə Azərbaycan digər ölkələrdə mövcud olmayan müsbət təcrübəyə malikdir. Belə ki, indiyədək 5000-ə yaxın müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdur. Eyni zamanda, 4000-ə yaxın müharibə əlilinə avtomobillər verilmişdir. Cari il ərzində isə bu təbəqələrdən olan vətəndaşlar üçün Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binaları istifadəyə veriləcəkdir. Biz bu il eyni zamanda Bakının Sabunçu rayonunda Gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzini, Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzini istifadəyə verəcəyik.

Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan beş milyon manat ayrılmışdır. Beləliklə, minik avtomobili almaq üçün növbədə olan əlillərin cari il ərzində avtomobillə tam təminatı həyata keçiriləcəkdir. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əlilliyi olan şəxslərin sosial təminatının daim yaxşılaşdırılmasına göstərdiyi böyük diqqət və qayğının növbəti bariz təzahürləridir.

Yeri gəlmişkən onu da bildirim ki, əlil və şəhid ailələrinin mənzillə, əlillərin avtomobillə təminatı sahəsində ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmin olunması məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində ictimaiyyətə açıqlanmışdır.

- Əlilliyi olan şəxslərin müalicə, reabilitasiya və təhsil xidmətləri ilə təmin olunması sahəsində ölkəmizdə hansı tədbirlər həyata keçirilir?

- Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Həmin mərkəzlərdə hər il orta hesabla 8 min nəfərə yaxın əlil və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olunur. “Sosial xidmət haqqında” Qanuna əsasən evlərində və sosial xidmət müəssisələrində sosial-məişət xidməti göstərilən vətəndaşların 3666 nəfəri əlilliyi olan şəxslərdir.

Eyni zamanda, əlilliyi olan şəxslərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində əlil olmuş şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların dərman preparatları ilə pulsuz təmin edilməsi qaydası müəyyənləşdirilmişdir.

Müvafiq qanunvericiliyə əsasən, dövlət əlilliyi olan şəxslərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir. 2001-ci ildə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanun qəbul edilmişdir. Bununla yanaşı, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı, “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları” təsdiq olunmuşdur. “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə” tərtib edilmişdir. Beləliklə, ölkədə artıq 13 ildir ki, inklyuziv təhsil həyata keçirilir.

Müvafiq icra hakimiyyəti orqanları və Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin məktəbəqədər təhsilini, dərsdənkənar vaxtlarda tərbiyəsini, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını təmin edirlər. Bu şəxslərin təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən, evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir.

- Cənab nazir, Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluq imkanları necə dəstəklənir, onların əmək bazarına çıxışı üçün hansı imkanlar yaradılır?

- Bu, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasında əksini tapan və bizim üçün prioritet önəm kəsb edən məsələlərdən biridir. Xatırladım ki, 24 dekabr 2013-ci il tarixdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında demişdir: “Dövlət və özəl müəssisələrdə əlillərin işlə təmin edilməsi məsələləri qanunvericiliklə tənzimlənir. Ancaq həyatda heç də hər zaman buna riayət edilmir. Ona görə hesab edirəm ki, burada həm ciddi nəzarət olmalıdır, eyni zamanda, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi də öyrənilməlidir. O təcrübə müsbətdir. Biz o təcrübəni Azərbaycanda tətbiq etməliyik ki, fiziki imkanları məhdud olan insanlar, xüsusilə gənclər cəmiyyətdə özlərini rahat hiss etsinlər, cəmiyyətdən təcrid edilməsinlər və cəmiyyətin fəal üzvləri olsunlar”.

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Həmin mərkəz öz profilinə görə birbaşa olaraq əlilliyi olan şəxslərin peşə hazırlığına xidmət edən ilk mərkəzdir. Burada əlilliyi olan gənclər müxtəlif istiqamətlərdə (xalçaçılıq, rəssamlıq, kulinariya, toxuculuq və s.) peşə reabilitasiyası kurslarına cəlb olunurlar. Yeni peşələrə yiyələndikdən sonra onların həmin peşələr üzrə məşğulluğu da təmin ediləcəkdir. Onu da bildirim ki, “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində hazırlanan modul tipli təlim proqramları əhalinin digər kateqoriyaları ilə yanaşı, xüsusilə əlilliyi olan şəxslərin əmək bazarında tələb olunan peşə vərdişlərinə yiyələnmələrində müasir və çevik vasitədir.

Əlbəttə, əlilliyi olan şəxsə dövlət tərəfindən qayğı göstərilməsi vacibdir. Bununla belə, hər bir əlilliyi olan şəxsin ilk növbədə onun məşğulluq imkanlarını reallaşdıran, beləliklə, onun ictimai həyatın fəal iştirakçısına çevrilməsini təmin edən şəraitin yaradılmasına daha çox ehtiyacı var. Belə bir şərait əlilliyi olan şəxsə təkcə maddi tələbatını ödəmək üçün gəlir əldə etmək mənasında deyil, daha çox cəmiyyətdə özünü təsdiq etmək baxımından lazımdır. Biz əlilliyi olan insanlarla görüşlərimiz zamanı da onlar daha çox məşğulluqlarının təmin olunmasına köməklik göstərilməsi istəklərini ifadə edirlər. Digər tərəfdən, əvvəllər əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraiti göstərilmir, sadəcə “əmək qabiliyyətsiz” sözü yazılırdı. Bu da əlil şəxslərin məşğulluğuna ciddi maneə yaradan hal kimi onları narahat edirdi. Biz bu maneəni aradan qaldırdıq və artıq əlillik qrupu verilən bütün şəxslərin əlillik arayışlarında onlar üçün əmək zəmanəti qeyd olunur ki, bu da əlillliyi olan şəxsə bu və ya digər müəssisədə öz fiziki imkanlarına uyğun işlə təmin olunmağa imkan verir.

Qeyd edim ki, milli qanunvericilikdə əlilliyi olan şəxslərin əmək və məşğulluq hüquqları təsbit olunub. “Məşğulluq haqqında” Qanun bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsi üçün bərabər imkanları təmin edir. Yaxud Əmək Məcəlləsinə əsasən əmək münasibətlərində işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, dövlət büdcəsinə əlilləri və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün respublika üzrə orta aylıq əmək haqqının 3 misli məbləğində vəsait köçürürlər.

Məlumat üçün bildirim ki, 2009-2013-cü illərdə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edən 2468 nəfər əlilliyi olan şəxslərdən 1089 nəfəri işlə təmin olunmuş, 60 nəfəri isə ödənişli ictimai işlərə göndərilmişdir. Həmin şəxslərin peşə hazırlığına cəlb olunması da diqqətdə saxlanılır. Qeyd olunan dövrdə 202 nəfər əlil insan peşə hazırlığı kurslarına cəlb olunmuşdur.

Əlilliyi olan şəxsləri işlə təmin edən işəgötürənlərin həvəsləndirilməsi üçün onlara müxtəlif güzəştlərin tətbiqi, əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə güzəştli kreditlərlə təmin olunması, regionlarda həmin şəxslər üçün münasib ixtisaslaşdırılmış istehsal sahələrinin yaradılması istiqamətlərində də müvafiq tədbirlər həyata keçirilir. Son 5 ildə isə 265 əlilliyi olan sahibkara 11,4 milyon manat, o cümlədən 2013-cü ildə 29 belə sahibkara 0,8 mln. manat dövlətin güzəştli kreditləri verilmişdir ki, bu kreditlər hesabına 1000-dək, o cümlədən 2013-cü ildə 100-dək yeni iş yeri yaradılmışdır.

- Əlilliyi olan qadınların, sağlamlıq imkanları məhdud uşaqların hüquq və azadlıqlarının təmin edilməsi də Konvensiyada əksini tapan öhdəliklər sırasındadır...

- Tamamilə doğrudur. Məlumat üçün bildirim ki, ölkəmizdə əlilliyi olan şəxslərin ümumi sayının 44,4 faizini qadınlar təşkil edir. Azərbaycan qanunvericiliyində cinsi bərabərlik, qadın hüquqlarının qorunması tam olaraq əksini tapmışdır. Belə ki, 2006-cı ildə “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanun qəbul edilmiş, Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli Qərarı ilə “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” təsdiq edilmişdir. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunmuşdur.

Bu normativ hüquqi aktlarda qadın hüquqlarının təmin olunması ilə bağlı müddəalar təbii ki, əlilliyi olan qadınlara da şamil olunur və burada hər hansı ayrı-seçkilik yoxdur. Həmçinin Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əlilliyi olan qadınların hüquq və azadlıqlarının müdafiəsi tədbirləri mühüm yer tutur. Proqramda əlilliyi olan qadınların məşğulluğunun təmin edilməsi üçün ixtisaslaşdırılmış iş yerlərinin yaradılmasına dair təşəbbüslərin dəstəklənməsi, onların uyğun peşələrə yiyələnmələri üçün müvafiq peşə hazırlığı kurslarının təşkil olunması nəzərdə tutulmuşdur.

Son illərdə milli qanunvericiliyə dəyişiklik və əlavələr edilərək «16 yaşınadək əlil uşaqlar» anlayışı “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar» anlayışı ilə əvəz edilmiş, həmçinin «uşaqlıqdan əlil” anlayışı qanunvericilikdən çıxarılmışdır. Bu dəyişiklik beynəlxalq praktikaya uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlara cəmiyyətdə olan digər uşaqlar kimi yanaşılmasına yönəlmişdir. BMT-nin 1959-cu ildə qəbul etdiyi “Uşaq Hüquqları Bəyannaməsi”nin 50 illiyi münasibətilə möhtərəm dövlət başçısının müvafiq Sərəncamına əsasən, 2009-cu il - Azərbaycanda “Uşaq ili” elan edilmiş və bununla ölkədə uşaqlarla bağlı dövlət siyasəti daha da güclənmişdir.

Hazırda Azərbaycanda 62 860 nəfərə yaxın sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əsasən, belə uşaqların dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları vardır. Qanuna uyğun olaraq, aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını qanunvericiliyə uyğun olaraq təmin edirlər. Eyni zamanda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara dövlət tərəfindən sosial müavinət verilir, onların statusu və göstərilən yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. Təkcə son beş ildə 13074 nəfər sağlamlıq imkanları məhdud uşaq həm Respublika daxilindəki, həm də xarici ölkələrdəki reabilitasiya mərkəzlərində reabilitasiya xidməti ilə təmin olunmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 14 mart 2012-ci il tarixli Fərmanı ilə tətbiqinə başlanılan “Sosial xidmət haqqında” Qanun sağlamlıq imkanları məhdud uşaqlarla bağlı xidmətlər sferasında da çoxtərəfli rəqabət mühiti şəraitində səmərəli reabilitasiya imkanları yaratmışdır. Nazirlər Kabinetinin 2013-cü ildə təsdiq etdiyi “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na müvafiq olaraq sağlamlıq imkanları məhdud uşaqlara sosial işçi və sosial xidmətçi tərəfindən evdə (səyyar) sosial xidmət göstərilə bilər.

Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şaqan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı bu müəssisələr uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz olunub.

- “Əlillərin hüquqları haqqında” Konvensiya əlilliyi olan şəxslərin sosial infrastrukturdan, nəqliyyat, informasiya və rabitədən istifadəsinə şərait yaradılmasını da əsas öhdəliklərdən biri kimi irəli sürür. Bu gün Azərbaycanda belə bir şəraitin yaradılması üçün hansı zəruri işlər görülür?

- Ümumiyyətlə, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan olunmuşdur ki, ölkəmizdə aparılan siyasətin əsasında məhz insan amili dayanır. Bu həm də o deməkdir ki, ölkədə mövcud olan və yaradılan bütün yaşayış və xidmət infrastrukturu hər bir vətəndaşa, o cümlədən əlilliyi olan vətəndaşa xidmət etməlidir. Əminliklə deyə bilərəm ki, ölkəmizdə artıq bu işlər geniş vüsət almaqdadır.

Möhtərəm dövlət başçımız Yevlax şəhərində məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin acılışı zamanı demişdir: “Əlillərin normal həyata inteqrasiyası üçün Azərbaycanda çox böyük işlər görülür. Bir çox hallarda bizim təcrübəmiz başqa ölkələrdə öyrənilir. Əlbəttə, belə regional mərkəzlərin sayı çox olmalıdır”. Qeyd edim ki, həmin mərkəz Heydər Əliyev Fondunun növbəti humanist layihələrindən biridir. Fondun dəstəyi ilə əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün respublikamızın artıq 3 bölgəsində Regional İnformasiya Mərkəzləri yaradılıb. Bu mərkəzlərdə əlilliyi olan şəxslərə Brayl əlifbası ilə nəşr olunmuş kitablar təqdim olunur, həmçinin nitq və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün filmlərin nümayiş olunduğu kinozallar, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunları otağı fəaliyyət göstərir. Bunlar qeyd olunan məsələnin həlli ilə bağlı gözəl nümunələrdir.

Bu sahədə artıq hökumətin qətiyyətli mövqeyi vardır və əvvəllər yaradılmış infrastrukturun imkanlar daxilində əlilliyi olan şəxslərin istifadəsinə uyğunlaşdırılması ilə yanaşı, yeni istifadəyə verilən obyektlərdə bu məsələ nəzərə alınır və həllini tapır. Məsələn, 2012-ci ildə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi, “ADA” Universiteti, 2013-ci ilin yanvar ayında fəaliyyətə başlamış “ASAN Xidmət” Mərkəzləri əlilliyi olan şəxslərin istifadəsi üçün tam uyğundur.

“ASAN xidmət” mərkəzlərində gözdən əlil vətəndaşların qəbul şöbəsinə və birbaşa xidmət sahəsinə gedə bilmələri üçün xüsusi işarələrlə təchiz olunmuş cığırlar, göstərilən xidmətlər barədə məlumat alınması üçün Brayl əlifbası ilə məlumat lövhələri və fövqəladə hallar üçün köçürülmə planları quraşdırılıb, sanitar qovşaqları əlillərin istifadəsi üçün uyğunlaşdırılıb. Bu mərkəzlər hərəkət imkanları məhdud vətəndaşlar üçün hətta əlil arabaları ilə də təchiz edilib. Həmçinin “ASAN xidmət” səyyar formada əlilliyi olan şəxslərə evlərində və iş yerlərində də pulsuz xidmət göstərir. Bu olduqca dəyərli təcrübədir və yarandığı bir il ərzində 1 milyondan çox vətəndaşa xidmət göstərmiş “ASAN xidmət” mərkəzlərinin cari il ərzində bütün ölkə ərazisini əhatə etməsi əlilliyi olan şəxslər üçün çox əhəmiyyətli olacaqdır.

Həmçinin yeni istismara verilən piyada keçidləri fiziki imkanları məhdud olan insanların fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz olunub. Eləcə də onların hərəkət etmələrini və rahatlığını təmin etmək məqsədilə yerüstü nəqliyyatda bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, dəmiryol stansiyalarındakı sərnişin platformalarının səthlərinin bərabər səviyyəyə gətirilməsi işləri davam etdirilir. Avtobuslarda əlil şəxslər üçün xüsusi yerlər nəzərdə tutulub. Əlilliyi olan sərnişinlərin sərbəst daxil ola və enə bilmələri üçün müvafiq pnevmatik texniki vasitələr quraşdırılmış avtobusların idxalına artıq başlanılıb. Habelə əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən müasir taksilər istismara buraxılıb.

Təbii ki, bu istiqamətdə digər sahələrdə də ciddi işlərin aparılması əsas vəzifələrdəndir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinə və “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsinə bununla bağlı xüsusi maddələr daxil edilmişdir. Həmin maddələrdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud infrastruktur obyektlərinin, yaşayış binalarının, iş yerlərinin, mədəni-tamaşa müəssisələrinin və idman qurğularının həmin insanların istifadəsi üçün uyğunlaşdırılması və s. ifadə olunub.

- Səlim müəllim, Azərbaycanı BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası üzrə öz öhdəliklərini uğurla yerinə yetirən bir ölkə kimi xarakterizə etmək olarmı?

- Burada Konvensiyanın ayrı-ayrı müddəaları üzrə qeyd edilənlər Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı siyasətini beynəlxalq standartlara uyğun qurmaq əzmində olduğunu göstərir. Bəli, Azərbaycan hökuməti Konvensiya ilə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini əməli fəaliyyəti ilə təsdiq edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı zamanı söylədiyi “Biz bir amal ətrafında birləşmişik ki, ölkəmizi daha da inkişaf etdirək, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın gücü artsın, dünyadakı mövqeləri möhkəmlənsin, sosial məsələlər həll olunsun, iqtisadiyyat inkişaf etsin və biz müstəqil ölkə kimi əbədi yaşayaq” sözləri bütün ölkə vətəndaşları kimi, əlilliyi olan vətəndaşların da daim hərtərəfli qayğı ilə əhatə olunaraq layiqli həyat səviyyəsinə malik olmalarının təmin edilməsini bir vəzifə kimi müəyyən edir. Bu mühüm vəzifənin icrası, əlil vətəndaşlarımızın bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunması, eləcə də bu sahədə beynəlxalq standartların tətbiqi sahəsində səylərimizi daim artıracağıq.

 

   Yeni  Azərbaycan.-2014.- 9 aprel.- S.4-5.