HEYDƏR
ƏLİYEV İRSİNDƏ DEMOKRATİYA VƏ
VƏTƏNDAŞ CƏMİYYƏTİ
Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarixi, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə məhəbbət dərsliyidir. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir. Ulu öndər 1982-ci ildən sonra keçmiş SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaq ilhaqı siyasətinə qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqelərinə görə 1987-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılan Ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90-cı illərin əvvəllərində Naxçıvana qayıdaraq zamanın diktəsi ilə siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır. 1991-ci ilin 18 oktyabrında qüdrətli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlarından biri kimi imza atdığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı” ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, Azərbaycanın müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyətə qayıtdı, peşəkar siyasətçiyə xas müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, bir sözlə, ölkədə qanunçuluğun tam bərpası istiqamətində bütün addımlar atıldı. Sonrakı mərhələdə demokratik və hüquqi dövlət quruculuğu prosesinin uğurlu həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması, ən əsası, ictimai-siyasi sabitliyin qorunub saxlanılması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin müstəsna missiya ilə müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq təcrübi surətdə həyata keçirmiş böyük şəxsiyyət olduğu danılmaz həqiqətdir. Ulu öndərin siyasi kimliyi xalqımızın uzun minillikləri əhatə edən dövlətçilik tarixində iz qoymuş görkəmli şəxsiyyətlərin ən müsbət cəhətlərinin ümumiləşmiş obrazıdır. O, Azərbaycanın müasir tarixini əhatə edən, zaman baxımından bir qərinəlik, mahiyyətcə isə əhəmiyyəti əsrlərlə ölçülən mərhələsində həm dünya şöhrətli uzaqgörən siyasi və dövlət xadimi, həm mahir strateq və yenilməz sərkərdə, həm iqtisadi-mədəni intibahın memarı və milli-mənəvi mədəniyyətin böyük hamisi, həm yorulmaz vətənpərvər və polad əqidəli vətəndaş, həm də görkəmli mütəfəkkir və milli ziyalılığın öndəri kimi titanik fəaliyyət göstərmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ölkədə hakimiyyətə qayıdışından sonra Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar, bu islahatlar nəticəsində yalnız ölkəmizdə deyil, hətta regionumuzda baş verən dəyişikliklər, mütərəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır. Milli istiqlaliyyətimizin 23-cü ilinə qədəm qoyduğumuz bu müddətdə xalqımız məhz görkəmli dövlət xadimi Heydər Əliyevin konseptual irsinə sadiq qaldığı üçün müstəqilliyini və suverenliyini qoruyub saxlamış, uzun müddət davam edən dərin iqtisadi böhrandan çıxaraq sürətli və hərtərəfli inkişaf yoluna qədəm qoymuş, zəruri demokratik islahatlar nəticəsində Avropa ailəsinə qoşulmuş, bu gününün və gələcəyinin rifahını təmin etmişdir. Ulu öndərimizin əfsanəvi şəxsiyyətini, Onun malik olduğu bilik və qabiliyyətləri fenomenal keyfiyyətləri ilə birlikdə tam xarakterizə etmək bütöv bir tarixi dövrü təsvir etmək qədər çətin bir elmi-ictimai vəzifədir. Lakin bir həqiqət artıq tarixin daş yaddaşına qızıl hərflərlə həkk olunmuşdur: Ulu öndər Heydər Əliyevin bütünlüklə ana Vətəninə, xalqına, dövlətinə, doğma torpağına həsr edilmiş həyat və fəaliyyətinin müasir müstəqil Azərbaycanla, onun tarixi ilə sıx bağlı və paralel olduğu danılmazdır.
Fəqət, dövlət müstəqilliyinin ilk illərində - 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.
Mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.
Cəmiyyətin siyasi sisteminin inkişaf etdirilməsi, sosial-iqtisadi siyasət, sosial-mədəni və mənəvi inkişaf sahəsində fəaliyyətin əsas istiqamətləri Azərbaycanın müstəqilliyinin xilaskarı kimi dövlət rəhbərliyi missiyasını Öz üzərinə götürmüş Ulu öndərin daxili siyasətdə əsaslandığı sabit və uğurla reallaşdırılan taleyüklü siyasi vəzifələr idi. Ümummilli lider Heydər Əliyev Özünün öndərliyində Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğu tədbirlərini belə dəyərləndirirdi: “Qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, Vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz milli Konstitusiya qəbul etdik. Prezident, parlament və bələdiyyə seçkiləri keçirdik, mühüm siyasi və iqtisadi islahatlar apardıq”.
Böyük öndərin milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan sonrakı inkişafının bütün mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəridir.
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə, uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı.
Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə Öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir. Qəti əminliklə deyə bilərik ki, Ulu öndərimizin siyasi kursu yaradıcılıqla davam etdirilir, xüsusilə, demokratik inkişaf sahəsində bu kurs təkamül prinsipinə əsaslanır. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, hazırda Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş iqtisadi modelini özünəməxsus uzaqgörənliklə əsaslandırmış, eyni zamanda, bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini vurğulamışdır. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır. Ümummilli liderimiz dəfələrlə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf strategiyası hesab edir. Eyni zamanda, Ulu öndər tətbiq olunan hər hansı demokratik yeniliklərin xalqın milli xüsusiyyətləri, dünyagörüşü, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib sayırdı: “Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə inqilabi yolla yox, təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir”. Qısa bir vaxt ərzində Ümummilli lider Heydər Əliyev Öz müdrik rəhbərliyi ilə xalqın ümidlərini doğrultduğunu, ölkəni bütün dünyada tanıtdığını, müstəqil Azərbaycan dövlətini beynəlxalq birliyin nüfuzlu, sözükeçən subyektlərindən birinə çevirdiyini göstərdi. Ən əsası isə Heydər Əliyev Azərbaycan xalqının illərlə can atdığı azadlıq, demokratiya yolunu gerçəkləşdirməsinə, ölkədə sosial-iqtisadi böhranı aradan qaldırmağa, doğma vətəninin bütün dünyada layiqli yerini tutmasına imkan yaratmağa qadir lider olduğunu nümayiş etdirdi. Azərbaycanda demokratik dəyərlərin bərqərar edilməsi, vətəndaşın cəmiyyətdə özünü azad hiss etməsi, hüquq və azadlıqlarını müdafiə etməsi üçün bütün zəruri addımlar atıldı və sözsüz ki, bundan sonra da atılacaqdır. Bu gün Azərbaycan hüquqi dövlət ideyasının reallaşdığı, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant ölkə kimi tanınır. Hər ötən illə müqayisədə ölkəmizdə demokratik dəyişikliklərin həyatımıza tətbiq olunma tempi yüksələn xətt üzrə inkişaf edir. Cəmiyyətə təsir imkanı baxımından ən üstün imkanlara malik vətəndaş cəmiyyəti inistitutlarından biri də kütləvi informasiya vasitələridir. Məhz, bu baxımdan, adıçəkilən sektorun inkişaf səviyyəsi dövlətdəki ümumi yüksəliş səviyyəsinin, demokratik durumun göstəricisi sayılır. Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin həqiqi mənada bərpa olunması, onun müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi kimi gündəmə vəsiqə alması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin təsdiq etdiyi 1998-ci il 22 iyun tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin Dövlət Proqramından az sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Fərman, eləcə də, kütləvi informasiya vasitələri əməkdaşlarının beynəlxalq mərkəzlərin tədqiqat və təhsil proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirakı üçün geniş şərait yaradılmasını nəzərdə tuturdu. Həmin Fərmanla 1966-ci il 27 oktyabr tarixdə yaradılan Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə (“Qlavlit”) ləğv olundu. Fərmanla, həmçinin, Azərbaycan Respublikası Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də, bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncamı qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım 1875 -ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi illərində həyata keçirilmiş çoxşaxəli islahatların nəticəsi olaraq bu gün Azərbaycanda söz və mətbuat azdlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Vətəndaş cəmiyyətinin meyarlarından biridə ölkədə QHT-nin təkmilləşdirilməsi və onların inkişafına şəraitin yaradılması ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin vətəndaş cəmiyyətinin inkişafı üçün həyata keçirdiklərini saymaqla bitməz. Vətəndaş cəmiyyəti institutlarının hüquqi bazasının yaradılmasında, bilik və bacarıqlarının artırılmasında Ulu öndər Heydər Əliyevin xidmətləri olduqca böyükdür. Əslində, bütün bunları O yaradarkən indiki QHT-lər üçün miras qoydu. Sözün həqiqi mənasında bu gün Azərbaycanda formalaşan QHT sektoru Ulu öndər Heydər Əliyevin mənəvi mirasıdır. Bu, Ulu öndərin daha bir tarixi xidməti idi. Yerli özünüidarəetmə inistitutunun yaradılması da məhz Heydər Əliyevin adı və titanik siyasi fəaliyyəti ilə əlaqədardır.
Ölkəmizdə insan və vətəndaş hüquqlarının qorunması sahəsi də Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tərəfindən həyata keçirilən hüquqi islahatlar dövlətçiliyimizin möhkəmləndirilməsinə, sabitliyin yaranmasına və bununla da, cəmiyyətimizin gələcək inkişafında insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına real şərait yaratmışdır. Ulu öndərimizin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci ildə tamamilə ləğv edilmiş, bununla da, Azərbaycan Respublikasının adı Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə kimi tarixə düşmüşdür. Bu, ölkəmizin hələ Avropa Şurasına üzv qəbul olunmadığı dövrlərdə insan hüquqları sahəsində atılan ən mütərəqqi addımlardan biri idi. Azərbaycan BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirmişdir. 1998-ci il fevralın 22-də Ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamış, bu mühüm sənəddə insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir. İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə, Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamına əsasən, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Ötən müddət ərzində Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər uğurlu həllini tapmış, ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənmiş, respublikamız bir sıra beynəlxalq müqavilələrə qoşulmuş, yeni məhkəmə sistemi formalaşmış, konstitusion nəzarət mexanizmi olan Konstitusiya Məhkəməsi yaradılmış, 2001-ci il dekabr ayının 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmiş, ölkəmiz üçün yeni bir qurum olan Müvəkkil təsisatı yaradılmış, hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirilmişdir.
Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələrin Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdidi. Əsası Ümummilli lider tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə də əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilmişdir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Respublikamızın iqtisadi imkanları genişləndikcə, Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davamını aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentin ətrafında daha da sıx birləşməklə, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı Ulu öndərin ruhu qarşısında mənəvi borcu sayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.
Sevinc Fətəliyeva
Milli Məclisin deputatı
Yeni Azərbaycan.-2014.-18 aprel.-S.4.