Azərbaycan
dövləti idmanın inkişafına xüsusi diqqət
göstərir
Firdovsi Umudov: Azərbaycan bütün sahələrdə Ermənistandan üstündür və bu üstünlük idmanda da özünü göstərir
Müsahibimiz sərbəst güləş üzrə Azərbaycan milli yığma komandasının böyük məşqçisi, Əməkdar məşqçi Firdovsi Umudovdur:
- Firdovsi müəllim, bugünlərdə Azərbaycan idmançıları Avropa Çempionatından qayıdıb. İdmançılarımızın əldə etdiyi nəticələri necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, bugünlərdə Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa Çempionatı keçirildi. Bu çempionatda 40-a yaxın ölkənin idmançıları təmsil olunurdu. Qeyd edim ki, biz bu çempionata xeyli vaxt idi hazırlaşırdıq və buna qədər Türkiyə və Bolqarıstanda keçirilən beynəlxalq yarışlarda da iştirak etmişdik. Belə ki, bizim güləşçilər Bolqarıstanda 5 qızıl, Türkiyədə isə 1 qızıl medal qazanaraq böyük uğura imza atmışdılar. Ümumilikdə, Avropa Çempionatı ərəfəsində milli komandamızın əhval-ruhiyyəsi də yaxşı idi, çempionatda uğur qazanacağımıza inanırdıq.
Bu çempionatda Azərbaycan Güləş Federasiyasını təmsil edən idmançılar ümumilikdə 10 medal qazandı. Sərbəst güləş üzrə yığma komandamızın nəticələri isə 2 qızıl, 2 gümüş medal oldu. Bu da ümumi komanda hesabında komandamızın ilk üçlükdə yer almasını təmin etdi. Qızıl medalları yığmamıza Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qazandırıb. Cəbrayıl Həsənov (74 kq) və Xetaq Qazyumov (97 kq) isə gümüş medala sahib olub. Ümumilikdə, 47 xal toplayan sərbəst güləş üzrə yığmamız komanda hesabında Avropa Çempionatını ikinci sırada tamamlayıb. İlk sırada 68 xalla Rusiya, üçüncü sırada isə 40 xalla Türkiyə yığmaları qərarlaşıb. Mən bu münasibətlə xalqımızı, o cümlədən, bütün idman ictimaiyyətini təbrik edirəm.
Onu da nəzərinizə çatdırım ki, biz bu qələbələrdən arxayınlaşmırıq, əksinə bütün bunlar bizi yeni-yeni uğurlara ruhlandırır. Nəzərə alsaq ki, gələn il Bakıda ilk Avropa Olimpiya Oyunları, 2016-cı ildə isə Braziliyada Yay Olimpiya Oyunları keçiriləcək, bu, bizim məsuliyyətimizi daha da artırır.
- Güləşçimizin finalda erməni rəqibi üzərində inamlı qələbəsi bütün vətəndaşlarımızı çox sevindirdi...
- Çempionatda 70 kq çəki dərəcəsində çıxış edən Ruslan finala qədər inamla getdi. Qeyd edim ki, Ruslan Dibirhacıyev 1/8 finalda Belarusdan olan Anton Afanasyevi 10:2 hesabı ilə, 1/4 finalda macar İstvan Qulyası 6:2 hesabı ilə məğlub etdi. Onun yarımfinaldakı rəqibi türkiyəli Yakup Gör oldu. Gərgin keçən qarşılaşma təmsilçimizin 5:4 hesablı üstünlüyü ilə başa çatdı. Finala yüksələn Ruslan Dibirhacıyevin rəqibi erməni güləşçi Qriqor Qriqoryan oldu. Rəqibinə heç bir şans verməyən güləşçimiz vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionu oldu.
Digər ölkələrin komandaları da bu
görüşü maraqla gözləyirdi. Çünki bizim üçün
çox prinsipial idi. Biz bu görüş
öncəsi Ruslanla söhbətləşdik, onun psixoloji cəhətdən
də bu qələbəni qazanmağa hazır olmasına
çalışırdıq. Azərbaycan
bütün sahələrdə Ermənistandan
üstündür və bu üstünlük idmanda da
özünü göstərir. Ruslan
mübarizə zamanı özünü inamlı apardı və
parlaq qələbə qazandı. Erməni
nümayəndə heyəti isə bundan çox məyus
olaraq yarış meydanını tərk etdilər. Mən bu münasibətlə xalqımızı bir
daha təbrik edirəm və biz İnşallah Azərbaycanın
işğal edilmiş torpaqlarını azad edərək,
Qarabağda da üçrəngli bayrağımızı
yüksəldəcəyik.
-
Ümumiyyətlə, dövlətimiz idmanın
inkişafına yüksək diqqət göstərir. Bu diqqəti necə qiymətləndirirsiniz?
- Azərbaycanda
bütün sahələrdə olduğu kimi, idmanın da
inkişafı, yenidən dirçəlişi Ümummilli
liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz
idmançılarımızın sosial problemlərinin həllinə
daim qayğı ilə yanaşırdı, onların əməyini
yüksək qiymətləndirirdi. Sevindirici
haldır ki, Ulu öndərin siyasətini uğurla davam etdirən
möhtərəm Prezident İlham Əliyev də idman sahəsinin
inkişafına böyük həssaslıqla yanaşır,
bu istiqamətdə çox böyük işlər
görülür. 1997-ci ildə cənab
İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti
seçildikdən sonra idmanın inkişafında yeni mərhələ
başladı.
Mən neçə illər güləşçi kimi
həm də yığma komandanın tərkibində beynəlxalq
yarışlarda iştirak etmişəm. İnanın
ki, 1990-cı illərin əvvəlində Azərbaycanı
dünyada tanımırdılar. Xəyallarımızda
təsəvvür edirdik ki, nə vaxtsa Azərbaycanda beynəlxalq
yarışlar, Avropa, dünya çempionatları keçiriləcək,
böyük idman sarayları olacaq və s. Yadımdadır ki,
həmin dövrlərdə respublika səviyyəli
yarışlar mədəniyyət saraylarında
keçirilirdi. Mən bütün bunların
şahidi olmuşam. Bu gün isə
ölkəmizdə möhtəşəm idman bazaları
yaradılır.
Ümummilli liderimiz Heydər Əliyev mütəmadi
olaraq idmançılarla görüşürdü, onlara
öz tövsiyələrini verirdi, idmançıları
yeni-yeni qələbələrə ruhlandırırdı. Eyni zamanda,
nüfuzlu beynəlxalq yarışlarda qələbə qazanan
idmançılar mükafatlandırılırdı. Bu ənənə hazırda möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.
Artıq hər il ərzində ölkəmizdə
nüfuzlu beynəlxalq idman yarışları keçirilir. Bu da Prezidentimizin apardığı düzgün
siyasətin nəticəsidir ki, bu gün dünyada beynəlxalq
yarışların keçirilməsini ölkəmizə həvalə
edirlər. Hesab edirəm ki, Azərbaycan
idman sahəsində dünya üzrə ən inkişaf edən
dövlətlərdəndir. Nəzərinizə
çatdırım ki, Finlandiyada keçirilən
çempionatın hazırlığının
aşağı səviyyədə olması barədə də
fikirlər səslənirdi. Hətta
ayrı-ayrı ölkələrin məşqçiləri
FİLA-nın nümayəndələrinə bu tipli
yarışların Azərbaycanda keçirilməsini təklif
edirdilər. Eyni zamanda, beynəlxalq mütəxəssislər
ölkəmizdə keçirilən idman
yarışlarını nümunə kimi göstərirdilər.
Bütün bunlar onu göstərir ki, artıq
Azərbaycanı dünyada nüfuzlu idman ölkəsi kimi
tanıyırlar. 2015-ci ildə Azərbaycanın ilk
Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsi
də bütün bunların nəticəsidir.
-
Qarşıdakı dövrlərdə ölkəmizdə
nüfuzlu beynəlxalq yarışların keçirilməsi
üçün idman infrastrukturlarının səviyyəsini
necə qiymətləndirirsiniz?
- Ölkəmizdə
idmanın inkişaf etdirilməsi istiqamətində davamlı
addımlar atılır. Həmin
addımların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda
müasir səviyyəli idman infrastrukturu yaradılıb.
Müasir idman kompleksləri, idman arenaları istənilən
yarışı yüksək səviyyədə qəbul etməyə
imkan verir. Onu da qeyd edim ki, güləş
idman növü üzrə də yüksək standartlara cavab
verən bazalarımız var. Azərbaycan Güləş
Federasiyasına (AGF) 2007-ci ildə yeni rəhbərlik
seçildikdən sonra bu istiqamətdə böyük işlər
görülür. Federasiyanın prezidenti
Fazil Məmmədovun rəhbərliyi ilə nəinki Bakı
şəhərində, bölgələrdə də
infrastrukturun inkişafı yönündə ciddi addımlar
atılır. Təkcə Bakı şəhərində
bizim yığma komandamızın istifadə etdiyi zalın
dünyada analoqu yoxdur. Əlbəttə
ki, şərait olmayan yerdə biz heç vaxt nəticə
qazana bilmərik. Sevindirici haldır ki, Azərbaycan
Güləş Federasiyasının rəhbərliyi hər
zaman bizimlə bir yerdədir və Avropa çempionatında
da, başqa yarışlarda da federasiyanın birinci
vitse-prezidenti Namiq Əliyev nümayəndə heyətinə
rəhbərlik edir. Onlar hər zaman
idmançılarla maraqlanırlar, hətta məşq
prosesində bizimlə bir yerdə olurlar. Bu
da idmançılarda ruh yüksəkliyi yaradır. Dövlətin əsas məqsədi odur ki,
insanlarımız sağlam olsun, sağlam gənc nəsil
yetişsin. Görülən işlər
bu məqsədə xidmət edir.
AGF rəhbərliyinin göstərişi ilə
yığma komandanın üzvləri ilboyu federasiyanın
bazasında qalırlar. Onların maddi məsələləri də
yüksək səviyyədə həll olunur. Amma əvvəllər nə kimi çətinliklərin
yaşandığının mən şahidi olmuşam.
Yığma komandamızın indiki üzvləri
1990-cı illərin əvvəlində dünyaya gəliblər,
həmin çətinlikləri yaşamayıblar. Biz çətinliklərin müqabilində nəticə
göstərirdik. İndi bu şərait
dövlət tərəfindən yaradılıb, yüksək
qayğı var, idmançılarımız da yaxşı nəticə
göstərməlidirlər və göstərirlər də.
- Qeyd
etdiyiniz kimi, ölkəmizdə idmana qayğı yüksək
səviyyədədir və idmançılarımızı
da dövlətimiz hər zaman lazımi səviyyədə dəyərləndirir.
Bu dəyərləndirmələr
idmançıların gələcək fəaliyyətlərinə
necə təsir göstərir?
- Azərbaycanda
idmanın maddi-texniki bazası sürətlə genişlənir.
Yaradılan şəraitlə paralel ölkəmizdə
idmanın kütləviliyinə göstərilən diqqət
böyükdür. Bu gün idman komplekslərimizin
işi yüksək səviyyədə qurulub, uşaqlar,
yeniyetmələr idman bölmələrində məşq
edirlər, gənc nəslin bu sahəyə
marağının artırılmasına xüsusi diqqət
yetirilir.
Təbii ki, dövlətimiz nüfuzlu beynəlxalq idman
yarışlarında uğur qazanan, bayrağımızı
zirvələrə yüksəldən
idmançılarımızı qiymətləndirir, onlara
yüksək mükafatlar da verilir. Amma təəssüflər
olsun ki, bəzi müxalifət partiyaları, onların himayəsində
olan mətbuat orqanları idmana və idmançılara
göstərilən diqqəti qıcıqla
qarşılayırlar. Onlar beynəlxalq
yarışlarda idmançılarımızın
uğursuzluqlarına sevinirlər. Mən
belə müxalifət nümayəndələrini azərbaycanlı
hesab etmirəm. Xatirinizdədirsə,
2012-ci ildə keçirilmiş London Yay Olimpiya
Oyunlarının ilk günlərində
idmançılarımız yaxşı nəticə göstərə
bilməyəndə bu düşərgə çox sevinirdi,
qələbələrimizdən isə məyus oldular. Amma onlar da hamı kimi bizim qələbəmizə
sevinməli, məğlubiyyətimizə isə kədərlənməlidirlər.
Çünki Azərbaycanın bir
bayrağı, bir himni, bir Prezidenti var. Bütün qələbələr
xalqımıza, dövlətimizə məxsusdur. Buna sevinməyənləri azərbaycanlı hesab etmək
olmaz, belələri düşmən dəyirmanına su
tökənlərdir.
İdmançılarımızın yüksək səviyyədə
mükafatlandırılmasına da qısqanclıqla
yanaşmaq lazım deyil. Dövlətimiz idmanın
inkişafına böyük diqqət göstərir və
idmançılarımız da bu diqqətdən Azərbaycanın
bu sahədə uğurlar qazanması üçün istifadə
edir, çalışırlar və nəticə göstərirlər.
Təbii ki, dövlətimiz də onların zəhmətini
qiymətləndirir. Yenə də deyirəm
ki, bu idmançılar üçrəngli
bayrağımızı dünyanın mötəbər idman
yarışlarında zirvələrə yüksəldir,
himnimizi səsləndirirlər. Bütün
xalqımız da bundan qürur duyur.
Doğrudur,
bəzən belə fikirlər səslənir ki, yüksək
mükafatlar alan bəzi idmançılar
bundan sui-istifadə etməyə çalışırlar. Amma belə olmamalıdır. Hər
bir idmançı hansı nəticələr göstərməsindən
asılı olmayaraq, öz işini davam etdirməli, məşqlərə
gəlməli, növbəti qələbələrə
hazırlaşmalıdır. Yəni bu məsələdə
nizam-intizama ciddi fikir verilməlidir. Nizam-intizam
olmasa heç vaxt nəticə qazanmaq mümkün deyil.
Mən özüm şəxsən hər zaman
bu amilə çoç ciddi yanaşıram. Hazırda yığmada böyük məşqçi
olmaqla yanaşı, Sərhədçi Olimpiya İdman Mərkəzinin
qərargah rəisiyəm. Ölkə
Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif
olunmuşam. 2012-ci ildə isə FİLA tərəfindən
dünyanın ən yaxşı məşqçisi
seçilmişəm. Yəni bunları
deməkdə məqsədim odur ki, bütün bunlar mənim
məsuliyyətimi daha da artırır və bundan sonra da
dövlətimizin adını zirvələrə yüksəltmək
üçün əzmlə çalışmağa sövq
edir. Ona görə də, hesab edirəm
ki, idmançılar şan-şöhrət ardınca
qaçmamalı, onlara göstərilən etimadı layiqincə
doğrultmalıdırlar.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.-12 aprel.-S.5.