Azərbaycan və Pakistan arasında etibarlı tərəfdaşlıq
münasibətləri mövcuddur
Dünyada sülhün və ədalətin bərpasında maraqlı olan iki ölkənin əməkdaşlığı beynəlxalq təhlükəsizliyə töhfədir
Bildiyimiz kimi, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsidir. Ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinin, müxtəlif dövlətlərlə əlaqələrinin genişlənməsinin mühüm göstəricilərindən biri də Azərbaycan barədə həqiqətlərin dünyaya çatdırılması imkanlarının artmasıdır. Bu baxımdan, Azərbaycanın sıx münasibətlərə malik olduğu ölkələrdən biri kimi, Pakistan İslam Respublikasında erməni qəddarlıqlarının yerli və beynəlxalq ictimaiyyətə çatdırılması işlərinə geniş imkan yaradılır.
Məlumdur ki, bu günlərdə Pakistanın rəsmi dövlət qəzeti olan “Daily Parliament Times”da Diaspor Jurnalistləri Birliyinin (DJB) üzvlərinin hazırladığı “Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı” sərlövhəli növbəti məqalə dərc edilib. Məqalədə qeyd olunur ki, bu gün Azərbaycan dünyada məscid, kilsə və sinaqoq kimi üç ibadət məkanının bir arada olduğu, eləcə də müxtəlif dinlərə mənsub insanların heç bir ayrı-seçkiliklə qarşılaşmadıqları nadir ölkələrdən biridir. Diqqətə çatdırılır ki, Qubada 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşməsi avropalıları, hətta Avropa Şurasının prezidentini heyrətə gətirib. Yazıya əsasən, Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada hər zaman olduğu kimi, indi də fərqlənir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilir.
Məqalədə xüsusilə qeyd edilib ki, bu gün Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, nəticədə bir milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi təkcə bu ölkədə deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır.
Sözügedən məqalə də bir daha təsdiq edir ki, Pakistan xarici siyasi, iqtisadi, humanitar əlaqələri durmadan genişlənən Azərbaycanın uğurlu əməkdaşlıq münasibətlərinə malik olduğu ölkələrdən biridir. Belə ki, iki ölkə arasında yüksək səviyyəli strateji müttəfiqlik mövcuddur. Pakistan Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki dövlət arasındakı diplomatik əlaqələrin tarixi 1992-ci ilin iyunundan başlayır. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda və 1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının İslamabadda səfirlikləri açılıb. 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi Azərbaycan ilə Pakistan arasındakı dostluq əlaqələrinin strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etməsinə təkan verdi. Belə ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair atılan addımlarda Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Rəsmi İslamabadın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə Pakistanın sədrliyi ilə BMT TŞ-də işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhz bu səbəbdən Pakistan bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər yaratmayıb.
1995-ci il oktyabrın 9-11-də Ulu öndər Heydər Əliyevin dəvəti ilə Pakistanın keçmiş prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana ilk rəsmi səfərini edib. Bu səfər iki dövlət başçısı arasında mövcud olan xüsusi dostluq münasibətləri ruhunda yüksək səviyyədə, qarşılıqlı anlaşma şəraitində keçib və dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə inkişafında xüsusi əhəmiyyət daşıyıb.
Qeyd etmək lazımdır ki, hər iki ölkə başçıları bir neçə dəfə qarşılıqlı səfərlər ediblər. 1996-cı ilin aprelində Pakistan İslam Respublikası Prezidentinin dəvəti ilə Ulu öndər Heydər Əliyevin Pakistana, 2004-cü ildə Pakistanın keçmiş Prezidenti Pərviz Müşərrəfin Azərbaycan Respublikasına, 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərləri bunun əyani göstəricisidir. Səfərlər zamanı əməkdaşlığın müxtəlif sahələri ətrafında danışıqlar və fikir mübadilələri aparılıb, müvafiq istiqamətlər üzrə ikitərəfli sənədlər imzalanıb.
Bu mənada 2005-ci ilin aprelində Prezident İlham Əliyevin Pakistana səfəri xüsusi olaraq qeyd edilməlidir. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə inkişafında yeni mərhələnin başlanğıcı sayılan bu səfər zamanı dövlət başçılarının görüşündə Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin strateji tərəfdaş qismində inkişafından razılıq ifadə edilib. Pakistan tərəfi Azərbaycanla birgə imzalanmış ikitərəfli sənədlərin bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Pakistan və Azərbaycan əsas problemlərə eyni mövqedən yanaşır. Məhz Kəşmir problemi barədə Azərbaycanın açıq mövqeyi və Ermənistanın Azərbaycana təcavüzünün Pakistan tərəfindən daim pislənməsi xüsusi olaraq vurğulanıb. Bildirilib ki, rəsmi İslamabad Ermənistanın Azərbaycana hərbi təcavüzünü qətiyyətlə pisləyir və öz mövqeyinə hər zaman sadiq qalacağını bildirir. Digər tərəfdən, Pakistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələbini hər zaman dəstəkləyəcəyini vəd edib.
Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində ölkələr arasındakı münasibətlərin daimi xarakter daşıdığını söyləyib. Dövlət başçısı xüsusi vurğulayıb ki, Ermənistanın Azərbaycana təcavüzü məsələsi BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilərkən Pakistanın birmənalı şəkildə ədalətli mövqe tutaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın hərbi təcavüzünün pislənilməsi barədə verdiyi bəyanatlar və Azərbaycanın haqq işini müdafiə etməsi ölkəmizdə yüksək qiymətləndirilir. Ölkə başçısı həm də bildirib ki, Azərbaycan tərəfi Kəşmir problemi ilə bağlı beynəlxalq müzakirələrdə həmişə Pakistanın mövqeyini müdafiə edir.
Azərbaycan ilə Pakistan arasındakı münasibətlərdə hərbi sənayenin inkişafı ilə bağlı məsələ xüsusi yer tutur. Belə ki, 2002-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında “Müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlıq haqqında” protokol və Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında “Müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında” saziş imzalanıb. Bu protokol və sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi və iki ölkə arasında bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından Pakistan İslam Respublikasının Birləşmiş Qərargahlar Komitəsinin rəisinin 2004-cü ilin avqust ayında Azərbaycana səfəri yaddaqalan olub. 2004-cü ilin oktyabr ayında Pakistanın ölkəmizin “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyətə dair” qaldırdığı məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınmasının lehinə səs verməsi beynəlxalq birliyin bu məsələnin ədalətli həlli üçün dəstəyinə ümidvar olan Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edib.
Qeyd etdiyimiz kimi, iki ölkənin rəsmiləri arasında keçirilən görüşlər münasibətlərin inkişafına mühüm töhfələr verib. 2006-cı il 5-7 may tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə Toplantısında iştirak etmək məqsədilə Pakistanın Baş naziri Azərbaycana səfər edib. 2006-cı il mayın 3-də Pakistanın xarici işlər naziri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısı ilə əlaqədar Bakıda səfərdə olub. 2008-ci ildə Pakistan Senatının Xarici əlaqələr üzrə daimi komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. 2008-ci ilin sentyabrında Bakıda keçirilmiş İƏT üzv dövlətlərinin Kənd təsərrüfatı nazirlərinin IV toplantısında Pakistan İslam Respublikasının nümayəndə heyəti iştirak edib. 2008-ci ilin oktyabrında isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistana səfər edib. Səfər zamanı Azərbaycan-Pakistan ikitərəfli İşçi Qrupu Forumunun da ilk iclası keçirilib. 2008-ci ilin noyabrında isə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində təşkil olunmuş V Beynəlxalq Müdafiə sərgisi və seminarında (İDEAS-2008) iştirak edib. Pakistanın Müdafiə Məhsulları İxracının Təşviqi Təşkilatı, Pakistan Ticarət İnkişafı Agentliyi və “E-Commerce Gateway Pakistan” təşkilatının birgə keçirdiyi sərgidə 60 ölkədən 256 şirkət iştirak edib. Səfər çərçivəsində iki ölkənin hərbi-sənaye kompleksləri arasında əməkdaşlıq sahələrini müəyyən etmək məqsədilə ekspert qrupu yaradılıb. 2009-cu ilin may ayında isə Pakistanın müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. 2009-cu ilin avqustunda isə Pakistan Hərbi Dəniz Qüvvələri Komandanı admiral Noman Bəşir Azərbaycana səfərə gəlib. 2009-cu ilin oktyabrında isə Pakistan Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin sədri general Tariq Məcidin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən general T.Məcid ölkələrimiz arasında müsbət əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. 2010-cu ilin martında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdə olub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Elektron Optik Cihazlar zavodu, Pakistan silah-sursat kompleksi, Taksila Ağır Sənaye zavodu, Kamra Aviasiya Kompleksi, AERO şirkəti və Milli Radio Teleqraf Korporasiyasının fəaliyyəti və məhsulları ilə tanış olublar. 2010-cu ilin aprelində ölkəmizdə səfərdə olan Pakistanın keçmiş müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
Son illərdə daha da sıxlaşan iki ölkə əlaqələri 2014-cü ildə də fəal əməkdaşlıq şəraitində davam etdirilir. Xatırladaq ki, cari ilin əvvəlində Pakistanın Xayber Paxtunxva əyalətinin Peşavər şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun klinikasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqları istifadəyə verilib.
Ümumilikdə, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində Xayber Paxtunxva əyalətində Hepatit B virusuna qarşı peyvənd kampaniyası, açıq ürək əməliyyatları aparılıb, əyalətin klinikalarında serebral iflicin müayinəsi, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə təşkil edilib, göz klinikasının tikintisinə maddi yardım göstərilib. Həmçinin, 2012-2013-cü illərdə Qurban bayramında və Ramazan ayında əyalətin müxtəlif bölgələrində humanitar layihələr icra olunub.
Bütün bunlar Azərbaycan-Pakistan əlaqələrinin davamlı inkişafından xəbər verir. Regionda və dünyada sülhün və ədalətin bərpasında maraqlı olan iki ölkənin əməkdaşlığı beynəlxalq təhlükəsizliyə töhfədir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 12 aprel.- S.8.