ELMİ ƏSASLARA ARXALANAN İNKİŞAF

 

   Bəşəriyyət çox nadir hallarda dünyaya, onun taleyinə təsir göstərən insanları bəxş edir.

   Albert Eynşteyn

 

Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə, şəxsiyyətə ehtiyac duyur. Sözün əsl mənasında hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Müxtəlif zamanlarda bəşəriyyət dünyaya onun inkişafına təsir göstərən bir çox böyük şəxsiyyətlər bəxş etmişdir. Bu sırada - Tomas Ceferson, Mahatma Qandi, Franklin Ruzvelt, Uilyam Çörçil, Şarl de Qol kimi böyük şəxsiyyətlərin adlarını sadalamaq olar. Azərbaycan xalqının da dünya mənəvi xəzinəsinə XX əsrdə bəxş etdiyi böyük şəxsiyyət - Heydər Əlirza oğlu Əliyevdir.

Təbii ki, bu şəxsiyyətlər müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə fəaliyyət göstərdiklərindən onları müqayisə etmək çətin olardı. Amma bu böyük şəxsiyyətləri birləşdirən amillər haqda, onların fəaliyyəti arasında müəyyən oxşarlıqlar aparmaq mümkündür. Çünki bu şəxsiyyətlərin hər biri Ulu Tanrı tərəfindən onlara verilmiş dühanı, bəşəriyyətın inkişafına və həyatlarını öz xalqlarına, öz ölkələrinə qurban vermişlər. Tomas Ceferson, Mahatma Qandi, Franklin Ruzvelt, Uilyam Çörçil, Şarl de Qol və digər böyük şəxsiyyətlər xalqlarının ən ağır məqamlarında ölkələrinə rəhbərlik etdilər və yaranmış ağır vəziyyətdən çıxmağın yolunu müəyyənləşdirdilər. Bu şəxsiyyətlərin fəaliyyəti nəinki öz xalqlarının taleyinə, ümumiyyətlə, bəşəriyyətin gələcəyinə böyük təsir göstərmişdir.

Kim bilir, bəlkə də Tomas Ceferson insan hüquqlarını qoruyan sənədi yaratmasaydı, Franklin Ruzvelt Amerika tarixinin ən ağır anlarında hakimiyyətə gəlməsəydi, Uilyam Çörçil və Şarl de Qol öz bacarıqlarını ikinci dünya müharibəsi zamanı göstərməsəydilər, Mahatma Qandi Hindistan xalqının müstəqillik uğrunda mübarizəsinin başında durmasaydı, dünyanı daha hansı fəlakətlər gözləyirdi?!

Bu böyük şəxsiyyətlərin hər biri ilk növbədə humanizm prinsiplərini yüksək tutaraq dünyanın gedişinə müsbət təsir göstərmişlər.

Ulu öndər Heydər Əliyev də Azərbaycanın özü qədər əbədi olan şəxsiyyətdir. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycanın adı bu gün dünyada öndə gedən dövlətlər sırasında çəkilir. İllər keçdikcə, Ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, Vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur.

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana 40 ilə yaxın rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçmişdir. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.

Böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir.

Heydər Əliyev tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusu, banisidir. Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşmuşdur. Ancaq 1993-cü ilə qədər Azərbaycanı müstəqil dövlət saymaq düzgün olmazdı. Çünki Azərbaycan müstəqil xarici siyasət apara bilmirdi, başqa dövlətlərin təsiri altında idi. Müstəqil iqtisadiyyat, demək olar ki, yox idi, ümumiyyətlə, iqtisadiyyat dağılmış vəziyyətdə idi. Dövlətçiliyin əsasları yaradılmamışdı.

Məhz Ulu öndər Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə, biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik və Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu, ən böyük xidmətdir.

1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərmiş, ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, Onu hakimiyyətə dəvət etmişdir. Nə üçün? Bir neçə səbəb var idi. İlk növbədə, Ulu öndər Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər xalqın yaddaşında yaşayırdı. Azərbaycan 1970-ci ilə qədər Sovet məkanında ən geridə qalmış respublika idi. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində Sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdir. O illər xalqın yaddaşında yaşayırdı. Eyni zamanda, xalqımız üçün ən ağır anlarda Heydər Əliyev daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da O, Öz haqq səsini ucaltmışdır. O vaxt Sovet İttifaqının süqutuna hələ iki il vaxt qalmışdı. Ancaq Heydər Əliyev Öz cəsarətli səsini ucaltmışdır, sovet rəhbərliyinin bu cinayətini pisləmişdir, onu qınamışdır. Sovet rəhbərliyini ittiham etmişdir, Kommunist Partiyasından imtina etmişdir, onun sıralarını tərk etmişdir və əsl liderlik keyfiyyətləri nümayiş etdirmişdir. Məhz Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir.

Bütün bunlar onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə əsl lider, əsl öndər idi. Məhz buna görə 1993-cü ildə - dövlətimizin ən ağır anlarında xalq Ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsi ilə dövlətçiliyin əsasları qoyulmuş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, ciddi islahatlara start verilmişdi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmişdir.

Ölkə daxilində aparılan islahatlar respublikanın inkişafını təmin etmişdir. Azərbaycan dövləti çox dərin milli köklər, milli dəyərlər üzərində qurulmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz o illərdə aparılan siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.

Hər zaman humanizm prinsiplərini daha üstün və əsas tutan Heydər Əliyev regiona sülh gətirdi. O, ölkədə yaranmış vətəndaş müharibəsini dayandırdı və Onun səyləri nəticəsində Azərbaycana, ümumiyyətlə regiona inkişaf gəldi. Dağılmış vəziyyətdə olan Azərbaycan regionun lider dövlətinə çevrildi, çox böyük iqtisadi uğurlara imza atdı. Eyni zamanda, iqtisadiyyatın hər bir ölkənin inkişafının təməl daşı olduğunu önə çəkən Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bir-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir. Ölkəmiz barədə beynəlxalq rəyin ümumiləşdirilmiş ifadəsi budur- Azərbaycan Cənubi Qafqazın parlayan ulduzudur. Ölkəmiz Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin artan nüfuzunun və siyasi çəkisinin göstəricisidir. Dünyanın enerji təhlükəsizliyinin təminatına öz töhfələrini verən Azərbaycanın gələcəkdə reallaşdıracağı layihələr fonunda bu rolunu daha da artıracağına inam ifadə olunur.

XXI əsrin müqaviləsi adlandırılan, Türkiyə və Avropa istehlakçılarının Azərbaycan qazı ilə təchiz olunması məqsədi daşıyan “Şahdəniz-2” layihəsi Avropa Birliyi ölkələrinin çoxdan gözlədiyi “Cənub enerji dəhlizi”nin əsasını təşkil edəcək. Beynəlxalq birlik bu layihəyə maraq göstərir və dəstəkləyir. Ölkəmiz tərəfindən irəli sürülən layihələrin hər birinin gözəl nəticələrlə sonuclandığını bildirən Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsinin əhəmiyyətini də diqqətə çatdıraraq vurğulamışdır ki, bu layihə sırf Azərbaycanın layihəsidir. “Bu layihə bizə imkan verəcək ki, öz qaz resurslarımızı Türkiyəyə və ondan sonra Avropaya daha da böyük həcmdə nəql edək. Beləliklə, biz enerji siyasətimizdə əsas amil olan şaxələndirmə məsələlərinə tam şəkildə çatacağıq”.

2017-ci ildə Azərbaycanın “Şahdəniz-2” yatağından nəql olunacaq təbii qazın 6 milyard kubmetri Türkiyənin, 10 milyard kubmetri isə Avropa dövlətlərinin tələbatının ödənilməsi üçün nəzərdə tutulur.

Məşhur Harvard Universitetinin girişində belə bir yazı var. “Nəhayət, biz yeni İngiltərəyə gəldik. Təsərüfatımızı və evlərimizi qurduqdan sonra, bizim əsas vəzifəmiz təhsilimizi və elmimizi inkişaf etməkdən ibarət idi”.

Məhz Azərbaycanda Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəyə sülh gəldi, milli iqtisadiyyat formalaşdırıldı və bundan sonra elm və təhsilə dövlət tərəfindən ciddi diqqət yetirildi.

1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev milli mənafelərə xidmət göstərmək məqsədilə totalitar rejimin qanunları altında Azərbaycanda milli-mənəvi dəyərləri qorumaqla, tərəqqiyə, elm və təhsilin yüksəlməsinə nail olmaq üçün düşünülmüş elmi siyasət yeritməyə nail olmuşdur. Rəhbərlikdə olduğu 1969-1982-ci illərdə diqqət mərkəzində duran ən ümdə məsələlərdən biri elmin və təhsilin inkişafına qayğının artırılması olmuşdur. İkinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev tərəfindən belə bir inkişaf konsepsiyası hazırlandı ki, milli dövlətçilik prinsipləri içərisində milli təhsil sistemi əsas yerlərdən birini tutmalıdır. Ulu öndər Heydər Əliyevin milli müstəqillik, milli dövlət quruculuğu ideyasının əsasında o dururdu ki, müstəqilliyin əbədiliyi, demokratiyanın inkişaf yolu məhz təhsildən keçir. Odur ki, Heydər Əliyevin işləyib hazırladığı strategiyanın əsas xətti milli dövlətçilik və hakimiyyət strukturlarının yaradılması və möhkəmləndirilməsi ilə yanaşı, milli təhsil sisteminin yenidən qurulması idi.

Ulu öndərin ilk hakimiyyəti illərində Azərbaycanın təkcə şəhərlərində deyil, ən ucqar kəndlərində belə məktəb tikintisi həyata keçirilmişdir. Bütün bunların həyata keçirilməsində bir məqsəd var idi. Azərbaycan övladlarının təhsil alması və öz təhsillərini davam etdirməsi. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Ulu öndərin hakimiyyətinin ilk dövründə azərbaycanlı gənclərin Rusiyanın və başqa ölkələrin ali məktəblərinə təhsil almaq üçün göndərilmələri hər il artıq bir ənənəyə çevrilmişdir.

İkinci dəfə hakimiyyətə gəldikdən sonra, 1990-cı illərin əvvəllərində ölkənin iqtisadi cəhətdən çox ağır bir dövr yaşadığını daim Öz çıxışlarında vurğulayan Ulu öndər Heydər Əliyev ümumtəhsil işçilərində təşəbbüskarlığın artırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə, xüsusilə, qaçqın və məcburi köçkün uşaqların oxuduğu məktəblərin maddi ləvazimat, dərsliklərlə təminatına diqqətin artırılmasına, işin əsas istiqamətlərindən biri kimi xüsusi qiymət vermişdir. Bu sahədə ilk ciddi addımlar layihə proqramları əsasında həyata keçirilmişdir. Belə ki, 1994-1995-ci dərs ilində UNİCEF xəttilə respublikanın internat və qaçqın məktəbləri müxtəlif növ məktəb ləvazimatları ilə təmin olunmuşdur.

Ümummilli lider Heydər Əliyev dərsliklərin nəşrinə vəsaitin ayrılmasına da xüsusi diqqət yetirmişdir. Nazirlər Kabinetinin 25 avqust 1994-cü il tarixli “Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə təminatı məsələləri haqqında” qərarı 1995-96-cı dərs ilindən ibtidai siniflərə dərsliklərin pulsuz verilməsini, həmçinin, V-XI sinif dərsliklərinin yalnız yerli təhsil şöbələrinin xəttilə məktəblərdə satışının həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ən humanist addımlardan biri də Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında Fərmanın imzalanması olmuşdur. Fərmana əsasən elm, texnika, mədəniyyət və incəsənət sahələrində və idmanda fərqlənən, həmyaşıdları arasında yüksək göstəricilər nümayiş etdirən şagirdlərin “Qızıl kitabı”nın təsisi və onunla əlaqədar “Gənc istedadlar fondu”nun yaradılması haqda qərar qəbul etmişdir. Sözsüz ki, bu da öz növbəsində həmin dövr üçün mütərəqqi bir hadisə hesab olunurdu.

Azərbaycanda yerli hərbi kadrların yetişdirilməsi sahəsində də Ulu öndərin böyük xidməti var. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Naxçıvanski adına hərbi məktəbin tikilməsi də, açılması da Ulu öndərin adı ilə bağlıdır. Azərbaycanda bir sıra universitetlərin yaradılması, Azərbaycan universitetlərində yeni ixtisasların yaradılması, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması, bütün bunlar hamısı Ulu öndərin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyev 2000-ci il iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” yeni Fərman imzalamışdır. Fərman təhsil sisteminin əsaslı şəkildə inkişafına, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratmışdır. 2002-ci ilin sentyabrında Suraxanı rayonundakı 275 nömrəli məktəbdə olarkən Ulu öndər Heydər Əliyev bu barədə demişdir: “Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması və təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında Öz təkliflərimi irəli sürəcəyəm”.

Və çox keçmədi ki, həmin ilin oktyabr ayında “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncam imzalandı. Bu Sərəncam məktəblərdə təlim şəraitinin və təlim mühitinin yaradılmasında ciddi dönüşə səbəb olmuşdur. Nəinki, təhsil siyasətinin həyata keçirilməsi, ümumən, ölkənin bütün sahələrində inkişafın təmin edilməsi üçün Ümummilli lider Heydər Əliyev əlindən gələn hər nə varsa, onu heç vaxt xalqından əsirgəməyib.

Ümummilli lider Heydər Əliyev həyatın Ona bəxş etdiklərini xalqının rifahı üçün çəkinmədən sərf etdi. Böyük əmək və zəhmət bahasına ölkəsini zirvələrə ucaltmaqla bərabər, Özü də zirvələrə ucaldı və xalqının qəlbində Özünə əbədilik qazandı.

Bu gün Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə beş min nəfərdən artıq Azərbaycan gənci dünyanın ən aparıcı nüfuzlu ali məktəblərində təhsil alırlar. Azərbaycan dövləti bu gənclərin oxumaq, yaşamaq və yol xərclərini öz üzərinə götürüb. Bu yanaşmanın isə kökündə iki əsas prinsip durur: dövlətçilik və humanizm. Çünki Azərbaycanın uğurlu gələcəyi bugünkü gənclərimizin savadlı olmalarından, Vətənə sevgi ilə böyümələrindən keçir.

Bəli, Ulu öndər Heydər Əliyev yeni Azərbaycan qurdu. İlk növbədə O, insanların həyatına inam gətirdi. İqtisadiyyatı inkişaf etdirdi. Azərbaycanın xarici əlaqələri quruldu, dünya Müasir Azərbaycanı daha da yaxından tanıdı.

Ulu öndərin ölkəmiz üçün ən böyük xidmətlərindən biri də, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması idi. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.

“Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80 faiz, sərmayəçilərin payına 20 faiz düşmüşdür.

Bu tarixi hadisədən sonra ölkə iqtisadiyyatına böyük yatırımlar qoyuldu, iqtisadiyyat daha da inkişaf etməyə başladı. Ümumiyyətlə, son dövrlərdə Azərbaycanda olan münbit investisiya mühiti sərmayəçilər üçün cəlbedici olub. Bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına kapital qoyuluşu ildən-ilə dinamik şəkildə artmaqda davam edir. Təsadüfi deyil ki, aparılan düzgün investisiya siyasəti nəticəsində son 10 ildə ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycan kimi kiçik bir ölkə üçün müstəsna əhəmiyyət daşıyan faktdır. Qlobal iqtisadi böhranın səngimədiyi şəraitdə heç bir ölkə buna nail ola bilməyib.

Əgər biz dünyanın inkişafına nəzər salsaq görərik ki, XX əsrin 70-ci illərinə qədər ölkələrin gücü və varlığı onun təbii sərvətləri ilə ölçülürdüsə, bu gün tamam başqa meyarlar ortaya çıxıb. Hər bir ölkənin gücü və varlığı onun informasiya-komunikasiya texnologiyalarının inkişafı ilə ölçülür. Yaponiya, Finlandiya, Hollandiya, Sinqapur, Cənubi Koreya kimi ölkələr təbii sərvətlər baxımından heç də varlı ölkələr deyil, amma İKT-nin inkişafına görə həmin ölkələr yüksək yaşayış standartına malikdirlər. Əgər vaxtı ilə dünyada texnologiyalar elmə xidmət edirdisə, bu gün dünya dəyişib. Müasir zamanda elm texnologiyalara xidmət edir. Bu gün dünyanın elmi xərcləri 1,2 trilyon ABŞ dolları təşkil edirsə, İKT sahəsinə ayrılan vəsaitlər 4 trilyona yaxınlaşır və dünyada ÜDM-nin 7 faizini təşkil edir. İKT-dən əldə edilən gəlirlər 5 ildə iki dəfə artmaqdadır və ekspertlərin qənaitinə görə gələcəkdə dünyada ÜDM-nin 80 faizi məhz, İKT-dən gələcək.

Ulu öndər Heydər Əliyev Azərbaycanda İKT-nin inkişafının əsaslarını qoydu. Onun təşəbbüsü ilə bu sahəyə xüsusi diqqət ayrıldı və bu gün ölkəmiz bunun bəhrələrini görür. Azərbaycanda İKT yüksək sürətlə inkişaf edir və artım tempinə görə bir çox inkişaf etmiş ölkələri geridə qoyur. Azərbaycan artıq kosmik ölkələr sırasına daxil olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə İKT sahəsində Milli strategiya qəbul olundu. 2013-cü ildə Azərbaycanın ilk peyki orbitə çıxarıldı, növbədə daha iki peykin orbitə çıxarılması nəzərdə tutulur. Prezident İlham Əliyev “qara qızılın insan kapitalına çevrirmək” tezisini irəli sürərək, 2013-cü ili Azərbaycanda İKT ili elan etdi. Orbitə çıxarılmış Azərbaycanın peyki böyük gəlirlər gətirərək iqtisadiyyatımızın inkişafına böyük təkan verəcək. Bu Heydər Əliyev siyasətinin davamıdır.

Ulu öndər Heydər Əliyevin təşşəbüsü ilə Azərbaycanda müxtəlif sahələrdə milli strategiyalar qəbul olunmuşdur. Elmdə, təhsildə qəbul olunmuş milli strategiyalar, regionların inkişafına yönəldilmiş dövlət proqramları ölkənin inkişafına ciddi təkan verdi. Bu gün Azərbaycan bəzi göstəricilərə görə hətta, inkişaf etmiş ölkələri belə geridə qoyur. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi: “Azərbaycan, sözün əsl mənasında, dünyada iqtisadi sahədə ən sürətlə inkişaf edən ölkədir. Biz bu liderliyi əldən verməyəcəyik, bu liderliyi qoruyub saxlayacağıq və gələcək illərdə daha da böyük işlər görüləcəkdir”.

Ulu öndər Heydər Əliyev Öz fəaliyyəti dövründə dünyada ən mürəkkəb sahə olan siyasətə elmi düşüncə gətirdi. Onun gələcəyin reallıqlarını öncədən görməsi, gənclərin gələcəyinə xüsusi diqqət yetirməsi düşünülmüş elmi prinsiplərə bənzəyirdi. Heydər Əliyev dəyərləri və siyasəti yeni prinsip daşıyırdı. Bu prinsip gələcəyi gənclərə yox, gəncləri gələcəyə hazırlamaqdan ibarət idi.

Bu gün Azərbaycan dünyada həm enerji, həm mədəniyyət, həm turizm, həm də idman ölkəsi kimi tanınır. Azərbaycanda keçirilən humanitar forumlar, beynəlxalq klassik musiqi festivalları, muğam müsabiqələri dünyanın siyasi, elm, mədəniyyət xadimlərinin diqqətindədir. 2013-cü ildə Azərbaycanda keçirilən Humanitar Forumun elm bölümündə 13 Nobel mükafatı laureatı çıxış etdi. Bu hər bir ölkə üçün böyük hadisədir.

Ölkəmizdə elm və təhsilə göstərilən diqqətin ən bariz göstəriciləri son 10 ildə 2700-ə yaxın məktəbin tikilib istifadəyə verilməsi, təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsatitin 234,8 milyon manatdan 1,5 milyard manata yüksəldilməsi, elmə çəkilən xərclərin 10,2 dəfə artırılmasıdır.

Bəli, əldə etdiyimiz bütün bu uğurlarımız davamlıdır. Bu gün Azərbaycan Ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi yolla inamla irəliləyir. Prezident İlham Əliyevin 20 ilin uğurları fonunda imzaladığı Sərəncam əsasında hazırlanan və təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bir daha bu reallığı təsdiqlədi ki, Azərbaycanı qarşıda daha da möhtəşəm uğurlar gözləyir.

 

Asəf Hacıyev

Milli Məclisin deputatı,

YAP Siyasi Şurasının üzvü

Yeni  Azərbaycan.-2014.-19 aprel.- S.4.