Azərbaycan MDB-nin fəaliyyətində fəal iştirak edir

 

Təşkilatın Bakıda keçirilən üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında aktual məsələlər müzakirə olunub

Bildiyimiz kimi, Azərbaycan müxtəlif regionalqlobal səviyyəli beynəlxalq təşkilatlarda fəal təmsil olunur. Respublikamızın milli və dövlət maraqlarının daha dolğun ifadəsinə və təmininə xidmət edən beynəlxalq əməkdaşlığın bu forması ölkəmizin xarici siyasət kursunun əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan üzvü olduğu təşkilatların işində fəal iştirak etməklə yanaşı, eyni zamanda, dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığı da genişləndirir. Müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirən Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində fəaliyyəti də böyük önəm daşıyır.

Xatırladaq ki, bu günlərdə Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib. İclasa Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı, eyni zamanda, MDB üzrə Qərargah Rəisləri Komitəsinin sədri Valeri Gerasimov sədrlik edib. Həmçinin, iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndələri iştirak ediblər.

İclas iştirakçıları MDB-nin iştirakçısı olan ölkələrin hərbi əməkdaşlığının 2020-ci ilə qədərki dövr üçün inkişafına konseptual yanaşmaları və MDB dövlətlərinin silahlı qüvvələrinin 2015-ci il üçün birgə tədbirlərini nəzərdən keçiriblər. İclasda qəbul edilmiş qərarlar ümumi, regionalmilli maraqları nəzərə almaqla, tərəfdaşlıq fəaliyyəti formatında çoxşaxəli hərbi əməkdaşlıq sisteminin inkişafına yardım məqsədi daşıyır.

Qeyd edək ki, bu, qərargah rəislərinin Bakıda keçirilən ilk iclasıdır. 2001-ci və 2006-cı illərdə isə Bakıda MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasları keçirilib.

Heç şübhəsiz, sadalananlar Azərbaycanın MDB-dəki fəal mövqeyindən xəbər verir. Məlum olduğu kimi, Azərbaycan özünün sosial-iqtisadi inkişaf sürətinə görə, nəinki MDB-də, bütövlükdə dünyada ön sıralarda dayanan ölkələrdəndir. Ölkəmizin iqtisadi imkanlarına, əhalisinin rifahına və hərbi gücünə paralel olaraq, beynəlxalq siyasi nüfuzu da artmaqdadır. Cənubi Qafqaz regionunun aparıcı dövləti olan Azərbaycanın yürütdüyü xarici siyasət kursu regionun siyasi, iqtisadi və hərbi durumuna təsir göstərir. Bu səbəbdən də, ayrı-ayrı dövlətlər, eləcə də, nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizlə sıx əməkdaşlığa böyük maraq göstərirlər.

Qeyd olunanların fonunda, Azərbaycan-MDB münasibətləri regional əhəmiyyəti və mütərəqqi maraqlara xidmət etməsi ilə səciyyələnir. İlk növbədə qeyd edək ki, təşkilatın əsasının qoyulması 1991-ci il dekabrın 8-də Rusiya, UkraynaBelarus respublikalarının Minsk görüşündə SSRİ-nin buraxılması və müstəqil dövlətlər birliyinin yaradılması haqqında əldə etdikləri razılaşma ilə bağlıdır. Bundan sonra, yəni, həmin il dekabrın 21-də MDB-nin yaradılması haqqında razılaşmaya əsasən, quruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Moldova və Ermənistan daxil olmaqla daha 8 ölkə qatıldı.

Təşkilatın yaradılması Sovetlər Birliyinin dağılmasından sonra ittifaq respublikalarının bir-biri ilə bağlı olan iqtisadiyyatının bərpası yönündə atılmış bir addım idi. Məlum olduğu kimi, ittifaq respublikaları arasında uzun illər boyu mövcud olan mədəni, mənəvi, iqtisadi əlaqələr Sovet imperiyasının süqutu ərəfəsində xeyli zəifləmişdi. 1991-ci ilədək mövcud olan çoxşaxəli əlaqələrin birdən-birə kəsilməsi isə həmin ölkələrdəki sosial-iqtisadi vəziyyətə mənfi təsir göstərmişdi. Bu səbəbdən, belə bir qurumun yaradılması keçmiş ittifaq respublikalarının qarşılıqlı münasibətlərinin bir-birinə hörmət və milli dövlət maraqları çərçivəsində davam etdirilməsinə şərait yaratdı. Məlumat üçün bildirək ki, MDB-nin strukturuna Dövlət başçıları şurası, Hökumət başçıları şurası, Parlamentlərarası assambleya, 1993-cü ildən Minskdə fəaliyyət göstərən icraedici katiblik daxildir. Təşkilatın digər orqanları içərisində Xarici işlər nazirləri şurasını, MDB ölkələrinin Müdafiə nazirləri şurasını, Sahəvi əməkdaşlıq orqanını, Xarici iqtisadiyyat təsisatlarının rəhbərlərinin şurasını, Neftqaz üzrə hükumətlərarası şuranı və iqtisadiyyatın digər sahələri üzrə rəhbərlərin hökumətlərarası şurasını göstərmək olar.

AZƏRBAYCAN-MDB ƏLAQƏLƏRİ KONSTRUKTİV XARAKTER DAŞIYIR

Qeyd etdiyimiz kimi, Azərbaycan fəal aktor kimi MDB çərçivəsində əlaqələrdə aktiv iştirak edir. Doğrudur, ölkəmizin xarici siyasətinin əsas istiqamətini Avroatlantik məkana inteqrasiya təşkil edir. Lakin buna baxmayaraq, respublikamız MDB ilə münasibətlərin yaratdığı perspektivlərdən də yararlanır. Məlum olduğu kimi, Azərbaycan bir çox postsovet ölkələri ilə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar əlaqələr qurub. Bu əlaqələrin təşkilat çərçivəsində də davam etdirilməsi qarşılıqlı etimadın artmasına müsbət təsir göstərir. Ölkəmiz müntəzəm surətdə təşkilatın dövlət və hökumət başçıları, xarici işlər nazirlikləri və digər səviyyələrdə keçirilən iclaslarında iştirak edir. Belə toplantılar çərçivəsində müzakirə olunan məsələlər, ikitərəfli görüşlər münasibətləri daim yüksək səviyyədə saxlamağa kömək edir. Təşkilatın Azərbaycanda görülən işlərə, ölkədə gedən proseslərə obyektiv münasibət sərgiləməsi Azərbaycan-MDB əlaqələrinə müsbət təsir göstərir. Xatırladaq ki, 2010-cu ilin dekabrında Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi qismində MDB-dən olan nümayəndə heyətinin də iştirak etməsi qurumun respublikada gedən proseslərə maraq göstərdiyini təsdiqləyir. Həmçinin, MDB-dən olan müşahidəçilər Azərbaycandakı 2013-cü il 9 oktyabr prezident seçkilərini də yaxından izləyiblər və seçkilərin şəffaf, ədalətli keçməsi barədə öz rəylərini ortaya qoyublar. Təşkilatın işlərində yaxından iştirak edən bir ölkə olaraq Azərbaycan, heç şübhəsiz, ölkəmiz üçün prinsipial əhəmiyyət kəsb edən məsələlərdə qurumdan daha adekvat reaksiya gözləyir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regional önəm daşıyır

Ərazisinin 20 faizi işğal altında olan bir dövlət kimi təhlükəsizlik və müdafiə məsələləri Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. Eyni zamanda, istənilən hökumətlərarası beynəlxalq təşkilatın fəaliyyəti quruma üzv olan dövlətlər arasında stabil qarşılıqlı əməkdaşlıq və mehriban münasibətlər olduqda daha səmərəli və uzunömürlü ola bilər. Bu nöqteyi-nəzərdən, MDB-nin də fəaliyyətinin effektliliyi qurum daxilində mövcud olan siyasi, iqtisadi münasibətlərin inkişaf səviyyəsindən, qarşılıqlı etimad mühitindən xeyli dərəcədə asılıdır. Heç kəsə sirr deyil ki, keçmiş SSRİ-nin dağılması ərəfəsində bir sıra regionlarda alovlanan münaqişə ocaqları bu gün hələ də qalmaqdadır. Xüsusən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükə daşıması baxımından tezliklə ədalətlə həll edilməsi vacib olan məsələdir. Bildiyimiz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişədə Azərbaycanın Dağlıq Qarabağyeddi ətraf rayonu işğal olunub, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, ölkəmizə yüz milyardlarla dollar məbləğində maddi zərər dəyib. Hazırda, Ermənistanın işğal altındakı ərazilərdə yeritdiyi talan siyasəti dəyən zərərin miqdarını və miqyasını genişləndirir.

Nəticədə, Ermənistanın aqressiv siyasəti bu gün MDB məkanında ən önəmli və geostrateji əhəmiyyət daşıyan regionlardan olan Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq mühitinə zərbə vurub. Müstəqil Dövlətlər Birliyinin üzvü kimi Azərbaycanla Ermənistan arasında belə bir konfliktin mövcudluğu təşkilat daxilindəki birlik, əməkdaşlıq mühitinə, eləcə də, qurum daxilində inteqrasiya proseslərinə mənfi təsir göstərir. Təşkilata üzv ölkələrin Dağlıq Qarabağ münaqişəsinə münasibətinə gəlincə, Ermənistan istisna olmaqla, digər ölkələr Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır. MDB-yə üzv ölkələrin ayrı-ayrılıqda konfliktlə bağlı mövqeyi münaqişənin sülh yolu ilə ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin vacibliyindən ibarətdir. Təşkilata üzv ölkələrin bir çoxu BMT-nin, ATƏT-in, Avropa Şurasının, İslam Konfransı Təşkilatının Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasını tələb edən qərar və qətnamələrinin qəbulunda iştirak ediblər. Bu fakt da üzv ölkələrin Ermənistanın işğalçı siyasətinə mövqeyini ifadə edir. Təşkilatın fəaliyyətində ən aparıcı rol oynayan ölkə olan Rusiyanın, eyni zamanda, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alsaq, Azərbaycan ictimaiyyəti MDB-dən məsələ ilə bağlı daha qətiyyətli mövqe gözləməkdə haqlıdır. Belə ki, təşkilata üzv ölkələr tərəfindən Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsini, məcburi köçkünlərin yurd-yuvasına qayıtmasının təmin edilməsini tələb edən qətnamənin qəbul edilməsi işğalçı Ermənistana beynəlxalq təzyiqin artırılması baxımından təsirli ola bilərdi. İşğalçı ölkənin üzv olduğu qurum daxilində ciddi təzyiqlərə məruz qalmadan fəaliyyət göstərməsi isə digər beynəlxalq təşkilatlar kimi MDB-ninnüfuzuna zərbədir. Münaqişənin tezliklə ədalətli həlli isə beynəlxalq hüququn tələblərinin, habelə insan haqlarının müdafiəsinin reallıqda əksini tapması baxımından əhəmiyyətlidir. Bu, həm də regiondakı digər münaqişələrin də həllində stimulverici amil kimi çıxış edə bilər.

Bu baxımdan, bu günlərdə Bakıda keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası üzv dövlətlər arasında hərbi münaqişələrin tezliklə aradan qaldırılmasının zəruriliyini bir daha göstərmiş oldu. Çünki hərbi əməkdaşlıq üçün ilk növbədə, tərəflər arasında sülh və qarşılıqlı etimad olmalıdır. Azərbaycan beynəlxalq təhlükəsizliyə və terrorizmlə mübarizəyə töhfələr verən bir ölkə olaraq, etibarlı hərbi tərəfdaş kimi özünün müsbət beynəlxaq imicini formalaşdırıb. Ermənistan isə yalnız Azərbaycan torpaqlarının işğalından əl çəkməklə MDB çərçivəsində konstruktiv hərbi əməkdaşlıqda maraqlı olduğunu göstərə bilər.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 10 aprel.- S.8.