Zəngəzur tarixi Azərbaycan torpağıdır
Prezident İlham
Əliyev: Zəngəzurun o vaxtkı əhalisinin
mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün
yaşayış məntəqələrinin adları Azərbaycan
adları idi
Xəbər verdiyimiz kimi, aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə söylədiyi geniş nitqində Azərbaycan tarixi, əzəli torpaqlarımız və Ermənistanın işğal siyasəti haqqında olduqca maraq doğuran fikirlər səsləndirib. Dövlət başçısının çox böyük rezonans doğuran fikirlərindən biri də, heç şübhəsiz ki, Azərbaycanın əzəli torpağı olan Zəngəzurun tarixi ilə bağlı söylədikləridir. Qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvanın tarixi haqqında danışarkən deyib ki, Naxçıvanın qədim dövlətçilik tarixi vardır: “Qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan idi. Təsadüfi deyil ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Bu, gözəl hadisə idi, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi. Ancaq bununla bərabər, o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər”.
Bunun böyük ədalətsizlik olduğunu vurğulayan Prezident İlham Əliyev əlavə edib ki, Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır: “Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü”.
Xatırlatmaq yerinə düşər ki, İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısındakı nitqində də Prezident İlham Əliyev bu məsələni gündəmə gətirərək qeyd etmişdi ki, vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı.
Bəli, Prezidentin bu fikirləri Azərbaycanın əzəli torpaqları ilə bağlı tariximizi yenidən araşdırmağı aktuallaşdırır. Nəzərə alsaq ki, bu gün Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan bədnam düşmənlərimiz - ermənilər həm də bizim tariximizə sahib çıxmağa çalışır, onda bu məsələlərin gündəmdə saxlanmasının nə qədər əhəmiyyətli olduğu daha aydın şəkildə anlaşılır. Ona görə də, Zəngəzurun, həmçinin, vaxtilə böyük ədalətsizlik nəticəsində və konkret məqsədlər naminə Ermənistana birləşdirən digər torpaqlarımızın tarixinə yenidən nəzər salmaq məqsədəuyğun olardı.
Qədim türk tayfası - zəngilər
Əlbəttə ki, türk dövlətlərinin yaranmasında, ortaq mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında bir çox qədim türk toplumlarının böyük rolu olub. Bu toplumların boylarının bəziləri sonradan qüdrətli dövlət yaradaraq tarixdə öz yerlərini alıblar. Bu boylardan biri də qədim dövrlərdə adı “sanqi” şəklində yazılan zəngilərdir. Zəngilər türk toplumları sırasında ən geniş coğrafi ərazidə yayılmış, hətta dövlət qurmağa nail olmuş boylardandır. Ən qədim türk boylarından olan zəngilərin adları bu gün də bəzi coğrafi komponentlərdə yaşayır. “Qarabağ sənədlərdə” kitabında göstərilir ki, F.Sümər zəngilər haqqında yazır: “Zəngilər türk məmlük ailəsindən idilər. Məmlük türkləri isə qıpçaq tayfalarıdır”.
Deməli, zəngilər qıpçaq tayfalarından biridir və müxtəlif tarixi dövrlərdə geniş bir areala yayılıblar. Hətta XII əsrdə dövlət yaratmağa da nail olublar. Professor Firudin Cəlilov isə böyük qazax mütəfəkkiri Çokan Valixanovun araşdırmalarına istinadən yazır ki, qırğız mifologiyasında ilxını qoruyan hami Kambar-Ata, qaramal hamisi isə Zəngi-Ata adlanırdı. Buradan da görünür ki, zəngi sözü müqəddəs anlamlı ifadədir. Həmçinin, başqa bir mənbədə isə göstərilir ki, zəngi toponimi qıpçaq tayfalarından olan zəngi və basar türk etnonimləri əsasında əmələ gəlib. Digər tarixi mənbələrdə də zəngilərin türk toplumlarından biri olması haqqında kifayət qədər geniş məlumatlar var. Amma bu günün özündə belə mübahisə doğuran və geniş araşdırmalar tələb edən əsas sual zəngilərin ilk məskənlərinin hansı ərazilər olması ilə bağlıdır. Bu da ondan qaynaqlanır ki, yuxarıda da qeyd olunduğu kimi, zəngilər çox geniş coğrafi arealda yaşayıblar və bu günün özündə belə dünyanın bir çox ölkəsində zəngilərlə bağlı toponimlərə rast gəlinir. Buna baxmayaraq, əsas mənbələrdə zəngilərin ilk məskunlaşdığı ərazilər kimi qədim Azərbaycan torpaqlarının göstərilməsi diqqəti cəlb edir. Xüsusilə, assur mənbələrində zəngilərlə bağlı məlumatlar göstərilərkən bu türk boyunun assurların deportasiyasından sonra müxtəlif coğrafiyalara üz tutduğu vurğulanır. Həmçinin, Azərbaycan ərazisində daha geniş bölgələrdə yaşaması və bir çox toponimlərin zəngilərlə bağlı olması bu fikri qüvvətləndirir.
Zəngəzur - zəngi dərəsi
Zəngilərin ilk yaşadığı ərazilərdən biri İrəvan mahalı olub. Tarixi mənbələri araşdırarkən zəngilərin ən qədim izlərinə də məhz bu bölgədə rast gəlinir. Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Zəngəzurun adı da məhz zəngi tayfaları ilə bağlıdır. Yəni, zəngi və toponimin sonundakı “zur” türk dilində “dərə”, “yarğan” mənasında işlənən “car” sözünün fonetik variantıdır. Ona görə də, bu ərazidə yerləşən Zəngi dərəsinin də adını məhz bu türk tayfalarının adından aldığı bildirilir. Zəngilərin bu ərazilərlə tanışlığı tarixi isə eramızdan əvvəl Assur dövlətinin zamanına qədər gedib çıxdığı yazılı mənbələrdə öz əksini tapıb.
Ümumiyyətlə isə, rayon Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır. Uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 m-dir. Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olub. Daha sonra isə, AXC-nin tərkibinə daxil olub. Ermənistan SSR rayonlaşdırılarkən mahalın bu respublikada qalan hissəsində Meğri, Qafan, Gorus və Qarakilsə rayonları yaradılıb.
Zəngəzurun Ermənistana birləşdirilməsi haqqında qərar barədə...
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Azərbaycan xalqına qarşı böyük bir ədalətsizlik edilərək Zəngəzurun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul olunduğunu xatırladıb.
Yuxarıda da qeyd etdiyimiz kimi, əzəli Azərbaycan torpağı olan Zəngəzur mahalı çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman həlak olub. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinib. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilib.
Tarixi mənəbələrdə qeyd olunur ki, bölgə Osmanlı İmperiyası ilə bağlanan müqaviləyə görə, Fevral inqilabından sonra yaranan Ermənistan Demokratik Respublikasının ərazisinə daxil deyildi, ancaq bu müqaviləni tanımayan Andranik Ozanyan Osmanı ordusundan qaçaraq bölgəni işğal etdi və bundan sonra silahlı erməni dəstələrinin törətdikləri vəşiliklər daha amansız oldu.
“Mudros” müqaviləsi əsasında osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Andranik bölgəni tərk etsə də, Dronun qoşunları ərazinin bir hissəsini öz nəzarəti altında saxlaya bildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndidən Zəngəzura doğru hərəkətə başladı. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə, sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dəstənin rəisi Şıxlınskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi, suvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalıydı. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı.
Zəngəzur Sovet dövründə...
1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra vəziyyət bir qədər də gərginləşdi. “Qarabağ sənədlərdə” kitabında bununla bağlı yazılır: “Cənubi Qafqazın yenidən Rusiyanın nəzarəti altına qayıtması regionda siyasi vəziyyəti dəyişdirdi. Yeni şərait aldadıcı ad altında Rusiya imperiyasının bərpa olunması, müstəqillik atributlarının aradan qaldırılması ilə səciyyələnirdi. Moskva rəhbərliyi Cənubi Qafqaz respublikalarını formal muxtariyyət hüququ ilə imperiyanın tərkibinə daxil edirdi. Bu şəraitdə “müttəfiq respublikalar” üçün daha çox ərazinin faktiki nəzarətdə saxlanılması mühüm əhəmiyyət kəsb edirdi. Rusiya Cənubi Qafqazda xristian Ermənistan və Gürcüstanın daha çox ərazilərə nəzarət etməsində, həmin ərazilərin erməniləşdirilməsi və gürcüləşdirilməsində maraqlı idi. Ona görə də, Rusiya regionda möhkəmləndikdən sonra Azərbaycan-Ermənistan və Azərbaycan-Gürcüstan arasındakı “mübahisəli ərazilər” deyilən məsələləri dərhal ikincilərin xeyrinə həll etdi. Belə ki, əhalisi yalnız Azərbaycan türklərindən ibarət olan Dərələyəz, Göyçə, Zəngibasar mahalları Ermənistana, Borçalı mahalı isə Gürcüstana verildi. Ermənistan bununla kifayətlənməyərək yaranmış vəziyyətdən, Rusiyanın uyğun mövqeyindən daha geniş şəkildə yararlanmağa çalışırdı. Ermənistan Sovet rəhbərliyi tərəfindən Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrinə iddialar irəli sürüldü. Moskva dərhal bu iddiaları dəstəklədi və Azərbaycanın kommunist rəhbərlərinə təzyiqləri güclənirdi. Azərbaycan rəhbərliyi Moskvanın təzyiqləri qarşısında davam gətirməyərək 1920-ci il noyabrın 30-da və dekabrın 1-də Zəngəzurun Ermənistana verilməsi haqda bəyanatlarla çıxış etdi. Moskva Azərbaycanı güzəştlərə məcbur etmək üçün “proletar beynəlmiləlçiliyi” deyilən gülünc təbliğat vasitələrindən istifadə edirdi. Bu məsələ bir neçə dəfə müxtəlif səviyyələrdə müzakirə olundu. Lakin bu bölgəni xilas etmək mümkün olmadı. Zəngəzur mahalı iki hissəyə bölünərək, 4505 kv.km ərazisi Ermənistana verildi. Başdan-başa azərbaycanlıların yaşadığı Naxçıvanla Azərbaycanın digər ərazilərinin arasında yalnız azərbaycanlıların yaşadığı Zəngəzur Ermənistan ərazisi elan olundu. Bu, tarixdə görünməmiş absurd bir qərar idi”.
“Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır”
Beləliklə, Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.
Bəli, bu, çox ədalətsiz bir qərar idi. Bəşəriyyət tarixi bir çox ədalətsizliklərə, haqsızlıqlara şahidlik edib. Bir sıra xalqların tarixi torpaqlarından didərgin salınması, işğallara məruz qalması faktları bu gün də öz fəsadlarını göstərməkdədir. Amma əlahəzrət hakim olan tarix bütün ədalətsizliklərə qiymət verir və gec - tez haqsızlıq, ədalətsizlik öz qiymətini alır. Zəngəzurda baş vermiş ədalətsizliyin də mütləq aradan qaldırılacağına şübhə yoxdur. Azərbaycanlılar öz tarixi torpaqlarına qayıdacaq. Prezident, Ali Baş Komandan İlham Əliyev də sözügedən nitqində deyib: “Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq”.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.-2014.- 10 aprel.- S.4.