Azərbaycanda müstəqil dövlət quruculuğu Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

 

Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biriuğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər.

Sirr deyil ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Bundan sonra vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Hakimiyyət cəmiyyət üzvlərinə münasibətdə fərdlərin demokratik prinsipnormalara əsaslanan fəaliyyətini stimullaşdırdı, eləcə də, fərdlərin demokratik prinsipnormalara əsaslanan siyasi iştirakçılığında mühüm keyfiyyət dəyişiklikləri qeydə alındı. Ən əsası isə odur ki, Ulu öndər Heydər Əliyev siyasi sistemin komponentləri olan ayrı-ayrı institutları legitimləşdirməklə açıq-demokratik cəmiyyət qurdu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində siyasi sosiallaşma və mədəniyyətin inkişafına, ümumilikdə, sosial-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi surətdə təkmilləşməsini təmin etmiş oldu.

Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bundan başqa, hüquqi nihilizmin aradan qaldırılması, siyasi-hüquqi islahatların həyata keçirilməsi kimi strateji tədbirlər ölkədə demokratik hüquq və azadlıqların daha da möhkəmlənməsini şərtləndirmiş oldu. Bu sırada Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar xüsusi vurğulanmalıdır.

Yeri gəlmişkən, bir məqama da xüsusi nəzər yetirmək lazımdır. Bu, özündə ali dəyər və normaları ehtiva edən siyasi mədəniyyətin əsasının qoyulmasıdır. Ümumiyyətlə, yüksək siyasi mədəniyyətin formalaşması və inkişafı üçün lider fenomeni, amili olduqca önəmlidir. Azərbaycanda siyasi mədəniyyətin formalaşması və inkişaf etməsi məsələsinə nəzər salsaq, tərəddüdsüz qeyd edə bilərik ki, ölkəmizdə siyasi mədəniyyətin təşəkkülü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrün ictimai-siyasi mənzərəsi onu deməyə əsas verir ki, Ulu öndər Özünün yüksək səviyyəli siyasi fəaliyyəti və davranışı ilə ümummilli siyasi mədəniyyətin inkişafını stimullaşdırdı. “Millət dövlət üçün yox, dövlət millət üçün olmalıdır”, deyən Ümummilli lider Heydər Əliyev siyasi həyatda yüksək davranış normaları və prinsipləri formalaşdırmaqla Azərbaycan cəmiyyətini müasir siyasi mədəniyyətə malik olan inkişaf etmiş cəmiyyətlər sırasına daxil etdi. Bununla yanaşı, ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuzgüc iyerarxiyasında layiqli yer tutdu.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətindən bəhs edərkən milli ideologiyanın yaradılması kimi əhəmiyyətli tarixi fakta da nəzər yetirmək lazımdır. Məlum olduğu kimi, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Bundan sonra görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrildi.

Şübhəsiz, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının siyasi sisteminin inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strateji əhəmiyyətli ənənələri müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirən Prezident İlham Əliyevin siyasi-strateji kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Bu da ölkəmizdə fərdlərin siyasi iştirakçılıq səviyyəsini artırmaqla yüksək siyasi mədəniyyətin daha da inkişaf etməsinə, siyasi-hüquqi islahatların davamlı xarakter daşımasına, ümumiyyətlə, müstəqilliyin möhkəmlənməsinə təkan verir.

Bir sözlə, 1991-ci ilin oktyabrında formal olaraq elan edilməsinə baxmayaraq, 1993-cü ilin iyunundan, yəni, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra real olaraq qazanılan dövlət müstəqilliyi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf siyasətinin fonunda daha da möhkəmlənib. Əsaslı ictimai-siyasi sabitliyə və dinamik iqtisadi tərəqqiyə malik olan Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləməkdədir. Məhz bütün bu nailiyyətlərin önəminə toxunan Prezident İlham Əliyev qeyd etmişdir: “Biz müasir dövlət qururuq. Dövlət quruculuğu Azərbaycanda, əslində, 1993-cü ildən sonra başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuşdur, Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində çox önəmli addımlar atılmışdır, islahatlar aparılmışdır. Bu gün bu islahatlar davam etdirilir. İstər siyasi sahədə, istərsə də iqtisadi sahədə islahatların davam etdirilməsi hər bir cəmiyyət üçün inkişafa gedən yoldur. Azərbaycan dövləti müasirliyə, inkişafa sadiq olduğunu islahatların davam etdirilməsində nümayiş etdirir... Ancaq əldə edilmiş uğurlar, sadəcə, bizim üçün gələcək addımların atılması üzrə bir stimul olmalıdır. Həyat yerində durmur, ölkə qarşısında yeni vəzifələr çıxır, yeni çağırışlarla üzləşirik və biz hazır olmalıyıq. Bunu etmək üçün güclü iqtisadiyyatgüclü siyasi sistem olmalıdır... Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesi uğurla gedir, xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir, əks təqdirdə biz bu inkişafa nail ola bilməzdik”.

 

Nurlan QƏLƏNDƏRLİ

 Yeni  Azərbaycan.-2014.-15 aprel.-S.4.