Heydər Əliyev qalibiyyətinin
nəticəsi müasir, müstəqil Azərbaycan və onun
bugünkü nailiyyətləridir
Müstəqil Azərbaycanımızın adının Ulu öndər Heydər Əliyevlə qoşa çəkilməsi səbəbsiz deyil. Bu fakt da inkaredilməzdir ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla bərabər qeyd olunan çox az sayda siyasi liderlər var. Dahi şəxsiyyət Heydər Əliyev uğurlu fəaliyyəti, düşünülmüş və məqsədyönlü siyasəti ilə dövlətçilik tariximizə qızıl səhifələr yazıb. Azərbaycanın 23 ilə yaxın müstəqillik tarixinə nəzər yetirərkən, Ümummilli lider Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinin miqyasının nə qədər böyük olduğunu görür və bu fikri iftixar hissi ilə qeyd edirik ki, müstəqil, müasir Azərbaycan Ulu öndərin şah əsəridir. Ölkəsini inkişafa aparan, irəli sürdüyü ideyalar gələcək üçün mayak rolunu oynayan liderlər əbədidirlər. Dahi şəxsiyyət Heydər Əliyevin ideyaları Azərbaycanın dünəni, bu günü və sabahıdır. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır”, eyni zamanda, “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə, eyni zamanda, sonrakı mərhələdə Azərbaycanımızın inkişaf yolunun əsas bələdçiləridir.
Azərbaycanı qabaqcıl ölkələr sırasında görmək istəyi Ulu öndərin düşünülmüş və məqsədyönlü siyasətinin ana xəttini təşkil edirdi. Dahi şəxsiyyət bu fikri də dönə-dönə qeyd edirdi ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Təbii ki, bu inama, əminliyə böyük əsas var idi. Müasir dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi məhz 1970-1980-ci illərdə Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970-1980-ci illər baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. Ötən əsrdə 80-ci illərin sonu-90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Ulu öndər Heydər Əliyevin dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.
1993-cü ilin 15 iyunu tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz bu tarix Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı durumun aydın təsəvvürünü yaradır. Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan parçalanmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Xalqın sabaha ümidi yox idi. Belə çətin məqamda xalq öz xilaskarına üz tutdu. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Son on ildə Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daim çıxışlarında 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın tarixinin yeni səhifəsi açıldığını bildirərək bugünkü Azərbaycanla həmin dövrün Azərbaycanı arasında tarixi paralellər aparır: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, Onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
Bu reallıq inkaredilməzdir ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər ölkədə ictimai-siyasi sabitlik, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, problemlərin həll edilməsindən söhbət gedə bilməz. Uğurlu daxili siyasətin nəticəsi olaraq Azərbaycanın beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınması ölkəyə investisiya axınının sürətlənməsində də əhəmiyyətli rol oynadı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bu müqavilə Azərbaycana inamı artırdı, malik olduğu iqtisadi imkanları dünyaya təqdim etdi. İqtisadi imkanların günbəgün genişlənməsi güclü sosial siyasət üçün də baza rolunu oynadı. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atıldı. Məhz Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq 1999-cu ildə yaradılan Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflığı təmin etməklə ölkənin hərtərəfli inkişafında mühüm rol oynayan sosial-iqtisadi layihələrin icrasını sürətləndirdi. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.
Təbii ki, Azərbaycanın qısa müddətdə mühüm uğurlara imza atması, inkişaf, tərəqqi yolunda inamla irəliləməsi bəzi qüvvələr tərəfindən böyük qısqanclıq hissi ilə qarşılanırdı. Onlar hər vəchlə bu inkişafa mane olmağa səy göstərirdilər. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyini sual altına alacaq pərdəarxası oyunlara, siyasi anarxiyalara son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Məhz buna görə də, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya yolu bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Diqqət yetirsək, Azərbaycanın demokratiya yolu heç də hamar olmamışdır. Ölkəmizin dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq üçün keçdiyi yola diqqət yetirmək kifayətdir. Lakin Ulu öndər Heydər Əliyev bütün səyləri və qətiyyəti ilə göstərilən cəhdlərin qarşısını aldı, Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini dünyaya nümayiş etdirdi. Bu fikir Ümummilli lider tərəfindən xüsusi olaraq qeyd edilmişdir ki, Avropa Şurası Azərbaycana nə qədər gərəkdirsə, Azərbaycan da Avropa Şurasına bir o qədər lazımdır. Azərbaycan kimi iqtisadi cəhətdən qüdrətli, demokratik ölkə ilə əməkdaşlıq hər bir ölkə və beynəlxalq təşkilat üçün önəmlidir. Malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində dost ölkədən etibarlı tərəfdaşa çevrilib. Təbii ki, bu uğurun əsasında Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Bu fikir daim dönə-dönə qeyd olunur ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Dahi şəxsiyyət dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyini vacib amil kimi önə çəkərək bildirmişdir ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Ümummilli liderin bu çağırışı dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılması ilə müşayiət olundu. Sonra onların bir mərkəzdən idarə olunmaları üçün Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi təşəbbüsü ortaya qoyuldu. Məhz Ulu öndər Heydər Əliyevin Sərəncamı əsasında 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Məhz bu ənənəni də uğurla davam etdirən Prezident İlham Əliyev dünya azərbaycanlılarının qurultaylarının vaxtında keçirilməsinə səy göstərir, ötən dövr ərzində Azərbaycanın qazandığı uğurların geniş təhlilini verir. 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 20 illiyinin qeyd olunduğu ərəfəyə təsadüf edən Dünya Azərbaycanlılarının III Qurultayında dövlət başçısı İlham Əliyev Azərbaycanın böyük uğurlara imza atdığını böyük fəxr hissi ilə qeyd edərək bildirdi ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Məhz bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.
Dahi şəxsiyyət Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. İnsan hüquq və azadlıqlarının qorunmasını dövlətin siyasətinin əsas tərkib hissəsi kimi qeyd edən Ulu öndər Heydər Əliyev daim bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsinə səy göstərirdi. 2002, eyni zamanda, 2009-cu ildə keçirilən referendum əsasında Konstitusiyaya edilən əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” Sərəncamı bir daha bu sahəyə diqqətin bariz nümunəsi olmaqla yanaşı, Ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsinin təsdiqidir. Belə ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyini və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini nəzərə alaraq 18 iyunun İnsan Hüquqları günü kimi qeyd edilməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı, insanlar dövlətin siyasətində bu amilin xüsusi yer tutduğunun bir daha şahidi oldular. Milli Konstitusiyanın qəbulundan sonra imzalanan əfv fərmanları, Amnistiya aktları da dövlətin siyasətində insan amilinə verilən dəyəri təsdiqləyir. Ölkədə vətəndaşlara bütün azadlıqlar verilib, onların hüquqları yüksək səviyyədə qorunur.
Daxili siyasətin məntiqi davamı kimi dəyərləndirilən xarici siyasət sahəsində qazanılan uğurlar da Heydər Əliyev siyasətinin nəticəsidir. Ulu öndərin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Ümummilli lider müstəqillik yolunda yenicə addımlarını atan bir ölkənin qarşısında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasını mühüm vəzifə kimi qoyurdu. Bu kimi əlaqələr hər bir ölkə haqqında dolğun məlumatların əldə olunmasında əhəmiyyətli rola malikdir. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində erməni yalanlarının ayaq tutub yeriməsində Azərbaycan haqqında məlumatsızlıq böyük rol oynamışdır. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra əsas diqqət göstərdiyi sahələrdən biri ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, Azərbaycan həqiqətləri barədə dolğun məlumat verməsin. Real faktlara əsaslanan təbliğatımız erməni yalanlarını ifşa etdi, dünyanın əsl həqiqəti öyrənməsinə səbəb oldu. Ulu öndər Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi, Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. O, dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dünyaya bəyan etdi. Ulu öndər Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demkoratik dövlətlərinin və aparıcı təşkilatlarının diqqəti ölkəmizə, eyni zamanda, Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəlmişdir. Münaqişənin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdıran Ulu öndər Heydər Əliyev bildirirdi ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir. Ulu öndər Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı. Bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beynəlxalq dəstəyin münaqişənin həllində əhəmiyyətli rol oynadığını nəzərə alsaq, bu gün dünya qurumlarının əksəriyyətinin qəbul etdiyi qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, erməni işğalçılarının torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi bildirilir. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu fikri də bəyan edir ki, münaqişənin həllində hərb variantı istisna edilmir. Təbii ki, bu qətiyyət Azərbaycan ordusunun gücünə və qüdrətinə əsaslanır. Ulu öndər Heydər Əliyev sülh danışıqlarının cəsarətli aparılması üçün güclü ordunun olmasını vacib amil kimi önə çəkirdi. Ümummilli lider bildirmişdir: “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik”.
Xalqımız Azərbaycanın iqtisadi və siyasi uğurları fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də tezliklə öz müsbət həllini tapacağına əmindir. Möhtərəm Prezidentimiz İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, hər gün, hər ay bizi qələbəyə yaxınlaşdırır. Tezliklə Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanacaq.
Təbii ki, bir yazıda Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərini, Onun siyasətinin uğurlarını əhatə etmək qeyri-mümkündür. Heydər Əliyev irsi daim öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə söylədiyi fikirləri xatırlatmaq istərdim: “ Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür... Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir”.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə iqtisadiyyatı dinamik inkişaf edən, demokratiya təcrübəsi nümunə göstərilən ölkə, ən əsası etibarlı tərəfdaş kimi tanındığını, beynəlxalq reytinq hesabatlarında birinciliyi ələ almasını böyük qürur hissi ilə qeyd edəndə, sözsüz ki, bu uğurlara yol açan və şərtləndirən Heydər Əliyev siyasəti önə çəkilir. Bu reallıq hər zaman qeyd edilir ki, düzgün qurulan siyasət ölkəni daim inkişafa, tərəqqiyə aparır. Ötən hər il qarşıya yeni vəzifələr qoyur. Prezident İlham Əliyevin daim vurğuladığı kimi, hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına böyük stimul verir. Ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolu inkaredilməzdir. Lakin cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Regional inkişaf proqramlarının uğurlu icrası da bu məqsədə xidmət edir. Belə ki, ötən il qeyri-neft sektorunda artım 10 faiz olmuşdur. ÜDM-də özəl bölmənin payının 85,5 faiz olması da bu diqqətin bariz nümunəsidir. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq, paytaxt və bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olmuşdur. Ölkənin hərtərəfli tərəqqisində regionların inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyev bildirirdi ki, inkişaf etmiş ölkələrdə də paytaxtla bölgələr arasında fərq olmur. Biz də buna çalışırıq. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin geniş təhlil olunması, ölkəmizin təcrübəsinin öyrənilməsinə dünya dövlətlərinin xüsusi maraq göstərməsi bir daha bu gerçəkliyi təsdiqləyir ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub. Bir faktı da qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahibdir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr ölkələr arasında körpü rolunu oynayır. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir. İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələdir. Ümumilikdə son 10 ildə bir milyon 200 mindən artıq yeni iş yeri açılıb. İşsizliyin səviyyəsi 5 faizdir. Yoxsuluğun azaldılmasına xidmət edən Dövlət proqramlarının uğurlu icrası əldə olunan nəticədən də aydın görünür. Yoxsulluğun səviyyəsi son on ildə 49 faizdən 5,3 faizə enib. Əhalinin pul gəlirləri artıb. İqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsinə stimul verir. Əhalinin sosal müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər davamlılığı ilə diqqət çəkir. Digər sosial proqramlar da uğurla icra edilir. Paytaxt və bölgələrdə yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilərək, istifadəyə verilib. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafını təsdiqləyir. Ölkəmizin valyuta ehtiyatları 50 milyard dollara çatıb. Son 10 ildə ölkə iqtisadiyyatına 160 milyard dollardan artıq vəsait qoyulub. Bu, sözsüz ki, Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Uğurlarımız yeni-yeni hədəflərə yol açır. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu hədəflər öz əksini tapıb. Sərəncamda qeyd edildiyi kimi, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bütün bunlar onu deməyə əsas verir ki, tərəqqi, inkişaf, müasirləşmə, yeniləşmə dövlətimizin siyasətinin əsasını təşkil edir. Möhtərəm Prezidentimiz İlham Əliyev uğurlarımızı qeyd edərkən bu fikri də hər zaman bəyan edir ki, qazanılan uğurlarla kifayətlənməməliyik, hər zaman irəliyə baxmalıyıq.
Əhəd Abıyev,
Daşkəsən rayon İcra
Hakimiyyətinin
başçısı
Yeni
Azərbaycan.-2014.- 10 aprel.- S.5.