Litva Azərbaycanın sıx əlaqələrə malik olduğu dövlətlərdən biridir

 

İki ölkə arasındakı əməkdaşlıq bir çox sahələri əhatə edir

Xəbər verildiyi kimi, Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Litvanın daxili işlər naziri Dailis Alfonsas Barakauskas Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskaytenin salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycana bir neçə dəfə səfər etdiyini vurğulayan litvalı nazir ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə sürətli iqtisadi inkişafa nail olunduğunu məmnunluqla qeyd edib.

Görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Prezident Dalya Qribauskaytenin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Litva dövlətinin başçısına çatdırmağı xahiş edib.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun və Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub. Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirilib ki, görüşdə fövqəladə halların idarə olunması sahəsində əlaqələrin inkişaf etdirilməsi, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “Əməliyyat zalı”, həmçinin, İctimaiyyətlə Əlaqə İdarəsinin multimedia mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Eyni zamanda, səfər çərçivəsində Dailis Alfonsas Barakauskas Fövqəladə Hallar Nazirliyi Akademiyası və Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyəti ilə də tanış olub.

Bu məqamda vurğulamaq yerinə düşər ki, Litva Respublikası Avroatlantik məkana inteqrasiya siyasəti yürüdən Azərbaycanın sıx əlaqələrə malik olduğu dövlətlərdən biridir. İki ölkə arasındakı əlaqələrin mövcud durumuna nəzər salmaq, perspektivləri dəyərləndirmək və atılacaq addımları müəyyənləşdirmək üçün mütəmadi görüşlər, tədbirlər keçirilir.

Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 20-də tanıyan Litva ölkəmizin müstəqillik yolunu dəstəkləyən ilk dövlətlərdən biridir. İki dövlət arasında diplomatik münasibətlər isə bir qədər gec, 1995-ci ilin noyabr ayında qurulub. Litva Respublikasının Azərbaycandakı səfirliyi 3 aprel 2007-ci il tarixindən fəaliyyətə başlayıb, Azərbaycan Respublikasının Litvadakı səfirliyi isə 2007-ci ilin sentyabr ayında açılıb. Bundan əlavə, iki ölkə arasında prezidentlər səviyyəsində dəfələrlə görüşlər baş tutub, qarşılıqlı səfərlər təşkil olunub. İlk belə səfərlərdən biri kimi, 2006-cı il 8-9 iyun tarixlərində Litva Respublikasının keçmiş prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfərini qeyd etmək olar. Prezident İlham Əliyevin isə 2007-ci ildə bu ölkəyə iki səfəri baş tutub. Dövlət başçıları səviyyəsində səfərlər sonrakı illərdə də davam edib.

Litva ilə Azərbaycan arasında siyasi dialoq çox fəaldır və müxtəlif səviyyələrdə inkişaf edir. Bunun təsdiqi olaraq 2013-cü ildə Litvanın Baş nazirixarici işlər nazirinin Azərbaycana səfərini qeyd etmək olar. Bu o deməkdir ki, qarşılıqlı münasibətlərin inkişafı hər iki ölkənin maraq dairəsindədir.

Eyni zamanda, Azərbaycan-Litva münasibətləri hökumətlərarası və parlamentlərarası səviyyələrdə də inkişaf edir. 2011-ci ildə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 20 yanvar 2009-cu ildə isə Litva Seymində 21 deputatdan ibarət Litva-Azərbaycan Parlamentlərarası dostluq qrupu fəaliyyətə başlayıb. Həmçinin, Azərbaycan Respublikası ilə Litva Respublikası arasında 30-dan artıq sənəd imzalanıb. Bunlarla yanaşı, ölkələrarası münasibətlər çoxtərəfli əməkdaşlıq çərçivəsində, xüsusilə, Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində də inkişaf edir. Litvanın Aİ-dəki rolu bu ölkə ilə əməkdaşlığı Azərbaycan üçün maraqlı edən faktorlardan biridir. Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində bir nömrəli məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün bərpasıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpasına münasibətdə ölkələrin tutduğu mövqe onların Azərbaycanla münasibətlərinə təsir edən amildir. Bu nöqteyi-nəzərdən, Litvanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması, Azərbaycan üçün önəm daşıyır. Litvanın Xarici İşlər Nazirliyindən bununla bağlı mətbuata bildirilib ki, Cənubi Qafqazda dondurulmuş münaqişələr bu regionun inkişafına mane olur: “Regionda sabitlik və təhlükəsizlik böyük bir problemə çevrilmişdir. Litva ATƏT-də sədrlik edən dövrdə bizim məqsədimiz, Cənubi Qafqaz regionunda münaqişələrin tənzimlənməsinə kömək etməkdən ibarət idi”.

Litva rəsmiləri hesab edir ki, Aİ ilə üç Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin möhkəmlənməsi həm islahatlar və demokratikləşmə prosesinə müsbət töhfə verir, həm də münaqişələrin tənzimlənməsi üçün yeni imkanlar yaradır və regionda sabitliyi möhkəmlədir. Rəsmi Vilnüsdə belə hesab edirlər ki, Avropa İttifaqı icmalar səviyyəsində dialoqa şərait yaratmaqla, etimad tədbirlərindən daha səmərəli istifadə edilməsi yolu ilə bu prosesdə iştirak edə bilər. Litva ATƏT-in Minsk qrupunun danışıqlar aparmaq səylərini dəstəkləyir, tərəflərin mövqelərini yaxınlaşdırmağa, münaqişənin tənzimlənməsinin və dinc və davamlı həllini tapmağa çalışır.

Qeyd edək ki, rəsmi Vilnüs qarşılıqlı əlaqələrin müxtəlif sferalarda, xüsusən də iqtisadi sahədə dərinləşdirilməsinə maraq göstərir. Xatırladaq ki, Litvanın xarici işlər naziri Linas Linkeviçius AzərTAc-a müsahibəsində bildirib ki, Litva ilə Azərbaycan arasında çox sıx dostluq əlaqələri yaranıb. Litva Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə komissiyanın fəaliyyəti iki ölkə arasında əməkdaşlıq üçün, o cümlədən, iqtisadi münasibətlər və ortaq iqtisadi maraqlar üçün çox vacibdir. Təsadüfi deyil ki, Azərbaycan ilə Litva energetika, sənaye, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət, turizm, təhsil və başqa sahələrdə bu tərəfdaşlığın nəticələrinin ilbəil yaxşılaşmasına nail olur.

Eyni zamanda, iqtisadiyyatbiznes sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların yaradılmasına da ehtiyac var. Litva şirkətləri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün uğurlu tətbiq sahələri tapırlar. “Bizim informasiya texnologiyaları müəssisələrimiz Azərbaycanda maliyyə, mobil texnologiyalar, tədqiqatlar və digər sektorlarda öz həllərini artıq indi uğurla tətbiq edirlər. Lakin işgüzar münasibətlərin bütün potensialından istifadə edilmir. Litva Azərbaycandan daha çox sərmayə almaq istərdi” - Litvanın xarici işlər naziri deyib. Nazirin sözlərinin təsdiqi olaraq xatırladaq ki, 2013-cü ildə Vilnüsdə Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. İclasda çıxış edən komissiya həmsədrləri - Litvanın xarici işlər naziri Linas Linkeviçius və Azərbaycanın vergilər naziri Fazil Məmmədov Litva ilə Azərbaycan arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsində komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək, müasir dövrdə iki ölkənin iqtisadi tərəqqisi, dövlətlərin ikitərəfli iqtisadi münasibətlərinin vəziyyəti və perspektivlərini qeyd edərək, qarşılıqlı ticarət imkanlarının inkişafı və diversifikasiyası üçün səy göstərilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, hər iki ölkənin dövlət başçılarının məhsuldar əməyinin nəticəsində dövlətlərarası münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Hazırda isə qarşılıqlı əlaqələr intensiv şəkildə inkişaf edir, praktiki olaraq bütün sahələrdə ikitərəfli münasibətlər genişlənir.

Komissiya iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, iqtisadi vəziyyət və ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişaf perspektivləri, sənaye və energetika, kənd təsərrüfatı, gənclər və idman, mədəniyyət və turizm, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib. Komissiyanın növbəti iclasının Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib. Müzakirələrdən sonra Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə komissiyanın 3-cü iclasının protokolu imzalanıb.

İki ölkə münasibətlərinin inkişaf tempi 2014-cü ildə də sürətlə davam edir. Belə ki, fevral ayının əvvəlində Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadov Litva Baş nazirinin müşaviri xanım İrina Urbonaviçutenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyi, respublikamızla Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğu vurğulanıb.

Görüşdə, eləcə də, Azərbaycan və Litva arasında qarşılıqlı sərmayə qoyuluşu üçün böyük imkanların olduğu diqqətə çatdırılıb, iki ölkə arasında indiyədək biznes forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyi qeyd edilib adamları arasında mövcud əlaqələrin genişlənməsinin əlaqələrin inkişafına müsbət töhfə verəcəyi bildirilib.

Öz növbəsində Litva Baş nazirinin müşaviri İrina Urbonaviçuten ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu vurğulayıb. İ.Urbonaviçuten, həmçinin, Litva iqtisadiyyatı barədə məlumat verərək, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Qonaq iqtisadi münasibətlərin inkişafı istiqamətlərini vurğulayıb və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.

Qeyd etməliyik ki, Litva və Azərbaycan təkcə siyasi, diplomatikiqtisadi səviyyədə əməkdaşlıq etmir. İki ölkənin sakinləri arasında mədəniyyət, təhsil, elm sahələrində də münasibətlər inkişaf edir. Hər iki ölkədə həm azərbaycanlı, həm də litvalı rəssamların sərgiləri, ifaçıların konsertləri təşkil edilir. Bu xalqların bir-birinin mədəniyyətinə daha yaxından bələd olması baxımından olduqca mühüm məqamdır. Təhsil sahəsinə gəldikdə, burada da əməkdaşlıq səmərəli qurulub. Azərbaycan və Litva tələbələrinin iki ölkənin universitetlərində təhsilini davam etdirməsi üçün yeni imkanlar yaranır. 2011-2012-ci tədris ilində Litva universitetlərində 100-dən çox Azərbaycandan gələn tələbə təhsil alıb.

Litvanın Azərbaycandakı səfirliyinin məlumatına görə, hər il Azərbaycandan Litvaya səfər edənlərin sayı artır. Statistikaya əsasən, 2011-ci illə müqayisədə 2012-ci ildə Litvaya səfər edən turistlərin sayında 76 faiz artım qeydə alınıb. 2013-cü ildə isə müvafiq göstərici 55 faiz artıb. Göründüyü kimi, Azərbaycan-Litva münasibətləri ən müxtəlif sahələrdə qarşılıqlı maraqlar əsasında inkişaf edir.

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan.-2014.-16 aprel.-S.8.