Azərbaycan Çexiya ilə əlaqələrin inkişafına böyük önəm verir

 

Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədri Miroslav Kreyçanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Xəbər verdiyimiz kimi, bu günlərdə Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədri Miroslav Kreyçanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Çexiya nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə görüşüb. AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına önəm verdiyini söyləyib. O, əməkdaşlığın inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, parlamentlərarası əlaqələrin, imzalanmış hüquqi sənədlərin rolunu xüsusi qeyd edib.

Milli Məclisin sədri Azərbaycanın inkişaf yolundan, əldə etdiyi uğurlardan, ölkəmizdə həyata keçirilən layihələrdən söhbət açıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov Çexiyanın bu problemin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən Miroslav Kreyça ölkəmizdə gördüyü inkişafın onda və nümayəndə heyətinin üzvlərində dərin təəssürat yaratdığını bildirib. O, səfər zamanı keçirdikləri görüşlərin əhəmiyyətindən bəhs edib. M.Kreyça Çexiyanın Azərbaycan ilə əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Daha sonra çexiyalı qonaqlar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər. Komitənin sədri Səməd Seyidov iki ölkə arasındakı dostluq münasibətlərindən, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıb.

Miroslav Kreyça son illər Azərbaycanda müşahidə olunan sürətli inkişafı, əldə edilən uğurları yüksək qiymətləndirib. M.Kreyça bu səfərin parlamentlərarası əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu deyib. Sonra nümayəndə heyəti Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb. Qrupun üzvü Sahibə Qafarova iki ölkə arasındakı dostluq münasibətlərinin məmnunluq doğurduğunu söyləyib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin daha da inkişafında oynadığı roldan danışıb.

S.Qafarova qonaqlara Azərbaycanın iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdəki sürətli inkişafı haqqında da məlumat verib. Azərbaycan və Çexiya parlamenti üzvlərinin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini vurğulayan S.Qafarova Dağlıq Qarabağ münaqişəsində rəsmi Praqanın daim obyektiv mövqedən çıxış etməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayıb. Miroslav Kreyça hər iki ölkəni birləşdirən ortaq dəyərlərin mövcud olduğunu bildirib. O, ölkələrimiz arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

Çexiya Senatının Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədri Miroslav Kreyçanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşündə də Azərbaycan ilə Çexiya arasındakı münasibətlər və regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov beynəlxalq ictimaiyyətin bu problemlə bağlı ikili standartlar nümayiş etdirdiyini, rəsmi Bakının münaqişənin tezliklə ədalətli şəkildə həllinin tərəfdarı olduğunu bildirib. Miroslav Kreyça dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin sual altına qoyulmasının yolverilməz olduğunu qeyd edib.

Elmar Məmmədyarov nümayəndə heyətinə Azərbaycanın enerji strategiyası barədə də məlumat verib. O, Azərbaycanın parlament diplomatiyasına böyük əhəmiyyət verdiyini qeyd etmiş, ölkəmizin Çexiya ilə müxtəlif istiqamətlərdə, o cümlədən, təhsil və iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Çexiya Parlamenti Senatının komitə sədri Miroslav Kreyçanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında olub. Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti haqqında nümayəndə heyətinə məlumat verib. O, Şuranın əsas məqsədinin vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərini hərtərəfli şəkildə dəstəkləyərək hökumət ilə QHT sektoru arasında əlaqələndirməni etmək olduğunu bildirib.

Şuranın yaradılması zamanı ABŞ və Avropa təcrübəsini öyrəndiklərini bildirən A.Quliyev qurumun 6 illik fəaliyyəti dövründə heç bir siyasi, dini, etnik ayrı-seçkiliyə yol vermədən 2500-dən artıq QHT-nin layihəsini maliyyələşdirdiyini vurğulayıb.

Çexiya QHT-ləri ilə də əməkdaşlıq etdiklərini deyən Şura sədri xarici QHT-lər üçün qrant proqramı çərçivəsində onlardan ikisinin layihəsinin dəstəkləndiyini bildirib. Miroslav Kreyça onu müşayiət edən nümayəndə heyətinə daxil olan şəxslərin QHT sektorunda böyük təcrübəyə malik olduqlarını söyləyib. O, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərlə tanış olmağa, ölkəmizin təcrübəsini öyrənməyə böyük maraq göstərdiklərini vurğulayıb.

Bu görüşlərdə də vurğulandığı kimi, Azərbaycan Çexiya ilə qarşılıqlı faydalı əlaqələrin yüksələn xətlə inkişafında maraqlıdır. Bu maraq, eyni zamanda, hər iki ölkənin iqtisadi sahədə keçid dövrünü sürətlə başa vuraraq demokratikləşmə, sosial-iqtisadi inkişaf, habelə Avroatlantik strukturlara inteqrasiya sahəsində mühüm uğurlar qazanması ilə şərtlənir. Çexiyanın Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələri arasında ən sürətlə inkişaf edənlərdən biri olması bu əməkdaşlığın daha da genişlənməsinə müsbət impulslar verib. Təbii ki, Çexiya hökumətini və adamlarını ölkəmizlə əməkdaşlığa sövq edən vacib səbəblərdən biri həm də Azərbaycanın iqtisadiyyatının yüksək sürətlə inkişaf etməsidir.

Ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə təkan verən digər mühüm amil isə Çexiyanın Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyanlardan olmasıdır. 1992-ci ilin 8 yanvarında belə bir mühüm qərar qəbul edən rəsmi Praqa respublikamızın müstəqilliyinin möhkəmlənməsinə mühüm töhfə verməklə yanaşı, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa yüksək marağını nümayiş etdirib. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 29 yanvar 1993-cü il tarixdə qurulub, sonrakı illərdə bir sıra sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaradılıb. Azərbaycan Milli Məclisi 2005-ci il 11 mart tarixində Çexiyada ölkəmizin səfirliyinin təsis olunmasına dair qanun qəbul edib. Azərbaycanın bu ölkədəki səfirliyinin açılış mərasimi 2007-ci il avqustun 15-də baş tutub. Çexiyanın ölkəmizdəki səfirliyi isə 2009-cu il dekabrın 1-də təsis edilib.

Azərbaycan ilə Çexiya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər mütəmadi xarakter daşıyır. Dövlət başçıları səviyyəsində səfərlərə gəlincə, 2002-ci ilin noyabrında Ümummilli lider Heydər Əliyevin NATO-nun Praqadakı sammitində iştirak etmək məqsədilə Çexiyaya ilk səfəri gerçəkləşib. 2009-cu ilin mayında Prezident İlham Əliyev “Şərq Tərəfdaşlığı” və enerji sammitlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib. Bundan 2 il sonra Çexiya Respublikasının o zamankı prezidenti Vatslav Klausun rəsmi səfəri gerçəkləşib. 2012-ci ilin aprel ayında isə Prezident İlham Əliyevin Çexiyaya səfəri baş tutub. Hökumət başçıları səviyyəsində isə 2009-cu ildə Çexiyanın baş nazirinin ölkəmizə işgüzar səfəri reallaşıb.

Azərbaycan-Çexiya əlaqələri qarşılıqlı maraqlara söykənir. Çexiyanın ticarət tərəfdaşları arasında Azərbaycan böyük potensiala malikdir. İllik 1,7 milyard ABŞ dolları məbləğində ticarət dövriyyəsi Azərbaycanı Çexiyanın ixrac strategiyasında maraqlı ölkəyə çevirib. Artıq çoxsaylı ikitərəfli layihələr həyata keçirilirbir çox yeni layihələrlə bağlı müzakirələr aparılır.

Azərbaycanla Çexiya ikitərəfli münasibətlərlə yanaşı, Avropa məsələləri, xüsusilə, “Şərq Tərəfdaşlığı” sahəsində qarşılıqlı faydalı əməkdaşlıq aparmaq potensialına malikdirlər. İki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin intensivliyinin artması əlaqələrə dinamiklik gətirib. İki ölkə arasında müxtəlif sahələr üzrə 20-dək sənəd imzalanıb. Azərbaycan ilə Çexiya emal sənayesi, infrastruktur, tibbi avadanlıq və müdafiə sənayesi sahələrində də əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Xatırladaq ki, 2013-cü ilin əvvəlində Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqin söylədiyi qərəzli fikirlər Azərbaycanda ictimaiyyətin, həmçinin, ölkə rəhbərliyinin narazılığına səbəb olmuşdu. Bu ilin yayında Çexiya Respublikasının prezidenti Miloş Zeman AzərTAc-a müsahibəsində bu məsələyə münasibətini bildirərək K.Şvartsenberqin bəyanatlarını yersiz adlandırmışdı. Bununla belə, M.Zeman Çexiya-Azərbaycan əlaqələrinə xələl gəlməyəcəyinə ümidini ifadə etmişdi: “Əks halda bu, çox böyük təəssüf doğuracaqdır. Paytaxtlarımızda ölkələrimizin səfirlikləri açılandan sonra münasibətlərimizin inkişafı üçün çox görülmüşdür. Azərbaycan dünyanın bu dəyişkən hissəsində daha çox ehtiyac duyulan strateji müttəfiqdir”.

İki ölkə əlaqələrinin inkişaf perspektivlərinə təkan verən addımlardan biri 2012-ci ildə Praqada dövlət başçıları səviyyəsində keçirilən görüş olub. Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfərinin əlaqələrin bundan sonra da inkişafına təkan verəcəyinə əminliyini ifadə edən Çexiya prezidenti V.Klaus deyib ki, ölkəsi Azərbaycanın Avropa məkanına inteqrasiya planlarını alqışlayır. Onun sözlərinə görə, xüsusilə də, Avropa ilə münasibətlərdə, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrində Çexiya bundan sonra da öz dəstəyini verəcək.

Prezident İlham Əliyev isə bildirib ki, 2011-ci ildə Çexiya prezidentinin Azərbaycana səfəri və səfər zamanı aparılan danışıqlar, əldə edilmiş razılaşmalar bugünkü sürətli inkişafı müəyyən edib.

İki ölkə arasında ticarət dövriyyəsi hər il böyük həcmdə artır. Bu da iqtisadi sahədəki uğurlu əməkdaşlıqdan xəbər verir. Çexiyanın idxal etdiyi neftin 25 faizi Azərbaycan neftidir. Bu o deməkdir ki, iki ölkə arasında sıx enerji tərəfdaşlığı mövcuddur. Həmçinin, Azərbaycan ilə Çexiya arasında imzalanan sənədlərin bir qismi mədəniyyət və turizm sektorunu əhatə edir və beləliklə, humanitar sahədəki əməkdaşlığa da böyük diqqət göstərilir.

Heç şübhəsiz, Azərbaycan üçün ölkələrlə münasibətdə ən vacib məsələlərdən biri həmin dövlətlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyidir. Prezident İlham Əliyevlə Çexiyanın keçmiş prezidenti V.Klausun sözügedən mətbuat konfransında bu məsələ ilə bağlı suala cavabında Çexiya dövlət başçısı bu məsələnin iki ölkə münasibətlərində diqqət mərkəzində olduğunu bildirib: “Mən Azərbaycanın mövqeyini yaxşı anlayıram. Təbii ki, mən də tam və qəti olaraq heç cür razılaşa bilməzdim ki, ölkəmin bir hissəsi işğal altında olsun. Amma əfsuslar olsun ki, bu vəziyyətin məhz nizamlanması ilə bağlı mənim hər hansı bir xüsusi, möcüzəli həll variantım yoxdur, təklif edə bilmərəm”.

Çexiya Aİ-yə üzv ölkə olaraq Azərbaycanın qurumla əlaqələrini dəstəkləyir. Bu barədə V.Klaus bəyan edib ki, Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramı müsbət bir layihədir və ölkəsi həmin layihənin yaradıcılarından biridir. Eyni zamanda, Çexiya tərəfi Azərbaycanın həmin proqram çərçivəsində iştirakını geniş şəkildə müzakirə edib və Azərbaycanla aparılan əməkdaşlığa müsbət yanaşır. Onun sözlərinə görə, ölkəsi Azərbaycanın bu sahədə mövqeyini bilirbu tərəfdaşlıq Azərbaycanın mövqeyi, maraqları ilə də üst-üstə düşür. V.Klaus Azərbaycanın bu istiqamətdə qəti addımlarını sonadək davam etdirəcəyinə əminliyini ifadə edib.

 

Aqşin ŞAHİNOĞLU

Yeni  Azərbaycan.-2014.-18 aprel.-S.8.