Azərbaycan-NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir

 

Sorin Dukaru: Tərəflər 80-ə yaxın birgə tədbir keçirib ki, bu da öz növbəsində praktiki əməkdaşlığı daha yüksək səviyyəyə qaldırır

Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri də beynəlxalq təşkilatlarla yüksək səviyyədə münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Təsadüfi deyil ki, hazırda müstəqil Azərbaycan BMT-nin, ATƏT-in, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və digər mötəbər beynəlxalq qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Bundan başqa, respublikamız Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi təşkilatlarla da fəal əməkdaşlıq edir. 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi səmərəli fəaliyyət göstərib ki, bu da ölkəmizin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının daha bir göstəricisidir.

Azərbaycanın sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biriNATO-dur. Artıq ölkəmizin bu qurumla əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

NATO-Şimali Atlantika Müqaviləsi Təşkilatı

1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin iştirakı ilə Şimali Atlantika müqaviləsi imzalandı. Bununla da müasir beynəlxalq münasibətlərdə mühüm rol oynayan NATO-Şimali Atlantika Müqaviləsi Təşkilatı (North Atlantic Treaty Organization) yarandı. NATO-hökumətlərarası təşkilatdır, onun bütün üzvləri öz suverenliyi və müstəqilliyini qoruyurlar. İlk növbədə NATO BMT-nin Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır.

Əsasən ABŞ-ın iştirakı ilə Avropa ölkələrindən təşkil olunan bu blok ötən müddət ərzində fəaliyyətini şərqə doğru genişləndirib. Hazırda NATO-nun 28 üzvü var. Bunlar aşağıdakı ölkələrdir: Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Xorvatiya və Yunanıstan.

Soyuq müharibənin ən qızğın dövrlərində belə NATO tərəfindən müəyyən transformasiya siyasətinin həyata keçirildiyi məlumdur. Misal üçün, 1952-ci il Lissabon Sammitində qəbul edilən “Məhdud Müharibə Strategiyası” və ya 1954-cü ildə qəbul edilən “Kütləvi Zərbə Strategiyası”, eləcə də, 1967-ci ildən etibarən tətbiq olunanElastiki Zərbə Strategiyası” kimi sənədlər NATO-nun hər dövrün tələbinə uyğun dəyişmə trendinin göstəricisidir.

Azərbaycan-NATO əlaqələrinin tarixi

Azərbaycan Respublikası ilə NATO arasında geniş məzmunlu əməkdaşlığın əsası Ümummilli liderimiz Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə qoyulub. Ölkəmiz 2004-cü ildən qurumun “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub. Azərbaycan 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.

Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avroatlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak və əsas məqsədi müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Eyni zamanda, Azərbaycan Avroatlantik Tərəfdaşlıq Şurasının işində də fəal iştirak edir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bəyan edir ki, “NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək” Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən biridir.

NATO qüvvələri ilə uzlaşmanın yaradılması PAP (Planlaşdırma və Analiz Prosesi) mexanizminə əsaslanır. 1997-ci ildən etibarən PAP əməliyyat hazırlığı naminə Azərbaycanı NATO-nun müdafiə planlamasına cəlb edir. Azərbaycan Silahlı Qüvvələri həyata keçirmək üçün üzərinə daha çox tərəfdaşlıq məqsədləri götürürbunlarNATO-nun hərbi, təlim və texniki standartlarını tətbiq etmək vasitəsilə NATO qoşunları ilə hərbi uzlaşmaya nail olunmasına” yönəlir. Azərbaycan xaricdə sülhməramlı məqsədlər üçün xüsusi bölmələr hazırlayıb. 2008-ci ildə bu bölmələr eyni vaxtda üç sülhməramlı əməliyyata cəlb edilib: KFOR (Kosovo Qüvvələri), ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) və Çoxmillətli Qüvvələr (İraq).

Müasir beynəlxalq sülhməramlı əməliyyatlar çoxfunksiyalı və mürəkkəbdir. Onların uğuru dövlətlərin əməliyyatların planlaşdırılması və aparılmasının bütün mərhələlərində komanda və nəzarət vasitələrinə cəlb edilməsindən asılıdır. NATO tərəfdaş dövlətləri öz əməliyyatlarına cəlb etmək üçün inkişaf etmiş mexanizmə malikdir. 1999-cu ildən Siyasi-Hərbi Çərçivə sənədi NATO-nun rəhbərlik etdiyi SNT əməliyyatlarında NATO ilə Tərəfdaş dövlətlər arasında əməkdaşlığı tənzimləyir. Bu sənədin məqsədi “NATO-nun gələcək əməliyyatlarına qoşulan tərəfdaş dövlətlərə əməliyyatlara siyasi istiqamətin verilməsi və üzərində nəzarət edilməsinə töhfə vermək üçün müvafiq imkanların verilməsinin təmin edilməsidir”. Tərəfdaşlar ən yüksək siyasi səviyyə də daxil olmaqla əməliyyatlar üzrə siyasi məsləhətləşmə, planlama və onların həyata keçirilməsində iştirak edə bilərlər.

Bu mexanizmin vacib aspektlərindən biri tərəfdaşlara beynəlxalq qərargahlarda vəzifələr tutmaq imkanının verilməsidir. Bu, “Tərəfdaş dövlətlərin əsl tərəfdaşlıqda töhfəsinin tanınması müttəfiqlər və tərəfdaşlar arasında etimadın və anlaşmanın yaradılması, onların həmrəyliyinin gücləndirilməsi üçün vacibdir”.

Azərbaycan-NATO əlaqələri getdikcə daha da dərinləşir

Bütövlükdə götürdükdə Azərbaycan NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. bu kimi aktual məsələlər müzakirə olunur, eləcə də, praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir. Təqdirəlayiq haldır ki, Azərbaycanda dəfələrlə səfərdə olan NATO rəsmiləri əməkdaşlıqdan razılıqlarını ifadə ediblər. Digər tərəfdən, Azərbaycanın regiondakı rolununmövqeyinin güclənməsi Alyansın ölkəmizə olan marağını daim artırır. Azərbaycanın yerləşdiyi bölgədə daha əhəmiyyətli rol oynamasını NATO rəhbərliyi də yaxşı bilirona görə ölkəmizlə əməkdaşlığa böyük önəm verir.

Qeyd edək ki, həm Azərbaycan dövlətinin, həm də NATO rəhbərliyinin qarşılıqlı münasibətlərə ciddi önəm verməsinin nəticəsində son illərdə ölkəmizlə bu qurum arasında əlaqələr daha da dərinləşib. Müntəzəm olaraq Azərbaycanın və NATO-nun yüksək səviyyəli nümayəndə heyətlərinin görüşləri keçiriliryeni əməkdaşlıq imkanları müzakirə edilir. Cari il yanvarın 15-də Prezident İlham Əliyev Brüsselə işgüzar səfəri çərçivəsində NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşüb.

Görüşdə NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu deyib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Dövlət başçısı İlham Əliyev də öz növbəsində NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsinin önəmini vurğulayıb. NATO ilə əlaqələrin Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Bu günlərdə isə NATO-nun baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru ölkəmizdə səfərdə olub. Bakıya səfəri çərçivəsində NATO rəsmisini Prezidenti İlham Əliyev qəbul edib.

Görüşdə NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib. Sorin Dukaru bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nunSülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.

Dövlətimizin başçısı NATO-nun Brüsseldəki mənzil- qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırladıb. Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

“Azərbaycanın NATO ilə əlaqələrinin 20 illiyi münasibəti ilə keçirilən konfrans, sadəcə bir-birimizi təbrik etmək deyil, eyni zamanda, nailiyyətlər, çatışmazlıqlar və gələcək addımlar haqqında müzakirə aparmaq üçün və səmərəli uğurlu nəticələr əldə etmək üçün yaxşı bir müzakirə müstəvisidir”. Bu sözləri isə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda keçirilən “Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlıqlarının gələcəyi” adlı konfransda çıxış edərkən deyib.

NATO baş katibinin müavini Sorin Dukaru isə konfransdakı çıxışında Azərbaycan və NATO arasında əlaqələrin səmərəli inkişafını qeyd edib. NATO rəsmisi vurğulayıb ki, 2014-cü il Azərbaycan və NATO arasında əməkdaşlıqda mühüm mərhələdir, çünki bu il koalisiya qüvvələri Əfqanıstandan çıxarılacaq: “Azərbaycan bizim üçün tranzit imkanlar açdı. O cümlədən, bu il biz qüvvələrimizi Əfqanıstandan çıxarırıq. 2014-cü ildən sonra bizim Əfqanıstanda olmağımız başqa müstəvidə həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, praktiki əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Biz Azərbaycanda müdafiə sahəsində keçirilən islahatları da dəstəkləyirik”.

S.Dukaru qeyd edib ki, tərəflər 80-ə yaxın birgə tədbir keçirib ki, bu da öz növbəsində praktiki əməkdaşlığı daha yüksək səviyyəyə qaldırır.

 

Mübariz ABDULLAYEV

 Yeni  Azərbaycan.-2014.-15 aprel.-S.8.