Enerji təhlükəsizliyi: Azərbaycanın
statusu yeni səviyyədə
Krım hadisələri qlobal miqyasda enerji məsələsini daha da aktuallaşdırıb. Avropanın qaz təminatında Rusiyadan ciddi surətdə asılı olması bu aspektdə daha aktual geosiyasi məzmun kəsb etməyə başlayıb. Bunun fonunda “Cənub dəhlizi” layihəsinin də əhəmiyyəti artıb. Artıq Qərb siyasətçiləri və ekspertləri bu barədə açıq danışırlar. Şübhəsiz, həmin məsələdə Azərbaycanın rolu ayrıca maraq doğurur. Bakı əvvəlcədən bu layihənin vacibliyini vurğulayırdı və ona dəstək verirdi. İndi baş verənlər rəsmi Bakının nə qədər haqlı olduğunu sübut edir. Lakin bu reallıq regionda başqa aktual geosiyasi məsələləri ön plana çıxarır.
“Cənub dəhlizi”: Azərbaycanın uzaqgörənliyi
Rusiyanın Krıma müdaxiləsindən sonra Qərbin enerji ilə təminatı məsələsində bir sıra suallar meydana çıxıb. Reallıqda məsələnin digər tərəfi Vaşinqton və Brüsselin Moskvanın postsovet məkanında aqressiv davranışlarını cilovlamaq arzusu ilə bağlıdır. Bu səbəbdən söhbət yalnız iqtisadi-energetik mahiyyətli deyil. Burada geosiyasi məqamın da rolu mövcuddur.
Hazırda Qərb siyasətçiləri problemi yeni energetik balans yaratmaq müstəvisində təqdim edirlər. Onun iki əsas prinsipi vardır: birincisi, Avropanın qazla təminatında Rusiyanın payını azaltmaq; ikincisi, alternativ enerji mənbələri hesabına Qərbin yeni böhrana düşməməsinə nail olmaq. Bunlar bir-biri ilə əlaqəlidir. Eyni zamanda, müəyyən ziddiyyətli məqamları özlərində birləşdirirlər.
Məsələ ondan ibarətdir ki, enerji faktoru müasir dövrdə son dərəcə siyasiləşib və həmin sahəyə aid hər hansı problemin həlli Qərb-Rusiya münasibətlərinin bütün tərəflərini əhatə edir. Əlavə olaraq, postsovet məkanında yerləşən təbii enerji ehtiyatları ilə zəngin ölkələr böyük geosiyasi güclərin mübarizəsinə cəlb edilirlər. Konkret olaraq, enerji məsələsi geosiyasi maraqların yaratdığı gərginliyin mərkəzinə düşmüş olur.
Bu aspektdə Krım hadisələrindən sonra yeni enerji balansı yaratmaq xətti özü ilə xeyli mürəkkəb və qeyri-müəyyən məqamlar daşımış olur. Son günlər müşahidə edilən diplomatik fəallığın fonunda bunu təsdiq edən əlamətləri görə bilərik. Əvvəlcə onu vurğulayaq ki, Qərb Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi mərhələsinə keçir (bax: Evrosoöz sostavil “çernıe spiski” s zapasom / “Kommersantc”, 9 aprel 2014). Doğrudur, avropalı rəsmilər bu addımları “aralıq tədbirlər” kimi xarakterizə edirlər. Lakin məlumdur ki, bu cür sözlərin arxasında enerji məsələsi ilə bağlı narahatlıq da dayanır. Çünki Qərbin neft və qazla təminatında Rusiyanın payı 30 faiz təşkil edir! Bu, kiçik rəqəm deyil.
Digər tərəfdən, Moskva da cavab addımları atır. Onun da müəyyən sanksiyalar tətbiq etmək imkanları var. Ekspertlərin qənaətinə görə, “qlobal və iqtisadi tarazlıq düşünüldüyündə Qərbin manevr etmək miqyasının məhdudluğu, Rusiyanın enerjiyə bağlı qeyri-sabit iqtisadiyyatı bu mərhələnin ən diqqətçəkən məqamlarıdır” (bax: Hasan Selim Özertem. Kırımın ardına Batı ve Rusyada enerji dengelerini konuşmak / Uluslararası Stratejik Araştırmalar Kurumu (USAK), 4 aprel 2014).
Mütəxəssislər həmin kontekstdə Qərb ölkələrinin daxilində Rusiyaya qarşı nə dərəcədə sərt olmaqla bağlı vahid mövqenin olmadığını da vurğulayırlar. Belə ki, Almaniya, Türkiyə və İtaliyanın Rusiyadan qaz asılılığı böyükdür. Onlar Moskva ilə “yumşaq davranmağa” üstünlük verirlər. Böyük Britaniya isə daha sərt tələblərlə çıxış etməyə meyillidir (bax: əvvəlki mənbəyə).
Bütövlükdə isə, Qərbin enerji aspektində Rusiyaya münasibətinə Vaşinqtonun mövqeyi ciddi təsir edir. ABŞ artıq Avropanın Moskvadan olan enerji asılılığından xilas olmasını istəyir. Dövlət katibi Con Kerri Krım hadisələrindən sonra enerji təhlükəsizliyi mövzusunda qəti addımlar atmaqda qərarlı olduqlarını bildirib (bax: əvvəlki mənbəyə). Virciniya ştatından olan senator M.Verner isə aprelin 1-də Atlantik Şurasında etdiyi çıxışında “Amerikanın üzərinə düşəni etməli olduğu”nu xüsusi vurğulayıb.
Bu deyilənlər Qərbin
siyasi-diplomatik gündəminə enerji ilə təminatın alternativ
yollarını axtarmaq məsələsini
gətirib. Həmin kontekstdə Böyük
Britaniyanın xarici işlər naziri U.Heyqin Krım hadisələrindən
dərhal sonra dediyi
aşağıdakı fikir düşündürücüdür. Nazir vurğulamışdı: “...Avropanın
gələcək planlarında Türkiyə və Azərbaycan
vacib rol oynayırlar”
(bax: Gonul Tol, Alex Vatanka.
Restoring Energy Security After Crimean / “The National Interest”, 4 aprel 2014).
Alternativ
enerji marşrutları:
yollar Bakıda kəsişir
Burada söhbət,
ilk növbədə, enerji
məsələsindən gedir. Vaşinqton da
Avropanın neft və qazla təminatında
Azərbaycanın rolunun
artmasını istəyir.
Bu kontekstdə “Cənub dəhlizi” adlanan layihənin aktuallığı çoxalıb.
Məlumdur ki, bu layihədə Azərbaycanın
xüsusi yeri vardır. İdeya Avropaya məxsus
olsa da, Bakı əvvəlcədən
onu dəstəkləmişdi.
Azərbaycan “NABUCCO”dan fərqli
olaraq, bu marşrutun daha səmərəli olduğunu
bildirmişdi. İndi baş
verən hadisələr
göstərir ki, rəsmi Bakı bu məsələdə
tam haqlı imiş.
Üstəlik, Azərbaycan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin təşəbbüskarı
və əsas maliyyəçisi olaraq həmin istiqamətdə konkret addımlar atdı. Hazırda mütəxəssislər
“Cənub dəhlizi”nin
imkanlarını qiymətləndirərək,
bunun Qərbə, Türkiyəyə və Azərbaycana verə biləcəyi dividendləri
təhlil edirlər (bax: məs., Gonul Tol,
Alex Vatanka. Göstərilən məqalə). Onlar bu layihənin səmərəliliyini vurğulayırlar.
Ancaq burada diqqət yetirilməli olan vacib bir məqam
vardır.
Biz Azərbaycanın əvvəlcədən
bu cür təşəbbüskarlığının Qərb tərəfindən
lazımi səviyyədə
dəyərləndirilməməsini nəzərdə tuturuq. Onu demək
lazımdır ki, Bakı bu kimi
addımları ilə
heç vaxt birtərəfli qərbpərəst
mövqedə olmayıb.
Azərbaycan həmişə qüvvələr balansını
gözləyib. Eyni zamanda,
öz maraqlarına uyğun gələn məqamlarda beynəlxalq hüquq çərçivəsində
hərəkət edib.
Buna görədir ki, hazırda Bakının yeritdiyi enerji siyasətini bütün böyük dövlətlər qəbul
edirlər.
Qərb isə bu aspektdə
heç də həmişə səmimi
davranmayıb. Ermənistanın təcavüzkarlığının
qarşısının alınması
üçün Azərbaycanın
etdiyi müraciətlər
faktiki olaraq, cavabsız qalıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən
ABŞ və Fransa müxtəlif bəhanələrlə
erməniləri müdafiə
ediblər. İndi isə
Yerevan bütün hərəkətləri
ilə marginallığını
nümayiş etdirir.
Ermənistan Gömrük İttifaqına
daxil olmaqda israrlıdır. BMT-dəki səsvermədə
isə Ukraynanın ərazi bütövlüyünün
əleyhinə səs
verib.
Bunların fonunda Qərbin Cənubi Qafqaz siyasətinə hansı düzəlişləri edəcəyi
maraq doğurur. Çünki artıq süni manevrlər mərhələsi
başa çatıb.
Ermənistan ikiüzlülüyünü gizlədə bilməz.
Azərbaycan isə aktiv
fəaliyyəti ilə
regionun təhlükəsizliyi
üçün töhfələrini
verir. Qərb bunları görməli
və uyğun nəticələr çıxarmalıdır.
Burada onu qeyd etmək yerinə düşərdi
ki, Azərbaycan Rusiya ilə münasibətlərinə böyük
önəm verir. Bütün sahələrdə
iki ölkə arasında əməkdaşlıq
inkişaf edir. Bundan sonra da həmin
prosesin intensivləşəcəyinə
şübhə yoxdur.
Kimsənin Azərbaycandan anti-Rusiya məqsədlərlə
istifadə etməsi imkansızdır. Ancaq Bakı
müstəqil xarici siyasətini də davam etdirməkdə qərarlıdır. Bu aspektdə ölkənin xarici siyasət kursunda balanslaşma xəttinin yeni mərhələyə qədəm
qoyduğunu deyə bilərik. Sevindiricidir ki, Azərbaycan
rəhbərliyi bu istiqamətdə çox dəqiq və səmərəli addımlar
atmaqdadır.
Bütün bunlar Cənubi Qafqazda yeni geosiyasi
tarazlığın formalaşmaqda
olduğunu göstərir. Azərbaycan bu
prosesdə aparıcı
mövqeyə çıxır.
Onun əvvəlcədən dəstəklədiyi
enerji layihələrinin
faydalı olduğuna indi bütün Qərb dünyası əmin olur. Növbə Vaşinqton və Brüsselindir. Əgər onlar
ədalətli barışı,
qarşılıqlı-faydalı əməkdaşlığı və real inteqrasiyanı arzulayırlarsa, bu region istiqamətindəki siyasətlərinə
düzəlişlər etməlidirlər.
İkili
standart yalnız mənfi nəticələr
verə bilər.
Onu da unutmaq olmaz ki,
Azərbaycan və Türkiyənin regionda geosiyasi mövqeləri təbii olaraq möhkəmlənir. Bu da Rusiya, İran və Türkmənistan kimi dövlətlərin Azərbaycan amilini xüsusi nəzərə
alması zərurətini
meydana çıxarır.
Bir sözlə, Cənubi Qafqaz məsələsi dünya geosiyasətində
yeni rol oynamağa başlayır.
Yeni Azərbaycan.-2014.-12 aprel.-S.7.