Azərbaycan beynəlxalq
münasibətlər sistemində
Hücumçu diplomatiya, intensiv hərbi və balanslı xarici siyasət. Azərbaycanın beynəlxalq siyasəti bu kriteriyalar üzərində qurulub. Ötən əsrin sonlarında Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və addım-addım tətbiq etdiyi bu xarici siyasət kursu bu gün artıq özünü doğruldub. Hər halda nəticə göz qabağındadır.
1991-ci ildə Sovet İmperiyasının süqutundan sonra müstəqilliyini elan edən Azərbaycan daxildəki problemlərlə yanaşı, beynəlxalq güc mərkəzlərinin bölgədəki rəqabəti fonunda da çıxılmaz vəziyyətə düşmüşdü. Ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan geriləmə, xaos və böhran xarici siyasətdə də özünü göstərirdi. Kənar müdaxilələr və Bakıdakı səriştəsiz hakimiyyətlərin buna qarşı adekvat addımlar atmaq iqtidarında olmaması isə ölkəni parçalanmağa doğru aparırdı. Yəqin ki, 1992-93-cü illərdə Azərbaycanın müxtəlif bölgələrində baş qaldırmış dövlət çevrilişi cəhdlərinin hardan qidalandığı çoxlarına bəllidir. Həmin vaxt nəhəng güc mərkəzlərinin “yandırıcı nəfəsinin” istiliyini üzərində hiss edən hakimiyyət yetkililəri isə çarəni hərəyə bir “pay” verməkdə görür, daha böyük təhlükələrin ortaya çıxmasına zəmin hazırlayırdılar. Azərbaycan getdikcə borclanır, borclandıqca da süquta doğru irəliləyirdi. Lakin 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə olduğu kimi, xarici siyasətdə də böhran dayandı və Azərbaycan üçün sözün həqiqi mənasında yeni mərhələ başladı.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai - siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov “Azərbaycan beynəlxalq aləmdə” kitabında 1993-cü ildən sonra Azərbaycanın xarici siyasətində baş verən dəyişiklikləri qısaca belə xarakterizə edir: “1993-cü ildən başlayaraq Azərbaycanın xarici siyasəti özündən müştəbehlik üzərində qurulmuş illüziyalardan, “demokratik utopizm”dən xilas olaraq, real və praqmatik məzmun kəsb etmişdir. İlk növbədə, ölkənin pozulmuş ərazi bütövlüyünün bərpası, işğalçıların Azərbaycan torpaqlarından çıxarılması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və onun təhlükəsizliyinin təmin edilməsi kimi vəzifələrin həllində beynəlxalq aləmin dəstəyi qazanılmışdır”.
Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Ümummilli lider Heydər Əliyev, əslində ölkənin çox güclü potensiala sahib olduğunu yaxşı bilirdi. Məhz bu potensialı yönləndirib dövlətin inkişaf istiqamətlərini müəyyənləşdirmək, onu hərəkətə gətirmək üçün cəsarət, siyasi bacarıq, diplomatik səriştə lazım idi ki, hər halda, Heydər Əliyev kimi zəngin dövlətçilik təcrübəsinə və siyasi bacarığa sahib olan bir lider üçün bu heç də çətin olmadı. Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanda vətəndaş müharibəsini dayandırdı, beynəlxalq güclərin təzyiqlərinin qarşısını aldı, heç kəsdən asılı olmayan sözün həqiqi mənasında müstəqil xarici siyasət kursunun əsasını qoydu. Ona görə də, tam haqlı olaraq, qeyd edirik ki, Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması və prioritet vəzifələrin müəyyənləşməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Əli Həsənov adıçəkilən kitabda yazır: “Məhz Onun dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Beynəlxalq münasibətlərin yeni düzəni, dövlətlərarası əlaqələrin prinsipləri, beynəlxalq hüququn təsir gücü və dairəsi, dünyanın böyük dövlətlərinin, regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanla bağlı yürütdüyü və yürüdə biləcəyi siyasət təhlil edildi”.
Azərbaycanın siyasətində konyunktura meyilli heç bir məqam yoxdur
Müstəqilliyinə nail olduğu gündən Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik maraqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarət idi. Bu prioritet bu gün də xarici siyasət kursunun əsas vəzifələrindən birini təşkil edir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Əlbəttə ki, müstəqil olmaq təkcə öz ordusu, Konstitusiyası və yaxud da dövlət rəmzləri olmaq demək deyil. Müstəqil dövlət olmaq həm də müstəqil siyasət aparmaq, öz siyasətini özü müəyyənləşdirmək, öz taleyinin sahibi olmaq gücüdür. Bu gün bir çox dövlətlər müstəqil siyasi kurs həyata keçirdiyini iddia edirlər. Amma əslində isə həqiqət başqa şeylərdən xəbər verir. Azərbaycanla eyni tarixi şəraitdə və dövrdə müstəqilliyini elan etmiş dövlətlərə nəzər saldıqda nə demək istədiyimiz daha aydın olur. Xarici maraq qruplarının və müəyyən siyasi dairələrin təşviqi, bəzi hallarda isə birbaşa iştirakı ilə bəzi ölkələrdə cərəyan edən hadisələr həmin ölkələrin gələcəyi ilə bağlı çox ciddi fəsadlar meydana çıxarıb. Amma Azərbaycan isə öz siyasi müstəqilliyi ilə həqiqətən öyünə bilər. Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan heç bir xarici dövlət üçün sınaq laboratoriyası rolunu oynamır. Rəsmi Bakı öz yolunu müəyyənləşdirib və bu yolda qarşıya çıxan istənilən əngəllərlə lazımınca mübarizə aparmaq iqtidarındadır. Buna Azərbaycan imkan verməyib, heç vaxt imkan verməyəcək də. Prezident İlham Əliyev də bu məqama toxunaraq vurğulayıb ki, Azərbaycan qarşıdurma, rəqabət məkanına çevrilməyəcək. Azərbaycan əməkdaşlıq üçün gözəl bir ölkədir: “Azərbaycan dünyada əməkdaşlıq üçün, işbirliyi üçün, iqtisadi layihələr üçün, sosial məsələlərin həlli üçün və dünyada sivilizasiyalararası dialoqun gücləndirilməsi üçün əvəzolunmaz rol oynayır. Bizim təcrübəmiz, bizim siyasətimiz göstərir ki, əgər ölkə müstəqil siyasət aparırsa, öz milli maraqlarını müdafiə edirsə və bəzi hallarda bu, hansısa başqa ölkələrin maraqları ilə üst-üstə düşməyə də bilər, bu da təbiidir, bu mövqe hörmətə malik olacaq. Mən deyə bilmərəm ki, hamı bizim siyasətimizi bəyənir və qarşımıza belə məqsəd də qoymamışıq. Amma hamı bizə hörmət edir. Bilirlər ki, əgər Azərbaycan hansısa təşəbbüsü irəli sürübsə, hansısa bəyanatı veribsə, bunun arxasında dayanacaq. Azərbaycanın siyasətində konyunktura meyilli heç bir məqam yoxdur. Yaxud da ki, qeyri-səmimi, ləyaqətsiz addımlar yoxdur. Biz öz milli maraqlarımızı müdafiə edirik”.
Təbii ki, bir sıra xarici ekspertlər çətin regionda və hadisələrin mərkəzində yerləşən Azərbaycanın heç nə vermədən bu qədər şey əldə etməsinə təəccüblənirlər. Çünki onlar dünyanın nataraz şərtlərinə, bu şərtlər qarşısında dözüm gətirməyən digər dövlətlərin güzəştlərinə yaxşı bələddirlər. Amma Azərbaycan bütün güzəştlərdən sığortalanıb. Bunu bir çox aspektdən izah və təhlil etmək olar. Zənnimizcə, buna heç ehtiyac yoxdur. Əsas nəticədir, tarixə qalan da bu nəticə olacaq. Nəticə isə bundan ibarətdir - Bu gün bölgədə Azərbaycanla rəqabət aparmaq iqtidarında olan ikinci bir dövlət yoxdur. Azərbaycanın həm iqtisadi potensialı, həm də hərbi gücü, həm də beynəlxalq aləmdəki çəkisi bütün digər region dövlətlərindən qat-qat üstündür. Azərbaycan bölgədə cərəyan edən bütün siyasi prosesləri öz xeyrinə yönəldə bilib. Azərbaycanla hesablaşırlar, ölkəmiz dünya dövlətləri tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir. Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı dövlət başçısı da bir daha bəyan edib ki, Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır: “Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə 10 sentyabr 2013-cü ildə dərc olunmuş “Uğurlu xarici siyasət strategiyasının Azərbaycan modeli: nailiyyətlər və perspektivlər” başlıqlı məqaləsində son 10 ildə xarici siyasət sahəsində əldə olunmuş nailiyyətləri bu cür ifadə edir: “Ulu öndər Heydər Əliyev irsinə sadiq qalaraq Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və zəngin xarici siyasət sayəsində ötən müddət ərzində Azərbaycan ətrafında əlverişli xarici mühit formalaşdırılmış, xaricdən olan təzyiqlər, hədə və təhdidlər zərərsizləşdirilmiş, Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilmişdir. Əldə edilmiş nailiyyətlər vahid strategiya çərçivəsində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən prioritet vəzifələrə uyğun olaraq Azərbaycan Respublikası tərəfindən həyata keçirilən müstəqil xarici siyasətin səmərəliliyini, təsir qüvvəsinin genişliyini və tarazlılığını bir daha təsdiq edir. Eyni zamanda, əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır”.
“Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik”
Azərbaycan beynəlxalq təşkilatlarla da çox uğurlu əlaqələr qurub və bu əməkdaşlıq bu gün də davam etdirilir. Qərbə inteqrasiya siyasətini həyata keçirən Azərbaycan BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi təşkilatlarda ciddi və konkret hədəflərə yönəlmiş iş aparır. Təbii ki, bu fəaliyyət artıq öz bəhrəsini verir. 2012-2013-cü ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, iki il ərzində iki dəfə TŞ-nin iclasına sədrlik etməsi də bu reallığı ortaya qoyur. Eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı ölkəmizdə də demokratiyanın, insan hüquqlarının müdafiəsi, demokratik təsisatların inkişafına töhfə verib.
Beləliklə, Azərbaycan artıq sadəcə regional amil deyil. Azərbaycan həm də
qlobal problemlərin həllində iştirak edən, proqressiv təşəbbüsləri ilə
dünyada sülhün
və təhlükəsizliyin
təmin olunmasına töhfə verən güclü dövlətdir.
Görünür, Azərbaycanın dünyada güclənən
mövqeyi, artan qüdrəti bəzilərini
heç də razı salmır. Hər halda, Dağlıq Qarabağ münaqişəsinə
münasibətdə biz bunu
daha aydın görürük. Bəzi hallarda
Azərbaycana qarşı
ikili standartlara, haqsızlıq faktlarına
rast gəlirik. Lakin bunlar Azərbaycanı
öz yolundan döndərmək, müstəqil,
xalqımızın ali mənafeyinə söykənən siyasi kursdan sapdırmaq gücündə deyil. Dövlət başçısı
İlham Əliyev deyib: “Bizə qarşı olan ədalətsizliyi faktlarla,
dəlillərlə ifşa
etməliyik. Hesab edirəm ki,
bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar
siyasəti ifşa edəcəkdir. Bizə qarşı
riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə
bununla heç vaxt barışmayacağıq”.
Aqşin ŞAHİNOĞLU
Yazı Azərbaycan Mətbuat
Şurasının “Azərbaycan
beynəlxalq münasibətlər
sistemində” mövzusundakı
müsabiqəsinə təqdim edilir
Yeni Azərbaycan.-2014.-17 aprel.-S.6.