Əli bəy
Hüseynzadə və Türk
dünyası
XIX əsrin sonu-XX əsrin əvvəli Azərbaycanın milli oyanış hərəkatının mühüm mərhələsini təşkil edir. Bu, o dövr idi ki, Azərbaycanda milli sahibkarlığın yeni-yeni təşəkkül tapmasının fonunda həm də mütərəqqi-demokratik fikirli və milli ruhlu ziyalılar pleadası yetişirdi. Bu ziyalıların, öz sözləri ilə ifadə etsək, əsas “dərdləri” cəhalət içərisində boğulan Vətən əhlinin gözünü açıb onları maarifə, mədəniyyətə, elmə qovuşdurmaqdan ibarət idi. Milli oyanış hərəkatının ilk “qaranquşları” olan ziyalıları, təbii ki, həm də çarizmin milli və müstəmləkə zülmü düşündürürdü. Avropada baş verən inqilablardan və Rusiyada çarizmə qarşı başlanan mübarizədən ruhlanan Azərbaycan ziyalıları da liberal formada da olsa, monarxizmə qarşı çıxır, millət, din azadlığı ideyaları səsləndirir və beləliklə də, azad, milli cümhuriyyətin ideoloji fəlsəfəsini yaradırdılar. Çox keçmədi ki, həmin dövr ziyalılarının şüurlarda əkdikləri toxumlar cücərti verdi, istiqlal hərəkatı cəmiyyətin daha çox təbəqələrini əhatə etdi və Şərqdə ilk demokratik cümhuriyyət 1918-ci ilin mayında məhz Azərbaycanda quruldu. Düzdür, bu cümhuriyyətin ömrü az oldu-birinci respublika cəmi 23 ay yaşadı. Lakin Azərbaycan Demokratik Cümhuriyyətinin böyük mənası ilk növbədə ondan ibarət idi ki, insanlar artıq istiqlal şirinliyini dadmışdılar, onlarda milli özünüdərk, özünütəsdiq şüuru yaranmışdı. Təsadüfi deyil ki, 70 il hökm sürən totalitar bir rejim belə xalqımızın gen yaddaşından azadlıq düşüncələrini silib apara bilmədi və XX əsrin sonlarında Azərbaycan yenidən müstəqilliyə qovuşmağa nail oldu.
Azərbaycanda XX əsrin əvvəllərində təqiblərə və şəxsi məhrumiyyətlərə baxmayaraq, cəhalət içində boğulan Vətən övladlarının gözünü açmağa çalışan, qabaqcıl ideyaları, mütərəqqi fəlsəfi görüşləri ilə milli istiqlal hərəkatının əsasını qoyan, sonradan demokratik cümhuriyyətin qurulmasında fəal iştirak edən işıqlı Azərbaycan ziyalılarından biri də Əli bəy Hüseynzadədir (1864-1940).
Əli bəy Hüseynzadə millət və din təəssübkeşi idi
Əli bəy Hüseynzadənin yaradıcılığından milli-dini dəyərlərə çağırış qırmızı xətlə keçir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Əli bəy Hüseynzadə Vətən övladlarının tərəqqi etməsini, avropalaşmasını (müasirləşməsini) arzulayırdı, bununla belə, o ideyanı təbliğ edirdi ki, insan bir fərd kimi tərəqqi edəndə, elmə, müasir dəyərlərə qovuşanda milli və dini mənsubiyyətinə daha möhkəm tellərlə bağlanmalıdır.
Əli bəy Hüseynzadə yaradıcılığında müsəlmanlar üçün qoyulmuş hüquq məhdudiyyətlərinə dönə-dönə qayıdıb. Soydaşlarının ağır problemlərini düşünən görkəmli mütəfəkkir belə vəziyyətindən çıxmağın yollarını və vasitələrini də izah edirdi. Onun yazılarının birində qeyd olunur: “Köhnə dəyərləri nəzərdən keçirib dəyişdirməyə başlamağın tarixi anı Rusiya müsəlmanları üçün də gəlib çatmışdır... Biz gərək işləyək, öz qayğımıza özümüz qalaq, öz ehtiyaclarımız barədə danışaq... ləngimədən yeni həyatda sayımıza və biliyimizə uyğun yer tutaq”.
Xalqına yeni həyatda layiqli yer tutmağı arzulayan Əli bəy Hüseynzadə bunun üçün ləngimədən laqeydliyi, süstlüyü, çəkişmələri, şəxsi ədavəti bir kənara atmağı, hər yerdə və hər şeydə ağıla, işgüzarlığa, biliyə, şərəfə üstünlük verməyi, qohumbazlıqdan, şəxsi ədavətdən uzaq durmağı tövsiyə edirdi.
Məmləkətin müasirləşməsini arzulayan Əli bəy Hüseynzadə, eyni zamanda, xalqının təmsilçilərini milli və dini dəyərləri qorumağa çağırırdı: “Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istəyirik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın...”
Lakin Əli bəy Hüseynzadənin qəlbində Vətən, millət, din sevgisi nə qədər böyük idisə, onun milliliyi əsla bəşəriliyin və insanlığın fövqündə dayanmırdı. O, bəşəri humanizmdən xali olan millətçiliyi şovinizm kimi dəyərləndirirdi. Əli bəy Hüseynzadənin qənaətinə görə, bəşəri dəyərlərdən, humanizmdən məhrum olan millətçilik “ermənisayaq millilik”dir. Görkəmli filosof müşahidələrindən çıxış edərək “erməniliyi” hər cür humanizm və insanpərvərlik çərçivəsindən kənarda mütləqləşən ifrat bir anomaliya kimi səciyyələndirir.
Bütün varlığı ilə xalqının milli-mənəvi dəyərlərinə bağlı olan Əli bəy Hüseynzadəni düşündürən milli problemlərdən biri də dil məsələsi idi. Onun yaradıcılığında ana dilimizin saflığının keşiyində dayanan milli ruhlu ziyalı mövqeyi aydın görünür.
Ortaq türk coğrafiyası, ortaq türk birliyi
Əli bəy Hüseynzadənin və onun yaradıcılarından biri olduğu “Füyuzatçılar” hərəkatının üzvlərinin uğrunda mübarizə apardıqları məsələlərdən biri də ortaq türk dili, ortaq türk mədəniyyəti məsələsi idi. Əli bəy Hüseynzadə böyük Turan coğrafiyasında ortaq din, dil, mədəniyyət ideyasını irəli sürürdü. O, türk etnoslarının məskunlaşdıqları arealda onların ortaq dəyərlərinin qorunub saxlanmasının, türklərin inkişafının məhz ortaq dəyərlər əsasında təmin olunmasının zəruriliyini əsaslandırmağa çalışırdı. Onun təbliğ etdiyi formul belə idi: İttihadi lisan, İttihadi din, İttihadi kültür.
Əli bəy Hüseynzadə redaktoru olduğu “Həyat” qəzetində, çalışdığı “Füyuzat” jurnalında, oçerklər şəklində dərc etdirdiyi “Siyasəti-Fürusət” ədəbi-fəlsəfi traktatında və digər əsərlərində türkçülüyü və turançılığı geniş təbliğ edib. Onun qəlbində bir türk sevgisi yaşadırdı. Əli bəy Hüseynzadə qardaş Türkiyəyə olan rəğbətini Abdulla Cövdət bəyə belə izhar edib: “Mən türkəm, müsəlmanam. Türkiyə bir türk və müsəlman hökumətidir. Bu hissiyyatla hər digər vətəndən daha ziyadə vətənimdir. Bu vətəndaşları, bu vətəni tanımalıyam”.
Görkəmli mütəfəkkirin aşağıdakı kəlamında onun varlığındakı böyük türk sevgisi daha aydın ifadə olunub: “Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar”.
Məlumdur ki, hazırda türkdilli ölkələr arasında qarşılıqlı inteqrasiya prosesi mövcuddur. Eyni kökün, oxşar mədəniyyətlərin daşıyıcısı olan türk dövlətlərinin ortaq parlamenti, digər siyasi, iqtisadi, mədəni təşkilatları yaradılır, telekörpülər təşkil olunur. Bütün bunlar Əli bəy Hüseynzadənin hələ bir əsr bundan əvvəl irəli sürdüyü ortaq türk coğrafiyası-ortaq türk birliyi ideyasının bu gün də aktual məna daşıdığını göstərir.
Elm, maarif fədaisi
Əli bəy Hüseynzadənin xalqın maariflənməsinə, təhsillə tərəqqiyə çatmasına böyük önəm verməsi onun uzaqgörənliyindən xəbər verir. XX əsri “elm və bilik əsri” hesab edən böyük mütəfəkkir millətimizin elmlə, maariflə, təhsillə inkişaf edəcəyinə (parlayacağına) böyük ümid bəsləyirdi. Sözün əsl mənasında elm, maarif fədaisi olan Əli bəy Hüseynzadə inanırdı ki, xalqın nicatı biliklərə yiyələnməkdədir, milli istiqlala gedən yol xalqın maariflənməsindən, elmdən, təhsildən keçir.
Böyük elm və maarif fədaisi Əli bəy Hüseynzadə maarifi, ittihadı (milli birlik), hürriyyəti (azadlıq) “nə qədər gözəl nemətlər” adlandıraraq bunları unutmamağı tövsiyə edirdi: “Çünki əsl nicat bu üç qüvvətdədir...”
Əli bəy Hüseynzadə diqqəti ümumbəşəri dəyərlərin milli təkamüldə istifadə olunmasının zəruriliyinə yönəldirdi. Böyük mütəfəkkir yeni dövrdə türk xalqlarının qarşısında duran əsas vəzifələrdən bəhs edərək yazırdı: “Türk xalqları birinci dövrdə qılıncla, ikinci dövrdə dinlə parlamışdırsa, indi isə, yəni üçüncü dövrdə (XX əsrdə) elm və biliklə parlamalıdırlar... Bizə qılınc deyil, əhli-maarif lazımdır... Bizim özümüzə məxsus daha layiq, daha şanlı bir vəzifeyi-mücahidəmiz vardır ki, o vəzifə də zülməti-qəflətdə bulunan külliyyəti-avam arasında nuri-maarifi əkməkdir...”.
Əli bəy Hüseynzadə yeni dövrdə milli ziyalılar ordusunun qarşısında duran ümdə vəzifələrdən yazırdı. O, ziyalıları Avropa elminə, maarifinə, ədəbiyyatına, sənət və sənayesinə bələd olub bunları millətimizin beynində yaymağa çalışmağa çağırırdı. Həyatı, fəaliyyəti və yaradıcılığı ilə işıqlı bir milli ziyalı obrazı yaradan Əli bəy Hüseynzadə xalq arasında ziyalının yüksək yerini belə səciyyələndirirdi: “Hər yerdə və hər şeydə müsəlmanlar öz ziyalılarına etibar eləsinlər, onları özlərinə rəhbər seçsinlər, ziyalıların məsləhətlərinə və göstərişlərinə qulaq assınlar, çünki qarşıdakı həyatın ehtiyacları, bu ehtiyacların yerinə yetirilməsi üsulları hamıdan yaxşı ziyalılara məlumdur”.
Əli bəy Hüseynzadənin istiqlal arzuları
Əli bəy Hüseynzadənin zamanında irəli sürdüyü bir sıra fikirlər Azərbaycanda milli dövlətçiliyin nəzəri əsaslarının yaranmasına sanballı töhfədir. “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” triadası ilə Əli bəy Hüseynzadə, müasirlərinin dediyi kimi, istiqlal mücadiləsinin “Ana Yasası”nı yazıb. Çox keçmədi ki, Əli bəy Hüseynzadənin irəli sürdüyü bu üç məram Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ideologiyasına çevrildi və milli bayrağımızda əbədiləşdi.
Çar Rusiyasının monarxist siyasətindən qurtulmaq, milli dövlət qurmaq ideyası “Füyuzat”çıların məqalələrində, hətta xəbər siyasətində geniş təbliğ olunurdu. Əli bəy Hüseynzadə müstəqil dövlət, azad, informasiyalı vətəndaş cəmiyyəti quruculuğuna böyük önəm verirdi. O, milli dövlətin Konstitusiya əsaslı, həm də Rusiyadakı, Türkiyədəki konstitusiyalı monarxiyadan fərqli olaraq, müstəqil Konstitusiyalı olmasını arzulayırdı.
Zaman hər şeyin və hər kəsin layiqli qiymətini verir
Vətən, xalq təəssübkeşi olan Əli bəy Hüseynzadə yaşadığı ömür kəsiyində inandığı və təbliğ etdiyi ideyaların tam həyata keçməsinin şahidi olmasa da, bu gün Azərbaycan xalqı işıqlı ziyalının arzuladığı istiqlala qovuşub, müstəqil milli dövlətini qurub. Tarix təkcə onun arzularını çin etməyib. Bu gün Vətəni Azərbaycanda, yaradıcılığında sonsuz məhəbbətlə vəsf etdiyi böyük türk coğrafiyasında bu işıqlı ziyalının xatirəsi dərin ehtiramla anılır və ideyalarına istinad olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında ayrıca Sərəncam imzalaması onun irsinə və xatirəsinə göstərilən diqqət və ehtiramın ifadəsidir. Neçə ki, müstəqil Azərbaycan var, neçə ki, başımız üstündə üçrəngli bayrağımız dalğalanacaq, neçə ki böyük türk dünyası var, istiqlal, millət, din, dil, tərəqqi fədaisi olan Əli bəy Hüseynzadənin də xatirəsi yaşayacaq!
Mübariz ABDULLAYEV
Yazı Azərbaycan
Mətbuat
Şurasının
və Azərbaycanlıların və digər Türkdili
Xalqların Əməkdaşlıq Mərkəzinin “Əli bəy
Hüseynzadə
və Türk dünyası” mövzusunda
keçirdiyi müsabiqəyə təqdim olunur
Yeni Azərbaycan.-2014.-19 aprel.- S.6.