Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən geniş quruculuq və abadlıq işləri Azərbaycanın hər bir guşəsində özünü göstərməkdədir. Əlbəttə ki, ölkə miqyaslı makroiqtisadi göstəricilərin əldə olunmasında hər bir rayonun, şəhərin, qəsəbənin özünəməxsus rolu və payı vardır. Qeyd etmək lazımdır ki, sürətli inkişaf prosesi Bakı şəhərinin rayon və qəsəbələrində aydın müşahidə olunmaqdadır. Bu baxımdan, Sabunçu rayonu sosial-iqtisadi nailiyyətlərinə görə ön sıralarda dayanır.

Məlum olduğu kimi, 2013-cü il Azərbaycanın ümumi inkişaf göstəricilərində növbəti uğurlu dövr kimi ölkənin tarixinə həkk olunub. Eyni sözləri paytaxtın Sabunçu rayonu haqqında da söyləmək mümkündür. Bir əsrə yaxın yaşı olan rayon Sabunçu, Bakıxanov, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran və Bilgəh olmaqla 10 inzibati qəsəbəni əhatə edir. 234 min nəfərdən artıq sakinin yaşadığı rayonda ötən ilin yekunlarına əsasən, hamısı daimi olmaqla, 2395 yeni yeri yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev rayonun inkişafına daim öz diqqət və qayğısını göstərir. Bunu dövlət başçısının il ərzində bir neçə dəfə rayonun qəsəbələrində olması, açılışlarda iştirakı da təsdiq edir. Təkcə 2013-cü ildə ölkə Prezidenti Sabunçu rayonuna 6 dəfə baş çəkib. Bu ziyarətlərin hər biri rayon əhəmiyyətli müəyyən əlamətdar hadisə, yolların açılışı, ictimai obyektlərin istifadəyə verilməsi ilə bağlı olub. Təbii ki, rayonun inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğı burada görülən quruculuq işlərinin tempinə və keyfiyyətinə müsbət təsir edir.

DÖVLƏT PROQRAMININ İCRASI YÜKSƏK SƏVİYYƏDƏ YERİNƏ YETİRİLİR

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və həmin Proqrama “Əlavə Tədbirlər Planı”nın icra müddəti artıq başa çatıb. Sözügedən Dövlət Proqramı və Əlavə Tədbirlər Planı çərçivəsində indiyədək Sabunçu rayonu ərazisində çox mühüm iqtisadisosial əhəmiyyətə malik obyektlər tikilib, yollar salınıb, əhalinin elektrik enerjisi, qaz, su istilik təchizatının yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin qurulması, ekoloji layihələrin həyata keçirilməsi, mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin, küçə və meydanların, istirahət guşələrinin abadlaşdırılması üzrə böyük işlər görülüb.

Ayrı-ayrı sahələr üzrə görülən işlərə və konkret statistik göstəricilərə nəzər saldıqda, Dövlət Proqramından irəli gələn vəzifələrin Sabunçu rayonunda yüksək səviyyədə yerinə yetirilməsinin şahidi olmaq mümkündür.

İCTİMAİ OBYEKTLƏRİN TİKİNTİSİ VƏ TƏMİRİ SÜRƏTLƏ APARILIR

Qeyd edək ki, ötən il ərzində Proqrama və əlavə tədbirlər planına uyğun olaraq rayonda 3000 şagird yerlik 1 məktəb və 5 tədris korpusu, 1 uşaq bağçası, 1 səhiyyə müəssisəsi tikilib, 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə müəssisəsində əsaslı təmir işləri başa çatdırılaraq hamısı müasir avadanlıqlarla təchiz olunub. Eyni zamanda, Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatın (Qocalar evi) əsaslı təmiri və yeni korpusun tikintisi başa çatdırılaraq dövlət başçısının iştirakı ilə oktyabr ayında istifadəyə verilib. Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi və sosial sığınacağın tikintisi, Gözdən əlillər üçün tədris bərpa mərkəzinin tikintisi isə başa çatdırılmaq üzrədir. Maştağa-Nardaran və Pirşağı-Kürdəxanı qəsəbələrinin ərazisində tikilmiş 3 mini-futbolidman meydançaları 2013-cü ildə gənclərin istifadəsinə verilib.

Bununla yanaşı, rayonda mərkəzi dövlət orqanları və təşkilatların planlarına əsasən də bir sıra sosial əhəmiyyətli obyektlərin və inzibati binaların tikintisi və təmir-bərpa işləri aparılıb.

Görülən işlər rayon ərazisində sakinlərin yaşayış şəraitinin, onlara göstərilən sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı, bölgənin simasını da xeyli müasirləşdirib.

YOL İNFRASTRUKTURUNUN QURULMASI İŞLƏRİNƏ XÜSUSİ DİQQƏT AYRILIR

Sabunçu rayonunda aparılan hərtərəfli yenidənqurma işləri çərçivəsində yol infrastrukturunun bərpasına və təkmilləşdirilməsinə böyük diqqət ayrılır. Bu əsasda, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2013-cü il tarixli Sərəncamına əsasən Sabunçu rayonunun Zabrat, NardaranMaştağa qəsəbələri ərazisindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün rayon İcra Hakimiyyətinə 2 milyon manat həcmində vəsaitin ayrılmasının rolu böyükdür. Həmin vəsait hesabına icra hakimiyyətinin sifarişi ilə Zabrat qəsəbəsində 14 küçədə 106 min, Nardaran qəsəbəsində 13,5 min, Maştağa qəsəbəsində isə 17,5 min kvadratmetr yol tikintisiasfalt örtüklərinin vurulması işləri yerinə yetirilib. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Maştağa qəsəbəsinin bir sıra küçələrində 65 min kvadratmetrə yaxın yolda təmir işləri aparılaraq yeni asfalt örtüyü vurulub. Ümumiyyətlə, bu və digər mənbələr hesabına rayonun qəsəbədaxili yollarında il ərzində 380 min kvadratmetrdən çox yeni asfalt örtüyü vurulub, ətraf sahələr abadlaşdırılıb.

YAŞILLAŞDIRMA VƏ EKOLOGİYANIN BƏRPASI ABADLIQ İŞLƏRİNƏ PARALEL APARILIR

Sabunçu rayonunda görülən işlərin müsbət məqamlarından biri kimi, rayonda aparılan yaşıllaşdırma və təmizlik işləri xüsusi vurğulanmalıdır. Bildiyimiz kimi, Sabunçu rayonu tarixən Abşeron yarımadasında neftin çıxarıldığı əsas məkanlardan biri olub. Rayonun iqtisadiyatında bu günböyük çəkiyə malik olan neft sənayesinin ilk dövrlərdə nizamsız və ətraf mühiti nəzərə almadan qurulması nəticəsində təbii landşafta böyük ziyan dəyib, torpağın çirklənmə səviyyəsi yüksək həddə çatıb.

Lakin bildiyimiz kimi, son illərdə bu sahədə problemlərin aradan qaldırılması istiqamətində bütün yarımadanı əhatə edən işlər görülməkdədir. Ekoloji vəziyyətin yaxşılaşdırılmasının başlıca məqsədlərdən biri kimi göstərildiyi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası Sabunçu rayonunda da bu istiqamətdə sürətlə həyata keçirilməkdədir. Belə ki, indiyədək bu və digər mərkəzi və daxili yolların kənarlarında 8500 kvadratmetrə yaxın sahəyə həmişəyaşıl örtük (qazon), 3 minə yaxın müxtəlif növ ağackol əkilib, Zabrat-Maştağa və Zabrat-Pirşağı mərkəzi yollarının açılışı zamanı ərazidə böyük həcmli abadlıq işləri aparılıb. Bakıxanov dəmiryolu keçidindən Sabunçu qəsəbəsinə tərəf körpüyə qədər yolun hər iki tərəfində ərazi tam abadlaşdırılaraq böyük həcmli yaşıllaşdırma işləri görülüb.

Rayonda, əsasən də köhnə neft-mədən ərazilərində rekultivasiya işlərinin aparılması, çirkli gölməçələrin doldurulması işləri davam etdirilib, Yeni RamanaSabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək, oradakı zərərli tullantılar təmizlənib, 6,5 hektar sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınıb.

Eynilə, məişət tullantılarının vaxtında təmizlənməsi işlərinə də diqqət yetirilir. 2013-cü il ərzində qəsəbə nümayəndəlikləri, bələdiyyələr və Mənzil Kommunal İstismar Sahələri tərəfindən məişət tullantılarının zibil meydançalarından vaxtlı-vaxtında daşınıb-təmizlənməsi, abadlıq, yaşıllaşdırma işlərinin aparılması üzrə xeyli işlər görülüb.

VƏTƏNDAŞLARIN İSTƏK VƏ TƏLƏBLƏRİ NƏZƏRƏ ALINIR

Sakinlərin istək və şikayətlərinin nəzərə alınması, onların əsasında işlərin vaxtında görülməsi, vətəndaşların hüquqlarının qorunması məsələləri də rayonun sosial-iqtisadi inkişafında xüsusi yer tutur. Rayon İcra Hakimiyyəti 2013-cü ilin əvvəlindən öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyiYerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin hərtərəfli inkişafına çalışıb.

Belə ki, 2013-cü il ərzində İcra Hakimiyyəti Aparatına 5395 ərizə və 2533 məktub daxil olub. İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində 181 nəfər, keçirilmiş 43 səyyar görüşlərdə 10500-ə yaxın sakin iştirak edib, həmin görüşlərdə 241 məsələ qaldırılıb. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülüb, yazılı və şifahi izahatlar verilib. Zəruri hallarda hər cür köməkliklər göstərilib. Ümumiyyətlə, qaldırılmış məsələlərin 222-si öz həllini tapıb, qalan 19 məsələ üzrə isə aidiyyəti təşkilatlara müraciətlər olunaraq icrası nəzarətə götürülüb.

Eyni zamanda, edilmiş müraciətlər əsasında 2013-cü il ərzində vətəndaşlara İcra Hakimiyyəti, qəsəbələr üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə evlərin təmiri, məişət avadanlıqlarının alınması və digər məsələlərdə kömək məqsədi ilə 255 min manatdan çox maddi yardımlar göstərilib. Rayon ərazisində 50-dək müxtəlif binalarda məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması istiqamətində müəyyən təmir-bərpa işlərinin aparılmasına köməkliklər edilib, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanılıb.

2013-2014-cü tədris ilinin başlanması ilə bağlı şəhid, məcburi köçkün və digər aztəminatlı ailələrin uşaqlarına 100 dəst müxtəlif ölçüdə məktəbli forması paylanıb.

GÖRÜLƏN İŞLƏR DAVAMLI XARAKTER DAŞIYIR

Qeyd etmək lazımdır ki, Sabunçu rayonunun sosial-iqtisadi inkişafı məqsədilə rayonda bir sıra infrastruktur layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulub. Rayonun bütün qəsəbələrinin içməli su ilə təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidən qurulması, bütün mərkəzi və məhəllədaxili yollarının asfaltlanması üzrə genişmiqyaslı işlər davam etdiriləcək.

Bundan əlavə, dövlət başçısının 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da Sabunçu rayonunda bütün sahələri əhatə edən 68 bənddən ibarət tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Beləliklə, bu gün Sabunçu rayonunun timsalında sürətli inkişafın və Dövlət Proqramının uğurlu icrasının şahidi olmaq mümkündür. Bu isə əhalinin sosial-maddi imkanlarının yüksəlməsinə, eləcə də, vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə, etimad mühitinin formalaşmasına öz töhfələrini verməkdədir.

 

Hülya MƏMMƏDLİ

 Yeni  Azərbaycan.-2014.-16 aprel.-S.6.