SUVEREN AZƏRBAYCANIN SOSİAL
TƏRƏQQİSİNDƏ ÜMUMMİLLİ LİDER
HEYDƏR ƏLİYEVİN ROLU
Qloballaşan müasir dünya bir sıra beynəlxalq qurumların və iri dövlətlərin müstəqil inkişaf yolu seçmiş ölkələrə münasibətində qeyri-müəyyənliyin getdikcə artması və ikili standartlar siyasəti ilə fərqlənir. Bu şəraitdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış, sosial tərəqqiyə, layiqli həyat tərzinə, insan inkişafına, sosial firavanlığa və proqnozlaşdırıla bilən gələcəyə istiqamətlənmiş siyasi xətt suveren Azərbaycanın milli tərəqqisi üçün özünün heç də ötəri olmayan əhəmiyyətini daim sübut etməklə bərabər, həm də parlaq siyasi, iqtisadi və sosial nəticələrə necə nail olmağın yolunu gənc müstəqil dövlətlərə nümayiş etdirir. Ümummilli lider Heydər Əliyev qəti əmin idi ki, “xalq dövlət üçün deyil, dövlət xalq üçündür”.
Azərbaycanda Prezident İlham Əliyev tərəfindən planauyğun şəkildə həyata keçirilən, insan kapitalının inkişafı və innovasiyalı modernləşmə, insanların həyatının keyfiyyətini, onların mədəni və humanitar potensialını artırmağa istiqamətlənmiş möhtəşəm proqram Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış sosial tərəqqi modelinin uğurlu olmasını əyani şəkildə təsdiqləyir. Bu, müstəqil Azərbaycan dövlətinin sosial tərəqqisinin Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş yolunun mübahisəsiz, əsaslandırılmış və məntiqəuyğun olmasına ən parlaq sübutdur.
Sosial tərəqqi problemi bəşəriyyət tarixinin istənilən dövrü üçün, hər bir dövlət üçün və həmişə aktualdır. Lakin müstəqil inkişaf yolu seçmiş dövlətin qarşısında tərəqqi çağırışları daha aşkar təzahür edir. Bu halda həmin dövlətlər passiv müşahidəçi rolunda deyil, dünya siyasəti okeanında öz dividendlərini və əsaslandırılmış üstünlüklərini müəyyən edə bilmiş fəal siyasi oyunçu kimi çıxış edirlər. Bizim ölkədə bu dividendlər obyektiv və subyektiv xarakter daşıyır. Bu halda formal məntiq obyektivliyə üstünlük verirsə, Azərbaycanın zəngin neft yataqlarının işlənməsinin obyektivliyi yalnız Heydər Əliyevin şəksiz siyasi liderliyi ilə təmin edilə bilərdi. Heydər Əliyev Özü bu fikri belə ifadə edirdi: “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”.
Dövlət hakimiyyəti tərəfindən irəli sürülən sosial tərəqqi təşəbbüsünün həyata keçirilməsində cəmiyyətin geniş təbəqələri iştirak etməsə bu proses qısa bir vaxtda devalvasiyaya uğrayır, cəmiyyət tədricən qeyri-elastik vəziyyətə transformasiya olunur.
Azərbaycan cəmiyyəti öz liderinə inanır və Onun təşəbbüslərini dəstəkləyirdi, çünki Heydər Əliyev şəxsiyyətinin çoxşaxəliliyi, Ona xas olan siyasi rəhbər istedadı və genişmiqyaslı strateji təfəkkür, sarsılmaz iradə, dərin humanizm, vətənpərvərlik və xalqın gücünə inam Azərbaycanın enerji potensialı kimi obyektiv fakta ekvivalent idi.
Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilən neft strategiyası suveren Azərbaycanın sosial tərəqqisinin möhkəm iqtisadi təməlinə çevrilmişdir. Ən nüfuzlu beynəlxalq maliyyə qurumları etiraf edirlər ki, son illərdə ölkənin təbii sərvətlər potensialının reallaşdırılması (neft yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinin başa çatdırılması), neft gəlirlərinin toplanmasında və istifadəsində şəffaflıq (Dövlət Neft Fondunun yaradılması və hasilat sənayesində şəffaflığa dair hesabatlar hazırlanması), Fondun vəsaitlərindən infrastrukturun bərpası (yollar, su kəmərləri çəkilişi və sair obyektlər tikintisi) üçün istifadə edilməsi Azərbaycan hökumətinin əsas nailiyyətidir.
1994-cü ildə Ermənistanla atəşkəs haqqında saziş bağlanandan sonra Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Son 10 ildə isə bütövlükdə Azərbaycan iqtisadiyyatına 132 milyard dollar sərmayə qoyulmuşdur. Bunun 64 milyard dolları xarici investisiyaların payına düşür. Azərbaycan dünya iqtisadiyyatında, təkcə Cənubi Qafqaz regionunda deyil, bütün Avropada işgüzar panoramı dəyişmiş transmilli energetika və innovasiyalı kommunikasiya layihələrinin həyata keçirilməsində ən nüfuzlu biznes qurumları ilə əməkdaşlıq şəraitində fəal iştirak edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının demək olar ki 80 faizi Azərbaycanın payına düşür. Azərbaycan təkcə regional inkişafın lokomotivi kimi deyil, həm də Avropa İttifaqının layiqli tərəfdaşı kimi çıxış edir. Öz enerji təhlükəsizliyini təmin etmiş, müasir dünyada uğurlu inkişaf meyarına çevrilmiş ölkəmiz Avropa təhlükəsizliyinin yeni arxitekturasının yaradılmasının bərabərhüquqlu iştirakçısıdır. Bu gün bəzi Avropa ölkələrinin enerji bazarında Azərbaycanın nisbi payı 30-40 faiz təşkil edir.
İqtisadiyyatda keçid dövrünü 2009-cu ildə, yəni, nəzərdə tutulandan daha tez başa çatdırmış Azərbaycan milli iqtisadiyyatın şaxələndirilməsinə nail olmuşdur. Son 10 ildə ümumi daxili məhsulun 300 faiz artması, “holland sindromu”ndan yan keçmək, iqtisadiyyatın qeyri-neft sektorunda 2,4 dəfə artım sayəsində ölkəmiz beynəlxalq reytinqlərdə lider mövqelərə çıxmışdır. Son 10 ildə ölkəmizin strateji valyuta ehtiyatları təqribən 30 dəfə artaraq 46 milyard dolları aşmışdır. Böhrandan əvvəlki dövrdə ÜDM-nin artım sürəti 30 faiz civarında dəyişirdi. Bu, dünyada ən yüksək göstəricilərdən biridir və biz buna görə haqlı olaraq fəxr edirik.
Hazırda bütün dünyanı bürümüş permanent resessiya şəraitində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli iqtisadi siyasətinin səmərəli nəticələri göz qabağındadır. Qlobal böhranın çağırışlarını layiqincə dəf etmiş Azərbaycan maliyyə resessiyasının nəticələrini yumşaltmaq üçün ciddi tədbirlər görmüşdür. Prezidentin siyasi kursu ölkəmizi böhranın mənfi nəticələrindən qorumuş, hətta bütün dünyada həyəcan doğuran reallıqlar fonunda da sabitliyi qoruyub saxlamağa və inkişafa imkan vermişdir. Son 5 ildə Azərbaycan hökuməti milli iqtisadiyyata 3,72 milyard avrodan artıq sərmayə qoymuşdur. Bu məbləğin 60 faizi əsasən infrastruktur layihələrinə, 20 faizi sosial layihələrə sərf edilmişdir. 25 ilə yaxın müddətdə azğınlaşmış erməni terrorizminin qurbanı olan bir ölkə üçün innovasiyalara və sosial inkişafa sərmayə qoyuluşunun nisbətləri də güclü təsir bağışlayır. Azərbaycanda iqtisadi inkişafın dinamikası sosial tərəqqiyə zəmin yaradır, hər bir vətəndaşın fərdi seçim imkanları artır, bu isə məcmu halda ölkəmizin sosial potensialını inkişaf etdirir.
İqtisadi rəqabətədavamlılıq göstəricisinə görə Azərbaycan dünya ölkələrinin reytinqində layiqli yer tutur. Dünya İqtisadi Forumu 2004-cü ildən bəri aparıcı tədqiqat institutları şəbəkəsi ilə birlikdə, ortamüddətli perspektivdə ölkənin və onun təsisatlarının davamlı iqtisadi inkişafının sabit sürətini təmin etmək üçün real imkan yaradan milli rəqabətədavamlılıq göstəriciləri kompleksini təhlil edir. 2009-2010-cu illərdə Dünya İqtisadi Forumunun qlobal rəqabətədavamlılıq indeksində ölkəmiz bu göstəricilər üzrə tamamilə prestijli sayılan 57-ci yeri tuturdusa, 2010-2011-ci illərdə 55-ci, 2011-2012-ci illərdə 46-cı, 2012-2013-cü illərdə isə 39-cü mövqeyə qalxmışdır. Məlumdur ki, milli rəqabətədavamlılıq göstəriciləri yüksək olan ölkələr öz vətəndaşlarının maddi rifahının daha yüksək səviyyəsini təmin edir. Bizim ölkənin də iştirak etdiyi Dünya İqtisadi Forumu belə hesab edir ki, milli iqtisadiyyatların rəqabətədavamlılığı çoxsaylı və olduqca müxtəlif amillərlə təyin edilir. Belə ki, dövlət maliyyəsinin səmərəsiz idarə edilməsi və yüksək inflyasiya iqtisadiyyatın vəziyyətinə mənfi təsir göstərir, işçi qüvvəsinin təhsil və ixtisas səviyyəsinin artırılması, yeni biliklərdən və texnologiyalardan daim yararlanmaq kimi institusional amillər isə rəqabətədavamlılığın artmasında həlledici rol oynayır. Suveren Azərbaycanın sosial tərəqqisini təmin edən rəqabətədavamlı milli iqtisadiyyatın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Dövlətçilik, sosial tərəqqi və azərbaycançılıq ideyası Ümummilli lider Heydər Əliyevin siyasi kredosunun dominant tərkib hissələrinə çevrilmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva deyir: “Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, iqtisadi inkişafının təmin olunması, milli mədəniyyətimizin inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin yaradılması, ölkəmizin dünya birliyində öz layiqli yerini tutması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dərin zəka, uzaqgörənliklə hazırlanmış və etibarlı bünövrə üzərində təməli qoyulmuş bu ideyaların müstəqil dövlətimizin inkişaf etməsi üçün düzgün yol olduğu hamı tərəfindən etiraf olunur”.
Heydər Əliyev Özünün qeyri-adi istedadı və fədakar əməyi ilə öz tərəfdarlarına və opponentlərinə, dünya birliyinə və ölkəmizin hər bir vətəndaşına hər gün sübut edirdi ki, “Azərbaycanda məhz iqtidar ictimai-siyasi sabitliyi təmin edir. İqtidar insanların rifahını günbəgün yaxınlaşdırır. İqtidar insanların rahat həyatı üçün şərait yaratmışdır”.
Ümummilli lider tərəfindən təklif edilmiş bu sosial tərəqqi triadasına sabitlik, hər bir vətəndaşın rifahı zəmanətli rahat həyat və dövlət hakimiyyətinin səmərəliliyi elementləri daxildir. Azərbaycan xalqının mənafelərini müəyyən edən və qoruyan Heydər Əliyev siyasi xadim üçün hakimiyyət strukturlarının səylərini siyasi kursun reallaşdırılmasına cəmləşdirməkdən ötrü zəruri olan bütün keyfiyyətlərə malik idi.
Ulu öndər Heydər Əliyev siyasi lider üçün ən zəruri keyfiyyətlərə - geniş xalq kütlələrinin mənafelərini akkumulyasiya etmək və öz fəaliyyətində adekvat ifadə etmək qabiliyyətinə malik idi. Ümummilli liderin təklif etdiyi sosial tərəqqi modelinin motivasiya qüvvəsi dahiyanə sosial dövlət konstruksiyasını müəyyən edən strateji nəticəyə gətirib çıxarır. Ümummilli lider Heydər Əliyev əmin idi: “Biz bu gün üçün və gələcək üçün sağlam cəmiyyət yaratmalıyıq”.
Ulu öndərin siyasi kursunun varisliyini uğurla davam etdirən Prezident İlham Əliyev haqlı olaraq fəxr edir ki, O, Ümummilli liderin siyasi vəsiyyətlərini həyata keçirir və sosial tərəqqi kursunu yaradıcılıqla davam etdirir. Prezident İlham Əliyev hesab edir ki, “müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir, bizim siyasətin mərkəzində vətəndaş dayanır”.
Neft satışından əldə edilən gəlirlərin artması dövlət büdcəsini nisbətən qısa müddətdə əhəmiyyətli dərəcədə artırmağa kömək etmişdir. Dövlət bu vəsaitlərin xeyli hissəsini infrastruktur layihələrinə, müdafiəyə və dövlət xidmətinə, həmçinin, səhiyyə, təhsil və sosial müdafiə kimi ictimai tonusun həssas sahələrinə yönəldir. Yoxsulluq səviyyəsinin hesablanması üçün Azərbaycan hökuməti tərəfindən qəbul edilmiş üsul Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən beynəlxalq norma və standartlara uyğun hesab edilərək bəyənilmişdir. “2003-2005-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na start veriləndən bəri ölkəmizdə yoxsulların sayı 2003-cü ildəki 49 faizdən 2013-cü ildə 6 faizə düşmüşdür. Təkcə iki ildə (2006-2007-ci illərdə) yoxsulluq səviyyəsini 20 faizə qədər endirməyə nail olmuş Azərbaycanın təcrübəsi beynəlxalq səviyyədə başqa dövlətlərdə tətbiq edilməyə layiq olan sosial tərəqqi modeli kimi etiraf edilmişdir. Sosial sağlamlığın ən mühüm indikatoru kimi təyin edilən işsizlik səviyyəsi keçən il 5,2 faizə endirilmişdir. Bu, BMT-nin Beynəlxalq Əmək Təşkilatı tərəfindən standart səviyyə kimi təsdiq edilmiş 6 faizdən aşağıdır. Heydər Əliyev tərəfindən işlənib hazırlanmış sosial tərəqqi modeli büdcənin dinamikası ilə təsdiqlənir. Yəni, sosial xərclərin artması neftin qiymətinin artmasına və dövlət büdcəsinin genişlənməsinə müvafiqdir. Məlum olduğu kimi, yoxsulluq səviyyəsinin qiymətləndirilməsi üçün beynəlxalq maliyyə-bank təsisatları və elmi institutlar tərəfindən qəbul edilmiş əsas meyarlar aşağıdakılardır: baza təhsil səviyyəsi; səhiyyə sahəsində təqdim edilən xidmətlər; qida məhsulları, su və kanalizasiya sistemi ilə təmin olunma dərəcəsi, habelə gəlirlərin, məşğulluğun və əməkhaqqının səviyyəsi. Müasir Azərbaycanda bütün bu meyarlar beynəlxalq tələblərə müvafiqdir. Bunu demək kifayətdir ki, ölkəmizdə baza təhsil səviyyəsi 97 faiz təşkil edir. Bu, ən yüksək dünya standartlarına uyğundur. Azərbaycanda insan inkişafı indeksi göstəricisi postsovet məkanında ən yüksək səviyyədədir. Yuxarıda sadalanan məlumatlar ona dəlalət edir ki, insan kapitalı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial tərəqqi modelinin prioritet istiqamətidir.
Ümummilli lider Heydər Əliyev vətəndaş cəmiyyəti institutu təsis edilməsinin mənəvi əhəmiyyətini və sosial zəruriliyini əsaslandırırdı. Çünki məhz bu cür sosial təşkilat şəxsiyyətin qeyd-şərtsiz və mütləq azadlığının dərk olunmasından irəli gələn və hamılıqla qəbul edilmiş dəyər sayılan təbii qaydanı dəstəkləyir. Məhz bu təşkilat dövlətin maraq dairəsindən kənarda olan, lakin bununla bərabər, həyati əhəmiyyət kəsb edən mənəvi və mədəni normaların, ənənələrin, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanmasına və inkişaf etdirilməsinə imkan yaradır. Heydər Əliyevin siyasi kursu Azərbaycanda müasir, inkişaf etmiş vətəndaş cəmiyyətinin bərqərar olması üçün şərait yaratmışdır. Beləliklə, Onun işləyib hazırladığı sosial tərəqqi modelində dövlət və vətəndaş cəmiyyəti vahid ictimai sistemin bir-biri ilə ayrılmaz şəkildə bağlı olan elementləri kimi çıxış edirdi. İnkişaf etmiş vətəndaş cəmiyyəti yalnız güclü demokratik dövlətdə mövcud ola bilər. Vətəndaş cəmiyyətinin fəaliyyətinin hüquqi, iqtisadi, mənəvi-ideoloji əsaslarını yaradan və dəstəkləyən məhz bu cür dövlətdir. Təsadüfi deyildir ki, vətəndaş cəmiyyəti nəzəriyyəsinin ideoloqlarından biri olan Jan-Jak Russo deyirdi: “Yalnız güclü dövlət öz vətəndaşlarının azadlığını təmin edir”.
Azərbaycanda vətəndaş cəmiyyətinin siyasi-hüquqi sahədə fəaliyyəti geniş siyasi demokratiya, ümumi və bərabər seçki hüququ, parlament təmsilçiliyi, hüquq bərabərliyi, hamı üçün bərabər azadlıq, siyasi qərarlar qəbul edilməsi prosesində vətəndaşların geniş iştirak etmək imkanları ilə; dövlətin öz vətəndaşlarının mənafe və tələbatını maksimum təmin etməsi, sosial, iqtisadi, siyasi, bələdiyyə sahələrində və şəxsi həyatda hüquq və azadlıqların təmin edilməsi, yerli özünüidarə sisteminin inkişaf etməsi, vətəndaş cəmiyyətinin mövcudluğu üçün müvafiq qanunvericilik və konstitusion zəmanətlərlə səciyyəvidir.
Azərbaycanda iqtisadi sahədə vətəndaş cəmiyyəti bizim sosiumun hər bir üzvünün konkret mülkiyyətə malik olmaq imkanı, vətəndaşın mülkiyyətdən istifadə etmək və onun barəsində sərəncam vermək hüququ, cəmiyyətin sosial strukturunun inkişafına şərait yaradan azad bazar iqtisadiyyatının fəaliyyəti ilə dəstəklənir.
Mənəvi-ideoloji və mədəni-əxlaqi sahələrdə Azərbaycanda vətəndaş cəmiyyəti şəxsiyyətin intellektual və mənəvi inkişaf səviyyəsinin yetərincə yüksək olması, onun sivil ictimai münasibətlərə əsaslanan daxili azadlığı; müstəqillik, sərbəst şəkildə formalaşan ictimai rəy və ideoloji plüralizm, vicdan azadlığı, hər kəsə şamil edilən məlumat və söz azadlığı, insanın informasiya hüququnun real gerçəkləşməsi amilləri ilə fərqlənir. 2012-ci ildə Azərbaycanda vətəndaşların həyat şəraitinin liberallaşdırılması istiqamətində atılmış ciddi addımlar milli fəaliyyət proqramından irəli gələn islahatların səmərəliliyini nümayiş etdirmişdir. Əhaliyə xidmətlər göstərilməsində “bir pəncərə” modeli deklarasiya edilən plandan gerçəkliyə çevrilmişdir. Müasir kommunikasiya texnologiyalarından istifadə edilməsi hesabına yaradılan tam şəffaflıq sistemi vətəndaşların dövlət xidmətlərindən yararlanması üçün etibarlı vasitədir.
Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış sosial tərəqqi modeli Azərbaycanda davamlı inkişaf (sustainable development) konsepsiyasını həyata keçirməyə imkan vermişdir. Bu konsepsiyanın tərkib elementləri olan məşhur “dörd E - economy, equity, ecology engagement” amilləri (iqtisadiyyat, bərabərlik - sosial ədalət, ictimaiyyətin yerli özünüidarəyə cəlb edilməsi, ekologiya) demokratik cəmiyyətin tamdəyərli fəaliyyətinin ən mühüm göstəricilərini əks etdirir.
2013-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycanda vətəndaş cəmiyyətinin gücü və bütövlüyü üçün bir növ sınaq oldu. Səsvermənin gedişini müşahidə edən, seçkilərdə iştirak edən hər kəs əyani şəkildə yəqin etdi ki, təkcə vətəndaş cəmiyyəti strukturları deyil, ən adi insanlar da seçkilərin ən yüksək demokratik iştirak standartlarına müvafiq olması üçün onlardan asılı olan hər şeyi edirdilər. Seçkilərin şəffaf və ədalətli olmasını bu fakt da təsdiq edir ki, barışmaz müxalifət seçkilərin yekunlarına əsasən ictimaiyyətə heç bir saxta bülleten təqdim etməmişdir. 2013-cü il prezident seçkiləri ölkəmizdə vətəndaş cəmiyyəti və demokratik, hüquqi dövlət quruculuğu yolunda irəliyə doğru böyük addım oldu. Bu seçkilər bir daha sübut etdi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış sosial tərəqqi modeli XXI əsrin çağırışlarına adekvat olmaqla yanaşı, həm də Ulu öndərin layiqli varisi, Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycanın daxili və xarici siyasətdə qazandığı parlaq uğurlar Prezidenti İlham Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır.
Əlamətdar haldır ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının IV ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir: “Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik”.
Azərbaycanın sosial tərəqqisinə Ümummilli lider Heydər Əliyev start vermişdir. Prezident İlham Əliyevin ölkəmizin davamlı inkişafına yönəlmiş innovasiyalı siyasi kursunun varisliyini şüurlu şəkildə dəstəkləyən Azərbaycan vətəndaşlarının sosial və siyasi fəallığı bu kursun dönməzliyinə dəlalət edir.
Aqiyə
Naxçıvanlı
Milli Məclisin deputatı,
Azərbaycan
Müəllimlər
İnstitutunun rektoru
Yeni Azərbaycan.-2014.-22 aprel.- S.4.