Təhsilin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir

 

  Milli Məclisin deputatı Leyla Abdullayeva www.yap.org.az saytına müsahibə verib

 

- Leyla xanım, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Siz həm bir təhsil işçisi, həm də millət vəkili olaraq, dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz?

- Həqiqətən, ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərilir. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” deyən Ümummilli liderimiz Heydər Əliyev daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Məhz Ulu öndər tərəfindən təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanmışdır. Eyni zamanda, inkişaf etmiş dövlətin qurulması üçün birinci amil yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir. Yəni, təhsil sahəsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

- Təhsilin inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Sizcə, bu proqramların əhəmiyyəti nədən ibarətdir?

- Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində sistemli islahatlar aparılması ilə yanaşı, təhsilə dövlət tərəfindən ayrılan xərclərin də miqdarı ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə dəfələrlə artırılmışdır. Belə ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildə 243 milyon manat idisə, 2013-cü ildə bu rəqəm 1,5 milyard manata yüksəlmişdir. Deməli, 10 il ərzində cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin iqtisadi nəticələrindən biri kimi dövlət büdcəsindən təhsilə ayrılan xərclər 6 dəfə artmışdır.

Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi oldu. Qəbul olunmuş Dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsini də əsas istiqamətlərdən biri kimi qeyd etmək lazımdır. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramlarında öz əksini tapdı. Eyni zamanda, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi son 10 ildə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən olmuşdur. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanmışdır. Xüsusi qeyd etmək istərdim ki, ölkəmizdə təhsilə aid çoxsaylı layihələr Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın adı ilə bağlıdır. Heydər Əliyev Fondu Azərbaycanın təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək üçün yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikdirib, təmir etdirib, bu müəssisələr yüksək standartlar səviyyəsində təchiz olunub. Fondun təşəbbüsü ilə təkcə Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində məktəblər yaradılıb. “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı çərçivəsində istər daimi yaşayış yerlərinə malik uşaqlar, istərsə də qaçqın və məcburi köçkün ailələri, müxtəlif aztəminatlı sosial qruplar, habelə diaspor nümayəndələrinin övladları üçün inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Fondun gördüyü əzəmətli işin yalnız bir hissəsidir. Bütün bunlar bir daha onu göstərir ki, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir.

Nəhayət onu da vurğulamaq yerinə düşər ki, 24 oktyabr 2013-cü il tarixdə ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq etmişdir. Bu sənədin əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır. Güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün güclü təhsil olmalıdır və Dövlət Strategiyasında göstərildiyi kimi islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaq. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcək.

- Bəs bu sahədə qanunvericilik bazasını necə dəyərləndirmək olar?

- Təhsil sahəsində müvafiq qanunumuz var. Bildiyiniz kimi, 2010-cu ildə Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu qəbul edilmişdir. Hesab edirəm ki, bu qanun Avropanın əksər analoji qanunlarından daha mükəmməlidir. Bu qanuna günün tələblərinə uyğun olaraq çoxsaylı əlavə və dəyişiklik edilib və edilməkdədir. Bu da normaldır. Qanunvericilik fəaliyyətinin mahiyyəti də elə məhz bundan ibarətdir - hər sahədə günün tələblərinə uyğun olaraq ictimai münasibətləri tənzim edən hüquq normaları yaratmaq. Təhsil elə bir sahədir ki, orada daim dəyişikliklərin olması qaçılmazdır. Buna müvafiq olaraq da yeni normativ-hüquqi aktlar qəbul ediləcək. Onu da qeyd edim ki, Milli Məclisin yaz sessiyasının iş planına “Elm haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsi salınmışdır. Yəqin ki, bu yaxınlarda bu layihə plenar iclasa çıxarılacaq. Bildiyimiz kimi, bu sahəyə də cənab Prezidentin böyük qayğısı var. AMEA-da son dövrlərdə xeyli işlər görülür. Bu qanunun qəbulu da, şübhəsiz ki, bu proseslərə müsbət təsir edəcəkdir.

- Leyla xanım, siz Sumqayıt şəhərini təmsil edən millət vəkilisiniz. Son illər Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı fonunda Sumqayıt şəhərindəki quruculuq işləri haqqında da fikirlərinizi bilmək istərdik...

- Sumqayıtdan seçilən bir deputat kimi qeyd edim ki, şəhərimiz daim ölkə başçısının diqqət mərkəzindədir. Cənab Prezident dəfələrlə şəhərimizə səfərlər etmişdir, Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, Cümə məsçidində əsaslı təmir işləri və Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Eyni zamanda, ölkə Prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin və “Gilan” Tekstil Parkının açılış mərasiminə qatılmışdır. Mərasimdə dövlət başçısı demişdir: “Sumqayıt doğrudan da gözəlləşir, müasirləşir. Gözəl parklar salınır, binalar təmir olunur, istirahət yerləri, bulvar salınır. Yəni doğrudan da müasir şəhərə çevrilir. Sumqayıt bir böyük sənaye mərkəzi kimi artıq inkişaf yolundadır. Burada həm ağır, həm yüngül sənaye, kimya sənayesi ənənəvi olaraq inkişaf edir. Belə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərir”.

Prezidentin növbəti səfərində şəhərdə 1 nömrəli Sumqayıt şəhər xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş, Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi olmuş, Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” MMC-nin polad-boru zavodu açılmışdır. Eyni zamanda, “Sağlam qida” aqrar-sənaye kompleksi istifadəyə verilmişdir. Açılış mərasimlərində iştirak edən dövlət başçısı demişdir: “Sumqayıt şəhərinin yeni sənaye inkişafı dövrü bu gün başlayır. Kimya Sənaye Parkının yaradılması sənaye inkişafının yeni mərhələsi olacaqdır. Bu müəssisələr və Sumqayıt Kimya Sənaye Parkının yaradılması və inkişafı ölkəmizin sənaye potensialını gücləndirəcəkdir”.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu il “Sənaye ili” elan edilmişdir. Sumqayıt isə Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Prezident İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, Sumqayıt gələcəkdə dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır. Bu gün Sumqayıt əhalisi ölkədə gedən inkişafa, əhalinin rifah halının gündən-günə yüksəlməsinə görə cənab Prezidentə minnətdardırlar.

 

Yeni  Azərbaycan.-2014.-16 aprel.-S.6.