Azərbaycanın milli maraqlara əsaslanan
mütərəqqi xarici siyasət kursu XXI əsrin reallıqları kontekstində
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Azərbaycan qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir
Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılıması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda ötən il ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzvlüyünü uğurla başa vurmasını qeyd etmək lazımdır. Vurğulamaq gərəkdir ki, 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında sədrlik etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi rasional xarici siyasət kursunun qanunauyğun nəticəsi idi. Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edildi və səmərəli müzakirələr qeydə alındı. Dolayısıyla, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirdi.
Bundan əlavə, Azərbaycan nümayəndələri BMT TŞ-də keçirilən digər müzakirələrdə və səsvermədə fəal iştirak edərək, dünyada sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi önəmi bir daha göstərmiş oldu.
Azərbaycan praqmatik enerji siyasəti ilə regional əməkdaşlıq və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir
Bununla yanaşı, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyətini qeyd etmək lazımdır. Məlum olduğu kimi, 2013-cü il Azərbaycanın enerji siyasətində böyük uğurlarla yadda qaldı. “Əsrin müqaviləsi”nin imzalandığı dövrdən etibarən dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan 2013-cü ildə də atdığı addımlarla beynəlxalq aləmdə enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən dövlət kimi özünü təsdiq etdi. Ötən il, ilk növbədə, Azərbaycan qaz ixracatçısı kimi regional və beynəlxalq təhlükəsizlikdə mühüm rol oynadığını bir daha sübuta yetirdi. Qeyd edək ki, bu istiqamətdə ilk böyük nailiyyət 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” (BTƏ) qaz kəmərinin istifadəyə verilməsi idi. Bu baxımdan, Avropanın “mavi yanacaq” bazarlarında əsas iştirakçılardan birinə çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha öz təsdiqini tapır. Eyni zamanda, TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhədə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada “mavi yanacaq” bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.
Bu kontekstdə ən yaddaqalan və uğurlu nəticələrdən biri kimi ötən il dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimini qeyd etmək olar. “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu, Azərbaycanın gələcəkdə sürətli inkişafını təmin etmək üçün mühüm imkandır. Qərarın imzalanması mərasimində iştirak edən Prezident İlham Əliyev nitqində “Şahdəniz-2” layihəsinin qlobal miqyasda ən böyük layihələrdən biri olduğunu vurğulayıb: “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir”.
“Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə “mavi yanacağın” Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq. Ümumilikdə, “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Bu layihə çərçivəsində ilk qazın 2018-ci ildə əldə edilməsi planlaşdırılır. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin tikintisi də sürətləndiriləcək.
Beləliklə, praqmatik enerji siyasəti sayəsində Azərbaycan regional əməkdaşlıq və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir.
Ölkəmiz rasional xarici siyasət kursu ilə Şərqlə Qərb arasında körpü rolunu oynayır
Müasir dövrdə beynəlxalq strateji balansın Şərqdə, yoxsa Qərbdə olması məsələsi mövcud dünya düzənində diqqəti çəkən situasiyalardan biridir. Bu şəraitdə bəhs olunan qütblər arasında milli maraqlara müvafiq manevrlər etməyi bacaran, həmçinin, hər iki tərəflə qarşılıqlı-faydalı və praqmatik münasibətləri davam etdirə bilən ölkələr xarici siyasətdə mühüm nailiyyətlər əldə edirlər. Bu kontekstdə Azərbaycan öz xarici siyasətini rasional və praqmatik prinsiplər əsasında davam etdirir. Belə ki, ölkəmiz həm özünün milli maraqlarına müvafiq olaraq Qərbə, yaxud Avroatlantik strukturlara uğurla inteqrasiya edir, həm də Şərq ölkələri ilə çoxşaxəli əməkdaşlıq əlaqələrini davamlı surətdə inkişaf etdirir.
Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət kursunda Avroatlantik qurumlarla əlaqələr və Qərb dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycanın demokratik dövlət quruculuğu siyasəti Qərbə inteqrasiyanı mümkün edən başlıca amildir. Ölkəmizin Qərbə inteqrasiyası həm də bəhs olunan region dövlətləri ilə qarşılıqlı-faydalı ikitərəfli əməkdaşlığına söykənir. Azərbaycan əksər Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir. Qərb ölkələrinin özünün müsbət beynəlxalq imicini formalaşdırmış Azərbaycanla əməkdaşlığa olan yüksək marağı, eləcə də, ölkəmizin milli siyasi və iqtisadi maraqları zəminində respublikamızın Avropa məkanına inteqrasiyası davam etməkdədir.
Azərbaycanla Şərq ölkələri arasındakı əlaqələr də dinamik inkişaf tempinə malikdir. Bu, bütün sahələri, iqtisadi, siyasi, mədəni, humanitar və s. istiqamətləri əhatə edir. Belə ki, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur, eyni zamanda, digər Şərq ölkələri ilə də ikitərəfli və çoxtərəfli formatda mövcud olan qarşılıqlı-faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birlərinin mənafe və mövqelərini müdafiə edirlər. Qısacası, Azərbaycanın praqmatik mövqeyinin fonunda Şərq ölkələri ölkəmizi etibarlı tərəfdaş və sıx münasibətlərə malik müttəfiq kimi qiymətləndirirlər.
Azərbaycan sivilizasiyalararası dialoq məkanı kimi...
Bütün bunların fonunda toxunulması lazım olan mühüm məsələlərdən biri də budur ki, Azərbaycan bu gün dünyaya tolerantlıq baxımından yeni model bəxş edib. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili qarşıdurmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir zamanda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Başqa sözlə, Azərbaycanın təcrübəsi multikulturalizm ideyalarının təbliği üçün çox dəyərlidir.
Eyni zamanda, bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi Azərbaycanın dünyaya açıq olmasından, beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.
Regional güc mərkəzindən
qlobal strateji tərəfdaşa doğru...
Nəticə etibarilə, Ümummilli
lider Heydər Əliyevin əsasını
qoyduğu və Prezident İlham Əliyev tərəfindən
müasir dövrün
tələbləri və
reallıqlarına uyğun
olaraq uğurla davam etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının
milli dövlət kimi müasir beynəlxalq münasibətlər
sistemində gücünü
və nüfuzunu artıran mexanizm qismində çıxış
etməkdədir. Beləliklə, bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan regional güc mərkəzindən
qlobal strateji tərəfdaşa çevrilməkdədir.
Nurlan QƏLƏNDƏRLİ
Yazı Azərbaycan Mətbuat
Şurasının “Azərbaycan
beynəlxalq münasibətlər
sistemində” mövzusundakı
müsabiqəsinə təqdim edilir
Yeni Azərbaycan.-2014.-18 aprel.-S.6.