Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisidir
Fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edən, Azərbaycan torpağının, dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışan Ulu öndər Heydər Əliyev müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.
Məlum olduğu kimi, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı yenicə müstəqilliyini əldə etmiş Azərbaycan Republikasını parçalanmadan xilas etməklə yanaşı, tariximizin yeni inkişaf mərhələsinin əsasını qoydu. Müstəqil Azərbaycanın banisi Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və fenomenal siyasi dühası ölkəmizdə bütün sahələrin paralel inkişafını təmin etməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunmasında, gələcək nəsillərə çatdırılmasında mühüm rola malik oldu.
Əlbəttə ki, Ulu öndərin hakimiyyətə qayıdışı ilə yenidən təşəbbüs taparaq toparlanan, sıradan çıxmasının qarşısı alınan mühüm sahələrdən biri də mətbuat sahəsidir. Xüsusi olaraq vurğulanmalıdır ki, müasir Azərbaycan mətbuatının inkişafı birmənalı şəkildə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Xatırladaq ki, 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə təşəkkül tapan Azərbaycanın milli mətbuatı 1918-ci ildə yaranan və cəmisi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinə qədərki dövrdə mühüm bir inkişaf yolu keçmişdir. “Əkinçi” ilə başlanan bu estafet sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, Məmməd Ağa Şaxtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus”, “Həyat”, Əhməd bəy Ağaoğlunun yaradıcısı olduğu “İrşad”, “Füyuzat” kimi mübariz mətbu orqanlarla davam etdirildi. 1918-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi milli mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoydu. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu və ölkədə qurulan Sovet rejimi milli mətbuatın da boğulmasına gətirib çıxardı.
1969-cu il: Mətbuatın inkişafında dönüş nöqtəsi
1920-ci ildə qurulan Sovet rejimi ilk vaxtlarda ölkənin ziyalılarının, xalqın maariflənməsində, vətənpərvərlik ruhunun oyanmasında böyük rolu olan şəxsiyyətlərin repressiyasına və mütərəqqi, demokratik fikri boğmağa başladı. Rejimin repressiv maşını ölkənin istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağı, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağı hədəfləyirdi. 1936-40-cı illər arasında məhv edilən ziyalılar dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri idilər.
Sonrakı dövrlərdə isə artıq Sovet təbliğatı tam şəkildə öz istəklərini tətbiq etməyə başladı. Düzdür, ali məktəb səviyyəsində jurnalistika tədris edilsə də, tədbiq olunan sərt senzura qayda-qanunları Azərbaycanda mətbuatın inkişafında böyük maneələr yaradırdı. 1969-cu ilin 14 iyulunda isə Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi digər sahələrdə olduğu kimi, mətbuatın da inkişafında əsaslı dönüş yaratdı. Məhz Ulu öndərimizin şəxsi səyi nəticəsində istər ədəbi, istərsə də, mətbu sahədə yüksəliş başladı. Həmin vaxtlarda Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycanda nəşr olunan çap mətbuatı demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə ön sıralara yüksəldi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zamanın Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rolunu oynadı.
1991-1993: yenidən xaos və böhran
1991-ci ildə Azərbaycanın öz müstəqilliyini elan etməsindən sonra təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məhz bu hakimiyyətin dövründə jurnalistlərə qarşı sui-qəsdlərin planlaşdırılması, özbaşınalıq, mətbuat işçilərini təqib etmə sanki dəbə minmişdi. Hətta bəzi hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər açıq-aşkar televiziyalara silahlı basqın etməkdən, canlı efirdə jurnalisti təhqir, təhdid etməkdən çəkinmirdi. Məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı verirdi və söz azadlığı, fikir plüralizmi kimi məfhumlar Azərbaycana yad meyarlara çevrilmişdi. Millətin gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist adına ləkə vurulması ilə də nəticələnirdi. Hətta bu gün belə mübarizə aparılan, jurnalistikanın ən ağrılı yeri sayılan “reket jurnalistikası” da məhz o günlərdən bizə qalan yadigardır. Özbaşınalığa, tamahkarlığa, qanunu pozmağa öyrənmiş bu insanlar hətta mətbuata da ləkə vurmaqdan çəkinmədi və Azərbaycan ziyalısının adına qara yaxmağa başladı.
Belə çətin bir vəziyyətdə Azərbaycan jurnalistikası məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanımır, əksinə imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyə satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə, həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü iln aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı.
1993-2003: Müasir Azərbaycan mətbuatı dünya standartları səviyyəsinə yüksəldi
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan imkanlar, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənələrinin davam etdirilməsinə şərait yaratdı.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
Digər tərəfdən, Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə, çətin iqtisadi şəraitdə fəaliyyət göstərən mətbu orqanları xilas etdi.
2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu öndər Heydər Əliyev demişdir: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.
Sevindirici haldır ki, bu gün Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün sahələrdə, o cümlədən milli mətbuatımızın inkişaf istiqamətində təməli atılmış işləri daha da inkişaf etdirir. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artırıldı, ölkəmizdə bütün sahələrdə yüksək inkişaf əldə olundu. Prezident İlham Əliyev Öz çıxışında dəfələrlə bildirib ki, Heydər Əliyev sevgisi xalqımızın qəlbində əbədi yaşayacaq: “On il ərzində Ulu öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev sevgisini qəlbində yaşadır və yaşadacaqdır. Biz - Ulu öndərin davamçıları elə etməliyik ki, Onun siyasi xətti Azərbaycanda daim üstünlük təşkil etsin. Mən buna şübhə etmirəm”.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-2014.-16 aprel.-S.4.