Azərbaycan-İran əlaqələri keyfiyyətcə yeni mərhələdə

 

Azərbaycan Prezidentinin İrana səfəri iki ölkənin münasibətlərinin inkişafına təkan verəcək

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü suveren aktoruna, eləcə , yüksək beynəlxalq nüfuza malik olan dövlətinə çevrilib. Eyni zamanda, xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan söz sahibinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaşa çevirib.

Əlbəttə ki, Azərbaycan həqiqətlərinin yayılmasında, dövlətimizin beynəlxalq imicinin artmasında beynəlxalq təşkilatlarda fəallıq, eləcə də, ikitərəfli münasibətlərə verilən önəmin də rolu böyükdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücününüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Digər tərəfdən, qonşu dövlətlərlə dostluq münasibətlərinə əsaslanan əlaqələrin inkişafı da böyük əhəmiyyət kəsb edir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri də bu reallığı bir daha təsdiqləyir. Xatırladaq ki, aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, humanitar əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Müzakirələr zamanı pozitiv fikirlərin səsləndirilməsi, əhəmiyyətli saziş və memorandumların imzalanması onu deməyə əsas verir ki, Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı barədə yalnız optimist düşünmək olar. Əminliklə söyləmək olar ki, ölkələrimiz arasındakı səmimi və qarşılıqlı-faydalı münasibətlər bundan sonra da dinamik inkişaf tempinə malik olacaq. Azərbaycan Prezidenti İlham Əliyev də İrana səfərinin əhəmiyyyətini vurğulayıb. Belə ki, aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu səfərin çox uğurlu olduğunu bildirib: “Bu səfər zamanı imzalanan sənədlər, aparılan danışıqlar, fikir mübadiləsi bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldıracaqdır. Deyə bilərəm ki, bu səfərin çox böyük əhəmiyyəti vardır. Çünki səfər zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir çox məsələlərə aydınlıq gətirdik. Bir fikri ifadə etdik ki, bundan sonra da İran-Azərbaycan əlaqələri ancaq yüksələn xətlə inkişaf etməlidir”.

Dövlət başçısı çıxışında tərəflər arasında Hökumətlərarası birgə komissiyanın işininvacibliyini vurğulayıb və komissiyanın yeni formatının müəyyən edildiyini qeyd edib. Artıq aprelin 15-də dövlət başçısı “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən birgə komissiyanın yeni tərkibi müəyyənləşib.

Ümumiyyətlə, ölkələrimiz arasında geniş iqtisadi-ticari əlaqələr mövcuddur. Təbii ki, bu amil hökumətlərarası komissiyanın işini daha da aktuallaşdırır. Bu səbəbdən də, ölkə Prezidenti komissiyanın fəaliyyətinin zəruriliyini qeyd edib. Digər tərəfdən, Azərbaycanla İran beynəlxalq müstəvidə də fəal əməkdaşlıq edirlər. Qonşu dövlətlərin beynəlxalq arenada bir-birini dəstəkləməsi mühüm amildir. Eyni coğrafi məkanda yerləşən dövlətlərin qarşılıqlı-faydalı əməkdaşlıq etməsi həm bu ölkələrin maraqlarının, həm də regional təhlükəsizliyin təmin olunmasına xidmət edir. Şübhəsiz ki, regional təhlükəsizliyin təmin olunması, həm də beynəlxalq əməkdaşlığa öz töhfəsini verir. Bu baxımdan, Azərbaycanın da xarici siyasət kursunda həm regional təhlükəsizliyin təmin olunması, həm də qonşu ölkələr və beynəlxalq qurumlarla çoxşaxəli əməkdaşlıq xüsusi yer tutur. Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyev bildirib: “Ümumiyyətlə, deyə bilərəm ki, biz həm beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edirik, eyni zamanda, qonşu ölkələrlə əlaqələrimiz ənənəvi olaraq çox müsbətdir, yaxındır. Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları ilə münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük fayda verəcəkdir”.

Onu da qeyd edək ki, Azərbaycan regional formatda da qonşularla əməkdaşlığa önəm verir ki, dövlət başçısının qeyd etdiyi kimi, ölkəmiz regional müstəvidə iki üçtərəfli formatın təşəbbüskarı olub. Bu formatlara Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyünü nümunə kimi göstərmək olar.

Azərbaycan Prezidentinin İrana səfəri bu ölkə tərəfindən də yüksək qiymətləndirilir. İranın ölkəmizdəki səfiri Möhsün Pak Ayin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri ikitərəfli münasibətlərin inkişafında vacib məqamlardan birinə çevrilib. Ümumiyyətlə, dövlətimizin başçısının İrana səfəri və səfər zamanı imzalanan sənədlər iki ölkə arasında əlaqələrin yeni mərhələsinin başlandığını deməyə əsas verir.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.- 2014.-16 aprel.-S.2.