Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət nəticəsində Azərbaycan qısa müstəqillik tarixində böyük uğurlara imza atıb. İndi Azərbaycanın bütün şəhərlərinin, kəndlərinin, qəsəbələrinin siması rahat yollarla, insanların yüksək səviyyədə yaşayışını təmin edən müasir kommunikasiyalarla, hər cür kommunal rahatlıqlarla xarakterizə olunur.

Artıq bütün dünyada özünün yüksək milli standartları ilə tanınan müstəqil Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının ümumi mənzərəsini paytaxtın ən iri inzibati-ərazi vahidlərindən olan Sabunçu rayonunun timsalında da aydın görmək mümkündür.

Sabunçu rayonu rəqəmlərdə

Beləliklə, əsası 1920-ci ildə qoyulan inzibati-ərazi vahidi 1958-ci ildən müstəqillik illərinin əvvəllərinədək Lenin rayonu adlanıb. 29 aprel 1992-ci ildən etibarən inzibati-ərazi vahidinin adı dəyişdirilib və Sabunçu rayonu adlandırılıb. Hazırda Sabunçu rayonu 10 inzibati qəsəbəni özündə birləşdirir. Bunlar Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran, Bilgəh qəsəbələridir. Əhalisinin sayı 234387 nəfərə çatan rayonun ərazisi 244,3 kvadratkilometrə bərabərdir. Burada 4608 ailə olmaqla 20807 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın soydaşımız məskunlaşıb. Rayonda 46 məktəb, 3 internat və 24 səhiyyə müəssisəsi var. Həmçinin, rayonun ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 76 sənaye, 49 tikinti, 8 nəqliyyat, 5 kənd təsərrüfatı və 317 ticarət obyektisair fəaliyyət göstərir.

Rayonun dünəni və bu günü

Məlumdur ki, rayon iqtisadiyyatının əsasını qədimlərdən neftçıxarma təşkil edib. Elə rayondakı bir çox yaşayış məntəqələri də ilk növbədə neft buruqlarına yaxın ərazilərdə formalaşıb. Bununla belə, bir zamanlar kimlərəsə böyük var-dövlət, səltənət gətirən “qara qızıl”ın faydası səhərdən axşamadək neft buruqlarında ağır əməyə qatlaşan insanların həyatında, məişətində hiss olunmayıb. Yaşayış məntəqələri uzun illərboyu sosial problemlərin məngənəsində qalıblar. Sakinlər yol, nəqliyyat sarıdan, su, qaz, elektrik enerjisi çatışmazlığından əziyyət çəkiblər. Rayonun qəsəbələrində ən böyük problemlərindən biri kanalizasiya yoxluğu ilə bağlı olub. Yaşayış məntəqələrində kanalizasiya şəbəkəsi qurulmadığından çirkab suları hara gəldi axıdılıb, eləcə də, qrunt sularının üzə çıxmasının, dəniz səviyyəsinin qalxmasının yaratdığı fəsadların qarşısının alınması üçün vaxtında zəruri tədbirlər görülməyib və nəticədə, ayrı-ayrı qəsəbələrdə həyətyanı sahələr, təsərrüfatlar su altında qalıb...

Qəsəbələrin keçmişi ilə müqayisədə bu gün rayonun əksər yaşayış məntəqəsində müşahidə edilən genişmiqyaslı quruculuq-abadlıq işləri isə sakinlərdə gələcəyə böyük ümid doğurur. Yeri gəlmişkən, rayonun sosial-iqtisadi sahədə sürətli inkişaf tempi ötən ilin nəticələri ilə bağlı statistik rəqəmlərdə də aydın görünür. Məsələn, 2013-cü ildə rayonun sənaye müəssisələri və idarələri tərəfindən istehsal edilmiş sənaye məhsullarının, yerinə yetirilmiş işlərin ümumi həcmi 396,5 mln.manat təşkil edib ki, bu da əvvəlki ildəkindən 80,3 mln.manatya 25,4 faiz çoxdur. Əhalinin pul gəlirləri də artıb. 2013-cü ildə bir işçiyə düşən orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 6,7 faiz artaraq 432 manat, sənaye sahəsində çalışanların əməkhaqqı isə 7,8 faiz yüksələrək 560,4 manata çatıb.

Rayon rəhbərliyi əhalinin məşğulluğu məsələsini də gündəlik diqqət mərkəzində saxlayıb. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ötən il rayonda 2395 yeni yerləri açılıb ki, onların da hamısı daimidir.

Rayonun dinamik inkişafında Dövlət Proqramının xüsusi rolu olub

Rayonda olarkən söhbət etdiyimiz sakinlər və əlaqədar qurumların təmsilçiləri son illərdə Sabunçu rayonunda vüsət alan sürətli sosial-iqtisadi inkişafa Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və həmin Proqrama “Əlavə Tədbirlər Planı”nın böyük təsir göstərdiyini xüsusi vurğuladılar. Dövlət Proqramı və “Əlavə Tədbirlər Planı” çərçivəsində indiyədək Sabunçu rayonu ərazisində çox mühüm iqtisadisosial əhəmiyyətə malik obyektlər tikilib, yollar salınıb, əhalinin elektrik enerjisi, qaz, su, istilik təchizatının yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin qurulması, ekoloji layihələrin həyata keçirilməsi, mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin, küçə və meydanların, istirahət guşələrinin abadlaşdırılması üzrə böyük işlər görülüb.

Haqqında bəhs olunan Dövlət Proqramına və əlavə tədbirlər planına uyğun olaraq ötən dövrdə rayonda 3000 şagird yerlik 1 məktəb, 5 tədris korpusu, 1 uşaq bağçası, 1 səhiyyə müəssisəsi tikilib, 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə müəssisəsində əsaslı təmir işləri başa çatdırılaraq hamısı müasir avadanlıqlarla təchiz edilib. Hazırda 1 uşaq bağçasının, muğam evinin və Gənclər evinin tikintisi, eləcə də 4 məktəb, 4 uşaq bağçası, 1 səhiyyə və 1 mədəniyyət evinin əsaslı təmiri davam etdirilir.

Bundan başqa, Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün Pansionatın (Qocalar evinin) əsaslı təmiri və yeni korpusun tikintisi başa çatdırılaraq Prezident İlham Əliyevin iştirakı ilə oktyabr ayında istifadəyə verilib. Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzinin və sosial sığınacağın tikintisi, gözdən əlillər üçün tədris-bərpa mərkəzinin inşası isə başa çatdırılmaq üzrədir. Maştağa-Nardaran və Pirşağı-Kürdəxanı qəsəbələrinin ərazisində tikilmiş 3 mini-futbolidman meydançaları 2013-cü ildə gənclərin istifadəsinə verilib.

Bununla yanaşı, rayonda mərkəzi dövlət orqanları və təşkilatların planlarına əsasən də bir sıra sosial əhəmiyyətli obyektlərin və inzibati binaların tikintisi və təmir-bərpa işləri həyata keçirilib. Belə ki, 2013-cü il dekabr ayının 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra dövlət başçısının iştirakı ilə oradakı sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 saylı məktəbin köhnə binası sökülərək yerində yeni layihə əsasında müasir 3 mərtəbəli məktəb binası inşa edilərək martın 16-da Fondun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Hazırda isə Fond tərəfindən Pirşağı qəsəbəsində 226 saylı uşaq bağçası üçün yeni 3 mərtəbəli binanın tikintisi başa çatdırılmaq üzrədir.

Əlaqədar qurumların fəaliyyətində sakinlərin istəyi əsas tutulur

Son illərdə Sabunçu rayonunda qazanılan uğurlardan söhbət açarkən vurğulamaq yerinə düşər ki, rayonun əlaqədar təşkilatları qarşısında dövlət başçısının tələbinə uyğun olaraq belə bir tapşırıq qoyulub: Bütün qurumlar öz fəaliyyətlərini sakinlərin arzu və istəklərinə uyğun qurmalıdırlar.

Rayon təşkilatlarının sakinlərlə sıx təmas qurmaları, öz fəaliyyət istiqamətlərini müəyyənləşdirərkən yerlərdən gələn təklifləri nəzərə almaları son nəticədə ümumi işin xeyrinə olur. Belə qarşılıqlı əməkdaşlıq sayəsində artıq bir sıra problemlər həllini tapıb. Məsələn, sakinlərin rayon İcra Hakimiyyətinə ünvanladıqları müraciətlərdə ayrı-ayrı ünvanlarda memarlıq və şəhərsalma intizamının gözlənilməsinə nəzarətin zəifləməsindən narahatlıq ifadə olunurdu. Rayonun yeni rəhbərliyi bu məsələni ciddi nəzarətə götürüb. Bu istiqamətdə görülən tədbirlər sırasında Bakıxanov qəsəbəsindəki dəmiryolu vağzalının həndəvərində nümunəvi səliqə-sahman yaradılmasını xüsusi qeyd etmək gərəkdir. Dəmiryolu vağzalı ətrafında ötən əsrin 80-90-cı illərində plansız inşa edilmiş onlarla ticarət, ictimai iaşə və digər obyekt sahiblərinə kompensasiya ödənilərək orada müasir tələblərə cavab verəcək uzunluğu 180 m, eni 33 m olan 3 mərtəbəli yeni tipli ticarət mərkəzinin tikintisinə hazırlıq işləri aparılır. Bundan başqa, Bakıxanov qəsəbəsindəki Y.Əliyev, M.Fətəliyev, S.Mehmandarov küçələrində aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı tikinti norma və qaydalarına cavab verməyən onlarla yöndəmsiz obyekt, eyvan, hasar, qaraj və çəpərlər sökülüb, xüsusi layihələr əsasında yaşayış binalarının fasadları aqlayla üzlənib, fasad tərəfdən qapı və pəncərələr dəyişdirilməklə yastı dam örtükləri çardaqlı metal örtüklərlə əvəz olunub.

Qısa müddət ərzində Bakıxanov qəsəbəsinin Fətəliyev küçəsindəki 28, 29, 30, 31, 34 və 35 saylı evlərin qarşısındakı ərazilər qanunsuz tikililərdən təmizlənərək burada xüsusi layihələr əsasında 3 nümunəvi həyət yaradılıb, R.Qəmbərov küçəsində isə 5 yeni nümunəvi həyətin yaradılmasına başlanıb. Qeyd edək ki, nümunəvi həyətlərdə şəhər parklarına xas olan bütün atributları görmək mümkündür. Sakinlər bilavasitə yaşayış yerlərində hər cür rahatlıqlara malik belə nümunəvi məhəllələrin yaradılmasını alqışlayırlar.

Vətəndaşların müraciətlərinə operativ baxılması və qaldırılan məsələlərin həllinə vaxtında nail olunması rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Ötən il İcra Hakimiyyəti aparatına 5395 ərizə və 2533 məktub daxil olub. Belə bir faktı vurğulamaq yerinə düşər ki, il ərzində rayon İcra Hakimiyyəti başçısı tərəfindən keçirilmiş 43 səyyar görüşdə 10500-ə yaxın sakin iştirak edib və həmin görüşlərdə 241 məsələ qaldırılıb. Qaldırılmış bu məsələlərin 222-si öz həllini tapıb, qalan 19 məsələ üzrə isə aidiyyəti təşkilatlara müraciətlər olunaraq icrası nəzarətə götürülüb.

Hələ görüləsi işlər də çoxdur

Təbii ki, qazanılan nailiyyətlər arxayınçılığa əsas vermir. Rayon rəhbərliyi uğurlu başlanğıc əsasında Sabunçunun daha dinamik inkişafına nail olmağı qarşıya hədəf qoyub. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Sayca 3-cü olan bu Dövlət Proqramında Sabunçu rayonunda bütün sahələri əhatə edən 68 bənddən ibarət tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub ki, bunların da icrası nəticəsində qalan əksər məsələlər öz həllini tapmış olacaq.

 

Mübariz Abdullayev

Yeni Azərbaycan.-2014.-12 aprel.-S.6.